Nizami Kino Mərkəzində Ayaz Salayevin "Torpaq" filminin yüksək səviyyədə təqdimatı keçirildi -- FOTOLAR

  WhatsApp Image 2022 06 14 at 20.35.16 "Teatrların və kinoteatrların açılmasına görə, əlbəttə, sevinirəm. Elə ilk növbədə özümü təbrik edirəm. Mənim özümün “Torpaq” adlı tammetrajlı sənədli filmim var və mən çoxdan onu hazırlamışam. Səbirsizliklə pandemiyanın sonunu gözləyirdim ki, "Nizami" kinoteatrında onun təqdimatını təşkil edim” -- deyə, bir müddət əvvəl mətbuata açıqlama verən tanınmış kinoşünas və görkəmli kinorejissor, əməkdar incəsənət xadimi, Respublika Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayevin bu gün -- iyun ayının 14-də bu istəyi reallaşdı. Ölkənin paytaxt Bakıdakı keçmişimizdən yadigar ən görkəmli kinoteatrlarından biri kimi tanınan, "2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı"na əsasən, 2011-ci ildə böyük yenidən qurma işlərindən sonrakı təntənəli açılış mərasimindən sonra isə, Kino Mərkəzi statusu verilən "Nizami"də, Mədəniyyət Nazirliyinin, Respublika Kinematoqrafçılar İttifaqının, Qərbi Azərbaycan İcmasının və “Salnaməfilm” studiyasının təşkilatçılıqları ilə, yüksək səviyyədə təşkil olunan təqdimat mərasimi az öncə başa çatan növbəti milli ekran əsəri Eldar Salayevin möhtəşəm "Torpaq" filmi idi.WhatsApp Image 2022 06 14 at 20.35.15
   Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, kino, teatr və mədəniyyət xadimlərinin, azərbaycan ədəbi ictimaiyyətinin və ictimaiyyətin digər təbəqələrinin tanınmış simalarının, müxtəlif peşə və sənət adamlarının, ziyalıların, diaspor, media, yaradıcılıq qurumları, ictimai birlik və cəmiyyət nümayəndələrinin, yaradıcı gənclərin dəvətli olduqları bu təqdimat mərasiminin açılışından sonra, öncə təşkilatçılar adından millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri, filmin baş məsləhətçi Əziz Ələkbərli çıxış edərək, dəvətlilərin hər birinin bu tədbirdə iştiraklarını özlərinə böyük mənəvi dəstək və şərəf hesab etdiklərini xüsusi olaraq vurğulayaraq, onların adlarına yazılacaq bu tədbirdə iştirak dəvətini qəbul edənlərə öz xüsusi minnətdarlıqlarını, dərin mənalı və səmimi duyğulu təşəkkürlərini çatdırdı. Onu da qeyd etdi ki, bu ekran əsəri tammaetrajlı sənədli filmdir və 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın talelərindən bəhs edir. Bu filmdə dəhşət və məşəqqət dolu həmin hadisələrin 70 nəfərə yaxın canlı şahidi danışır. Bundan əlavə, həqiqət və reallıqları üzə çıxarmaq üçün, sovetlər dönəminin televiziya kanallarının ayrı-ayrı epizodlarına müdaxilə edilir. Bir sözlə, bu filmdə tarixçilər və xəritələr yoxdur, elə, bu yolla erməni vandalların tarixdə azərbaycanlılara qarşı etdikləri növbəti xəyanətə daha ətraflı toxunulur. Tarixi bir salnamə olan bu film həm də onu deyir ki, tutulan bu yol elə bir yoldur ki, bizim sənədli kinomuz bu yolla da irəli gedə, əsl həqiqətləri açmaqla, erməni vəhşiliyinin dəhşətini bütün dünyaya daha ətraflı çatdıra bilər.WhatsApp Image 2022 06 14 at 20.35.15 1
Təşkilatçı "Torpaq" filminin təqdimatını Milli Qurtuluş Günü ərəfəsində keçirmələrinin səbəbini isə belə izah etdi ki, belə bir qənaətə gəlmələrinin özü də təsadüfi olmayıb. Çünki Ulu Öndər Heydər Əliyev xalqımızın deportasiya və soyqırımlarına verilən tarixi-siyasi qiymətin banisidir və təqdimatın onun adıyla bağlı olan Qurtuluş Günü ərəfəsində keçirilməsinin əsas səbəbi də, elə, budur.
   Ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Eldar Salayev tərəfindən, film haqqında tədbir iştirakçılarına və kinosevərlərə geniş məlumat da çatdırıldı. Öncə filmin yaradıcı heyəti barədə danışan ekran əsəri müəllifinin həmin məlumatlarına görə də, Mədəniyyət Nazirliyinin sifarişi və Qərbi Azərbaycan İcmasının hərtərəfli dəstəyi ilə, “Salnaməfilm” studiyasının istehsal etdiyi “Torpaq” filmi tarixi bir salnamə kimi qəbul edilir. Soydaşlarımızın erməni daşnakları tərəfindən öz tarixi dədə-baba torpaqları olan Qərbi Azərbaycandan -- Ermənistan SSR-dən deportasiyasından bəhs edən bu bir saatlıq tammetrajlı sənədli ekran əsərinə baxanda, tariximizin o dövrünün ziddiyyətlər dolu ən müdhiş və keşməkeşli zaman kəsiyində -- 1988 -- 1991-ci illərdə baş verən hadisələrin canlı şahidi olan yurd həsrətli və ağrılı onlarla insanı görmək və dinləmək fürsəti əldə etməklə, mənfur düşmənin bağışlanmaz bəd əməllərinə bir daha nifrət edirsən.
   Tədbirin dəyərli qonaqları da, ürəkdən gələn sözlərlə dolu münasibətləri ilə, nümayişi başa çatan bu filmin, doğrudan da, tarixi bir səlnamə olduğunu xüsusi olaraq vurğulayaraq, bu sənət əsəri barəsində dərin mənalı fikirlərini tədbirdə iştirakçı olan jurnalistlərin diqqətinə çatdırdılar.
   Konkret desək, çıxış edənlər və münasibət bildirən tədbir iştirakçıları, bu filmin, bizim tarixi torpaqlarımızı heç vaxt unutmadığımızın növbəti sübutu olduğu anlamına gəldiklərini də xüsusi qeyd etdilər. Onu da dönə-dönə vurğuladılar ki, Zəngəzurun, Göyçənin, İrəvanın və bütün digər tarixi mahallarımızın Azərbaycanın ayrılmaz hissələri olduğunu və bizim, mütləq, o tarixi dədə-baba torpaqlarımıza qayıdacağımızı düşmən də bilməlidir!


Sonda, xəbər portalı olaraq, araz.az, ictimaiyyətin və dəyərli oxucularının diqqətinə onu çatdırır ki, ümumi götürülən ssenarisinin dərin təhlilinin son nəticəsi belə bu qənaətə gəlməyə tam əsas verir ki, hətta Nizami Kino Mərkəzində premyerası yüksək səviyyədə təşkil olunan Ayaz Salayevin olduqca dəyərli və mənalı bu sənədli filmi, tam olaraq, o çətin dövrün müdhiş zaman kəsiyində cərəyan edən, təsdiqini bu kino əsərinin ayrı-ayrı epizodlarındakı inkaredilməz acı həqiqət və reallıqlar üzərində tapan qərbi azərbaycanlıların üzləşdikləri ağrı-acı və məşəqqət dolu deportasiya prosesinə həsr olunub.

Səməndər QURBANOV,
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbirləri.

Əlaqəli xəbərlər