ZAMAN-BAŞIPAPAQLI QARŞIDURMASI -- PUL KİMİ, PAPAQ DA CİBDƏ!

Ebilhesen02
 
Əbil HƏSƏN
 
       Xalq folklorumuzda papağa aid onlarla məsəl var: Məsələn, "Papağını götür, get burdan", "Papağını qabağına qoy, yaxşı-yaxşı fikirləş", "Papaq altında oğlanlar yatır" və sairə, və ilaxır. Bütün bunlar onu göstərir ki, papaq bizim üçün yalnız baş geyimi deyil, həm də fövqəladə əhəmiyyət daşıyan milli xarakter formasıdır.
       Keçmiş zamanlarda da, dədə-babalarımız papağı yalnız istiyə-soyuğa görə qoymazdılar: O, kişilik, namus, qeyrət, hörmət-rəğbət,.. rəmzi idi! Onda kişilər papaqsız evdən çölə belə çıxmazdılar. Başı papaqlı tarixi sınaqlar çətinliyindən dəyanət və mətanətlə keçərək, beləcə, cəmiyyətdə “Başıpapaqlı” ifadəsinə də, hörmət-rəğbət yeri qazandırıblar. Lakin... 
        Təəssüflə də olsa, deməliyik ki, zaman bir çox milli anlamlara olduğu kimi, papağa olan münasibəti də dəyişib -- dövran dəyışdikcə, bu kəlamın əhəmiyyəti də itməyə başlayıb. Köhnə şəkillərə baxanda, görürük ki, köhnə kişilərin başında buxara papaqlar, qadınların başları örtülü, paltarlarının ətəkləri isə, o qədər uzun olub ki, sanki yerlə sürünüb. İllər biri-birini əvəz etdikcə, kişilərin buxara papaqları da dəyişib. Onların yerini panamalar, şapkalar tutub -- bu günki kimi. 
           Kişilərimizin papaqlarının forması dəyişdikcə, qadınlarımız da sakit oturmayıb, başlarından kəlağayılarını tullayıblar. Baş örtükləri açıldıqca, donlarının ətəkləri də qısalmağa başlayıb. Müasir dövrümüzdə papaq qoyma adətləri də müasirləşib.
         İndi papağı sırf havaya, yəni isti-soyuğa görə qoyurlar. Məsələn, əgər günəş istisindən qorunmağa ehtiyac varsa, ya dimdiyi uzun, ya da dimdiyi dik papaqlara müraciət edilir. “Bəy”lərin papaqlarının dimdikləri uzandıqca, dilləri qısalmağa başlayıb -- "xanım”ların paltarlarının ətəkləri kimi! Nəticədə, qadınların Dubay və Türkiyəyə "müalicə" adıyla səfərlərinin sayı durmadan artıb.
            İndi, artıq, kişilər yalnız soyuq olanda başlarına papaq qoyurlar. Hava istiləşəndə isə, papaqlar cibə girir. İndi artıq cibin dövrüdür. Namus da, qeyrət də, şərəf də ciblə ölçülür. Neynirsən elə, təki, papağın cibində olsun. Eləz bizim qonşumuz Ağagül kimi! Onun papağı həmişə cibində olur. Hava soyuyan kimi, papağını cibindən çıxarıb, başına qoyur. Arvadı Roza isə, Dubaya, qısa ətəkli qadınlardan ibarət "turist səfərləri" təşkil edir. Oradan da əliboş qayıtmır; Başqa millətdən olan yaşı və vaxtı keçmiş qadınları gətirib, Bakıdakı və ətrafdakı gözdən uzaq kafelərə "importnı mal" adıyla sırıyır. 
         Nə olsun ki?!  
         Bunlardan kimə nə?! 
         Ağagülün camaat arasında nüfuzu da var, hörməti də. Əvvəllər Ağagülə məhəllədə heç kim salam verməsə də, indi, yalnız ona salam vermək üçün, hamı sıraya düzülür. Bir də ki, indi, hər şeydən razı olan Ağagülün özü seçir kimə salam verməyi. Çünki pulu cibindədir. Tamam yadımdan çıxmışdı, dimdiyi uzun, ya dik maraqlı papaqları da həmçinin..