8 mart Azərbaycanda hədsiz mürəkkəbləşdirilib - FAZİL MUSTAFA YAZIR

teleqraf.com13983374571375295658 fazil mustafa 1man1

8 mart Azərbaycanda hədsiz mürəkkəbləşdirilib. Sanki bu qadınları xatırlama, yada salma günüdür. Bunun üçün qadınlara verilən hədiyyələr də mürəkkəbləşdirilib. Maddi mənada bu hədiyyələr xeyli bahalaşdırılıb.

Artıq xoş söz, səmimi arzular qadınların özü üçün də bir o qədər arzuolunan deyil. Ancaq mahiyyətcə 8 mart qadınların hüquqlarının tanınması, bu hüquqların təsbiti ilə bağlı kəşf olunan bir gündür.

Qadına feodal təfəkkürü ilə baxış olan ölkələrdə 8 martın qeyd olunması xeyli absurd görünür. Qadın hüququnun olduğu, lakin qadının özünü hüquqsuz gördüyü ölkələrdə də bu günün bayram kimi qeyd olunmasının bir adı qalmır. Əlbəttə, biz müasir dövlətik.

Qadına dünyanın irəli sırada olan ölkələrinin verdiyi hüquqların hamısını vermişik. Həm də birbaşa Anayasada. Qadın üçün ayrıca dövlət komitəsi yaratmışıq. Qadın üçün parlamentdə ayrıca komitə yaratmışıq. Qadınlara dair bütün konvensiyaları imzalamışıq. Hətta Gender bərabərliyi haqqında qanun da qəbul etmişik. Hərfi mənada qadın azadlığının bütün çərçivələrini tanıyırıq. Ancaq hələ də qadının cəmiyyətdə təsirli rolunu qaldıra bilmirik. Qadınlar üçün müəyyənləşdirilən əxlaq, namus, milli adət-ənənə çərçivəsini kişilərə də aid etmədiyimizə görə qadınlar birtərəfli ittiham olunan varlıqlar kimi qalmaqda davam edirlər. Hələ də qadınları yetərincə savadlı yetişdirməyə imkan tanıyan təhsil şəbəkəsi qura bilməmişik. İdman infrastrukturunda Azərbaycan qadınının heç 5 faizi öz məşğulluğunu tapa bilməyib. Şəhərlərdə də, bölgələrdə də qadınların əməyinin istismar faizi çox-çox yuxarıdır. Qadınlar əsasən insan alveri qurbanlarına sosial şərtlərin ağırlığına görə çevrilirlər. İldən-ilə boşanmış qadınların sayı artır və və onlara qarşı cəmiyyətdə etibarsızlıq sindromu güclənir.

Milli mentalitetimiz erkəyin cinsi xəyanətinə kişilik davranışı, qadının cinsi xəyanətinə əxlaqsızlıq adı verib. Və sonradan anlaşılıb ki, əxlaqsız qadınlar haqqında ən çox danışan kişilərin qurbanlıq kitabında ən azı bir qadın obrazı mövcuddur. Narkotik aludəçisi olan qadınların sayı da az deyil. Onların da bu amansız vərdişə qurşanmasında kişi siluetlərini asanlıqla görə bilirsən. Bu gün Azərbaycanda dini cəhalətin avanqardlarının əhəmiyyətli hissəsi qadınlardır. Nə yazıq ki, ən çox hacıxanımın, ən çox falçıxanımın olduğu məmləkətik.
8 martın qayəsi qadın hüquqlarına diqqət çəkməkdir. Bizdə qadına hədiyyə paylamaq bayramı kimi baxılır. Qadına hədiyyəni ilin bütün günlərində paylamağa fürsətiniz var. Məhz bu gündə hüquq paylamaq lazım, hüquq. Onun hüquq və azadlıqlarını yada salmaq lazım. Biz əsrlərdir onlara yalnız vəzifə və ya borc mükəlləfiyyəti vermişik. Analıqdan tutmuş, yemək bişirmə, zibil təmizləmə, pambıq yığma, üzüm dərmə, toyuq-cücə saxlamaq və bu kimi başqa vəzifələri vermişik. Vəzifəyə başı qarışmış Azərbaycan qadının əksəriyyəti ictimai dəyər daşıyıcısına çevrilə bilməmişdir. Azərbaycanda qadının ilk dəfə ictimai dəyər daşıdığı tarix Zeynəlabdin Tağıyevin qız məktəbinin ilk məzunlarının buraxılış günündən başlayır.
Bəs uğurlu Azərbaycan qadını kimdir? Öz vəzifə borcu ilə hüquq və azadlıqlarının tarazlığını saxlayanlardır. Onlar ailə dəyərlərini də yaşadırlar, savadlı və modern düşüncə adamlarıdır, eyni zamanda fərqli sahələrdə ictimai dəyər qazanmış nənələrimiz, analarımız, bacılarımız, qızlarımızdır. Onların cəmiyyətdə əhəmiyyətli rola sahib olmaları üçün sayları çoxalmalıdırlar, bir-birinə dəstək verməlidirlər. Əslində 8 mart, öz hüquqlarını tanıyan, öz hüquq və azadlıqlarının tapdanmasına imkan verməyən qadınların bayramıdır. Bər-bəzəkli, bahalı, güllü-qönçəli hədiyyələrlə baş aldatmağa çalışmaq yerinə qadının başını ucaldacaq cəmiyyət qurmağa çalışsaq heç 8 mart bir bayram kimi yadımıza da düşməyəcək.
Hələ ki, qadın vəzifələrinin bolluğu, hüquq və azadlıqlarının defisiti var, 8 marta bir ümid günü kimi baxmaq olar. Bu ümid gününüz qutlu olsun dəyərli qadınlar!

Fazil Mustafa

Əlaqəli xəbərlər