"Dəniz" Ədəbi Birliyi yenidən fəaliyyət göstərəcək -- QƏRAR

WhatsApp Image 2020-02-24 at 00.18.39.jpegGənc yazarlarımız tərəfindən atılan daha bir gözəl addım: Könüllülər ilində, ədəbi mühitdəki ədəbiyyat eşqinə də könüllü düşməli!

Dünən Sumqayıt Poeziya Evinə toplaşan gənc yazarlarımız özlərinin bir çox yeni layihələrindən, fikir, təklif və ideyalarından danışmaqla, yadda qalan daha bir maraqlı görüş keçiriblər. Bu barədə araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, həmin görüşdə, həmçinin bir vaxtlar kifayət qədər nüfuzlu şairlərimizin yaratdığı "Dəniz" Gənclər Ədəbi Birliyinin yenidən fəaliyyətə başladığı da elan olunub. Çıxışlarda, öncə qeyd edilib ki, gənc yazarların bu birliyinin könüllülər ilində, məhz, bir zamanlar gənclər şəhəri deyilən Sumqayıtda yenidən fəaliyyətə başlamasının əhəmiyyəti böyükdür. Çünki Azərbaycanda könüllülər ili elan edilməsi ilə əlaqədar, gənclərin ədəbi mühitdə belə ədəbiyyat eşqinə könüllü düşmələri, onlar tərəfindən atılan çox gözəl bir addım kimi yadda qalacaq və bu birlik nəinki ədəbi məclis kimi gəncləri bir araya gətirəcək, eyni zamanda onların yaradıcılığında ciddi bir təkan rolunu oynayacaq.

Tədbirin açılışında giriş sözü deyən və gənc şairlərə tövsiyyələrini verən Sumqayıt Poeziya Evinin direktoru, gənclərin yaxşı tanıdığı şair İbrahim İlyaslı da, hər zaman onlara dəstək olduğunu və bundan sonra bunun belə davam edəcəyini bildirib. Daha sonra, çıxışlarına özlərini təqdim etməklə başlayan gənc yazarlar, yenidən fəaliyyət göstərəcək xoş məramlı bu qurumlarının bundan sonra daha əhəmiyyətli işləyib, fəaliyyət göstərməsi üçün təkliflərini ortaya qoyublar. "Günəşin Nuru" antologiya layihəsinin rəhbəri, şairə və bədii qiraətçi Esmira Günəş, Kitabxanada şairlərimizin təbliği missiyasını öz üzərinə götürən Gülnar Ümid, bədii qiraətçi Sevda Alısoy, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Elvin Əlizadə, AYB-nin gənclər şöbəsinin əməkdaşı Emin Piri, rejissorluğu belə şeirləri kimi alqışlarla qarşılanan Ümid Abbas, istedadlı şairlər kimi tanıdığımız Samir Hacı, Elşad Xaqan, Elçin Nur, "Mən şeir yazmıram" desə də, səsləndirdiyi şeirləriylə hər kəsi heyrətləndirən Ulduz Babayeva özlərinin yeni şeirlərini səsləndirməklə, bu tədbiri daha yaddaqalan ediblər.
Tədbirin sonunda, çıxışları, verilən təklifləri və gənc şairlərin şeirlərini diqqətlə dinləyən İbrahim İlyaslı, gedişindən olduqca razı qaldığı bu görüşün əhəmiyyəti barədə ətraflı danışaraq, bu ədəbi birliklə bir araya gələcək gənc yazarların hər həftə toplanmalarının vacibliyi təklifini verib. Təklifi yekdilliklə qəbul edən görüş iştirakçıları, hər həftənin şənbə günü saat 15:00-da, elə, Sumqayıt Poeziya Evində də, "Dəniz" Gənclər Ədəbi Birliyinin təşkilatçılığı ilə, bir-birindən daha maraqlı olacaq mövzularda tədbirlər keçirməyi qərara alıblar. Təşkilatçılar tərəfindən o da bildirilib ki, növbəti görüşlərdə gənc yazarları sürprizlər gözləyəcək.
Olduqca maraqlı keçən bu görüş gənc yazarların xatirə şəkilləri çəkdirmələri ilə yekunlaşıb.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər