PUL QOPARMAQ: QARDAŞLARIN OYUNU

Ebilhesen01

Əbil HƏSƏN

Başqaları kimi, mən də, bir tikə çörəkpulu qazanmaq xatirinə Rusiyaya üz tutmuşdum. Orda həm fəhləlik edir, həm də alverlə çörəkpulu qazanırdım. Qazandığım pulları evə göndərirdim. Çətinliklər cox olsa da, işlərimiz pis getmirdi. Bir gün bazarda təsadüfən kənddəki qonşularımı - Qadirlə Nadiri gördüm. Onlar da, mənim kimi, buraya pul qazanmağa gəldiklərini dedilər. Buradakı azərbaycanlılar yığışıb, onlara həm qalmağa yer, həm də iş tapmaqda yardımçı oldular. İşləri də pis getmirdi. Qadir bazarda alver edir, Nadir isə, tikintidə fəhlə işləyirdi. Dediklərinə görə, pis qazanmırdılar. Evlərinə pul göndərdiklərini deyirdilər. Vaxt tapan kimi, bir yerə yığışır, dərdləşirdik. Kəndi yadımıza salırdıq. Onlara iş tapmaqda yardımçı olduğuma görə, hər dəfə mənə: "Sağ ol!" - deyirdilər...

Xeyli vaxt idi ki, Nadir görünmürdü. Qadirsə onun ətraf kəndlərin birində, fermada işlədiyini bildirdi. Bir gün Qadir ağlaya-ağlaya mənə yaxınlaşaraq, Nadirin öldüyünü bildirdi. Cənazəsini Vətənə aparmağa pul istədi. Mən soydaşlarımızı bir yerə toplayıb, vəziyyəti onlara çatdırdım. Sağ olsunlar, xeyli pul yığıldı. Bu pullar yas mərasimlərinin keçirilməsinə də bəs edərdi. Mən də Qadirlə kəndə getmək istədim. O, buna razı olmadı. Bir neçə gündən sonra evə zəng vurub, Nadirin qırx mərasiminin vaxtını öyrənib, kəndə getmək istədim. Atam mənə Qadirlə Nadirin kənddə olduqlarını, özlərinin də çoxlu pulla gəldiklərini dedi. Eşitdiklərim məni çox təəccübləndirdi, daha doğrusu, şoka düşdüm. Sonradan öyrəndim ki, qardaşlar bu iyrənc üsulla çoxdan pul qazanırlarmış: Rusiyanın müxtəlif şəhərlərinə əvvəlcə bir gedir, sonra ayrılırlarmış. Beləcə, Nadir Qadirin, Qadirsə Nadirin oldüyünü yalandan aləmə car çəkməklə, Rusiyadakı soydaşlarımızdan pul qoparmağın asan yolunu tapıblarmış...

....Müasir dövrün acılıq doğuran daha bir reallığı: İnsan, harda işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, dost-tanışından belə pul qoparmaq naminə hər cür iyrənc vasitədən istifadə edir. Görəsən, cəmiyyətimiz bu iyrəncliklərlə nə vaxtadək barışacaq?!