Ərdoğanın Türkiyədə keçirilən son seçkilərdə inamlı qələbəsi, eyni zamanda Azərbaycanın qələbəsidir

erdogan-plakat.jpg

Azərbaycanın maraqlarını, öz ölkəsinin əsas maraqları kimi, daim yüksəkdə tutması, Türkiyə prezidentinə bizim cəmiyyətdə də, böyük rəğbət qazandırıb
Dövlət idarəetməsində, siyasi və iqtisadi məsələlərin həllində, eləcə də istənilən geopolitik problemin yoluna qoyulmasında qardaş ölkə rəhbərinin kifayət qədər təcrübəsinin olması danılmazdır. Elə, bu səbəbdəndir ki, Türkiyə son, həm də yeni formatlı seçkilərdə yenidən Rəcəb Tayyib Ərdoğan təcrübəsindən istifadə etməyə qərar verdi. Əsas mətləbə keçməzdən öncə, onu da xüsusi qeyd etmək vacibdir ki, Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri həm region, həm də dünya üçün olduqca maraqlı, maraqlı olduğu qədər də böyük əhəmiyyətə malik idi.


Əvvəlcədən gözlənildiyi kimi, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçkilərində qalib gəldi, onun rəhbərlik etdiyi partiya isə, öz müttəfiqi ilə birgə, parlament seçkilərində əksər səs çoxluğuna sahib oldu. Cənab Ərdoğanın prezident seçkilərində qalib gəlməsini, dünyanın tanınmış politoloqları da, Türkiyədə, ələlxüsus regionda sabitliyin qorunması, bu qüdrətli dövlətin iştirakı ilə həyata keçirilən layihələrin uğurla başa çatdırılması kimi qiymətləndirirdilər. Elə, belədir ki, var; Möhtərəm Ərdoğan dünyada Türkiyənin milli maraqlarını cəsarətlə və prinsipial şəkildə qoruyan, həm də regionda stabilliyin yaranmasına maraq göstərən siyasətçidir - bu da, danılması mümkün olmayan bir faktdır!
Bu seçkilər, Türkiyə Cümhuriyyəti kimi, Azərbaycan Respublikası üçün də, böyük əhəmiyyətə malik idi: Axı, ən yuxarı beynəlxalq təşkilatlarda ən qlobal məsələlərin həlli zamanı belə, "çəkici bir yerə vuran" bu iki dost-qardaş ölkə daim eyni mövqedən çıxış edirlər. Elə, Türkiyə cümhurbaşkanının Azərbaycan prezidenti ilə eyni mövqedən çıxış etməsi, Azərbaycanın maraqlarını, Türkiyənin öz maraqları kimi, daim yüksək səviyyədə qoruması da, bizim cəmiyyətdə ona böyük rəğbət yaradıb. Ona görə də, bu seçkilərdə Rəcəb Tayyib Ərdoğanın inamlı qələbəsi, eyni zamanda Azərbaycanın böyük qələbəsi kimi qiymətləndirilir. Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənablarının Türkiyə liderini inamlı qələbə münasibətilə ilk təbrik edən dövlət başçısı olması da, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyəsinin və perspektivinin göstəricisidir.
Ötən dəfəki seçkilərlə müqayisədə, Ərdoğanın rəhbəri olduğu partiyanın parlament seçkilərində daha az səs toplamasına münasibət bildirərkən, bunu, tanınmış politoloqlar da, ötən illər ərzində onun rəqiblərinin güclənməsi ilə əlaqələndiririlər: "Türkiyə dövləti artıq yeni Konstitusiya ilə, yeni idarəetmə formasına keçir. Parlamentdə hakim partiyanın nə qədər səs toplamasının hazırda elə də böyük əhəmiyyəti yoxdur - icraedici hakimiyyət bu gün də AKP-nin əlindədir.
AKP artıq uzun müddətdir ki, Türkiyəni idarə edir. Aydın məsələdir ki, onun rəqibləri də, getdikcə güclənir. Müəyyən sahələrdə cəmiyyət daha çox gözləntilərini ortaya qoyur. Bu baxımdan, seçkilərdə AKP-nin səs faizlərinin müəyyən miqdarda aşağı enməsi bir o qədər böyük problem deyil. Bir də ki, AKP MHP ilə birgə səslərin 50 faizindən çoxunu toplayıb. Bu isə, parlamentdə də, Ərdoğan iqtidarının möhkəm dayağa sahib olması anlamını verir."
Qeyd edək ki, bu ilin iyun ayının 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri yeni qaydalarla keçirilib. Seçkilərə, Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq hallında gedən Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan 52.5 faiz səs toplayaraq, elə ilk turdaca yenidən prezident seçilib.

Rəsmi rəqəmlər də, bir daha sübut edir ki, Türkiyə Ərdoğana böyük inamını, onu özünə yenidən prezident seçməklə ifadə etdi.
Onun əsas rəqibi - Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə, 31 faiz səs toplaya bildi. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2, keçən ilin payızında qurulan İYİ Partiyasının namizədi Meral Akşener 7,4, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9, Vətən Partiyasının sədri Doğu Perinçek isə, 0,2 faiz səs topladılar.
Parlament mandatı uğrunda aparılan seçki mübarizəsində də, AKP-MHP-BBP-nin qurduğu "Cümhur İttifaqı" 53,6 faiz səslə qalib gəldi. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı seçki bloku isə, 34,1 faiz səs toplaya bildi. 10 faizlik baryeri aşan, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyası 11.5 faiz səs alaraq, parlamentdə təmsil olunma hüququ qazandı.
Millət vəkillərinin sayının 550 nəfərdən 600 nəfərədək artırılmasından sonra keçirilən ilk seçkidə AKP məclisdəki say çoxluğunu itirərək, 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, MHP-nin AKP ilə məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da, faktiki olaraq, Məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74 faiz — 146 mandat), HDP-nin (11.7 faiz — 67 mandat) və İYİ Partiyasının (10.07 faiz — 45 mandat) qurduğu ittifaq isə, məclisdə çoxluğu ələ keçirə bilməyib. Bütün bunlar bir daha onu sübut edir ki, bütün Türkiyənin öz liderinə və onun rəhbəri olduğu siyasi quruma inamı olduqca böyükdür: İnam olan yerdə daim qələbə olur!

vuqar-sahbazli.jpeg
Vüqar ŞAHBAZLI,
"Araz" Media Qrupunun və araz.az xəbər portalının Türkiyə Cümhuriyyətindəki təmsilçisi.

Əlaqəli xəbərlər