607053776570002514315212860980803670638592n.jpg

Nəcibə Mirzəyeva: “Jurnalistikaya olan sevgimdən aclıq elan etmişdim”

Jurnalistikaya həvəsi uşaq yaşlarından olub. Evlərindəki suqızdıranı mikrofon əvəzi istifadə edir, müsahibələr götürürmüş. Orta məktəb yaşlarından rayon qəzetinə yazılarını verib. Deyir ki, valideynləri onun jurnalistikaya gəlməsinə nə qədər narazı olsalar da, o, öz fikrindən dönməyib. Hətta evdə ac qalıb, amma seçimindən  imtina etməyib. Və nəhayət öz istəyinə çataraq Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinə qəbul olub.



“Jurnalistlərlə söhbət” rubrikasının qonağı Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Nəcibə Mirzəyevadır.

- Peşəyə gəliş hər kəsdə fərqli olur. Kimi arzusu ilə, kimi isə valideynlərinin istəyi ilə seçim edir. Bəs siz ixtisas seçərkən nəyə üstünlük verdiniz?
- Orta məktəbin aşağı siniflərindən jurnalistikaya böyük marağım və həvəsim olub. AzTv-də daha çox xəbər proqramlarında mikrofonla müsahibə götürən jurnalistlərə həsəd aparırdım. Evimizdə mikrofona oxşayan elektrik suqızdıran var idi. Valideynlərimdən, evə gələn qonaqlardan “suqızdıran mikrafonumu” götürüb müsahibə alırdım. Artıq evdə valideynlərim, yaxınlar, qonşular bilirdilər ki, jurnalist olmaq istəyirəm. Bir müddət sonra müəllimlərim də jurnalistikaya marağımın olduğunu hiss etdilər. Ədəbiyyat müəllimim Elmira xanım həmişə yazdığım inşaları tərifləyir, uşaqlardan fərqli yazdığımı, jurnalist kimi fərdi yanaşmam olduğunu deyirdi. Bu dəstək məni ruhlandırırdı. Səkkizinci sinifdə oxuyanda sinfimizə anası rayon qəzetində işləyən Vəfa adlı bir qız gəldi. Mənim jurnalistikaya marağımı bilirdi, həmişə anasının işindən danışırdı, beləcə dostlaşmışdıq. O vaxt rayon yerində qız uşağının jurnalist olmasına birtəhər baxırdılar, qız uşaqları üçün əsas prestijli sənət müəllim və həkim idi. Valideynlərim də müəllim olduqları üçün məni də bu sahəyə yönəltmək istəyirdilər. Amma mən artıq fikrimi tamamilə qətiləşdirmişdim, jurnalist olacam, vəssalam.

- Rəfiqənizin anasının işlədiyi rayon qəzetinə getdikdən sonra proseslər necə davam etdi? 
- Rayonumuzda “Yüksəliş” adlı qəzet çıxırdı, rəfiqəmin anası Sara xanım da həmin qəzetdə jurnalist kimi çalışırdı. Bir dəfə redaksiyaya getdik, tanış oldum və Sara xanım mənə məqalə yazmaq üçün məsləhətlər, müəyyən istiqamətlər verdi. Sonrakı səfərimdə məktəbdə keçirilən Rus dili gecəsindən yazı hazırlayıb apardım, oxudu və bəyəndi. İlk məqaləm qəzetdə dərc olundu. Səkkizinci sinifdən başlayaraq rayon qəzetində yazılarım çap olundu. Sonra öyrəndim ki,  jurnalistika fakültəsinə qəbul olunmaq üçün respublika qəzetlərinə də məqalələr göndərmək lazımdır. İlk belə yazım o zamanlar Azərbaycan gənclərinin yeganə tribunası olan  “Azərbaycan gəncləri” qəzetində çıxdı. Burda yazım çıxandan sonra evdə gördülər ki, artıq qərarım qətidir, bir az söz-söhbətlər oldu, valideynlərim “yox getmə, çətindir” - dedilər. Əslində onlar haqlı idilər, o vaxt jurnalistikaya qəbul çox çətin idi, müsabiqə yüksəkiydi, qəbulda staj məsələsinə böyük əhəmiyyət verirdilər. Amma mən inadkar idim, hətta jurnalistikaya olan sevgimdən evdə aclıq elan etmişdim ki, dediyimlə razılaşmalısınız. Valideynlərim başqa çıxış yollarının olmadığını gördülər və razılaşdılar. Beyləqan şəhər 1 saylı orta məktəbi gümüş medalla bitirdim. O vaxtı məktəbi medalla bitirənlərə bir imtahanla ali məktəbə qəbul olmaq şansı verilirdi. Sənədlərimi o zamankı Kirov adına Azərbaycan Dövlət Universitetinə verdim, imtahana qədər yazılı və şifahi müsabiqələrdən keçdim, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov kimi dahilərin qarşısında imtahan verdim. Qulu Xəlilov dünyagörüşümü yoxlamaq üçün 1-2 sual verdi və dedi ki, bu qızdan jurnalist olar. Təbii ki, belə böyük yazıçıdan bu sözləri eşitmək böyük fəxr idi və bu xoş sözlər məni bir az da ruhlandırırdı. Ədəbiyyatdan yazılı imtahan verdim, sərbəst mövzuda xatırlayıram, çörəyə aid inşa yazdım və ilk imtahandan “5” qiyməti alaraq Univeristetin Jurnalistika fakültəsinə qəbul oldum. 

- Sevdiyiniz ixtisas üzrə təhsil almısınız. Necə keçib tələbəlik illəriniz?
- Tələbliyimiz 90-cı illərə təsadüf etdi. Bu elə bir vaxt idi ki, Azərbaycanda ictimai-siyasi proseslər başqa axında davam edirdi, Qarabağda, ətraf rayonlarda müharibə gedirdi, meydan hadisələrinin ən qaynar vaxtlarıydı, biz tələbələr tamam başqa ruhda böyüyürdük. Dərslərimizin ardıcıllığı pozulmuşdu, tələbələr meydanlardaydı, döyüşə könüllü gedənlər varıydı. Bu, bizim aktiv fəaliyyət göstərməyimizə təsir edirdi, oxuya-oxuya qəzetlərə yazılarımızı verirdik. Üçüncü kursdan etibarən “Aydınlıq”, “Açıq söz”, “7 gün”, “Gənclik” jurnalının əlavəsi olan “P.S. Gənclik” və s. qəzetlərdə yazılarım çıxmışdı. Bir şeyi də deyim ki, bizim fakültədə çox mehriban mühit vardı, 1-ci kursdan 5-ci kursa qədər uşaqlar hamısı bir-birini tanıyırdı. Böyük qrupların bizə köməyi dəyirdi, yazılarımızın qəzetlərdə çıxmasında, radio- televiziyada verilişlərə cəlb olunmağımızda bacardıqları köməyi göstərirdilər. Onların sayəsində 3-cü kursda oxuyanda Aztv-də “Xəbərlər” proqramında süjetim efirə getdi, dövlət radiosunda Respublika proqramında verilişlərim səsləndi.

- Bəs Universiteti bitirəndən sonra harda fəaliyyətə başladınız?
- Universitet illərində televiziya və radio ilə az da olsa, əməkdaşlıq etsəm də, universiteti bitirdikdən sonra qəzetdə işləməyə üstünlük verdim. İlk iş yerim “Ekspress” qəzeti oldu. Tələbə yoldaşlarımdan - Vəfa Allahverdiyeva, Səbinə Məmmədova, Qalib Sayılov, bu gün tanınmış jurnalistlər – Taleh Şahsuvarlı, Orxan Mansurzadə, Ülfət Əhmədova və başqaları bu qəzetin ilk müxbirlərindən olmuşuq. Tələbə yoldaşımız Hüseyn Əzizoğlu orda baş redaktor idi, bizləri də ora yığmışdı. Amma o vaxt elə bir dönəm idi ki, maddi sıxıntılar var idi, bu səbələrdən dolayı qəzetlərin fəaliyyəti çox qısa müddətli olurdu. “Ekspress” qəzeti də bu taleyi yaşadı. Qəzet bağlansa da, biz boş oturmurduq , başqa qəzetlərə gedirdik, yazılar aparırdıq, o ərəfədə “Panorama” adlı qəzet çıxırdı, orda bir neçə yazım çıxdı, hətta qanorar da aldım. Bir dəfə bizdən bir kurs yuxarıda oxuyan tələbə yoldaşımız Şahvələd Çobanoğlu ilə təsadüfən metroda rastlaşdıq. Dedi ki, Azərbaycan Demokrat Partiyasının orqanı olan “Hürriyyət” qəzeti artıq müstəqil olacaq və mən rəhbərlik edəcəm. İşləmək istəyərsiniz? Dedik, işləmək istəyirsiniz də sözdür? Bu, bizim üçün lap göydəndüşmə təklif oldu. Rəfiqəm Vəfa ilə birlikdə sevincək ora getdik, fəaliyyətə başladıq. “Hürriyyət” qəzeti peşəkar jurnalist kimi yetişməyimdə bir məktəb oldu, sosialyönümlü sahə üzrə konkret olaraq ixtisaslaşdım. Lalə Nuri, Faina Hənifəyeva, Afaq Quliyeva Qalib İbrahimoğlu, Ləman Ələşrəfqızı kimi tanınmış jurnalistlərlə bir yerdə işlədim. Düzdür, onlar həmin dönəmlərdə bugünkü qədər tanınmırdılar, zaman-zaman onlar da püxtələşdi, bu məktəbdə yetişdilər. Sonra “Azadlıq” qəzetində işlədim, burda da yaxşı insanlarla rastlaşdım, Gündüz Tahirli, Hikmət Sabiroğlu, Rövşən Hacıbəyli, rəhmətlik Zöhrab Əmirxanlı ilə tanış oldum, onlardan çox şey öyrəndim, çünki onlar bizə düzgün yol göstərirdilər. 

- Azərbaycan Memarlıq və İnşaat Universitetinə gəlişiniz necə oldu?
- 2016-cı ildən burda fəaliyyət göstərirəm. Ona qədər Bakı Slavyan Universitetində “Azərbaycan dili və Jurnalistika” fakültəsində müəllim kimi çalışırdım. Sonra təsadüfən burdan təklif gəldi, açığı, Slavyan Universitetində işlər yaxşı getmirdi deyə, bu təkliflə razılaşdım. BSU-da Jurnalistika fakültəsində qabiliyyət imtahanıyla bağlı qəbul planı dolmurdu, tələbə sayı çox azalmışdı, hətta 2016-cı ildə 1-ci kursa tələbə qəbul olmadı. Bu da təbii ki, dərs yükümüzə təsir edirdi, belə bir vaxtda bu təklif lap yerinə düşdü. Həm işyeri baxımından, həm də yenə də doğma işimlə məşğul olmaq baxımından. Universitetin rektoru Gülçöhrə xanımla görüşdüm, iş təcrübəmə, stajima baxdı və məni işə qəbul elədi. BSU-da dərslərim qalırdı, lakin sonra rektorumuz sağ olsun, fiziki baxımdan iki ayrı yerdə çalışmağın çətinliyini nəzərə alaraq mənə burda dərs də verdi. Hazırda Azərbaycan dili və pedaqogikası kafedrasının müəllimiyəm, ixtisasıma uyğun gələn “Azərbaycan dili və nitq mədəniyyəti” fənnindən 1 və 2-ci kurslarda dərs deyirəm. 

- Universitetdə gündəlik iş rejiminiz necədir?
- Səhər saat 9-dan fəaliyyətə başlayırıq. Demək olar ki, işimiz qaynar olur. Yalnız imtahan sessiyasında dincələ bilirik (Gülürük). Adətən, həmin ərəfələrdə universitetdə tədbirlər çox az olur, tələbələrin də başı imtahana qarışır. Başqa vaxt çalışırıq ki, bütün fakültələri, şöbələri əhatə edək, universitetdə keçirilən bütün tədbirləri işıqlandıraq. Mütəmadi konfranslar keçirilir, sərgilər açılır, tələbələrimiz müsabiqələrdə çox iştirak edirlər, görüşlər davamlı olur. Qonaqlarımız da çox olur, Memarlıq fakültəsində xüsusilə ustad dərsləri tez-tez keçirilir, xaricdən mütəxəssilər gəlir. Bütün bunlar hamısı universitetin PR-ı üçün çox vacibdir, çalışırıq ki, hər hansı bir iş, tədbir diqqətimizdən kənarda qalmasın, həm öz saytımızda, həm də ölkə mediasında işıqlansın. Ən gərgin iş rejimimiz universitetdə beynəlxalq konfranslar keçiriləndə olur, çoxlu qonaqlar gəlir, yazıları operativ hazırlamaq, saytlara və qəzetlərə göndərmək, sonra onları izləmək, sosial şəbəkələrdə paylaşmaq lazım gəlir.İş vaxtımız saat 5-də bitsə də, həmin gün hətta 7-ə qədər işdə qaldığımız vaxtlar olub. Düzdür, aktiv jurnalistika ilə müqayisədə işimiz o qədər də çətin deyil, ən azı oturaqdır, bir az rahatdır, amma məsuliyyət hissi güclüdür. Bundan başqa şöbəmizdə universitetin aylıq orqanı olan “İnşaatçı kadrlar” adlı qəzeti çıxır, onu da biz hazırlayırıq, universitetin saytına qoyduğumuz xəbərləri genişləndirib məqalə şəkilində qəzetə hazırlayırıq. Kiçik, həm də çox mehriban, səmimi bir kollektivimiz var, qəzetimizin redaktoru, illərin jurnalisti Akif Hacıyevdir, yeri gələndə bizə yaxşı məsləhətlər verir, yol göstərir. Digər əməkdaşlarımız – müxbir Günel Ağalı, operator Nigar Cəniyeva, fotoqraf Əhməd Hüsüyev gəncdirlər, istedadlı uşaqlardırlar. Yeri gələndə onlardan da nəsə öyrənirik, maraqlı ideyalarından yararlanırıq, bir sözlə, əl-ələ verib çalışırıq.

- Deyirlər ki, jurnalistika elə bir sahədir ki, bura daxil olan bir daha çıxa bilmir...
- Bu sözü mən də hər zaman deyirəm (Gülürük). Həqiqətən elədir. Xüsusi ilə böyük istək, maraq və həvəslə bu sahəyə gəlmisənsə, aralaşa bilmirsən. Bəzən yorulsan da, müəyyən məqamlarda inciyib küsüb bezsən də, nəsə səni çəkir.

- Mediayla işləməyin çətinlikləri nələrdir?
- Şükürlər olsun ki, mediayla heç bir problemimiz olmur, bir-birimizi başa düşürük. Peşəkar jurnalist olduğum üçün mən də onları başa düşürəm. Çalışıram ki, suallarını cavabsız qoymayım. Amma bəzən jurnalistlər xırda bir məsələni böyütməyə çalışırlar, şişirdirlər. Böyük universitetdir, 9 minə yaxın tələbəmiz var, hər şey ola bilər, hansısa xoşagəlməz hadisə də ola bilər. Biz təbii ki, universitet olaraq üzərimizə düşən işi görürük, amma biz məsələn, universitetdən kənar hansısa tələbənin işinə cavabdeh ola bilmərik ki? Təəssüf ki, reket saytlar var, ağızlarına gələnləri yazırlar, biz o yazıları oxuyub gülürük, hadisələri, faktları o qədər təhrif edirlər ki, oxuyub mat qalırsan. Belə yazılara ciddi əhəmiyyət vermirik, çünki bilirik ki, nə istəyirlər, kimlərə çalışırlar. Universitet vaxtından müəllimlərimiz bizi öyrədirdi ki, jurnalistikada etik normalar mütləq gözlənilməlidir, yalan-yanlış, araşdırmadan, şəxsi mənfəətin üçün kiminsə şəxsiyyətini alçaltmaq, haqqında böhtan-iftira yaymaq yolverilməzdir, cinayətdir. Amma təəssüflər olsun ki, günümüzdə belə meyllər var, belə cızmaqaraçılar jurnalistikanı gözdən salır, nüfuzuna mənfi təsir edir. 

- Deyirlər ki, işləyən xanımlar üçün ailə və iş birlikdə adətən çətinlik yaradır. İşlərinizi necə tənzimləyirsiniz?
- Əvvəl mən də elə düşünürdüm. Xeyli müddət aktiv jurnalistika ilə məşğul olmuşam. 2002-ci ildə son iş yerim olan “Kaspi” qəzetindən ayrıldım, burdan da analıq məzuniyyətinə çıxdım. Fikirləşirdim ki, uşaqlar balaca olanda onlara mütləq ana baxmalıdır, baxmayaraq ki, köməyim də var idi, qayınanam yanımdaydı, amma mən işləmədim, tam 5 il müddətinə ara verdim. Böyük oğlum hazırlığa gedəndə, 2007-ci ildə Beynəlxalq Mətbuat Mərkəzinin saytı açıldı, bmm.az saytı, onun redaktoru oldum. İşə başlayandan sonra üzərimə o qədər də ağır yük düşmürdü, çünki köməyim varıydı. Amma hər bir halda düşünürəm ki, qoçaq qadınlar işlə ailəni bir yerdə mükəmməl idarə edə bilir, mənim kimi (gülürük). Təvazökarlıqda uzaq olsa da, bu belədir. Bu gün mən həm işləyirəm, həm də ailəmin məişət qayğılarını özüm həll edirəm, ev işlərini özüm görürəm,  gecə saatlarına qədər demək olar ki, bütün işlərimi - xörək, ütü, yüngülvari yır-yığış və s. həll edirəm. Uşaqlar böyüsə də onların da qayğıları azalmır, böyük oğlanlardır, yaxşı qidalanmalı, səliqəli geyinmək istəyirlər. Bir sözlə, hər bir işin yaxşı getməsi və problemlərin olmaması üçün bir qədər artıq əziyyət çəkmək lazımdır. Mənim anamım bir sözü var, analar hamıdan gec yatmalıdır, hamıdan tez durmalıdır.

- Bəs işlərinizi çatdıra bilməyəndə həyat yoldaşınızın münasibəti necə olur?
- Elə vaxt gəlir ki, kişilər də başa düşür, bununla razılaşırlar. Olur ki, tədbirimiz gec qurtarır, işdən geç çıxıram, təzə xörək hazırlamağa vaxt çatmır. Yoldaşıma zəng vururam ki, axşama yemək yoxdur, nə edək? Deyir ki, əşi eybi yox, bir şey fikirləşərik, buterbrodla, salatla, nə bilim, birtəhər yola verirəm gedir. Həyat yoldaşının xanımını başa düşməsi, işinin çətin olmasını qəbul etməsi çox vacibdir. Yoldaşım da jurnalistdir, ona görə məni və işimi başa düşür. 

- İki jurnalistin evliliyi... Bəlkə tanışlıq hekayənizi danışasınız...
- Jurnalsitika mənə ailə də qazandırıb. Jurnalstikada bu bir ənənədir, jurnalist xanımlar çox vaxt həmkarları ilə ailə qururlar. 1996-cı ildə “Hürriyyət” qəzetində işə başladım, müəyyən müddət aralandım. Sonra qayıdanda yoldaşım da burda işləyirdi. Burda tanış olduq, adi bir iş yoldaşı kimi. Savadlı, ağıllı bir oğlan kimi seçilirdi, dünyagörüşü, həyata baxışı maraqlı idi, o xüsusiyyətini çox bəyənirdim. Təbiətcə çox sakit və utancaq olmasını isə xoşlamırdım. Amma əslində mənə elə gəlirmiş, sonralar gördüm ki, elə də görünən kimi deyil (gülürük). Sonra “Kaspi” qəzetində birlikdə işləməyə başladıq və orda da nişanlandıq, ailə qurduq. İki oğlumuz var, 18 ildir ki, birlikdəyik. Şükür, heç bir problemimiz yoxdur, bir-birimizi başa düşürük, hər məsələdə bir-birimizə dəstəyik. 

Könül Oruc