Bayramı günü Milli Ordumuzun şərəfinə qafanlıların keçirdiyi tədbir də, mənalı və yaddaqalan alındı -- FOTOLAR

    WhatsApp Image 2022 06 27 at 12.32.19 Son vaxtlar, 44 günlük Vətən Müharibəsində, əvvəllər tanımadığımız, ölümlərindən sonra isə, itkiləri olduqca ağrılı doğmalarımıza çevrilən cəsur şəhidlərimizin canları və qanları bahasına, bir də ki, müzəffər zabit və əsgər heyətinin yüksək döyüş bacarığı sayəsində, bizi, 30 il həsrət qaldığımız dədə-baba torpaqlarımıza qovuşduran Milli Ordumuza, ölkə ictimaiyyətinin inam və sayğısı getdikcə daha da gücləndiyindən, ayrı-ayrı idarə və təşkilatların xəttiylə onun şərəfinə keçirilən çoxsaylı bütün tədbirlərin daha maraqlı və yaddaqalan alınması üçün, təşkilatçıları tərəfindən fərqli çalarlarda rənglər qatılır. Elə, İyunun 26-sı -- Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə keçirilən maraqlı tədbirlər də, deyilənlərin bariz nümunəsi olaraq, yaddaşlarımıza, daim xatırlanacaq mənalı tədbirlər kimi həkk olundu.

     Müzəffər Milli Ordumuzun bayram günü şərəfinə belə tədbirlərdən birini də, gözəl Qarabağımızın azadlığının bizə bəxş etdiyi xoş əhval-ruhiyyə və böyük sevinc hissləri ilə, əslən Qərbi Azərbaycanın Qafan bölgəsindən olan və mənfur düşmən tərəfindən doğma dədə-baba torpaqlarından didərgin salınan yurd nisgilli, yurd həsrətli soydaşlarımız, bizi daim xoş günlərə aparmağa köklənən sarsılmaz birlik və həmrəyliyik coşqusuyla keçirdilər. Daha doğrusu, Qafan şəhərində doğulub, boya-başa çatan və idman ictimaiyyətinin də yaxşı tanıdığı idmançıların -- Baş məşqçisi olaraq Mais Quliyevin, məsləhətçiləri olaraq Musa İsmayılovun, Əli Hüseynovun, Telman Qarayevin, administratorları olaraq Oqtay Camalovun, Əkbər Vəliyevin düşmən əsarətindəki doğma şəhərlərinin "Pirimli" məhəlləsinin adı altında yaratdıqları futbol komandasının keçirdiyi oyun da, olduqca mənalı alındı. Tam komanda heyəti Tofiq, Əkbər, İzzət, Rövşən, Rəhim, Vidadi, İlqar, Oqtay, Natiq, Mustafa, Xətai, Elşən, Kərim, Toğrul, Vüsal, Ağa... kimi mübariz Qafan oğullarından ibarət bu komanda, iki tərəfə bölünərək, bir-birlərinə qarşı əsl rəqabət nümunəsi nümayiş etdirdilər. Paytaxtın Tofiq Bəhramov adına Respublika Stadionunun qapalı ehtiyat meydançasında baş tutan bu futbol oyununun sonunda, hesab lövhəsi bu matçın "7 - 3" hesabı ilə başa çatdığını göstərsə də, yəni ortada məğlub tərəf olsa da, amma hər iki tərəfdən bu oyuna qatılanların hamısının sonadək, gözəl Qarabağımız naminə gedən savaşdakı kimi, Böyük Qələbə əzmiylə mübarizəyə qoşulduları açıq-aydın göründü. Bu maraqlı və mənalı oyundan sonra, özlərinin də dedikləri kimi, sanki onlar, dədə-baba yurd yerlərini həyasızcasına zəbt etmiş mənfur düşmən üzərinə hücuma keçirdilər.WhatsApp Image 2022 06 27 at 12.32.47

     Bu tədbirin əsas mahiyyətinin, həm də möhtəşəm zəfərlərlə keçən günlərinin sevincli anları, təsir baxımından, bir çox ağrı-acılarımızı üstələyən və ömrümüzün bir parçasına çevrilən Vətən Müharibəsinin bizə bəxş etdiyi sarsılmaz birliyimizə hesablandığı açıq-aydın göründü və bu da, qafanlı soydaşlarımızın yenilməz həmrəyliyini olduqca əzəmətli göstərdi. Üstəlik, bunların daha vüqarlı, daha qüdrətli olması, ölkəmizin Silahlı Qüvvələrinin şərəfinə keçirilən bu tədbirin daha möhtəşəm alınması üçün, ona başqa bir rəng qatdı. Təşkilatçıların özlərinin dediyi kimi, belə bir tədbiri Silahlı Qüvvələr Günündə keçirməkdə digər bir əsas məqsədlərini isə, uşaqları arasında vətənpərvəliyi təbliğ etməyə, qəhrəmanlarımızı ictimaiyyətə tanıtmağa, şəhidlərimizin yaddaşlarda əbədi həkk olunduğunu göstərməyə, həm də dədə-babalarının doğma yurd yerlərini görmələri üçün, uşaqlarında həvəs oyatmağa hesablamışdılar.WhatsApp Image 2022 06 27 at 12.32.47 1

Əsas təşkilatçılarından biri olan Telman Qarayevin də dediyi kimi, bu tədbir xəttiylə həyata keçirdikləri hər şey həm də ona bir işarədir ki, bəli, xalqımızın rifahı, ölkəmizin daha güclü olması naminə, lazım gələndə əllərindən gələni əsirgəmədən, həmişə Milli Ordumuzun yanında, döyüş meydanlarında şücaət göstərib, qəhrəmanlıq nümayiş etdirən əsgər və zabitləri ilə birlikdə olmağa hazırdırlar: "Şərəfinə keçirdiyimiz bu futbol matçı ilə bir daha göstərdik ki, yeri gələndə, biz də, Milli Ordumuzla bir sırada, çiyin-çiyinə olmağa həmişə hazırıq. Çünki birlik və həmrəylik olarsa, hər bir günümüz, hər bir ayımız, hər bir ilimiz doğma Vətənimiz üçün böyük uğurlarla, ölkəmizin hər bir vətəndaşı və doğma-yaxınlarımız üçün xöş günlərlə keçər!..".WhatsApp Image 2022 06 27 at 12.32.47 2

     Milli Ordumuzun şərəfinə keçirdikləri bu matçdan sonra, doğma Qafandakı
"Pirimli" məhəlləsinin həsrətini çəkən yurd nisgilli soydaşlarımızla çay süfrəsi arxasındakı söhbətimiz də olduqca mənalı, mənalı olduğu qədər qürurverici və düşündürücü alındı. Söhbət zamanı, misal kimi göstərilən qəlb yanğısıyla dolu və yurd həsrətiylə bağlı bəzi epizodların təsirindən ağrı-acılı və olduqca təəssüfləndirici məqamlar da yarandı. Bu zaman isə, hətta "Pirimli" məhəlləsi həsrətiylə qovrulanlar arasında tökülən göz yaşlarını saxlaya bilməyənlər də oldu.WhatsApp Image 2022 06 27 at 12.39.13

     Onu da qeyd edək ki, bu çay süfrəsi arxasında keçən bu söhbətin də, Azərbaycan Milli Ordusunun möhtəşəm uğurlarından qaynaqlanan əsas mövzusu oldu. Bu əsas mövzu ətrafında, dəfələrlə, fərəhlə o da qeyd edildi ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu potensial rəqiblə belə effektiv mübarizə aparmaq iqtidarındadır və əsas təyinatı dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Dövlətimiz də xoşbəxtdir ki, çoxdan aforizmə çevrilən və bütün bəşəriyyət üçün aktuallığı ilə seçilən “Ordun varsa, yurdun var!” fikri, artıq, beynəlxalq aləmdə Azərbaycanımıza aid misal kimi də çəkilir. Məhz buna görədir ki, xalqımız, 44 günlük Vətən Müharibəsində düşmən üzərində Şanlı Zəfər Qələbəsi çalan Ordusu ilə fəxr edərək, qürur duyur! Bu şanlı Qələbənin müəllifləri, başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, “Dəmir yumruq”la düşmənə öz yerini göstərən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları olmaqla, bizim qüdrətli Ordumuzdur! Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə və şərəflə davam etdirən onun layiqli varisi, artıq, Azərbaycan Silahlı Qüvvələrini regionun aparıcı ordusuna da çevirə bilib.WhatsApp Image 2022 06 27 at 12.44.06

     Yurd nisgilli, doğma torpaq həsrətli həmsöhbətlərimiz çay süfrəsi arxasındakı söhbətlərini də, sonsuz inam, ümid və qətiyyət dolu fikirləri ilə başa vuraraq, tam əminliklə bir daha dedilər ki, öz dədə-baba yurdlarına qovuşacaqlarına belə şübhələri qalmayıb: "Geci-tezi bunun da şahidi olacağıq! Buna nail olmağımız üçün, Qarabağdakı kimi, zamana ehtiyacımız var. Tam əminlik ki, bir vaxt, Milli Ordumuzun bu istəklərimizi də gerçəkləşdirəcəyinin xoşbəxt şahidləri olacağıq! Ali Baş Komandan da ona tam əmindir ki, "Xalq -- Dövlət -- Ordu!" birliyi işğalda qalan bütün tarixi ərazilərimizi tam azad edəcək və o yerlərə də, yeni bir növraq gələcək. Çünki ətraflarında xəyallara daldığımız zəngin tarixi faktlar da, hər dəfə bizə Ulu Türk Xalqının "Əzizlərim, yurdunuza, yuvanıza sahib olun, torpaqdan pay olmaz!" vəsiyyətini heç vaxt unutmamağı xatırladır.WhatsApp Image 2022 06 27 at 12.48.22

     Bizdə buna tam əminlik həm də ondan yaranıb ki, müstəqil dövlətimizin şanlı zəfər tarixini yazan, 44 gündəcə Ermənistanın silahlı quldurlarının saxta mifini darmadağın edən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri, bu qısa müddətdə, dövlətimizin gücünü dünyaya da göstərə biliblər. Ermənistan təcavüzkarlığına layiqli cavab verən Azərbaycan Ordusu qələbə sevinclərini bizə bir-birinin ardınca yaşadıb. Uğurlu və davamlı olsun!..".WhatsApp Image 2022 06 27 at 12.50.14

     Hər kəs söhbətinin sonunda isə, uzun müddət düşmən tapdağında qalan gözəl Qarabağımızı azad etməklə, onlara dərin inam, sonsuz sevinc hissləri və yüksək əhval-ruhiyyə bəxş etmiş Milli Ordumuzun bütün heyət üzvlərinə bu bayram günündə, media vasitəsi ilə, ən ülvi istəklərini çatdırmağı özünə mənəvi borc bildiyini xüsusi vurğuladı. Elə, bu ülvi istəklərlə də, qarşıladıqları bu bayram münasibəti ilə, silahlı qüvvələrin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edib, bütün gərgin və məsuliyyətli işlərində və xidmətlərində onlara müvəffəqiyyətlər arzulayıb, Böyük Allahdan Milli Ordumuza isə, bol sevinc dolu uğurlar bəxş etməsini dilədilər!

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər