Moldova Parlamentində Şuşaya həsr olunmuş sərgi açılıb - FOTO

636bafcd6c44d636bafcd6c44e1668001741636bafcd6c44a636bafcd6c44c.jpg

Moldova parlamentinin binasında 8 Noyabr - Zəfər Günündə Azərbaycanın Mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş və şəhərin 270 illiyi münasibətilə fotoşəkillərdən ibarət sərgi açılıb.

Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a verilən məlumata görə, sərginin rəsmi açılış mərasimində Moldova parlamentinin sədri İqor Qrosu, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, deputatlar və yerli KİV nümayəndələri iştirak ediblər.

İqor Qrosu sərginin açılışında çıxış edərək Moldova parlamentinin binasında belə bir sərginin açılmasından məmnun olduğunu bildirib. Spiker vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və onun incisi olan Şuşanın inkişafına, tarixi və mədəni abidələrin bərpasına çox böyük töhfə verir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə çıxış edərək Zəfər Günündə Moldova parlamentinin binasında belə bir sərginin təşkil olunmasına verdiyi dəstəyə görə İqor Qrosa təşəkkürünü bildirib.

Azərbaycan və Moldova arasında dost münasibətlərin olduğunu deyən səfir Qüdsi Osmanov isə bildirib ki, Moldova parlamentində Zəfər Gününə aid belə bir tədbirin keçirilməsi dost münasibətlərin bariz nümunəsidir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Bundan başqa, Azərbaycanın Moldovadakı səfirliyinin binası önündəki bağçada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş barelyefin açılış mərasimi keçirilib. Rəsmi açılış mərasimində Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Moldovanın mədəniyyət naziri Serdjiu Prodan, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov iştirak ediblər.

636bafcd5e645636bafcd5e6461668001741636bafcd5e643636bafcd5e644.jpg

Moldova parlamentinin vitse-spikeri Mixail Popşoy, mədəniyyət naziri Serdjiu Prodan da çıxışlarında ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Şuşaya dair barelyefin açılışı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu mədəniyyət abidəsi şəhərin turistləri üçün də cəlbedici olacaq.

Barelyefin üzərində “Şuşa qalası” və “Yuxarı Gövhər Ağa məscidi” kompozisiyaları, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa haqqında söylədikləri sözlər təsvir olunub.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər