Tələbə dostumun "Tələbə taqımı"nın rəşadəti haqqında daha bir əsəri -- TƏQDİMATI OLACAQ

   C0C6DCF0 4AC7 4C06 9AFE 19756654E8F0
    Biz, Bakı Dövlət Universitetinin tələbəsi olarkən, itirilmiş torpaq təəssübü çəkən insanlarda Vətən Sevgisi daha güclü idi. Qəlb göynədən bir çağırışla hər şey etmək olurdu. Özünü əsl azərbaycanlı bilənlərin içindəki Vətən, Torpaq, Qarabağ eşqini öldürmək də mümkün deyildi.
Elə, bu hisslər bizi “Azadlıq” meydanının mərkəzinə səsləyirdi. İstedadlı yazıçı Etbar Muradxanlı (Yaqubov) ilə dostluğumuzun möhkəm təməli də, o ağır vaxtlarda -- universitetdə oxuyandan qoyulub. O da, Vətən Sevgisi yenilməz olan tələbələrdən biriydi; Acı qəlb göynərtiləri Dağlıq Qarabağın ürəyi olan Xankəndi həndəvərində vəhşicəsinə doğranan Topxana meşələrindən daha aydın, daha ucadan eşidilən balta səslərinə, taleləri heç kəsi maraqlandırmayan qərbi azərbaycanlıların qışqırığının yaratdığı uğultulara qarışır, həddən-ziyadə həyacanlı olduğunu, təlaş və gərginliyini daim büruzə verirdi. Daşnak tör-töküntülərinin qorxub-çəkinmədən birbaşa xalqımızın suverenliyinə və respublikamızın ərazi bütövlüyünə qarşı açıq təcavüzünə dözənlərdən deyildi.
         90-cı illərin əvvəllərində “BDU-nun Əlahiddə Taqımı” da, yuxarıda sadaladığım zərurətlərdən yarandı. Taqımın tərkibində könüllü olaraq cəbhəyə yollanan tələbə dostlarımdan biri də Etibar Muradxanlıydı. Beləcə, o da, bizim fəxrimizə çevrildi. Bu səbəbdən, onu
ictimaiyyətə geniş tanıtmağa ehtiyac duymuram. Yalnız onu deməyi vacib bilirəm ki, indi əziz dostum bədii əsərlər müəllifi kimi tanınaraq, tarixə düşür.
       Qarabağ haqqında ağrılı-acılı çox əsərlər yazılıb. Lakin Etibar bəyin yazdıqlarının özəlliyi ondadır ki, onun əsərləri birbaşa həmin ağır döyüşlərin özünün əksidir. Kitablarından barıt iyi və qan qoxusu gəlir. Oxucusu da, elə bil ki, gözlərinə sehrli güzgü tutub, özünü həmin döyüşlərin tən ortasında hiss edir. Çünki müəllifin özü, təsvir etdiyi olayların şəxsən iştirakçısı olub. Bu səbəbdən, onun əsərlərindəki çarpıcı realizm insanın qanını dondurur. Elə, onun "Qanun" nəşriyyatında işıq üzü görən "Fəridə nənəgilin  pəncərələri" povestini və hekayələrindən ibarət nəsr kitabını oxumaq kifayətdir ki, dediklərimin dürüstlüyünə şübhəniz qalmasın. Doğrudan da, ədibin 2005-ci ildə çapdan çıxan "Siz mühasirədəsiniz, leytenant!" romanındakı şəhid bir əsgərin həyat yoldaşının və xəstə uşağının Bakı küçələrində dilənməsini təsvir edən bir süjet xətti çox təsirli alınıb. Bunları təkcə mən yox, digər oxucuları da, ürəkdən, tərifsiz-filansız deyirlər.
     Etibar Muradxanlının universitet tələbələrinin Qarabağ cəbhəsindəki rəşadətindən bəhs edən "Tələbə taqımı" romanının da, artıq, "Qanun" nəşriyyatında işıq üzü görməsi və bu kitabının 14 yanvar, saat 2-də, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda olacağı xəbərindən çox sevindim. Qələm dostlarımı, onların yaxınlarını da ürəklə təqdimat mərasiminə dəvət etdim. Çünki tam əminəm ki, bu əsəri də ədib dostuma baş ucalığı gətirəcək.
       Tələbə və yazıçı dostuma bir daha yaradıcılıq uğurları və mənim kimi oxucularını yeni, maraqlı kitabları ilə sevindirməsini arzu edirəm. İnanıram ki, Etibar Muradxanlı Qarabağ cəbhəsində çoxdan gözlədiyimiz möhtəşəm qələbənin təsviri olan möhtəşəm əsərləri ilə də tezliklə görüşümüzə gələcək.    
 
Hüseyn ƏZİZOĞLU,
"Araz" Media Qrupunun və araz.az xəbər
portalının Baş redaktoru. 

Əlaqəli xəbərlər