Ərəblərdən sonra indi də rus turistlər Azərbaycana axışır - SƏBƏB

rus-turist-turizm-seyahet-rusiya1 (1).jpg

Hər il qış turizmi ilə bağlı, xüsusən Yeni il bayramı ərəfəsində Azərbaycana gələn turistlərin sayı kəskin artır. Yeniavaz.com-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, bu il də istirahət məkanlarında yerli və xarici turistlər üçün bir-birindən maraqlı Yeni il şənlikləri, yeni il bayramı təşkil olunacaq: "Neçə ildir Azərbaycanda qış turizmi fəaliyyət göstərir və inkişaf mərhələsindədir. Hər il təcrübə daha da artır. Müxtəlif əyləncəli proqramlarla əlavə xidmətlər təklif edilir. Eyni zamanda həm Qəbələ rayonuna, həm də Qusara gedənlərin sayı ilbəil artır. Bu il orada möhtəşəm Yeni il şənlikləri, yeni il bayramı keçiriləcək. Təkcə "Tufandağ"a, "Şahdağ"a deyil, Azərbaycan əhalisinin həm də Qax rayonuna, Zaqatalaya, Lerikə və digər yerlərə də səfərlər təşkil ediləcək ki, istirahət etsinlər, qış səyahətini yüksək səviyyədə keçirsinlər.


Qış turizmində Azərbaycana ərəb ölkələrindən - Birləşmiş Ərəb Əmirliyindən və bir də Rusiyadan turistlər Azərbaycana təşrif buyururlar. Azərbaycanda qış turizmi obyektləri yüksək beynəlxalq səviyyədə inşa olunub - Avstriya mütəxəssisləri tərəfindən Avropa standartlarına uyğun. Onu da bildirim ki, Avstriya, Fransa, İtaliya, İsveçrə ümumiyyətlə Avropada qış turizmində birinci yer tuturlar. Ondan sonra Finlandiya, İsveç, Norveç gəlir. Sonrakı yerlərdə Polşa, Slovakiya, Bolqarıstan və digər ölkələrdir.
Bizim qış turizm obyektlərimiz məhz adını sadaladığım yüksək səviyyəli Fransa, İtaliya, İsveçrə, Avstriya standartları səviyyəsindədir. Rusiyalı turistlər də bunu bilir, ona görə Azərbaycana üz tuturlar - həm ailəvi gələnlər var, həm fərdi, həm də qrup şəklində. Onu da qeyd edim ki, son illər Azərbaycana gələn rusiyalı turistlərin sayı kəskin artıb.
Turizm elə sahədir və turist elə psixoloji vərdişə aludədir ki, gəldiyi ölkədə ona yüksək səviyyədə xidmət göstərirlərsə və onda məmnunluq yaranırsa, növbəti dəfə nəinki tək gəlir, özü ilə qohumlarını, tanışlarını, dostlarını da gətirir. Məsələn, rusiyalı turist deyir "mən həmin ölkədə olmuşam və orada yüksək səviyyədə xidmət görmüşəm, əhalisi qonaqpərvərdir, qiymət səviyyəsi münasibdir, ölkə sabitdir, gözəldir". Mən ümidvaram ki, Azərbaycan elə ölkə olduğuna görə, bir dəfə bura gələn həm ərəb, həm rus, həm də digər turistlər yenə gəlməyə çalışırlar".
"Azərbaycana gələn turistlər ortalama olaraq təqribən nə qədər pul xərcləyirlər?" sualımıza M. Ağakərimovun cavabı belə oldu: "O barədə dəqiq söz demək çətindir. Bu məsələdə müxtəliflik var. Birləşmiş Ərəb Əmirliyindən gələnlə İraqdan gələn ərəb turist arasında fərq var. İraqdan gələn 1000 manat xərcləyirsə, Səudiyyə Ərəbistanından gələn 3000 manat xərcləyir. Hər bir turist müxtəlif otel seçir. Otellərin də bildiyiniz kimi, ulduz sistemi var. Rusiyalı turistlərin eləsi var 5 ulduz otel seçir, eləsi var 2 ulduz. Təxmini qiymət demək doğru deyil.
Ola bilər ki, qış turizminə tələbat artdıqca Azərbaycanın digər rayonlarında da bu turizm növünə aid infrastruktur yaradılsın. Xüsusilə Qax, Zaqatala rayonunda, həm də Lerikdə belə infrastruktur yaradıla bilər. Çünki həmin rayonlar da dağlıq ərazilərdir, qış turizmi üçün əlverişli meydan açılır, gözəl infrastruktur yaradıla bilər.
Eyni zamanda Azərbaycan əhalisi qış turizmi ilə əlaqədar xarici ölkələrə də üz tutur - Türkiyəyə, Dubaya, Avropa ölkələrinə".
Turizm obyektlərində qiymətlər baha olduğundan xüsusilə aztəminatlı ailələr həmin məkanlara üz tuta bilmirlər. Bəs qiymətlərə niyə müdaxilə olunmur? Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri deyir ki, müdaxilə lazım deyil, tənzimləmə ola bilər: "Liberal qiymətlər olan yerdə, bazar iqtisadiyyatında müdaxilə olmaz. Məsələ burasındadır ki, əgər Şahdağda, Tufandağda 4 və 5 ulduzlu otellər fəaliyyət göstərirsə, mən arzu və təklif edərdim gələcəkdə Qax rayonunda, Zaqatalada, Lerikdə 2 və 3 ulduzlu otellər olsun, aztəminatlı insanlar da qış turizmindən bəhrələnsinlər. Belə bir təcrübə var. Məsələn, Slovakiyada ucuz turizm növü var. Orta səviyyəli qiymətlər olan qış turizmi Finlandiya, İsveç və Norveçdir. Ən bahalısı İsveçrə, Avstriya, Fransa və İtaliyadadır. Alp dağları ərazisində yerləşən qış turizmi ən bahalısıdır. Yəni görürsünüz ki, burada qiymət siyasətinin müxtəlifliyi var və hər bir turist öz cibinə uyğun ölkəni seçir. Bizdə də 4-5 ulduzlu otellər var, çox gözəl, eyni zamanda aztəminatlı insanlar üçün gələcəkdə 2 və 3 ulduzlu otellər tikilməlidir. Bu, özü bir rəqabətdir, tənzimləmədir, heç bir müdaxilə lazım deyil. İnsanlar özü seçə bilər - istəyər 5 ulduza gedər, istəyər 3 ulduza.
2 və 3 ulduzlu otel olmayanda insan məcburdur ki, uşağının xətirinə axırıncı pulunu 5 ulduzlu otelə versin. Amma 2 və 3 ulduzlu otel olanda həm uşaq razı qalar, həm də valideyn. Ona görə mütləq Qax rayonunda, digər ərazilərdə belə otellərin inşası pis olmazdı. Bu, sağlam rəqabət olardı".

 

Əlaqəli xəbərlər