«Xalq Sığorta»nın Göyçay filialı Ucar polisi ilə əlbir olub, vətəndaşı incidir -- PREZİDENTƏ MÜRACİƏT

WhatsApp Image 2020 12 30 at 23.32.49«Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialının işçiləri, Ucar rayonunun Qarabörk kəndində yaşayan Şəmsəddin İslam oğlu Umarova sığorta pulunu ödəmək əvəzinə, Ucar Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları ilə əlbir olaraq, onu incitməkdən çəkinmirlər. Bu barədə, Şəmsəddin Umarov mətbuat vasitəsilə ölkə başçısına ünvanladığı şikayət xarakterli müraciətində daha ətraflı yazıb. Şikayətçinin araz.az xəbər portalına da ünvanladığı həmin şikayət məktubundakı diqqətçəkən bəzi epizodları olduğu kimi təqdim edirik:
"... Məcburiyyətdən, Ucar Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları ilə əlbir olub, məni get-gələ salan «Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialının işçilərindən şikayətimi, elə, mətbuat vasitəsi ilə də, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına çatdırmaq qərarına gəldim. Bildirmək istəyirəm ki, bu ilin dekabr ayının 15-də Daşkəsən rayonunun Tapan kənd sakini Tofiq Musa oğlu Hüseynov idarə etdiyi 90 TS 464 dövlət qeydiyyat nişanlı "Ford -- Tranzit" yük maşını ilə, Ucar -- Zərdab magistral yolunda hərəkətdə olan zaman, Qarabörk kəndi ərazisində mənə məxsus 4 baş qoyunu maşınla vuraraq, öldürüb... 
...Onu da qeyd edim ki, iki tərəfli yaşayış məntəqəsinin və yolda hərəkət surətinin 60 km olması ilə əlaqədar, həmin yolun kənarında işarələr də qoyulub. Buna baxmayaraq, Tofiq Hüseynov idarə etdiyi maşınla surət həddini aşıb. Elə, bu səbəbdən, əyləc versə də, maşınını idarə edə bilməyib. Nəticədə, mənim qoyunlarımı vuraraq, öldürüb...
...Qəzanın baş verdiyi yerdə maşın əyləcinin izi təxminən 50 metrə bərabər olub. Bu da onu göstərir ki, həmin vaxt Tofiq Hüseynovun idarə etdiyi maşının surəti saatda 120 km-dən yuxarı imiş. Buna baxmayaraq, Tofiq Hüseynov mənə belə deyir: "Artıq, Ucar Rayon Yol Polisi Şöbəsinin əməkdaşlarına pulumu vermişəm. Bunun müqabilində, onlar mənə hər şeydə kömək olacaqlarını deyiblər. Yaxşı olar ki, sən, gedib, pulunu sığorta şirkətindən al. Artıq, bu, mənlik deyil!"...
... Bütün bunlar barədə, Ucar Rayon Yol Polisi Şöbəsinin rəisi Müşviq müəllimə də demişəm. Ona, hətta, qəza hadisəsi nəticəsində, ailəmin dolanışığına böyük kömək olan qoyunlarımın tələf olduğunu da çatdırmışam və bildirmişəm ki, bundan sonra, çətin bir durumla üz-üzə qala bilərik. Xüsusi olaraq onu da vurğulamışam ki, hadisənin baş verməsinə əsas səbəb, Tofiq Hüseynovun maşınını yüksək surətlə idarə etməsi idi. Rəissə mənə belə deyir: "Mən sənə qoyun alıb verənəm?!". Hətta, bu barədə, zəng vurub, Daxili İşlər Nazirliyinin "102" çağrı mərkəzinə də xəbər çatdırmışam. Nə olsun, bunun da bir xeyrini görmürəm...
...«Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialında isə, mənə dəymiş ziyanı ödəmək istəmirlər. Səbəb də belə olur: «Rayon Yol Polis Şöbəsi arayışı vermir. Get, özün şöbə ilə danış, dil tap, bacarırsansa, arayışı alıb, gətir». Axı, bu belə olmamalıdır; Mövcud Qanunvericiliyin tələbələrinə əsasən, «Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialı bu arayışı almaq üçün, Ucar Rayon Yol Polisi Şöbəsinə dərhal sorğu göndərməli idi. Həmin sorğu Polis Şöbəsinə daxil olduğu tarixdən etibarən, 10 gün müddətinə də bu arayış Sığorta Agentliyinə təqdim edilməliydi. Bu arayış alındığı tarixdən isə, sığortaçı yeddi iş günündən gec olmayaraq, sığorta ödənişini verməli, ya da bu ödənişin verilməsindən imtina haqında yazılı şəkildə, özü də, əsaslandırılmış formada bildiriş verməliydi. Təssüf ki, «Xalq Sığorta»nın rayon filialı öz öhdəliyini yerinə yetirməmək üçün, qanunamüvafiq hərəkət etməkdən boyun qaçırır. Polislə əlbir işləyən filial əməkdaşları özlərinə sərf edən tərzdə, özlərinin yaratdığı qaydalarla hərəkət etməkdən belə çəkinmirlər...
...Məhz bu problem və çətinliklərə görə də, mətbuat vasitəsi ilə, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edib, ondan xahiş edirəm ki, şikayətimin araşdırılması, təqsiri olan məsul şəxslərin cəzalandırılması üçün, aidiyyatı qurumlara ciddi tapşırıqlarını versin!.."
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər