DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASINDA MEDİATUR KEÇİRİLİB

dp2a9837_4b586bda8644b193f4e58d1cd406aacf.jpgAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Komitənin təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələrinin təmsil olunduğu mediatur keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov media nümayəndələrini salamlayaraq onları görməkdən məmnunluğunu dilə gətirib. Qulu Novruzov Akademiyanın fəaliyyət istiqamətləri, tədrisin təşkili, beynəlxalq əlaqələri, tələbələrin sosial aktivliyi haqqında danışıb. Akademiya rəisi bildirib ki, Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 saylı Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. Akademiyaya tələbə qəbulu hər il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən həyata keçirilir.


Araz.az-ın verdiyi xəbərə görə, Qulu Novruzov deyib ki, 2014/2015-ci tədris ilində Akademiyaya ilk tələbə qəbulu həyata keçirilib. 2017/2018-ci tədris ilinin sonunda ilk məzun buraxılışı olan Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyət göstərdiyi müddətdə “Hüquqşünaslıq” və “İqtisadiyyat” ixtisaslarının bakalavriat təhsil pilləsi üzrə yüksək səviyyədə tədris prosesi təşkil etmişdir. O, Akademiyanı bitirən ilk məzunlarının hazırda gömrük orqanlarında çalışdığını qeyd edib.
Akademiya rəisi buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələrin 14 həftə ərzində 9 dövlət qurumunda - Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, “AtaSığorta” ASC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasında təcrübə keçdiklərini vurğulayıb.
Qulu Novruzov DGKA-da tədris prosesinin və imtahan sessiyasının təşkili barədə də məlumat verərək bildirib ki, DGKA-da tədrisin avtomatlaşdırılması və təhsil prosesinin elektron idarə edilməsi üzrə innovativ proqram təminatından istifadə olunur. O, imtahanların nəticələri barədə tələbələrin şikayətlərinə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyasının fəaliyyət göstərdiyini vurğulayıb.
Qulu Novruzov Akademiyaya peşəkar müəllim və pedaqoji heyətin cəlb olunduğunu media nümayəndələrinin nəzərinə çatdırıb.
Gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyada ilkin hazırlıq təlimlərinin keçirildiyini diqqətə çatdıran Akademiya rəisi burada gömrük xidməti əməkdaşlarının müasir zəruri bilik, bacarıq, eləcə də təcrübi biliklər əldə etdiklərini qeyd edib.
Akademiyanın prioritetlərindən söz açan Qulu Novruzov qeyd edib ki, müasir tələblərə cavab verən yüksək keyfiyyətli təhsil səviyyəsinə nail olmaq, regionda və dünyada tanınmış təhsil qurumları ilə ikili dərəcə proqramları həyata keçirmək, beynəlxalq ticarət, iqtisadi təhlükəsizlik, logistika və gömrük sahəsində nüfuzlu təhsil və fundamental tədqiqat müəssisəsinə çevrilmək qarşıya məqsəd qoyulub.
Sonra KİV nümayəndələri Akademiya ilə yaxından tanış olublar. Auditoriyalar, texniki nəzarət avadanlıqları laboratoriyası, inzibati otaqlarla tanışlıqdan sonra media nümayəndələri xidmətə ilkin hazırlıq təlimlərinin dinləyicilərinin sıra duruşunu izləyiblər.

Əlaqəli xəbərlər