Məmur özbaşınalığına son!..

Bunu, nədən, ölkəmizin sağlam mühitli
xoş gələcəyinə çağırış olaraq qəbul etməyək?!

Əslində, ikinci sərlövhədəki suala həmişə cavab olub. Sadəcə, tarixin bütün dövrlərində Azərbaycan xalqının taleyinə təsir göstərən xoşagəlməz nəhəng proseslər, yaşanan tükürpədici kataklizmalar bu çətinliklərlə mübarizəni daim mümkünsüz edib. Doğrusu, taleyimizə yazılmış bu çirkinliklərin acı fəsadlarından sığortalanmağımız bu günədək tam mümkün olmayıb. Olduqca təəssüfləndiricidir ki, belə acı reallıqları qəbul etmək məcburiyyətində qalmışıq.

Zaman, insanlar dəyişsə də... Dəyişmədik!
Artıq zaman da dəyişib. Planetin müasir ictimai-siyasi mənzərəsi elədir ki, hər xalqın özü , öz taleyi ilə məşğul olmalıdır. Taleyimizə yazılmış SSRİ adlı kabus ömrünü başa vursa da, çox təəssüf, bu da bizə imkan yaratmayıb: Bu quruluşun adları hamımıza məlum çirkinliklərinin gətirdiyi problemlər, xalqımızın ən ağrılı problemləri olaraq, hələ də qalır.
Bu problemlərin yoluna qoyulmasına cavabdeh hakimiyyət strukturları, ələlxüsus hüquq-mühafizə orqanları belə, onlarla mübarizədə acizdirlər.
Artıq bəşəriyyətin ədalət nümunəsi olan demokratik Qərb ailəsindəyik. Qazandığımız yeni müstəqillik dönəmində, ictimai-siyasi mühitdə qarşılaşdığımız və demokratiyaya xas olmayan çirkinliklər ucbatından, böyük konfrantasiyaların meydanına çevrilən, ədalətsizliklərlə üzləşən, inkişafı heç də rəvan getməyən ölkəmiz, rastlaşdığı bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, yenə də sürətli inkişaf, dünyaya inteqrasiya yolu seçib.
Təbii ki, müstəqilliyə yenicə qədəm qoyan dövlətimizin bu uğurları xalq-hakimiyyət vəhdətinin nəticəsi, konkret desək, dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin şah əsəridir. Ümumən, Heydər Əliyevin apardığı dərin siyasətin onun layiqli varisi, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi qürurvericidir. Cəmiyyətimiz həm götürülmüş ictimai-siyasi, sosial-iqtisadi və mədəni kursun uğurlu davamını, həm də Azərbaycanımızın dünyada güclü və oturuşmuş dövlət modeli olaraq təsdiqi mərhələsini yaxşı görür. Elə, ölkəmizin başçısına etimad da məhz sadaladığımız məqamlardan qaynaqlanır. Əldə etdiyimiz nailiyyətlər barədə beynəlxalq aləmdə kifayət qədər bilgilər olsa da, təəssüf ki, ölkəmizin ictimai mühitindəki neqativliklər, sözün həqiqi mənasında, bu uğurlara, xalq-hakimiyyət vəhdətinin nuruna kölgə salır, beynəlxalq nüfuzumuza xələl gətirir.
Ölkəmizdəki hədsiz məmur özbaşınalığı, vəzifə harınlığının acı fəsadları... bu mənada istisna deyil – belə olub, zaman dəyişsə də, belə olaraq qalır! Biz – dəyişmirik!

Beynəlxalq səviyyəli müzakirə mövzusu
Həqiqətən, bu - belədir; Ölkəmizdəki məmur özbaşınalığı haqqında çox deyilib, çox yazılıb. Bu mövzu ətrafında beynəlxalq miqyasda baş verən müəyyən proseslər və onların ölkəmizdə doğurduğu ab-hava da, məsələyə yenidən qayıtmaq üçün əsas verir. Daha doğrusu, beynəlxalq tribunalarda, xarici mətbuatda ölkəmizin bu kimi xoşagəlməz təqdimatlarla tez-tez gündəmə gətirilməsini, elə, bunun əsasında Azərbaycanımıza, dövlətimizin rəhbərinə qarşı çirkin qaralama kampaniyalarına start verilməsini, konkret desək, bu kampaniyalarda vacib elementlərdən birinin vaxtaşırı ölkəmizdəki məmur özbaşınalığı ilə imitasiya edilməsini böyük rəzalət hesab etdiyimizdən, necə deyərlər, bu məsələyə həmişə qayıtmağa məhkumuq.
Bir sözlə, təmsilçisi olduğum ictimai-siyasi qurumlarla bərabər, ulu öndər Heydər Əliyevin siyasi xəttini və bu xətti uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin siyasətini, xüsusilə Dağlıq Qarabağın və işğal edilmiş digər ərazilərimizin düşməndən azad edilməsi istiqamətində onun apardığı əzmkar, yorulmaz işi dəstəkləsək də, ölkədəki məmur özbaşınalığına qarşıyıq və buna qarşı axıradək mübarizə aparacağıq.
Heç kəsə sirr deyil ki, ölkəmizdə əksər məmurlar prezidentimizin onlara göstərdiyi etimaddan sui-istifadə edir, nəinki özləri, hətta övladları və bütün qohum-əqrabaları belə, harın həyat yaşayırlar. Bununla bağlı əlimizdə kifayət qədər nümunələr var. Daha çox, ölkəmizin böyük şəhərlərini, paytaxtətrafı rayonları təmsil edən məmurların özbaşınalıqları, harın həyat tərzləri... haqqında sübuta ehtiyacı olmayan saysız-hesabsız tükürpədici faktlar əlimizdədir. Dəhşət həm də ondadır ki, ölkəmizdəki bu biabırçılıqlar beynəlxalq tribunalarda və xarici mətbuat səhifələrində də tez-tez müzakirə mövzusuna çevrilir. Bizim əleyhinə olduğumuz əsas məsələ də, elə, budur və daim bizi narahat edir.

Məmur xalqın ağası deyil
Axı, möhtərəm prezidentimiz də dəfələrlə bildirib ki, məmur xalqın xidmətçisidir. Amma əksər məmurlar özlərini xalqın ağası kimi aparırlar. Belə məmurların qanqaraldıcı hərəkətləri dövlətimizin başçısının uğurlu siyasətinə kölgə salır. Buna görə də, hər kəs hər zaman belə məmurlara qarşı qətiyyətli mübarizədə daim ölkəmizin rəhbərinin yanında olmalıdır. Azərbaycan demokratik ölkədir. Təbii ki, bütün ölkələr kimi, bizim ölkəmiz də mükəmməl deyil, müəyyən problemlərimiz var. Lakin əsas məsələ odur ki, prezidentimizin bu problemləri bir-bir aradan qaldırması vaxt tələb edir. Bu səbəbdən, biz onun yardımçısı olmalıyıq. Biz harın məmurları bu çirkinliklərin, ilk növbədə, onların özləri üçün təhlükəli olduğuna inandırmalıyıq. Mən, əlimə qələm alanda, nə yazacağımı bilirəm və çətin mübarizələrdən də çəkinmirəm. Daim ölkəmizin ictimai-siyasi həyatında aktiv olmağa, Vətənimə xidmət etməyə çalışmışam. Əsas fəaliyyətlərimdən biri də, Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanmasına və daha fəal şəkildə işləməsinə kömək etmək olub. Bu yolda çətinliklərlə də üzləşmişəm. Lakin, yenə də, Vətən naminə çətin işimdən əl çəkməmişəm. Təbii ki, qayəsi Azərbaycanımıza və xalqımıza xidmət olan hər kəs üzləşdiyi çətinliklərdən qorxmamalıdır. Çətinliklərdən qorxmayan hər kəsi haqqında danışdığımız problemlərimizlə mübarizəyə çağırıram: “Məmur özbaşınalığına, vəzifə harınlığına son!”. Nədən, bunu , xalqımızın müdrikliyindən bizə bəxş edilən nikbinliyi itirməməyə, daha xoş gələcəyimizə olan inamı yaşatmağa çağırış kimi qəbul etməyək?!
Ümumiyyətlə, ictimai mühitdəki çirkinliklərlə mübarizə, problemlərin aradan qaldırılması yalnız hökumət strukturlarının təzyiqi altında olmamalıdır. Belə xoşagəlməzliklərlə mübarizədə cəmiyyət qüvvələri də mövcudluğunu ortaya qoymalıdır. Çünki cəmiyyətdəki belə neqativ qüvvələr nəhayət dərk etməlidirlər ki, artıq onlarla mübarizədə insanların təşəbbüsü ilə, könüllü həyata keçirilən funksiyanı reallaşdıran bir ictimai güc də var. Bu, rəsmi qüvvə yox, vətəndaş cəmiyyətinin özünüifadə etməsinin bir elementidir!
Bəli, belə neqativliklərin kütləvi hal almaması üçün, mütləq cəmiyyətin pozitiv qüvvələrinin gücündən istifadəyə lüzum var.

Məmur özbaşınalığını sərt formada tənqid etmək vacibdir – mətbuatın harın məmurlara qoşulması isə, təəssüfləndiricidir!
Mətbuata yad olmayan bir adam kimi, yeri gəlmişkən, onu da deyim ki, ölkəmizin elə mətbu orqanları var ki, harın məmurlar əlində iyrənc bir vasitəyə çevriliblər. Belə mətbuat vasitələri, onların göstərişi ilə, kimlərisə “vurmaqla” məşğuldurlar. Özünüz deyin, kimlərinsə sifarişini yerinə yetirən mətbuat vasitəsindən yaxşı nə gözləmək olar?!
Özüm 15 ilə yaxın bir müddətdə Rusiyada qəzet redaktoru olsam da, belə arzuolunmaz qüvvələri nəinki özümə, heç redaksiyamızın kollektivinə də yaxın buraxmamışam.
Çoxumuz yaxşı bilirik ki, bu gün Azərbaycanda mətbuat yalnız həqiqətləri yazmır. Media orqanlarının, xüsusilə xəbər portalı və saytların sayı həddən artıq çoxalıb. Artıq ciddi mətbuatın, cəmiyyətdə medianın vəzifəsini başa düşən jurnalistlərin sayı barmaqla sayılacaq qədər azdır. Əksər saytlar yalnız maddi maraqlarını təmin etmək məqsədi ilə yaradılır. Belə saytlardakı məlumatların hansının düz, hansının yalan və şantaj olduğu məlum deyil. Kim bilir, kimin sifarişini yerinə yetiriblər. Təəssüf ki, bəzən ciddi mətbuat orqanları da, belə saytlarda gedən, əsli-astarı olmayan məlumatları tirajlayırlar – bunu doğru hesab etmirəm!
Ümumiyyətlə, mətbuatın məsuliyyətinin artırılmasını vacib hesab edirəm. Mətbuat tənqiddən uzaq durmamalıdır. Tənqid vacibdir. Mətbuat əgər cəmiyyətdəki problemləri görüb susursa, onu mətbuat hesab etmək olmaz.
Daha çox məmur özbaşınalığını tənqid etmək lazım və vacibdir. Belə məmurların neqativ fəaliyyətini sərt formada tənqid etməliyik ki, gələcəyimizin nuruna kölgə salmasınlar.
Bir daha deyirəm, tənqid faktlara əsaslanmalı, konkret fəaliyyətə yönəlməlidir, sifarişli olmamalıdır. Bizdə isə, mətbuatın böyük hissəsi sanki klanlara bölünüb, özündən olmayanı vurmaqla məşğuldur. Buradan açıq-aydın görünür ki, ölkədəki klanlar, mətbuatı da, klanlara bölüblər. Bu gün Azərbaycanda hansı klanların mövcud olduğu heç kəsə sirr deyil. “Naxçıvan klanı”nın, “Bakı klanı”nın, “Kürd klanı”nın... mövcudluğuna dair fikirlərə hər gün rast gəlinir. Bəzən, hətta bu klanların özləri də, ayrı-ayrı vəzifəli şəxslərin ətrafında formalaşmış kiçik klanlara ayrılır. İndi ayrı-ayrı nazirlərin, iri ranqlı məmurların öz klanlarını formalaşdırdıqlarına dair çoxsaylı iddialar var. Bu klanlar isə, yalnız biznes strukturları və sahələri ilə kifayətlənməyərək, artıq özlərinin ətrafında mətbuat, QHT-lər, ictimai-siyasi təşkilatlar... saxlamağa başlayıblar. Hətta parlamentdə belə öz “funksiyalarını” formalaşdırıblar. Və onlar ətraflarındakı bu qüvvələrdən, nəzarətlərindəki mətbuatdan rəqiblərinə qarşı istifadə etməkdən belə çəkinmirlər. Hansısa vəzifəyə öz adamlarını gətirmək istəyirlərsə, nəzarətlərindəki mətbuatdan rəqiblərinə qarşı istifadə edir, onlara qarşı çirkin kampaniya göstərişi verirlər. Bu isə, olduqca təhlükəli bir tendensiyadır!
Hansısa məmurun klan liderinə çevrilməsi, istər-istəməz, hakimiyyət hərisliyi yaradır. Özü istəməsə belə, ətrafındakılar ona bunu təlqin edir, ondan daha yuxarıda olmağı tələb edirlər. Bu, onlarda, hətta hakimiyyəti ələ keçirmək hərisliyi də yarada bilər. Yəni, klanların həm iqtisadi, həm də siyasi cəhətdən güclənməsi, onların hakimiyyəti tam ələ keçirmək fürsəti axtarmasına şərait yaradar. Kim qarantiya verə bilər ki, belə klanların liderləri belə iyrənc iddialara düşməyəcəklər?! Klanların da, onların liderlərinin də yanlış fikirlərdən uzaq durmaları çox gec olur. Mətbuatdan sonadək öz rəqiblərini vurmaq üçün istifadə etdiklərindən, ona imkan vermirlər ki, həqiqi ictimai nəzarət funksiyasını həyata keçirsin.
İctimai nəzarətdən söz düşmüşkən, son vaxtlar, bu, aktual mövzuya çevrilir. Məmur özbaşınalığına qarşı ən təsirli ictimai nəzarəti, elə media ilə bərabər, ictimai təşkilatlar həyata keçirməlidirlər. Bu halda həm məmurlar öz fəaliyyətlərində dönüş edər, xalqı incitməz, həm də mətbuat kiminsə haqqında yalan məlumatlar yaymaqdan çəkinər.
İndi mətbuatın başlıca missiyası müdir özbaşınalığı kimi vacib bir problemin qarşısını almağa yönəldilməli, hər bir qələm sahibi isə, bu vacib mübarizədə öz xidmətini əsirgəməməlidir.

Məmur özbaşınalığı «qulağımız dibində»
Həqiqətən, bu da, belədir! Qulağımız dibində qərar tutan, fəaliyyəti, guya, mənafeyimizi qorumağa köklənən bir qurumun rahat kreslosu arxasında oturan vəzifə sahibi də istədiyini etməkdən çəkinmir. Haqqında, xoşumuza gəlməyən fəaliyyəti barədə dəfələrlə yuxarı dövlət strukturlarına da yazmışam. Nə faydası, yenə öz işindədir. Bildiyi kimi hərəkət edir. Bu barədə yuxarı strukturlara yazdığım bir şikayət məktubunun vacib məqamlarını dəyərli oxucularımızın da diqqətinə çatdırırıq. Nə demək istədiyimiz onlara da məlum olar.
Budur, şikayət xarakterli həmin müraciətimin bəzi vacib məqamları - olduğu kimi: “...Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkə əhalisi tərəfindən hər zaman ürəkdən dəstəklənib və dəstəklənməkdədir. Çünki mərkəzində insan amilinin olduğu sosial-iqtisadi siyasət, ölkə vətəndaşlarının həyat səviyyəsini daha da yüksəltməyə, yaşayış şəraitini yaxşılaşdırmağa istiqamətlənib. Jurnalistlərin, media sahəsində çalışan insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün, ölkə prezidenti tərəfindən verilən sərəncamlar bu siyasətin tərkib hissəsi olmaqla, ictimaiyyət tərəfindən məmnunluqla qarşılanır. Çünki bu sahədə imzalanan sərəncamlar yüzlərlə jurnalist ailəsinin sevinməsinə səbəb olub, evsizlərin evlə təmin olunmasına şərait yaradıb.
Bu cür addımlar, eyni zamanda, dördüncü hakimiyyət hesab olunan medianın xarici dairələrdən asılılığını tamamilə aradan qaldırır, jurnalistlərin xalqına, dövlətinə, peşəsinə bağlılığını daha da artırır, obyektivliyini qorumağa hərtərəfli imkan verir. Nəticədə, cəmiyyətin yalan və məqsədyönlü informasiyalarla zəhərlənməsinin qarşısı alınır, siyasi-sosial sabitlik qorunaraq saxlanılır. Azərbaycan cəmiyyətinə yaxşı məlumdur ki, bütün bu işlərin həyata keçirilməsində ölkə başçısının böyük əməyi var. Bir sözlə, artıq 14 ildir ki, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan, onun layiqli varisinin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla irəliləyir, bu yolda möhtəşəm nailiyyətlərə imza atır. Lakin... Çox təəssüflər olsun ki, ölkə rəhbəri tərəfindən uğurla verilən sərəncamların icrasını həyata keçirən məmurlar bunu ya tam şəkildə anlamırlar, ya da öz şəxsi maraqlarını dövlətin, xalqın və hakimiyyətin maraqlarından üstün tuturlar.
Jurnalistlər üçün tikilən ikinci binada mənzillər paylanıldıqdan sonra ortaya çıxan mənzərə, cəmiyyətin böyük bir hissəsində belə qənaətin formalaşmasına səbəb oldu. Bunun başlıca səbəbi, çoxlu sayda tanınmış və həm də evə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan jurnalistlərin bölgüdən kənarda qalması, əvəzində mətbuata heç bir aidiyyatı olmayan və ya müvafiq kriteriyalara cavab verməyən, media sahəsində heç bir xidməti qeydə alınmayan təsadüfi şəxslərin mənzillə təmin olunmasıdır. Çox üzülərək bildirmək istəyirəm ki, yaradıcı insanları evlə təmin etmək, mənzil şəraitini yaxşılaşdırmaq üçün, tikilən ikinci binadan ev almağa haqqı çatan, dövlətinə və xalqına bağlı olan tanınmış bir çox jurnalist bu bölgüdən kənarda saxlanıb. Əvəzində, bu mənzillərin bölgüsünü reallaşdıran vəzifəli şəxslərin, komissiya üzvlərinin media sahəsində heç bir xidməti olmayan yaxınları belə mənzillə təmin olunublar. Bütün bunlar Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu rəhbərliyinin yarıtmaz fəaliyyəti, buradakı müdir özbaşınalığıdır.
Bununla bağlı, ortaya çıxan çoxsaylı iddiaları, faktları sadalayaraq, vaxtınızı almaq niyyətində deyiləm. Ancaq qeyd edim ki, ictimai vicdanı zədələyən bu cür hallar, bilavasitə, ölkə başçısının təşəbbüsü ilə dövlətin bu sahədə həyata keçirdiyi nəcib siyasətə də açıq-aşkar kölgə salır. Məyusedici hal odur ki, tanınmış imzaların bölgüdən kənarda saxlanması, media sahəsində heç bir xidməti olmayan təsadüfi şəxslərə jurnalistlər üçün tikilən binadan mənzillər verilməsi cəmiyyətdə müəyyən xoşagəlməz fikirlərin yayılmasına səbəb olub. Bu fikirləri ölkə rəhbərinə çatdırmağı özümün vətəndaşlıq borcu bilirəm...
... Bu cür iddialara yol açan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun rəhbərliyi, eləcə də mənzil bölgüsünün obyektiv aparılmasını təmin etməli olan digər vəzifəli şəxslər, nədən, ölkə prezidentinin xeyirxah təşəbbüsünə beləcə kölgə salıb, dövlətinə, onun rəhbərinə bağlı əsl mətbuat nümayəndələrinin ona dəstək siyasətinə bu yolla mane yaradırlar?! Bu, dövlət siyasətinin sabotaj edilməsi ehtimalını özündə formalaşdırmırmı?!
... Media ictimaiyyəti adından, mənzil bölgüsündə baş vermiş neqativ halların səbəblərinin araşdırılması, günahkarların cəzalandırılması məqsədilə müvafiq orqanların komissiya yaratmalarını vacib bilirəm!
Gələcəkdə, bu proseslərin Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında reallaşdırılmasına nail olmaq üçün, bir qrup media ictimaiyyəti adından ölkə başçısına müraciət ünvanlamağı da indidən nəzərdə tutmalıyıq. Heç kimdə şübhə yoxdur ki, jurnalistlər üçün tikilən binalarda mənzillərin bölgüsü Mehriban xanım Əliyevanın nəzarətində aparılarsa, obyektivlik və ədalət tam təmin edilər, sonradan xoşagəlməz söhbətlər də yaranmaz. Ona olan şəxsi inamımızı və özünün obyektivliyini nəzərə alıb, əvvəlcədən bu qərara gəlirik ki, bir daha məmur özbaşınalığından və vəzifə harınlığından əziyyət çəkməyək...".
Sonda, dəyərli oxucuların nəzərinə bir daha çatdırıram ki, bu yazı ölkəmizin sağlam mühitli xoş gələcəyinə bir çağırışdır. Gec-tez cəmiyyətimiz belə neqativliklərdən xilas olmalı, ictimai ab-havamızı tamamilə dəyişməlidir. Neqativ hallara son!

Mirkazım Seyidov,
Rusiya və Azərbaycan jurnalistlər və yazıçılar birliklərinin üzvü,
ictimai-siyasi xadim, şair-publisist,
«Araz» Media Qrupunun və araz.az saytının Baş məsləhətçisi.


P.S. Dəyərli oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, ölkəmizin böyük şəhərlərində, ələlxüsus Sumqayıt və Gəncədə başçı-məmur özbaşınalığının çoxluğunu öncədən elə-belə vurğulamadım. Bu, danılması mümkün olmayan acı reallıqdır. Və bu barədə geniş araşdırma yazılarımı bu yaxınlarda dərc etməyi nəzərdə tuturam...