Dövlət Gömrük Komitəsinin Akademiyasında Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilib

IMG_7787.JPGNoyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və oxunub.

DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Araz.az-a verilən məlumata görə, Akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki, Azərbaycan xalqının tarixində əlamətdar günlərdən olan Milli Dirçəliş günü xalqımızın və dövlətimizin taleyində mühüm yer tutan hadisələrdən biridir. SSRİ-nin dağılması ilə dünyanın böyük bir imperiyasının süqutu, yeni müstəqil dövlətlərin yaranması, ümumiyyətlə, dünyada olan beynəlxalq münasibətlər sistemində dünya nizamının köklü surətdə dəyişilməsi baş verib. Sovet dövründə bolşevik-kommunist partiyasının geniş ideoloji təbliğatının aparıldığını diqqətə çatdıraraq, bu təbliğatın altında təkcə Azərbaycan xalqının deyil, bütövlükdə imperiyanın bütün respublikalarında olan xalqların həyatında qara iz buraxan, taleyüklü, çox bədbin niyyətlərlə müşayiət olunan bir siyasətin də yürüdüldüyünü vurğulayıb, O, bildirib ki, bu siyasət nəticəsində Azərbaycanın tarixi əzəli torpaqları müxtəlif bəhanələr altında Ermənistana verilirdi. “1940-ci illərin sonunda və 1950-ci illərin əvvəlində azərbaycanlılar kütləvi şəkildə daimi yaşadığı öz dədə-baba, tarixi torpaqlarından köçürüldü. Bu, hələ çar Rusiyası dövründən başlanan yarıtmaz milli siyasətin, türk-azərbaycan xalqına qarşı olan mənfur niyyətlərin nəticəsi idi” – deyə akademiyanın rəisi qeyd edib.
17 noyabr tarixinin əhəmiyyətindən bəhs edən Qulu Novruzov diqqətə çatdırıb ki, bu tarix onilliklər boyu haqqı tapdanan xalqın oyanış günü idi. O, qeyd edib ki, bu müstəvidə Azərbaycana qarşı aparılan siyasi ideologiya artıq açıq müstəviyə keçdi. Bununla da, Azərbaycan xalqının haqlı etirazlarına səbəb oldu. Sovet qoşunlarının çox ciddi müdaxiləsi ilə etiraz aksiyaları dağıdıldı. Milli düşüncədəki oyanışın öz bəhrəsini verdiyini və SSRİ-nin dağılmasını sürətləndirən bir fakt kimi ortaya çıxdığını nəzərə çatdıran natiq bildirib ki, bu, sovet hökumətinin süqutuna rəvac verən bir faktora çevrildi. Qulu Novruzov 1990-cı ilin 17 noyabrında məhz bu tarixdə Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən, Ali Məclisdə üçrəngli Azərbaycan bayrağını rəsmi dövlət simvolu elan etdiyini, həmin iclasda Ali Məclis tərəfindən Azərbaycan SSR Ali Sovetinə üçrəngli bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsinin tövsiyə olunduğunu xatırladıb.
Bu il 1988-ci il hadisələrindən 30 il keçdiyini qeyd edən Qulu Novruzov bu müddət ərzində xalqımızın təlatümlü tarix keçdiyini, azadlıq, müstəqillik və torpaqlarımızın uğrunda şəhidlər verdiyini deyib.
Ümummilli lider Heydər Əliyevin sayəsində ölkədə siyasi sabitlik və iqtisadi inkişafa nail olunduğunu diqqətə çatdıran Qulu Novruzov bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirildiyini bildirib.
Akademiyanın rəis müavini, professor Ramiz Hümbətov “Xalqımızın ermənilərin işğalçılıq siyasətinə etiraz hərəkatı 1988-ci ilin 17 noyabr tarixindən başlanıb” adlı məruzə ilə çıxış edib.
Sonra Akademiyanın “Hüquqşünaslıq” ixtisasının 3-cü kurs tələbələri İmamverdi Novruzlu “Azadlıq hərəkatının səbəbləri” və Həsən Həsənzadə “Milli azadlıq fonunda dirçəliş meylləri və onun nəticələri” mövzusunda təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda Milli Dirçəliş gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Araz.az

IMG_7779.JPG

Əlaqəli xəbərlər