Aslan İsmayılov haqqında bunları bilirdiniz?

aslan ismayilov 101219 02 917x530Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə yenidən vəkillik fəaliyyəti bərpa olunan Aslan İsmayılov son 30 ildə yaşadıqları haqqında yazıb.

araz.az  Gununsesi.info-ya istinadən  görkəmli hüquqşünasın qeydlərini təqdim edir:

Sadəcə, bu dəfə həyat mənə imkan verib verməyəcəyini bilmirəm …

Çox istedadlı, bacarıqlı bir tanışımın ilk çətinlikdə necə çökdüyünü və həyatını itirdiyinin şahidi oldum. Ona görə də bu ekskurs özümü tərifləmək üçün yox, gənclərə həyatın necə enişli yoxuşlu olduğunu göstərmək üçündür. Yazıda göstərdiyim faktları hər bir şəxsin yoxlamaq imkanı var.

1989-cu ilin aprel ayında Azərbaycan Respublika Prokurorluğuna işə qəbul olundum. İlk günlərdən soyadım Respublika Prokuroru İlyas İsmayılovla eyni olduğundan çoxları fikirləşirdi ki, biz qohumuq, ona görə də mənə çox isti münasibət var idi. 1990-cı ilin ortalarında İ.İsmayılov vəzifəsindən azad olundu və mənə münasibət dəyişdi. Tez-tez yığıncaqlarda çıxış edirdim deyə çoxları məni çəbhəçi sayırdı. AXC hakimiyyətə gələn kimi bir çoxları yenidən çox sıcaq münasibət göstərməyə başladı. Baş Prokuror İxtiyar Şirinovun mənə pis münasibətini görən kimi yenə münasibətlər soyudu.

1993-cü il may ayının 28-də Prezident Aparatında işləməyə başladım. 17 avqustda öz təşəbbüsümlə Milli Məclisdə rəhmətlik Heydər Əliyevi müdafiə etdim. Əksəriyyət həmin çıxışın əvvəldən razılaşdırıldığını, mənim rəhmətlik H.Əliyevlə şəxsi münasibətlərimin olduğunu zənn etdi. Ölkənin bütün vəzifə sahibləri, Ramiz Mehdiyev başda olmaqla mənimlə böyük hörmətlə danışırdılar, münasibət qurmağa çalışırdılar.

28 aprel 1994-cü ildə heç bir səbəb göstərilmədən vəzifədən azad edildim, barəmdə “tezliklə həbs ediləcək” söhbətləri yayıldı. Bu dəfə çox yaxşı tanıdıqlarım, həyatlarında rolum olan şəxslər belə məndən qaçmağa başladı. Bir müddət sonra vəkilliyə başladım, xarici səfərlərim çoxaldı. BMT, ATƏT, Avropa Şurası ildə bir neçə dəfə ABŞ, Avropaya tədbirlərinə dəvət etdilər. Yenidən mənə münasibət müsbətə dəyişdi. Çoxları bir gün yenidən yüksək vəzifə tutacağımı zənn etdilər.

1999-cu ilin martında ABŞ-dan qayıdan kimi vəkillikdən xaric edildim. Yenidən münasibətlər dəyişdi. Yaxından tanıdığım çoxları balalarının toylarına belə dəvət etmədilər. Qısa müddətdə “VİZA Media” mətbəəsini yaratdım. “Demokratik Azərbaycan” qəzetini təsis etdim, rəhmətlik Elmar Hüseynovla “Bakinskiye Vedomosti”, “Bakinskiy Bulvar” qəzetlərinin və “Monitor” jurnalının həmtəsisçisi oldum. Yenidən diqqət mərkəzində oldum.

2002-ci ildə malik olduğum hər şeyi darmadağın etdilər və bacımın yoldaşını həbs etdilər, haqqımda çoxlu sayda məhkəmə prosesləri, cinayət işləri başladıldı. Bu dəfə hər şey daha gərgin oldu.

2005-ci ildə Prezident İlham Əliyevlə görüşdüm. Bir günün içində sanki başqa Aslan İsmayılov peyda oldu. Bütün qapılar açıldı. Qısa zamanda vəkilliyə bərpa etdilər. Bu dəfə proses uzun çəkdi, mənim tənqidlərimə çox dözdülər.

2012-ci ilin sonundan dözümlərinin əvəzini artıqlaması ilə çıxmağa başladılar. Bir neçə dəfə heç bir əsas olmadan vəkil kimi töhmət verdilər. Zorla Nərimanov polisinə aparıb hədə-qorxu gəldilər. 2013-cü ilin mayın 30-da Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsində fiziki zor tətbiq etdilər, ölümlə hədələdilər. 2013-cü ilin sonunda vəkillikdən xaric etdilər. Facebook səhifəmdə mübarizəmi davam etdirdim. 2016-cı ildən əvvəl mülki qaydada məhkəmələrə çəkdilər. 2017-2019-cu illər 3 dəfə, sonuncu dəfə xuliqan-cinayətkar kimi məhkum etdilər. Ölkədə nə qədər “dədəsini tanımayan” var üstümə töküb özümü, ailəmi, rəhmətə getmiş valideynlərimi təhqir etdirdilər. 2020-ci 44 günlük Vətən Müharibəsindən sonra vəziyyət yenə qəflətən dəyişdi. Bir çox rəhbər vəzifəli şəxslər məni ictimai xadim kimi qəbul etməyə başladılar. 2020-ci ilin mart ayının 17-də vəkilliyə bərpamla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarına bu il baxıb yenidən vəkilliyə bərpa etdilər.

Bu münasibətin nə qədər davam edəcəyini bilmirəm. Ancaq haqsızlığa susmayacağıma əminəm. Sadəcə, yenidən problemlərim başlasa bu dəfə də mübarizəmi qələbəyə qədər davam etməyə ömür mənə imkan verib verməyəcəyini bilmirəm. Əlbəttə, çox yorulmuşam və istərəm ki, hakimiyyət mənsubları iş metodlarını dəyişsinlər, haqlı tənqidlərə dözümlü olsunlar.

Gənclərə isə bir məsləhətim var. Şəxsi ləyaqət hissini hər şeydən üstün tutun, heç vaxt ruhdan düşməyin və haqlı mübarizədən çəkinməyin. Bu tək Sizə yox, həm də Vətənimizə lazımdır. Bilin ki, həyat ancaq mübariz insanların üzünə gülür!

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər