“Çeçen uğursuzluğundan” sonra Rusiyada Azərbaycan diasporunun yeni milli münaqişələrə çəkilmək ehtimalları...

 Mirkazim Seyidov

Mirkazım Seyidov: “Biz daha çox Rusiyada yetişən üçüncü nəsil gənclərimizi həmin ölkənin ictimai-siyasi həyatına istiqamətləndirməliyik”
Rusiyada azərbaycanlılara qarşı hazırlanan növbəti təxribat fiaskoya uğradı. Söhbət Rusiyada yaşayan azərbaycanlılarla çeçen əsilli vətəndaşları üz-üzə qoymaq cəhdindən gedir. Hər iki millətin sayılıb-seçilən nümayəndələri və rəsmilərinin proseslərə operativ müdaxiləsindən sonra genişmiqyaslı provakasiyanın qarşısı alınmış oldu.

Ancaq gəlin etiraf edək ki, məsələ bununla bitmir. Çünki Rusiyada çeçenlərdən başqa digər millətlər də yaşayır ki, nə vaxtsa onlarla da azərbaycanlıları üz-üzə qoymaq cəhdləri ola bilər. Hər halda, biz bunları qabaqcadan analiz etməliyik. Bilməliyik ki, bizi Rusiyada hansı millətlərlə bundan sonra təxribata çəkə bilərlər və bunun qarşısını almaq üçün nələri etməliyik?

Rusiyada fəaliyyət göstərən tanınmış diaspor fəalı Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, vacib bir məsələdir: “Rusya doğrudan da çoxmillətli ölkədir. Son 10 il ərzində xüsusilə də müsəlman əhalinin Rusiyada çoxalması halları müşahidə olunur. Bunun özü Rusiya ictimaiyyəti üçün bir siqnaldır. Milli məsələ Rusiyada çox incə məqamdır. Bu istiqamətdə hər bir qurumun öz siyasəti müəyyənləşib. Azərbaycan diasporunu daha ciddi narahat etməli olan məsələlərdən biri də öz daxilində olan təxribatlarla bağlı olmalıdır. Rusiyada tatarlardan sonra ikinci böyük diaspora biz sahibik. Azərbaycanlılara qarşı daha çox erməni kartından istifadə edə bilərlər. Amma bu məsələ açıq mövzu olduğundan, o qədər də optimal sayılmayacaq. Çeçenlərlə baş tutmayan bu təxribatın davamı dağıstanlılarla ola bilər. Bunu çox real görürəm. Həmçinin, Azərbaycandan olan azsaylı xalqların nümayəndələri ilə bizim aramızı qızışdıra bilərlər. Xüsusilə də talış və ləzgilər arasında belə toxumların səpilməsinə cəhdlər görünür. Bunların baş verməməsi üçün, biz məcburi şəkildə daha sıx birləşməliyik”.

Mirkazım Seyidov deyir ki, Rusiyada yaşayan azərbaycanlılar təhlükəni bütün istiqamətlərdən gözləməlidirlər: “Çünki bizim Rusiyadakı diaspor fəaliyyətimizdə ciddi çatışmazlıqlar var. Nə qədər çalışsaq da, biz Rusiyada siyasi gücə çevrilə bilmirik. Bizim elə diaspor rəhbərlərimiz var ki, erməniləri bütün milli bayramlarında təbrik edirlər. Hətta onların tədbirlərində lap yuxarı başda əyləşirlər. Belə fəaliyyəti biz daha çox ölkəmizdə olan azsaylı xalqların nümayəndələrindən görürük. Onları da məqsədli şəkildə belə provakasiyaya çəkirlər. Biz daha çox Rusiyada yetişən üçüncü nəsil gənclərimizi həmin ölkənin ictimai-siyasi həyatına istiqamətləndirməliyik. Biz yaşlı nəsil bir çox detalı nəzərdən qaçırmışıq. Rusiyadakı həmin səhvlərimizi yeni nəsil gənclərimizin təkrarlamasına izn verməməliyik. Bir faktı da diqqətinizə çatdırım ki, Rusiyada kriminal aləmə meyl də güclüdür. Ona görə də belə bir ölkədə istənilən təxribatı törətmək elə də çətin deyil. Biz yaşlı nəsil mənəm-mənəmliyimizi yerə qoyub, bütün stavkanı gənclərimizə etməliyik. Onda biz belə təxribatların qarşısını asanlıqla ala biləcəyik. Yetər ki, bizim gənclərimiz də, digər millətlər kimi, Rusiyanın həyatının bütün sahələrində özlərinə yer tapsınlar”.

Məhəmmədəli QƏRİBLİ

Əlaqəli xəbərlər