VARLILAR DA AĞLAYIR

Ebilhesen03.jpeg
Əbil HƏSƏN


Varlılar da ağlayır bu ölkədə...
Taleyinin onun üzünə güldüyü zamanlar idi. Qısa müddət ərzində bacarığı sayəsində varlanmış, ölkənin ən zəngin biznesmenlərindən birinə çevrilmişdi. Ölkənin müxtəlif yerlərindəki obyektlərinin sayı-hesabı yox idi. Üstəlik, indi xarici ölkələrdə də bizneslə məşğul olur, yeni ticarət mərkəzləri və s. açdırırdı. Bütün bunlar təbii ki, əla idi. Amma o, özünü ən çox nazir təyin edildiyi gün xoşbəxt hiss etmişdi. Belə ki, yuxarı dairələrlə sıx əlaqələri və şəxsi keyfiyyətləri nəticəsində ölkədəki nazirliklərdən birini ona tapşırmışdılar. Bu təyinatdan sonra onun biznesi daha da çiçəklənməyə başladı. Artıq ölkəyə gəlib-gedən mallar onun nəzarətinə keçmişdi. Onun icazəsi olmadan heç kim Azərbaycana bircə çöp belə gətirə bilməzdi. Nəticədə rəqiblərini sıradan çıxarmış və bir çox biznes sahəsində tək qalmışdı. Onun üçün əsas iş pul qazanmaq idi. Tutduğu vəzifə də, səlahiyyətləri də bu yolda sadəcə bir vasitə idi. Məqsədinə çatmaq üçün edə bilməyəcəyi heç nə yox idi. Bu yolda çoxlarını ağlar qoymuş, çoxlarının həyatını cəhənnəmə çevirmişdi. Təbii ki, bütün bunlar onu çox qudurtmuş və harınlatmışdı. Lakin günlərin bir günü fələyin çərxi geriyə fırlanmağa başladı. Əvvəlcə onu işdən çıxardılar. Nəticədə illərlə yığdığı var-dövlət əlindən çıxdı. Vəzifəsini və var-dövlətini itirdikcə ətrafındakı dostların sayı da azalmağa başladı. Vaxtilə yan-yörəsində var-gəl edənlər indi artıq gözə dəymirdilər. Vəzifəsini itirməsi ailəsinə də təsirsiz ötüşmədi. Ailəsi, uşaqları da ondan uzaqlaşaraq canlarını götürüb xaricə qaçdılar. İndi o, tək qalmışdı. Şah saraylarına bənzəyən villasında tənha yaşamağa məhkum idi. Üstəlik səhhətində də ciddi problemlər yaranmışdı. Ayaqları tutulmuş, yeriyə bilmirdi. Əlil arabasına məhkum olması işlərini daha da çətinləşdirirdi. Görünür vaxtilə göz yaşlarını axıtdığı insanların ahı tutmuşdu onu. Bu qədər yüksəklərə qalxdıqdan sonra əlil arabasında əsir qalmaq əsəblərini korlamışdı. İndi işi-gücü bu arabada oturub gözünü uzaqlara zilləmək, ötən günləri yadına salıb göz yaşı axıtmaqdan ibarət idi. Onu yandıran bir başqa məsələ isə qulluqçuları idi. Vaxtilə bəyənmədiyi qohum-əqrəbası indi ona baxırdılar. Daha doğrusu onlara möhtac qalmışdı. Qohumları isə təbii ki, ötən günlərin əvəzini çıxırdılar. Onunla heç də həmişə xoş davranmır, bəzən onu incidirdilər. Üstəlik gördükləri işin müqabilində ondan həddən artıq çox pul alırdılar. Bir zamanlar az qala bütün ölkəyə hökmranlıq eləyən birinin indi əlil arabasında heç qulluqçulara söz keçirə bilməməsi əlbəttə ağır idi. İndi onun edə biləcəyi yeganə şey ömrünün başa çatmağını gözləmək idi. O gün isə gəlmirdi ki, gəlmirdi. Üstəlik, intihar etməyə də cəsarəti çatmırdı. İndi başa düşürdü ki, ona gücü də, cəsarəti də verən elə oturduğu kreslo imiş.