Azərbaycanda məhkum ən hüquqsuz, ən lazımsız şəxs hesab olunur

turme11

“Siyasi məhkum” olmayan məhbusdan prezidentə açıq məktub.

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəsisəsində çəza çəkən Masallı rayon, Ərkivan qəəsəbə sakini Əliyev Vahid Ağababa oğlundan "Asiya.az"-a müraciət daxil olub.

Asiya.az xəbər verir ki, ölkə başçısına ünvanlanan açıq məktubda ölkədə baş verən qanunsuzluqlardan, hüquq mühafizə orqanlarının özbaşnalığından tumuş cəzaçəkmə müəsisələrində yaşanan problemlərə kimi toxunulur. Məktubu olduğu kimi dərc edirik. Bildiririk ki, Əliyev Vahidin adı heç bir siyasi və vicdan məhbusu siyahısında yoxdur. O, ölkədəki 10 minlərlə məhbusdan biridir.

Azərbaycanda məhkum ən hüquqsuz, ən lazımsız şəxs hesab olunur

Vahid Əliyev

400 şikayət məktubuna yalnız bir cavab
Cənab Prezident! Hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində olan neqativ hallar, baş verən qanunsuz, zorakı hərəkətlər, ədalətsiz, əsassız hökmlər və qərarlar, Konstitusiyanın və digər qanunların, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin müddəalarının pozulması ilə müşayiət olunan digər əməllərlə bağlı 12 dəfə şəxsən Sizə olmaqla, AR Milli Məclisinin sədri də daxil olmaqla 125 deputatının hər birinə ayrı-ayrılıqda, Baş nazirə, Konstitusiya Məhkəməsinin sədrinə, Ali Məhkəmənin sədrinə, Baş Prokurora, İnsan hüquqları üzrə müvəkkilə (ombudsmana), bütün nazirlərə və komitə sədrlərinə yazdığım müraciətlərə, nöqsanların, problemlərin, çatışmazlıqların aradan qaldırılması və normativ hüquqi aktlarda, xüsusən cinayət və cinayət-prosessual, cəza-icra qanunvericiliyində mütərəqqi, günün tələblərinə cavab verən dəyişikliklər edilməsi üçün verdiyim üst-üstə 400 (dörd yüz)-ə yaxın müraciət və təkliflərə əsasən nəinki heç bir tədbir görülməyib, ümumiyyətlə həmin təklif və müraciətlərə heç cavab verilməyib. Yalnız Milli məclisin bir xanım deputatından başqa. Adını çəkmək istəmirəm, ancaq bu, hamıdan çox danışmağı sevən, pafoslu danışan, “icazəli cəsarət” nümayiş etdirən Qənirə Paşayeva deyil, “xalqım, millətim” deyəndə guya gözləri yaşaran, ürəyi riqqətə gələn, bütün məhkumlara qarşı qəddarlıq, qeyri-insani münasibət sərgiləyərək Cinayət Məcəlləsindəki humanist bir bəndin (69.3-cü maddə) çıxarılmasına nail olan əbədi deputat Zeynəb Xanlarova da deyil.

“Cinayətkarlar” necə “yüklənir”?
Yuxarıda qeyd etdiyim şəxslərin həmin müraciətlərə, şikayətlərə, təkliflərə biganə münasibəti heç də təəccüblü deyil. Çünki onlar üçün Mərkəzi Bankın, ABŞ Federal Ehtiyat Sisteminin və digər Mərkəzi bankların kağız banknotları daha vacibdir və maraqlıdır, nəinki dövlətimizin çiçəklənməsinə, insanlarımızın yaxşı yaşamasına xidmət edə biləcək belə kağızlar. Həmin məmurlar və şəxslər Konstitusiya və digər qanunlarla yanaşı Sizin imzaladığınız Sərəncam və Fərmanlara da heç nəyə yaramayan adi kağız parçası kimi baxırlar.

Yalançı, riyakar, saxtakar, rüşvətxor, korrupsioner və yaltaq məmurlara qanunlar yalnız onların mənafeyinə xidmət etdikdə lazım olur. Sadə xalqın haqq və hüquqları, dövlətin mənafeyi onların heç vecinə də deyil. Azərbaycanda Konstitusiyanın 122-ci maddəsinin tələblərinə cavab verən 1 (bir) nazir də tapmaq mümkün deyil. Bunun nəticəsidir ki, vətəndaşlarımız yaxşı təhsil almaq və yaxşı müalicə olunmaq üçün hələ də xarici ölkələrə üz tutur, bu gün çəkilən, milyonlar sərf olunan yollar beş gündən sonra yenidən təmirə dayanır, hay-küylü təbliğata baxmayaraq ölkəmizə turist kimi yalnız ya iqtisadi cəhətdən, inkişaf sarıdan bizdən geridə olan ölkələrin vətəndaşları, ya da Allahın verdiyi nemətin, neftin sayəsində zəhmətsiz milyoner və milyarder olmuş ərəb şeyxlərinin ərköyün balaları qiymətli heyvanlarımızı ovlamaq və digər əyləncələr üçün gəlirlər, doğum evlərində ana və uşaq ölümlərinin sayı artır, maaşların, pensiyaların, müavinətlərin cüzi artımına münasibətdə qiymətlər, xüsusən ərzaq məhsullarının qiymətləri faizlə deyil, dəfələrlə artır, narkomaniya günü-gündən genişlənir, işsizlik, kasıblıq ucbatından məişət zəminində baş verən cinayətlərin, xırda oğurluğun sayı artır, cinayətkarlığın həcmi genişlənir. Bir müddət əvvələ qədər telekanallarda hər gün baş verən cinayətlərin ümumi sayı və üstü açılan cinayətlərin sayı barədə Daxili İşlər Nazirliyinin rəsmi məlumatı verilirdi. Baş verən cinayətlərin sayına (təxminən gün ərzində 100-120) nisbətdə üstü açılan cinayətlərin sayı 20-25% təşkil edirdi. Artıq hansısa göstərişə əsasən birinci məlumat, yəni cinayətlərin ümumi sayı barədə məlumat verilmir, çünki nəticə biabırçı idi.

Çünki hüquq-mühafizə orqanları cinayətkarlığa və cinayətkarlara qarşı mübarizə aparmaq əvəzinə insanlığa qarşı mübarizə aparır, cinayətkarlığı məhv etmək əvəzinə insanlığı məhv edir. Əsl cinayətkarlar azadlıqda qaldıqları halda bəzən heç bir günahı olmayan, ya da günahı narkotik aludəçisi və ya kasıb olan insanlar ya cüzi bir məbləğin müqabilində könüllü, ya da döyülərək, hədə-qorxu gəlinərə, “lomka” vəziyyətinə salınaraq həmin cinayətkarların cəzalarını çəkirlər. Həbsxanalar heç ünvanını belə bilmədiyi ünvanlardan guya oğurluq etmiş narkomaniya xəstələri, ömrü boyu heç bir xarici ölkədə olmamış “qaçaqmalçılarla”, üst-üstə bir min manatı görməmiş milyonlarla dövlət və şəxsi vəsaiti talamış, mənimsəmiş və israf etmiş “dələduzlarla” doludur.

Proses çox sadədir. Oğurluq baş verir, hüquq-mühafizə orqanları ya cinayətin üstünü aça bilmirlər, ya da həqiqi cinayətkar hüquq-mühafizə orqanlarını “görür”, həmin cinayət hadisəsi də zorla, döyülərək, hədə-qorxu gəlinərək və ya cüzi bir narkotik vasitənin və ya cüzi bir məbləğin müqabilində bir narmonanın üzərinə qoyulur. Ona görə də telekanallarda verilən məlumatlarda oğurluq etmiş şəxsin üzərindən narkotik vasitə də “çıxır”. Onların üzünə durmağa 40-50 manatın qarşılığında yalançı şahidlər də həmişə hazırdır. Həmin yalançı şahidlər o qədər “peşəkarlaşıblar” ki, bəzən bir günün içində tamam ayrı-ayrı ərazilərdə, hətta regionlarda bir neçə cinayət hadisəsinin “şahidi” olurlar.

Və ya başqa bir məsələ. Səlahiyyətli dövlət məmurları çalışdıqları sahənin tender müqavilələrini özlərinin açdıqları və fəhlə bazarından tapdıqları, ehtiyac içində olan insanların adlarına rəsmiləşdirdikləri firmalarla bağlayırlar, dövlət büdcəsindən köçürülmüş məbləğin ən yaxşı halda yarısı ilə həmin iş görülür, xidmət göstərilir və ya mal verilir, qalan məbləğ korrupsiya yolu ilə mənimsənilməklə bərabər, dövlət büdcəsinə ödəniləsi vergilər ödənilmir. İşin üstü açılanda adına firma rəsmiləşdirilmiş və bu işdən çox kiçik bir məbləğ almış yazıq fəhlə və kasıb gedir cəza çəkməyə.

Məhkəmələr, hakimlər əsil cinayətkarın kim olduğunu bildikləri halda, həbs olunan şəxsin günahının olmadığını və ya çox az olduğunu bildiyi, məhkəmədə şəxsin özünü öldürüb, hay-haray salıb günahsız olduğunu bildirməsinə baxmayaraq ibtidai istintaqda, naməlum bir şəraitdə verdiyi ifadəsini daha “səmimi” hesab edib Allahı da, qanunu da, insanlığı da, vicdanı da, Prezidenti də, onun sərəncam və tapşırıqlarını da unudaraq daşa, dəmirə oxuduqları kimi hökm oxuyurlar. Belə halları saymaqla qurtarmaz.

Tapşırıq və sərəncamlarınız kağız üzərində qalır
Ona görə də, cənab Prezident, Konstitusiya da, qanunlar da, Sizin tapşırıqlarınız da, 10 aprel 2017-ci il tarixli Sərəncamınız da kağız üzərində qaldığı kimi, 03 aprel 2019-cu il tarixli Fərmanınızın da taleyi, aqibəti fərqli olmayacaq.
Cəza siyasətinin hümanistləşdirilməsi, məhkumların və onların həyat şəraitinin və ailələrinin güzəranının yaxşılaşdırılması ilə bağlı nə qədər sərəncam, fərman və tapşırıq versəniz də xeyiri yoxdur. Məhkəmə-hüquq sistemində islahatlara deyil, siyasi iradəyə ehtiyac vardır. Nə qədər ki, etdikləri qanunsuzluqlara, zorakılıqlara, qeyri-qanuni və qeyri-insani hərəkətlərə görə hüquq-mühafizə və digər dövlət orqanlarında, çıxarılmış ədalətsiz, qanunsuz, əsassız hökmlərə görə məhkəmə sistemində kütləvi həbslər aparılmayıb, bu özbaşınalıq, hüquqi nihilizm davam edəcək.

Ona görə də həbsxanalar normadan artıq dolub, bir dustaq yerinə üç dustaq saxlanılır, dustaqların saxlanma şəraiti, yemək və ərzaq təminatı, tibbi-sanitariya və digər məsələlər nəinki müasir standartlara və qanunların tələblərinə, ən adi tələblərə belə cavab vermir. Bu ölkədə dustaq, məhkum ən hüquqsuz, ən lazımsız şəxs hesab olunur. Halbuki, həmin məhkumların adı ilə hər il yüz milyonlarla manat vəsait mənimsənilir. Bunu sübut etmək üçün xüsusi, fövqəladə bir komissiya yaradın, həmin komissiyanın tərkibinə inandığınız, etibar etdiyiniz, obyektivliyinə şübhə etmədiyiniz şəxsləri daxil edin, komissiyaya məhkəmə-hüquq sistemində, cəza-icra orqanlarında ciddi yoxlama aparılması tapşırığını verin, nəticəsini görəcəksiniz. Əlimdə olan dəlil və faktlarla həmin komissiya ilə əməkdaşlıq etməyə şəxsən mən hazıram.

Bu məktubumu fərdiləşdirmək istəmədim. Özümlə bağlı yalnız onu demək istəyirəm ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vətənə xəyanət etmədiyim, külli miqdarda narkotik maddələri ölkəyə gətirib insanlarımızı zəhərləmədiyim, on və yüz milyonlarla dövlət vəsaitini mənimsəmədiyim halda CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. Məhkəmənin hökmünü qanunsuz, əsassız və ədalətsiz hesab etsəm də hökm dövlətin adından çixarıldığı üçün cəzamı çəkir, Allahın və qanunların mənə verdiyi imkan və səlahiyyətlərimdən istifadə edərək haqq mübarizəmi davam etdirirəm. Eyni zamanda bildirirəm ki, 20 oktyabr 2017-ci il tarixli Qanunun barəmdə tətbiq edilməsi ilə bağlı iki ildir ki, etdiyim müraciətlərim Gəncə Ağır Cinayətlər Məhkəməsi – Gəncə Apellyasiya Məhkəməsi – Azərbaycan Respublikasının Ali Məhkəməsi – Gəncə Apellyasiya Məhkəməsi marşrutu üzrə “ötür-ötür” oyununa səbəb olub. Müraciətə isə baxan tapılmır ki, tapılmır. Məgər bu, Sizin imzaladığınız Sərəncama və qanunlara etinasızlıq, saymazlıq deyilmi? İnanın ki, hakimlər, məhkəmələr tərəfindən belə qanunsuzluqlar, məsuliyyətsizliklər, ədalətsizliklər yüzlərlə, minlərlədir.

Cəzaçəkmə müəsisələrindəki dözümsüz hallar
Bir neçə cümlə də cəzaların icrası ilə bağlı qeyd etmək istəyirəm. Əvvələ hakimlər cəza təyin edərkən Cinayət Məcəlləsinin tələblərindən əlavə iki şeyi də mütləq nəzərə almalıdırlar. Birincisi, Azərbaycanda mövcud olan istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin heç biri penitensiar qaydaların dünya tərəfindən qəbul olunmuş normalarına cavab vermir. İkincisi, həmin istintaq təcridxanalarında saxlanılan və cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların hüquqları hətta yerli qanunvericiliyin tələblərinə münasibətdə də pozulur. Təkcə onu demək kifayətdir ki, dustaqların çoxu həbsxana yeməyi keyfiyyətsiz olduğuna görə yeyə bilmir, dustaqlara yalnız qara çörək verilir, kamera və otaqlarda (baraklarda) hava təmizləyici və sərinləşdirici qurğular quraşdırılmayıb (bu isə xüsusən isti aylarda vəziyyəti dözülməz həddə çatdırır), dustaqlar hələ də yalnız bir dənə olan və bəlkə də 60-70 il bundan əvvəl istehsal olunan, heç bir şəraiti olmayan xüsusi vaqonda (“stolıpin”) və bəlkə də kənd təsərrüfatı məhsullarının daşınması üçün nəzərdə tutulan maşınlarda (“voronoklarda”) ətraf aləmlə heç bir görüntü olmayan vəziyyətdə, 5-6 kvadratmetrlik qutunun içində 10-12, bəzən 20-21 nəfər olmaqla daşınır, qanunvericilikdə bir dustağın saxlanılması üçün minimum 4 (dörd) kvadratmetr yaşayış sahəsi nəzərdə tutulduğu halda, onun yarısı qədər və ya ondan da az sahədə saxlanılır və s. Tibbi-sanitariya xidmətinin yarıtmazlığından isə heç danışmağa dəyməz.

Bu məktuba görə təhdidlər də ola bilər
Bütün söylədiklərimin nəticəsi olaraq mənə qarşı hədə-qorxu, zorakılıq, şər, böhtan, iftira, təxribat kompaniyasının başlanacağını istisna etmirəm. Ancaq bunların heç biri nə məni qorxutmur, nə də həqiqəti dəyişmir. Həqiqət isə sabit bit məfhumdur, insanların fikir və istəkləri ilə dəyişməz. Yalnız sizin siyasi iradəniz söylədiyim həqiqətlərin milyonlar, bəlkə də milyardlar qazanan şəxslərin özbaşınalığına son qoya bilər.
Ona görə də bir daha Sizdən dərhal və təcili şəkildə fövqəladə səlahiyyətlərə malik, peşəkar hüquqşünaslardan, görkəmli ictimai və siyasi xadimlərdən, ictimaiyyət nümayəndələrindən, hüquq-mühafizə təşkilatlarının nümayəndələrindən və s. ibarət komissiya yaradılması və həmin korrupsiyaya eyni zamanda bütün məhkəmə-hüquq orqanlarında, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində yoxlamalara başlanması haqqında tapşırıq verməyinizi və işin gedişinə şəxsən nəzarət etməyinizi xahiş edirəm.

Əliyev Vahid Ağababa oğlu
6 saylı Cəzaçəkmə Müəssisəsi

Əlaqəli xəbərlər