İndoneziyada Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb

IMG_20180119_100744.jpgAzərbaycan Dillər Universitetinin (ADU) rektoru, əməkdar elm xadimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə olaraq İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan mədəniyyəti mərkəzi yaradılıb. Mərkəzi maddi-texniki baza və tədris materialları ilə ADU təchiz edəcəkdir.

Dilçilik İnstitutunun bir sıra sözlərin yazılışı ilə bağlı hazırladığı qaydalar ictimaiyyət tərəfindən qınaqla qarşılanır

amea1.jpg

Dilimizdə orfoqrafik islahat təklifləri ətrafında çox ziddiyyətli müzakirələr başlayıb

img

Buludxan Xəlilov: “Dəyişikliklər elmi şəkildə əsaslandırılmalıdır ki, ictimaiyyəti bu dəyişikliklərə kökləyə, hazırlaya bilsinlər”
Gültəkin Qurbanova: “Müəyyən şivələrdə vurğulanan səslərə bu dərəcədə meydan vermək olmaz”
Elçin Mirzəbəyli “Dil Akademiyanın, yaxud hər hansı bir mərkəzin yerləşdiyi binanın divarları arasında yaranmır, cilalanmır, formalaşmır” deyir

Araz.az xəbər verir ki, Müasir Azərbaycanda dilçilik elminin inkişaf etdirilməsi, ana dilimizin düzgün qaydada təbliğ olunması, sözlərin düzgün yazılışı və işlədilməsi aktual məsələlərdən biri kimi gündəmdədir.

Bildiyimiz kimi, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası”nın tərkibi təsdiq edilib. Dövlət Dil Komissiyasının tərkibi müəyyənləşdikdən sonra bir sıra komissiya üzvləri dilimizdəki alınma və milli sözlərin yazılışında xeyli dəyişikliklər edilməsinə ehtiyac olduğunu bəyan etməyə başladılar. Hətta əksər dilçilər kor-koranə şəkildə belə bir fikir irəli sürdülər ki, söz necə deyilir, elə də yazılmalıdır. Bəzi dilçi alimlər hesab edirlər ki, ictimai rəyi öyrənmədən, belə məsələlər ətrafında illərlə çəkən müzakirələr aparmadan, cəmiyyəti, elmi ictimaiyyəti, KİV-ləri bu prosesə kökləmədən bu kimi işlərə rəvac vermək olmaz.

Bir müddət əvvəl komissiya üzvü olan bəzi alimlər qeyd edirdilər ki, on minlərlə sözün dəyişdirilməsi vacibdir. Sizcə bunu asanlıqla həyata keçirmək mümkündürmü?

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu mətbuata açıqlama verərək qeyd edib ki, bir sıra sözlərin yazılışında “g” hərfi “k” kimi işlədilməlidir. Məsələn, əsgər-əskər, İsgəndər-İskəndər kimi yazılacaq. Alqı sözünün alğı kimi yazılması məsələsini də M.Nağısoylu gündəmə gətirib. O, mətbuata açıqlamasında bildirib ki, qoşa “y” hərfi olan sözlər də bir “y” ilə yazılmalıdır.

Dilçilik İnstitutunun təklif etdiyi qaydalara ölkənin tanınmış alimləri, yazarları da etirazlarını bildirirlər. Məsələn, millət vəkili, yazıçı Aqil Abbas qoşa “y”nın əvəzinə bir “y” işlədilməsinə, “g” samitinin “k” ilə əvəzlənməsinə qarşı çıxaraq bunun lazımsız olduğunu deyir.

M.Nağısoylu qeyd edib ki, tənqidi fikirlərlə tanışdır, ancaq bəzi ziyalılar qaydalardan xəbərsizdirlər: “Qaydalara baxa bilərsiniz və yaxud biz bütün qoşa samitlərin birinin azaldılmasını təklif etməmişik. Biz bir dənə qoşa “y”nı demişik, onu da bütün qoşa “y”lar üçün deməmişik. Elmi əsaslarla fikrimizi söyləmişik: tərkibində “iyyat”, “yyət”, bir də “iyyə” olan sözlərin bir “y” ilə yazılması tövsiyə olunur: “ədəbiyat”, riyaziyat”, “səhiyə”, “maliyə” və sair. Fonetik prinsipə əsaslanaraq bu cür etmişik. Dünyada da bu prinsipə üstünlük verilir. Məqsədimiz odur ki, deyilişlə yazılış arasındakı sədd minimuma endirilsin, uçurum olmasın. “Ədəbiyyat” demirik, “ədəbiyat” deyirik, “davamiyyət” demirik, “davamiyət” deyirik… Bəziləri qaydaları diqqətlə oxumayıblar. İkincisi, irad tutanların bir çoxu qaydalarla heç tanış deyillər. Qeyri-peşəkarlar nə gəldi danışırlar. Məsələn, bilmirlər ki, niyə görə “alqı” sözü “ğ” ilə yazılmalıdır, “satqı” sözü “q” ilə. Belə prinsip var ki, sonu kar samitlə bitənlər olur “q”, - “basqı”, “asqı”, “satqı” – sonu cingiltili ilə bitənlər olur “ğ”.

M.Nağısoylunun fikirlərinə qarşı çıxan fikir adamları vurğulayırlar ki, AMEA-nın Dilçilik İnstitutunun xalqın rəyini öyrənmədən sözlərin yazılışında özbaşına dəyişiklik etməsi ana dilimizə zərbə vura bilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, Dövlət Dil Komissiyasının üzvü, professor, dilçi-alim Buludxan Xəlilov isə hesab edir ki, həyata keçirilməsi nəzərdə tutulan dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə verilməlidir: “Biz nəzərdə tutulan dəyişikliklərlə bağlı cəmiyyəti maarifləndirməliyik. Yəni niyə filan söz “k”, yaxud “g” ilə yazılmalıdır. Dəyişikliklər elmi şəkildə əsaslandırılmalıdır ki, ictimaiyyəti bu dəyişikliklərə kökləyə, hazırlaya bilsinlər. Ənənəvi yazı qaydasında olan bəzi sözlərin “g” ilə yazılması cəmiyyətdə narahatlıq doğurur. Əsaslandırılmalıdır ki, bu niyə belə yazılmalıdır? Dəyişikliklərlə bağlı 69 maddədən ibarət qaydalar artıq çap olunub. İndi isə bu qaydalar əsasında, onun təbliği istiqamətində cəmiyyətdə maarifləndirmə işləri həyata keçirilməlidir. Çünki o qaydaların arasında elə qaydalar var ki, onlar ənənəvi deyil, yenidir. Yenilik isə həmişə müqavimətlə qarşılaşır. Bu qaydalar da müqavimətlə qarşılanmasın deyə, cəmiyyətdə maarifləndirici işlər görülməlidir”.

Dilçi-alim Gültəkin Qurbanovanın sözlərinə görə, dilin zənginləşməsi vacibdir, bəzi sözlərin yazılışına dəyişiklik etmək olar. Onun sözlərinə görə, ancaq böyük sayda sözün yazılışını dəyişmək lazım deyil: “Dilçilik İnstitutu xalqın rəyini öyrənmədən gündə bir açıqlama verir ki, sözlərin yazılışı dəyişəcək, yaxud iki “y” ilə yazılışa ehtiyac yoxdur, bəzi sözlərdə “q” “g” səsi ilə əvəz edilməlidir və s. Bunlara ehtiyac yoxdur. Bir də ki, dildə islahatlar aparılarkən, mütləq mənada, dilin bütün xüsusiyyətləri, işləklik prinsipləri nəzərə alınmalıdır. Bu gün ictimaiyyət arasında böyük bir narahatlıq var. Bu islahatlar həyata keçirilsə, bütün kitablar, dərsliklər dəyişdirilməlidir. Dövlət sənədlərinə, insanların özlərinə aid mülkiyyət sənədlərinə, şəxsiyyət vəsiqlərinə də kütləvi dəyişiklik olmalıdır. Bu da böyük hərc-mərclik, problemlər yaradacaq. İctimaiyyət hələ latın qrafikasını yeni-yeni mənimsəyir, sözlərin yazılışını tətbiq edirlər. Bu dəyişikliklər olsa, bəs sabah nə edəcəklər? Bilirsiniz, bu kimi işlərə necə gəldi yanaşmaq olmaz. Haradasa oxudum ki, artıq qaydalar hazırlanıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə göndərilir. Bu dəyişiklik harada müzakirə edildi ki, tez-tələsik onu qəbul etdirmək istəyirlər. Bu işə ciddi yanaşmaq lazımdır. Bəzi dilçilər sözü deyirlər və ictimaiyyətdən, ziyalılardan təpki görəndə bildirirlər ki, bunu belə demək istəmirdik, ziyalılar, yazıçılar, dilçilər, filoloqlar səhv başa düşüblər. Dili cilalayan, təmizləyən, onu yüksək səviyyədə təqdim etməyi bacaran adamlar deyilənləri necə başa düşə bilər? Çox istərdik ki, o qaydalar təsdiqə göndərilməmişdən əvvəl daha çox müzakirə edilsin ki, ictimaiyyət o qaydalarla tanış olsun. Düzdür, qaydalar çap edilib, ancaq geniş şəkildə yayılmayıb, bütün KİV-lərdə getməyib. Deyirlər ki, alimlər, ziyalılar qaydalardan xəbərsizdirlər. Siz o qaydaları nə zaman Akademiyanın divarları arasından ictimaiyyətə, ziyalılara təqdim etdiniz ki, onlar “yeniliklər”lə tanış olmaqdan imtina etdilər? “Alqı” sözü necə “alğı” kimi yazıla bilər ki, ölkədə hamı, birmənalı olaraq, “alqı”ya “alğı” demir. Bilirsiniz, müəyyən şivələrdə vurğulanan səslərə bu dərəcədə meydan vermək olmaz. Dilin öz xüsusiyyətləri, qaydaları, tələbləri var”.

O hesab edir ki, dildə aparılan hər bir islahat elmi məntiqə əsaslanmalıdır.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış şair, politoloq Elçin Mirzəbəyli də irəli sürülən dəyişikliklərə qarşı çıxır. O öz “Facebook” hesabında məsələyə bu cür yanaşır: “Dil Akademiyanın, yaxud hər hansı bir mərkəzin yerləşdiyi binanın divarları arasında yaranmır, cilalanmır, formalaşmır. Azərbaycan türkcəsinin ünvanı Azərbaycan xalqıdır!

70 il ərzində Azərbaycan dili öz tarixi qaynaqlarından mümkün qədər uzaqlaşdırılıb, akademikləşdirilib, mürəkkəbləşdirilib. Təəssüf ki, hələ də qarşısına xalqları tədricən assimilyasiyaya uğratmaqla "sovet adamı" yaratmağı məqsəd qoymuş şər imperiyasının cızdığı sərhədləri aşa bilmirik. İmperiyanın texnoloqları assimilyasiya siyasətini birbaşa həyata keçirmirdilər. Bunun üçün müvafiq institutlar var idi. Bu institutlar milli identikliyi qoruyan bütün əsas amilləri tədricən sıradan çıxarır, yararsız hala gətirirdilər. SSRİ dövründə Azərbaycan dilinə, onun tarixi qaynaqlarına, saflığına qarşı böyük bir savaş açılmışdı. Doğrudur, 70-ci illərdə bu prosesin qarşısının alınması üçün həmin dövrün reallıqları çərçivəsində müəyyən tədbirlər həyata keçirilirdi. Lakin vurulan ziyanın miqyası o qədər böyük idi ki, imperiya mərkəzini duyuq salmamaq yolu ilə həyata keçirilən tədbirlər prosesin qarşısını ala bilməzdi. İmperiya ideoloqları bizə sübut etməyə çalışırdılar ki, Azərbaycan dili insanların öz fikirlərini ətraflı şəkildə ifadə etmələri üçün yetərli deyil, söz ehtiyatı azdır və özünütəsdiqin yolu rus dilindən keçir... Bu, məxməri assimilyasiya siyasəti idi.

Artıq dövlət müstəqilliyimizin 27-ci ilinə qədəm qoymuşuq. Dövlət, siyasi hakimiyyət Azərbaycan dilinin yad təsirlərdən qorunması və saflaşması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Müvafiq institutlar, mərkəzlər fəaliyyət göstərir, amma necə... Bu, təbii ki, daha geniş bir yazının, yaxud müzakirənin mövzusudur. Zənnimcə, Azərbaycan dili ilə bağlı islahatlara həmin institutların, mərkəzlərin yerləşdiyi binaların nəfəsliklərindən başlamaq və ilk növbədə havanı dəyişmək lazımdır... Sözün bütün mənalarında”.

“Yeni Azərbaycan”-ın baş redaktorundan Dilçilik İnstitutunun direktoruna “DİL DƏRSİ”

hikmet_babaoglu_01451501849889.jpg

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar jurnalist Hikmət Babaoğlu Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya açıq məktub yazıb.

Araz.az Turkustan.info istinad edib  H.Babaoğlunun məktubunu təqdim edir:

“Hörmətli Möhsün müəllim!

Bu günlərdə ictimaiyyətə təqdim olunan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bir sıra məsələlər təqdir edilməklə yanaşı bəzi məsələlər də ciddi tənqidə məruz qaldı. Düşünürəm ki, hər iki mövqedə olanlar özlərinə görə haqlıdırlar. Ancaq bəzi önəmli nüanslar var ki, onları doğurdan da qəbul etmək olmaz. Dil elə bir vasitədir ki, ondan təkcə alimlər deyil, bütün xalq istifadə edir. Elə dilin qaydalarını da, orfoqrafiyasını da xalq yaradır. Alimlər isə sadəcə bu qaydalara elmi qəlib düzəltməyə çalışırlar. Ancaq bu heç də həmişə uğurlu olmur. Nəzərə almaq lazımdır ki, dili yaradan xalq olduğu kimi elə onu mühafizə edən, qoruyan, inkişaf etdirən də xalqdır. Əlbəttə, dilin inkişafında ədəbiyyatın, publisistikanın, yazılı və şifahi nitq daşıyıcılarının rolunu danmaq mümkün deyil. Ancaq bütün bunlarla yanaşı, yenə də dilin zənginləşməsi, cilalanması, xarici təsirlərdən qorunması, yaxud başqa dillərlə mübadilə yaratması xalqla bağlıdır. Yəni, istənilən halda dil məsələsində imperativ mövqe məhz xalqa məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı çox zəngin bir dil formalaşdırmağı bacarıb və bizə elə gözəl bir dil miras qoyub ki, bu dili, onun xüsusiyyətlərini dərindən mənimsəyə bilsək tam şəkildə bu dilin imkanları ilə həm özümüzü, hisslərimizi, düşüncələrimizi ifadə edə bilərik, həm də ən zəngin hesab edilən dillərdə yazılan həm nəsr, həm də nəzm nümunələrini dilimizə asanlıqla tərcümə edə bilərik. Yəni dilimiz bu qədər geniş imkanlara və potensila sahibdir”.

H.Babaoğlu daha sonra yazıb:

“Ancaq elə məsələlər var ki, onu dilimizdən sadəcə məişət səviyyəsində istifadə edən və gündəlik leksikonunda cəmi bir neçə yüz söz işlədən insanlar deyil, dildən daha zəngin mənbə kimi istifadə edən peşə sahibləri bilir. Belə peşələrdən biri də jurnalistika peşəsidir. Düşünürəm ki, dilimizin inkişafında yazıçı və şairlərimizdən sonra ən çox rolu olan zümrələrdən biri, bəlkə də birincisi jurnalistlərdir. Xüsusilə hazırkı informasiya cəmiyyətində qlobal dil mübadiləsi prosesində dilimizi qorumaq və onun imkanlarını, hətta bəzən zorlayaraq müasir inkişaf etmiş dillərin siyasi, analitik, diplomatik, elmi, bədii, texnoloji və s. üslublarının Azərbacan dilində qarşılığını tapmaqla ona pasport qazandıran peşə sahiblərindən biri yenə də jurnalistlərdir. Ona görə də mən bir alim, bir millət vəkili kimi deyil, bir jurnalist kimi sizə müraciət edərək doğru hesab etdiyim bəzi fikirlərimi sizinlə və rəhbərlik etdiyiniz Dilçilik İnstitutunun çox dəyərli alimlərilə bölüşmək istəyirəm. Düşünürəm ki, bu, dilimizin yeni orfoqrafiya qaydaları yaradılarkən ümumi işimizin xeyrinə ola bilər.

Beləliklə, təcrübə göstərir ki, orfoqrafiya qaydalarını tez-tez dəyişdikcə yazılı və şifahi özünüifadə də səhvlər çoxalır. Biz orfoqrafik qaydalarla əsasən orta məktəb illərində tanış olduğumuza görə, o dövürdəki qaydaları mənimsəyib yadda saxlayırıq. Sonrakı mərhələdə yeni qaydaları ya izləyə bilmirik, ya da yadda saxlaya bilmirik. Beləliklə, dildən istifadə zamanı səhf etmək ehtimalımız artır. Ona görə də zəruri ehtiyac olmadığı halda yeni orfoqrafiya qaydaları yaratmağa ehtiyac yoxdur. Əks təqdirdə, dil istifadəçilərinin səhvi o qədər çox olacaq ki, bu da orfoqrafiya xaosuna çevriləcək. Heç kim nəyin doğru, nəyin yanlış olduğunu bilməyəcək. Çap mediasında və kitab nəşrində çoxsaylı korrektorlar ordusuna ehtiyac yaranacaq. Eyni söz fərqli kitablarda fərqli yazılacaq. Bu isə yolverilməzdir. Başqa bir məsələ ondan ibarətdir ki, dil haqqında hamı akademik düşünə bilmir. Uzun illərin yazı və ifadə vərdişi və bu vaxta qədərki orfoqrafiya forması həm idraki yaddaşda, həm də qələm və əzələ yaddaşımızda sözün yazılış formasını qəlibləşdirib. Məsələn, biz “alqı-satqı” sözünü yeni təklif olunan “alğı-satqı” formasında uzun müddət yaza və ifadə edə bilməyəcəyik. Yeni formanın elmi əsasları nə qədər obyektiv olsa belə ən yaxşı halda bir müddət sonra alğı-satqı yox, alğı-satğı deyəcəyik. Çünki birinci “al” sözünə əlavə edilmiş “ğı” forması imperativdir və diqtə edir ki, ondan sonrakı “sat” felindəki “qı” əlavəsi də “ğı” kimi tələffüz edilsin. Yəni hər iki şəkilçi ya boğazda “ğ” kimi səslənməli, ya da ağızda “q” kimi. Ona görə də elə “alqı-satqı” forması əvvəlki qaydada saxlanıla bilər. Bu misal digər başqa hallar üçün də nümunə ola bilər. Yox əgər biz həqiqətən ciddi şəkildə dil islahatları aparmaq niyyətindəyiksə, gəlin onda daha ciddi səhvləri düzəltməyə çalışaq. Məsələn, “müəllim” sözünün orfoqrafik formasını “muallim” kimi düzəldək. Çünki mü-əllim ərəb dilində ələm, kədər, əzab mənasını verir, onda müəllimi isə əzabverən kimi tərcümə edə bilərik. Mu-allim isə elm, öyrənmək kökündən yaranıb, mu önşəkilçisi qəbul edərək elm öyrədən mənasında işlədilir. İndi görək alğı-satqı məsələsi daha vacibdir, yoxsa müəllim, muallim məsələsi”.

H.Babaoğlu bundan başqa, orfoqrafik formanın dəyişilməsinin çox zəruri olduğu bəzi sözləri M.Nağısoylunun diqqətinə çatdırmaq istədiyini qeyd edib:

“Məsələn, torpaq, yarpaq, kirpik, körpü və s. Torpaq sözünün kökü “tor” deyil, “top”dur. Topa-toprak mənşəyilə bağlıdır. Ona görə də tor-paq yox, top – raq kimi yazılmalıdır. Yarpaq sözünün kökü “yar” deyil, “yap”-dır. Yəni, yastı, yap-yastı. Göründüyü kimi,ilkin variantda yastı sözünün önündə ədat kimi işlənilir.Sonra isə müstəqil sözə yaxud müstəqil leksik vahidə çevrilir . Doğrudan da yarpaq yastıdır. Ona görə də yarpaq kimi yox, yapraq kimi yazılmalıdır. Körpü sözünün kökü “kör” deyil, “köp” dür. Köp şişmiş qabarmış mənasındadır. Körpü də daşların xüsusi ağırlıqpaylayan qabartma üsulu ilə tikildiyi üçün köprü kimi yazılmalıdır. Kirpik sözünün də kökü “kir” deyil, “kip”dir. Yəni, gözün qıyısına düzülmüş sıx, kip qoruyucu mənasındadır. Ona görə də kiprik kimi yazılmalıdır və s.
Əgər doğurdan orfoqrafiya islahatına ehtiyac varsa, gəlin dilimizdə onlarca, yüzlərcə səhf yazılan bu qəbildən olan sözləri düzəldək. Düzəldək ki, həm dilimiz saflansın, həm də semantik məna ilə etimoloji məna düz olsun, məntiqli olsun.

Ancaq bunun üçün əvvəlcə bu tip sözləri yığıb siyahısını dərc etməli, sonra onu geniş müzakirə predmetinə çevirməli, ən nəhayət ümumi fikrə gələrək qəbul etməliyik. Belə olarsa, bu barədə ictimaiyyətin də geniş məlumatı olar və elə müzakirə prosesində də yeni variant yaxşıca mənimsənilər. Heç birimizin, o cümlədən Dilçilik İnstitutunun belə bir öhdəçiliyi yoxdur ki, təcili şəkildə alğı-satqı kimi orfoqrafiya qaydası müəyyənləşdirsin.

Hörmətli Möhsün müəllim, başda siz olmaqla, dilimizin elmi əsaslarda öyrənilməsində, onun inkişafında çox böyük rolu olan institutunuza, onun hər bir dəyərli əməkdaşına elm-ictimai fəaliyyətində uğurlar arzulayır, yeni orfoqrafiya qaydaları kimi çətin, amma gərəkli işin öhdəsindən layiqincə gəlmələrini diləyirəm”.

Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə

20_1516113060.jpg

Araz.az palitraya əsasən xəbər verir ki, müstəqil dil kimi ana dilimizin özünün tarixi ənənələrə söykənən fonetik sistemi, zəngin lüğət tərkibi, orijinal qrammatik strukturu vardır. Müstəqilliyi şərtləndirən zəruri amillərdən biri də yazıdır. Şifahi nitqə nisbətən dil tarixinin sonrakı inkişaf mərhələsində meydana çıxan yazı və onun inkişafı dilimizin yaşaması, inkişaf etməsi, təşəkkül tapması kimi məsələlərdə mühüm rola malikdir. Bu baxımdan qədim tarixi köklərə malik olan xalqımızın qədim yazı mədəniyyəti, yazı ənənələri mövcuddur. Şübhəsiz ki, yazı mədəniyyətinin inkişaf edib formalaşması, bir ənənəyə çevrilməsi, dildə sabitləşməsi bilavasitə orfoqrafiya qaydaları ilə bağlıdır. Orfoqrafiya qaydaları da sabit və əsasən dəyişməz olmalıdır. “Orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır. Buna görə də bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar. Yəni dilin düzgün yazı qaydalarını müəyyənləşdirərkən həmin dildə danışan millətin ümumiləşdirilmiş olduğu ədəbi tələffüz normalarını, daha doğrusu, ədəbi tələffüz zövqünü nəzərə almaq zəruridir. Belə olarsa, verilmiş orfoqrafiya qaydalarının hamı tərəfindən məqbul sayılıb, bəyənilib və asanlıqla mənimsənilib işləniləcəyinə tam əminlik yaranır. Həm də belə qaydalar tez sabitləşir və uzun müddət yaşaya bilər”. (Əbdüləzəl Dəmirçizadə) Bu mənada orfoqrafiya lüğətinin VII nəşri üçün tövsiyə olunmuş orfoqrafiya qaydalarının çap olunmazdan əvvəl ictimaiyyətin müzakirəsinə təqdim olunması çox yaxşı bir haldır. Əlbəttə, bu, dilimizin, xüsusən də yazılı nitqimizin inkişafı istiqamətində atılmış çoxsaylı mühüm addımlardan biri kimi dəyərləndirilməlidir. Hələlik 69 bənddən ibarət olan və lüğətdə çapı üçün tövsiyə olunan orfoqrafik qaydaların müzakirəyə verilməsi onu göstərir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin VII nəşri öz tutumuna, elmiliyinə, sanbalına, dəqiqliyinə görə əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənəcəkdir. Bu cəhətdən elmi arqumentlərlə əsaslandırılmış hər bir təklifin, hər bir fikrin dəyərləndirilməsinin yazı qaydalarının sabitləşməsində böyük rol oynayacağını düşünürük. Məhz buna görə də müzakirəyə təqdim olunmuş orfoqrafiya qaydaları haqqında əlavə və təkliflərimizi təqdim etməyi zəruri hesab edirik. Orfoqrafiya qaydaları haqqında təkliflərimiz aşağıdakılardan ibarətdir:
1. Layihənin 1-ci bəndində göstərilir: “Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır”. Təklif edirik ki, bu cümlə “Azərbaycan dilinin lüğət tərkibində çoxluq təşkil edən milli sözlərin böyük əksəriyyəti deyildiyi kimi yazılır” şəklində verilsin. 
2. Layihənin “Mürəkkəb sözlərin yazılışı” bölməsində göstərilir ki (42-ci bənd), tərkibində -anti hissəciyi olan “mürəkkəb sözlər” bitişik yazılır. Əslində, -anti qoşulduğu sözdə əksilik, ziddiyyət məzmunu yaradan rus-avropa mənşəli ön şəkilçidir. Yəni qoşulduğu söz mürəkkəb deyil, düzəltmə olur. Məs.: antifaşist, antidemokrat və s.
3. Bitişik yazılan mürəkkəb sözlər bölməsində (“b” bəndində) belə bir qayda verilib: “eyni feil kökünün təkrarı və a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur və s. (bitişik yazılır—İ.Ə.)
Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır”. Lakin lüğətdə öz əksini tapmış “gethaget” (səhifə 258) sözü bu qayda ilə ziddiyyət təşkil edir. Ona görə də qayda üzərində müəyyən düzəlişlər aparılsa, daha uğurlu olar.
4. Layihənin 45-ci bəndində yazılır ki, “birhecalı qoşmalar ( -can, -cən, -dək, -tək ) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək”. Yaxşı olardı ki, qayda “şəkilçiləşmiş birhecalı qoşmalar ( -can, - cən, -dək,) aid olduqları sözə bitişik yazılır” formasında verilsin. “Aid”, “xas”, “tək” kimi birhecalı qoşmalar isə ayrı yazılsın. Məs.: Sənə aid, şirə xas, quş tək və s.
5. Təkliflərimizdən biri də ondan ibarətdir ki, ay adlarının düzgün yazılışı haqqında bir bənd də əlavə olunsun. Düzdür, 58-ci bənddə belə bir qayda verilib: Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır: a) məşhur tarixi gün və bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart ( 8 Mart ), Novruz bayramı və s.
Lakin bu qayda düzgün olsa da, dəqiq deyil. Orfoqrafiya qaydaları sabit olmalı, bir sözün bir neçə formada yazılışına imkan verməməlidir. Təsəvvür edin ki, “21 Fevral Beynəlxalq Ana dili Günü”, “9 Noyabr Bayraq Günü”, “18 Oktyabr Müstəqillik Günü” kimi mürəkkəb adlarda ay adları böyük yazıldığı halda, “27 dekabr 2017-ci il”, “15 mart 2017-ci il” kimi birləşmələrdə kiçik yazılır. Bir neçə cümləyə nəzər salaq: 1) 18 Oktyabr xalqımızın tarixində əlamətdar günlərdən biridir. 2) 18 oktyabr tarixində məktəbimizə yoxlama gəlmişdir. 3) 18 oktyabr 2017-ci il və s. Göründüyü kimi, bir sözün iki yazılış forması meydana çıxır ki, bu da orfoqrafiya qaydalarına ziddir. Buna görə də orta məktəbdə şagirdlər yoxlama imla, yoxlama inşa yazanda ay adlarınının ilk hərfini gah böyük, gah da kiçik yazırlar. Təklifimiz ondan ibarətdir ki, ay adlarının hamısının ilk hərfi ya böyük, ya da kiçik hərflə yazılsın. Ancaq biz ay adlarınınilk hərfinin böyük yazılmasının tərəfdarıyıq. Məs.: Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr, Dekabr.
6. Təkliflərimizdən biri də abraviatura qaydaları ilə bağlıdır. Hesab edirik ki, ixtisarlarla bağlı qaydalar yenilənməli, müəyyən əlavə və düzəlişlər aparılmalıdır. Demək olar ki, orfoqrafiya lüğətinin çap olunmuş bütün nəşrlərində bu məsələyə münasibət eyniyyət təşkil edir. Hətta misallar belə eynidir. İxtisarların növləri haqqında məlumat aydın verildiyindən izahata ehtiyac duymuruq. Bu məsələ ilə bağlı təkliflərimiz bunlardan ibarətdir. a) təklif edirik ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drob—əyri xətt (/) də əlavə olunsun.Drobun funksiyası, texniki cəhətdən işlənmə arealı və məqamları daha çoxdur. Bu işarədən Azərbaycan dilində, xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Abreviatura qaydalarından bəhs edən dilçilik ədəbiyyatında, demək olar ki, drobun (əyri xəttin) qısaltmalardakı rolu haqqında heç nə deyilmir. Adətən tərkibində "kiçik", "baş" və s. kimi sözlər olub rütbə, dərəcə, vəzifə bildirən söz birləşmələrinin ixtisarı zamanı drobdan istifadə olunur. Məsələn: kiçik çavuş — k/çavuş kiçik gizir —k/gizir baş çavuş —b/çavuş baş əsgər —b/əsgər baş leytenant —b/leytenant baş gizir —b/gizir baş laborant —b/laborant baş müəllim —b/ müəllim baş mühasib — b/mühasib və s. b) bənddə verilir ki, “sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod) və s.” Lakin dil faktları göstərir ki, bu qaydadan təkcə sözdə yox, həm də II və III növ təyini söz birləşmələrinin yazılışında tətbiq olunur. Xüsusən də ödəmə terminallarının, kassa aparatlarının, poçtların verdiyi qəbzdə bu daha çox müşahidə olunur. Məs.: Nərimanov rayonu —Nərimanov r-nu, Xəzər rayonu—Xəzər r-nu, Bakı şəhəri—Bakı ş-ri və s. Layihədə ixtisarların bu formalarına münasibət bildirilib qaydalarda müvaviq düzəlişlər aparılsa, daha yaxşı olar. Bundan başqa, əməli yazı növlərinin bəzi növlərində də söz birləşmələrinin göstərilən şəkildə yazılışına təsadüf olunur.
7. Layihənin 68-ci maddəsində belə bir bənd var: “Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir”. Burda durğu işarələri adı altında verilmiş “defis” durğu işarəsi deyil, orfoqrafik işarədir. Bundan başqa, durğu işarələri sintaktik kateqoriya olduğu halda, defis morfoloji kateqoriyadır.

Ucqar kəndlərin maarifçiləri-onlar üçün müəllimlik bir missiyadır

02-12.01.18-1.jpg

Təhsil Nazirliyindən araz.az-a verilən məlumata görə Qubanın ucqar dağ kəndi Xınalığın gənc müəllimləri Rüfanə və Natiq, İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid, Şamaxının dağ kəndi, mərkəzdən 30 km. aralı Ərçiman məktəbində dərs deyən Şahsuvar və Tehran, Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi Ehtiram, Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səridə, Lerik rayonunun ucqar kəndlərindən birində işləyən Mahmud, Masallının Təklə kəndində bu tədris ilindən müəllimliyə başlayan Günel və onlarla azərbaycanlı gənci bir keyfiyyət birləşdirir: fədakarlıq. Onlar sevdikləri müəllimlik peşəsinin vurğunlarıdır. Bu onların özünün seçdiyi yol, özlərinə yazdıqları qədərdir. Bu qədəri yaşaya-yaşaya sıralarını da artıracaqlar.

Gənc fədakarlar

Onların hər biri bir cür fədakardır. Biri Cəlil Məmmədquluzadənin həyatını oxuyandan sonra, başqası Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərindən ilhamlanıb, bu yolu gedəcəklərinə qərar veriblər. Məsələn, Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi Gülnar Əhmədovanın həkim, yoxsa müəllim olacağı ilə bağlı tərəddüdlərinə Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı, onun əsasında çəkilən film son qoyub. O da əsərdəki baş qəhrəman Fəridə kimi olmaq istəyib. Bütün çətinliklərə baxmayaraq, ucqar yerlərə, kəndlərə gedib təhsildən uzaq düşən uşaqları maarifləndirmək niyyətindədir.

Cəlil Məmmədquluzadənin həyatından örnək götürüb müəllimliyə dağ kəndlərində başlayan gənclərin üstünə bəlkə Mirzə Cəlilə atılan palçıqdan atılmayıb. Məktəbdən yayındırmaq, yolundan qaytarmaq istəyən olmayıb. Ancaq onların da yoluna başqa problemlər çıxıb.

Gənc müəllim Şahid Muradlı “Mirzədən saçılan işığın sirri onun geyimindən öncə beynindən, xalqının gələcəyi üçün ortaya qoyduğu ürəyindən qaynaqlanırdı”, - deyib, öz ürəyindəki mübarizə həvəsini ortaya qoyub. Təkcə Şahiddirmi? Ölkədə Mirzə Cəlilin həyatındakı bu kiçik epizoddan həvəslənib, günümüzdə müxtəlif çətinliklərə baxmayaraq, oxumaq eşqi sönməyən ucqar kənd insanının yanında olmağa tələsənlər ordusu yetişməkdədir.

Fədakar insanlara hər zaman hörmət, sevgi duyulub, onlar daim əl üstündə tutulub. Yəqin ona görədir ki, belələrinin etdiyini hər adam bacarmayıb. Söhbət peşəsini sevməkdən və onu ən yaxşı şəkildə icra etməkdən başqa, həm də ən çətin şəraitdə sevməkdən və sevdirməkdən gedir.

Ucqar kənd məktəblərinin gənc müəllimləri də məhz bu yolu tutublar. Seçdiyi peşəsini sevib-sevdirməyə ən çətin şəraitdən başlayıblar. Aralarında ali məktəblərə qəbul imtahanlarında 500 və daha çox bal toplayıb məhz müəllimliyi seçənlər də var, tələbəliyin 3-cü kursuna çatanda ən yaxşı müəllim olmağa qərar verənlər də.

Maraqlıdır ki, müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarında da əksəriyyəti əyalət üçün tələb olunandan çox yüksək bal toplayıb və sadəcə rayonu deyil, onun ən ucqar kəndini seçiblər. Bir rayonun hər cəhətdən təmin olunmuş müasir məktəbini deyil, dörd divardan başqa heç nəyi, şagirdi belə tək-tək olan məktəbində dərs demək istəyiblər. Məsələn, fizika müəllimi olan Rüfanə Rzayeva Xınalığa 3 il əvvəl Oğuzdan gəlib. Evlərinə gedib-gəlmək bütöv bir günü aldığından ailəsini ildə bir neçə dəfə görə bilib. Nə bu həsrət, nə Xınalığın sərt hava şəraiti onu müəllimlikdən çəkindirməyib. 9 kənddən 340 şagirdin təhsil aldığı internat tipli Xınalıq orta məktəbində dərs deyib.

Onlar müəllimliyə sevdalandılar

Bir peşədə fədakar olmaq üçün onu sevmək lazımdır. Onlar danışdıqca hiss olunur ki, müəllimlik ən uca amalları, sevdalarıdır. Elə Narıngülü götürək. Əsasən, avarların yaşadığı kənddə heç bir çətinlik yaşamadığını deyən gənc müəllim üçün yeganə narahatlıq dərsinin az olmasıdır: “Həftədə 5 saat dərsim var. Maaşları vaxtında alırıq. Ancaq dərs saatım az olduğuna görə, maaşım da azdır. Yaxşı ki, maaşdan əlavə həvəsləndirmə olaraq, 60 manat pul alıram. Bu, vəziyyətdən çıxmağıma kömək edir. Dərsim az olsa da, işləməyə həvəsim çoxdur. Peşəmi çox sevirəm. Gələcək üçün hələlik bir planım var: peşəkar müəllim olmaq!”.

Günel Osmanova Qazaxdan ta Masallıya müəllimlik etməyə gəlib. Rayon mərkəzindən 20 km. uzaqda yerləşən Təklə kəndində ibtidai sinif müəllimidir. Artıq bir neçə aydır işləməsinə baxmayaraq, çox sevilir: “Müəllimlik mənim üçün əvəzsiz bir peşədir. Bizim rayonda bu peşəyə xüsusi maraq var. Hamı qızını müəllim kimi görmək istəyir. Ona görə də ətrafımda müəllimliyə xüsusi nəzərlərlə baxanlar çoxdur. İşimi çox sevirəm. Müəllim olmaq üçün sadəcə təhsilim kifayət etməyib. Təhsil Nazirliyinin təşkil etdiyi imtahanlarda uğur qazana bilmək üçün öz üzərimdə işləməli oldum. Artıq müəlliməm və çox xoşbəxtəm. Deyəsən, bu hisslərim uşaqlarıma da təsir edir. Uşaqlarla işləməyi çox sevirəm. Dərsdə yeniliklər etməyə çalışıram. Hər dərsi maraqlı etmək üçün nəsə fikirləşirəm. Masallıya gələndə mənə sadəcə otaq verdilər. İndi bura sadəcə bir otaq deyil, uşaqlarımın rəngarəng dünyasıdır”.

Azərbaycan müəlliminin yeni obrazı

Dizlərində güc, ürəklərində təpər olduqca, onların hər biri qaranlıqda işıq saçan, çarəsizlikdə yol göstərən olacaq, xəstəyə loğman, xəstəliyə dərman kimi tanınacaqlar. Müəllimliyin bu əzəli obrazı indi müasir müəllimlərdədir. Onlar həm müəllimə aid edilən ənənəvi xüsusiyyətlərə, həm də müasir müəllimdə tələb olunan yeni keyfiyyətlərə sahibdirlər. Yeni standartları bilir, sosial şəbəkələrlə işləməyi bacarır, müasir dərs metodlarından istifadə edir, əyləndirərək öyrədirlər. Ucqar kəndin köhnə məktəbində müasir dərs metodları tətbiq edərək köhnəlikdən yeniliyə körpü salır, cahil həyatdan inkişaf etmiş dünyaya pəncərə açırlar.

Köhnə xüsusiyyətlərlə yeniliyin birləşməsindən ortaya çıxan bu yeni müəllim surətini hamı sevib. Bu sevgi sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əks-səda doğurub, hətta müsabiqələrdə qalib olub.

Sosial şəbəkədə məşhurlaşdılar

Onlara sevgi məhdud dairədən başlayıb, qısa müddətdə bütün ölkəyə yayılıb. Ucqar kənd məktəbinə gedənlər əvvəlcə məktəbdə, sonra kənddə, daha sonra rayonda tanınıb. Gənc müəllimlərin əksəriyyəti dərsə başladıqları ilk gündən barələrində söz açdırmağa nail olublar.

Onlardan biri 26 yaşlı Həbib Əlizadədir. Dünya təcrübəsində tətbiq edilən bir metodu Lənkəranın dağlıq Gəgiran kənd məktəbində uğurla icra edir. O, uşaqlara qoşulub rep deyir. Özü də tarixdən.

İsmayıllı rayonunun İstisu kəndində ibtidai sinif müəllimi olan Şahid Muradlı isə sosial şəbəkədə “Özündən başla” layihəsi ilə məşhurlaşıb. Qələm tutmağı, hərf, işarə yazmağı yenicə öyrənən azyaşlılara həm də “özündən başlamağı” öyrədən müəllim yeniliyi ilə tanınıb. Uşaqların öyrənmə həvəsini artırmaq, işinin effektini qaldırmaq üçün müasir müəllimin öz yolu var. Maraqlıdır, o yol hansıdır? Hələ məktəbə alışmayan, valideyni üçün dərsdə bir neçə dəfə ağlayan gözləri nə ilə güldürmək, o gözləri qapıdan necə çəkmək olar? Körpə ürəklərə sinfi doğmalaşdırmaq üçün kiçik əllərə rəngli qələm və dəftərdən əlavə nə vermək olar? Bir gənc müəllimin kağızı belə yenicə boyamağı öyrənən şagirdlərinə sinif otağını, oturduğu partanı rənglətdirməkdə məqsədi nə ola bilər? Müəllimin cavabı belədir: “Müəllim olaraq, sinif otağının əlverişli mühiti məni düşündürüb. Ölkə müəllimləri və sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan “Özündən başla” layihəsini də beləcə fikirləşdim. Sinif otağını şagirdlərimlə bərabər boyadıq. Bu yolla onlara məktəbin bizim ikinci evimiz olduğunu hiss etdirmək istəyirdim. Otaqlarını öz dünyalarındakı rəngarəngliyə uyğun boyayaraq, həm əylənəcək, həm də öz işlərinin bəhrəsini özləri qoruyacaqdılar. Belə də oldu”.

Problemi həll etməyə özündən başlayan müəllimlər

Müasir müəllim problemlərdən danışmır, o, problemləri həll edir. Giley-güzar, qeybət, söz-söhbət onun işi deyil. Getdiyi hər yerə yenilik aparır, gördüyü dərdə çarə axtarır. Şahid Muradlının da yuxarıda barəsində danışdığımız layihəsi onun özünün bu məqsədə sadiqliyini göstərir: “Qarşılaşdığı hər çətinlikdən şikayətlənən, ətrafında olan problemləri qabardan insanlara sosial mesaj vermək istədim: “Dünyanı rəngarəng etmək istəyirsənsə, özündən başla”.

Bir sözlə, uşaqların öz əli ilə dünyasını rəngləndirən müəllim bir layihə ilə bir neçə hədəfə nail olub: həm sinif otağının problemini həll edib, həm uşaqları əyləncəli bir şəkildə kollektiv işə istiqamətləndirib, həm də bundan sonra uşaqların divarlara, partalara zərər yetirməsinin qarşısını alıb.

Natiq Məlikov isə öz rayonunda - Qubada coğrafiyanın tədrisindən narazı olduğu üçün bu ixtisası və peşəni seçib. Necə deyərlər, öz əyalətinin əmək bazarını, çatışmazlığını nəzərə alıb, zəifliyini aradan qaldırmaq üçün çıxış yolu olaraq, özündən başlayıb.

Ucqar kənd məktəblərinin problemini bilən və bunu həll etməyə çalışanlar arasında Ərçimandakı müəllimləri də unutmaq olmaz. Sumqayıt sakini Şahsuvar Məmmədov kimya ixtisası üzrə Şamaxının Ərçiman kəndində dərs deyir. Ucqar kənd məktəbində 9 illik müəllimlik təcrübəsi var. Bundan əvvəl də Yardımlının Horavar kəndində işləyib.

Ərçimana riyaziyyat müəllimi Tehran Dadaşov Qubadan, tarix müəllimi İsmayıl Hacıyev isə Bakıdan gəlib. Hər ikisinin ucqar kənd məktəbində ilk təcrübəsidir. Rayon mərkəzindən 30 km. aralıda dərs deməyə onları problemləri həll etmək istəyi aparıb. Hesab edirlər ki, Təhsil Nazirliyinin ucqar kənd məktəblərində işləyənlər üçün ödədiyi əlavə vəsait onlara bu arzularını yerinə yetirməkdə çox böyük dəstəkdir.

Problemi vaxtında görüb, onu düzgün qiymətləndirib, çıxış yolu axtaran gənc müəllimlər dərsdə ona lazım olanları təşkil etmək üçün nə mümkündürsə edir. Bu da onu göstərir ki, Azərbaycanın gənc müəllimləri problem həll edərkən nədən başlayacağını, hansı məsələni necə həll edəcəyini bilir. Bu minvalla da onun yeni obrazı meydana çıxır: həlledən. Məsələn, Lerik rayonu Lərmərud kənd orta məktəbində idman zalı var, amma orada avadanlıqlar yoxdur. Məktəbin gənc müəllimi Seymur İbrahimov, sizcə, buradan necə çıxış yolu tapıb: “Avadanlıqlar yoxdursa, bu, o demək deyil ki, mən dərs keçməyəcəm. Bizə avadanlıqlar olmadan da dərs keçməyi öyrədiblər”.

Bəs, necə? Dərsə isinmə hərəkətləri ilə başlayır, sonra: “Əgər dərsimiz yuxarı ətraf əzələlərinin inkişaf edirilməsidirsə, bizə turnik lazımdır. Turnik yoxdursa, bunu başqa hərəkətlərlə əvəz edirəm. Məsələn, qolların bükülüb-açılması hərəkətini edirik. Əvəzləyə bilməyəcəklərim avadanlıqları isə əldə etməyə çalışıram. Artıq toplar, şahmat dəstləri və s. idman avadanlıqları təşkil etmişəm. Zala 40 ədəd tatami (idman döşəyi) gətirmişəm. Bundan başqa, uşaqları dərsdə mütləq nəzərə alıram. Tutaq ki, yorğundurlarsa, onlarla estafet oyunlar təşkil edirəm. Belə oyunlar həm uşaqları əyləndirir, həm də fiziki göstəricilərini artırır. Estafet oyununun keçirilməsində fərqli metod yaratmışam. Bundan başqa, uşaqlara idmanın nəzəriyyəsindən də suallar verirəm. Bu da onların həm fiziki göstəricilərini, həm də idman haqqında dünyagörüşlərini artırır.

Kim sevirsə idmanı... idmanı sevdirən müəllim

Seymur İbrahimovun fikrincə, fiziki tərbiyə fənninə çoxları, hətta başqa fənn müəllimləri biganə yanaşır: “Halbuki uşaqların fiziki tərbiyə dərslərinə ehtiyacı daha çoxdur. Uşaqlar 3-4 dərsə girdikdən sonra yorulurlar. Niyə? Çünkü uşaq gün ərzində yığdığı kalorini itirmir və beləcə, fikirlərini dərsə yönəldə bilmir. Yəni, uşaqların oxuduğunu mənimsəməsi üçün fiziki tərbiyə zəruri sayılır. Ən əsası, bizə sağlam nəsil lazımdır”.

Məktəblərdə fiziki tərbiyə dərslərinin əhəmiyyətindən danışan Ağsu rayon Qaraqoyunlu kənd orta məktəbinin gənc müəllimi Nuray Mehrəliyev şagirdlərinin idmanda uğurlarına artıq nail olanlardandır: “Ölkəmizdə idmana xüsusi qayğı var. Təhsil Nazirliyi də idmanın kütləviləşməsi istiqamətində ardıcıl tədbirlər görür. Bu məsələdə mənim kimi fiziki tərbiyə müəllimlərinin üzərinə böyük iş düşür. Kurikulum sistemi də imkan verir ki, fiziki tərbiyə dərslərini daha da maraqlı, əyləncəli, cəlbedici edək. Mən həm müəllimliyi sevirəm, həm idmanı. İki il sərbəst güləşlə məşğul olmuşam. Müxtəlif nəticələrim də var. Lakin sol ayağımdan ağır zədə aldığım üçün ixtisasımı dəyişərək, voleybolu seçdim. Bu idman növü üzrə birinci dərəcəli hakim adına layiq görüldüm. Bu idman sahəsində də bacarıqları necə inkişaf etdirəcəyimi bildiyimin nəticəsidir ki, müəllimi olduğum Ağsu rayon Qaraqoyunlu kənd orta məktəbinin “Turan” voleybol komandası rayon birinciliyini qazanaraq, kuboku məktəbimizə gətirdi”.

“Müəllimlərdə mütləq olacaq” - hər dərdə çarə müəllim

Bir zamanlar kim hansı suala cavab tapmayanda, müəllimdən soruşurdu. “Müəllimdir, bilər” deyib ixtisasının nə olduğu ilə maraqlanmazdı da. Nə fərqi var ki, hansı ixtisasa yiyələnib. Əsas odur ki, müəllimdir. Müəllim də sualın altında qalmaz, mütləq bir fikir söyləyər, o fikir birmənalı olaraq qəbul edilərdi. “İndi zaman dəyişib”, - deməyin. Ucqar kəndlərdə indi də belədir. Müəllimlərlə bağlı bu təsəvvür hələ də qalır. Müəllimin hörməti də, nüfuzu da elə öz yerindədir. Bunu ucqar kəndin gənc müəllimləri müşahidə edib. Qubanın Zeyid kəndində dərs deyən Gülşən kəndlə şəhəri belə müqayisə edir: “Şəhərdə hazırlıqla məşğul olmuşam, təcrübə vaxtı da uşaqlarla işləmişəm. Amma şəhər uşaqlarında o həvəs, müəllimə hörmət, emosional hisslər qalmayıb. Hər şey adiləşib. Kənddə uşaqlar daha təmiz, daha inamlıdırlar. Şəhər məktəblərində müəllimlə anlaşılmazlıqlar çox olur. Burada isə o cür problemlərlə üzləşmirik. Kənd mühitində dərs deməyin çətinliyi odur ki, valideynlər təhsilsiz olduğuna görə uşağa evdə kömək edən yoxdur”.

Bu saf münasibəti əhalidə də hiss edən Gülşənin sözlərinə görə, kimə hansı dərman lazım olsa, məhz kəndin gənc müəlliminə üz tutur, “Müəllimdə mütləq olacaq”, - deyirlər. Bu da müasir Azərbaycan müəlliminin yaratdığı daha bir obraz. Xəstəyə loğman, xəstəliyə dərman ola biləcək bir kənd müəllimi obrazını Gülşən Yolçubəyli Zeyid kəndində yaradıb. Azərbaycanın ayrı-ayrı ucqar nöqtəsində bu cür gənc müəllim çoxdur.

Erkən nikah onların ortaq “problemi”dir

Özü çətinliklə oxuyub, çətinliklərə sinə gərərək ailəsindən uzaqda müəllimlik edən 24 yaşlı gənc müəllimi - Gülşən Yolçubəylini narahat edən səbəb, əslində, ölkəni narahat edir: “Çalışdığım kənddə qızlar çox erkən evlənir. Məktəbin yuxarı siniflərində qızlar artıq nişanlıdırlar. Hətta vəziyyət elə səviyyədədir ki, on birinci sinifdə oxuyan və hələ də nişanlanmamış qıza birtəhər baxırlar. Bu, məni çox üzür”.

Müəllimlərin mərkəzləşdirilmiş işə qəbul imtahanlarında yalnız ucqar kənd məktəblərindəki vakansiyaları seçən gənc müəllim indi qız şagirdlərini özü kimi taleyi ilə barışmamağa inandırmaq istəyir. Hər dərsin 10-15 dəqiqəsini onlarda mübarizə ruhunu qaldırmağa həsr edir.

Söhbət hər sinifdə 2-3 şagird olmaqla cəmi 17 şagirdi olan gənc müəllimdən gedir. Ancaq bu rəqəmə baxıb pessimizmə qapılmır. Cəhalətdən bircə qızı xilas etsə də, kardır. Odur ki, böyük əzmlə dəniz səviyyəsindən 2236 metr hündürlükdə, 150 nəfərlik bir kənddə, xəstəyə dərman tapmağa, qızlara ümid olmağa çalışır. O, bilir ki, bu mübarizədə tək deyil. Çoxlu gənc müəllim onunla eyni cəbhədə döyüşür. Gədəbəydə doğulub, Bakıda böyüyüb, Qubaya müəllimlik etməyə yollanan Xəyalə kimi. Qəçrəş kənd məktəbində “Tarix” fənnini tədris edən Xəyalə Əsgərli də cəhalətlə savaşda onunla çiyin-çiyinədir. Qızların erkən nikaha marağının olması əvvəlcə onu təəccübləndirib: “11-ci sinifdə universitetə yalnız 2 qız hazırlaşır. Bu vəziyyəti dəyişmək üçün əlimdən ancaq yaxşı müəllim olmaq gəlir. Ən yaxşı müəllim, məncə, şagirdlərin sevdiyi müəllimdir. Müəllim şagirdlərin sevdiyi olmalıdır ki, üzərlərində təsir qüvvəsi olsun və lazım gələrsə, təhsil almaq hüququ əllərindən alınanda, mübarizəyə onların özünü də qoşa bilsin. Mən də buna çalışıram”.

Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səridə Quliyeva deyir ki, dərs dediyi məktəb ucqar kənd məktəblərindən seçilsə də, burda da erkən nikah probleminin olması onu narahat edir: “Ən böyük problem şagirdlərimi tələbə bileti ilə görmək varkən, gəlinlikdə görməkdir. Amma burada oxumaq istəyən oxuyur”.

Ucqar kənddə müasir dərs

Ölkədə tədris standartları dəyişib. Yeni metodlarla dərs keçən müəllim ölkənin ən ucqar nöqtələrində də var. Elə deyək sosial şəbəkə fenomeni Həbib müəllimi. Onun dərsi, adətən, müzakirə müstəvisinə çevrilir: “Dərslərdə debat təşkil edirik. Hər iki tərəf fikir yürüdür və hər hansı məsələnin həll yolları müzakirə olunur. Yəni şagirdlər özünüifadəni öyrənir. Müasir təhsil sisteminin əsas məqsədlərindən biri də məntiqi və tənqidi düşüncənin inkişaf etdirilməsidir”.

Müasir kənd müəlliminin dərsi 45 dəqiqə ilə məhdudlaşmır. O, bütün gün ərzində şagirdlərlə təmasdadır. Həbib müəllim də həmin kənd müəllimlərindəndir. Dərsdə öyrədir, tənəffüslərdə uşaqlarla vaxt keçirir, birgə oyunlar təşkil edir, çay içir, gəzintiyə gedir və s. Onun fikrincə, uşaqlarla birgə təşkil edilən hər tədbir tədrisin tərkib hissəsidir.

İmişlinin Sarıxanlı kənd 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnur Həsənov da Həbib müəllimdən geri qalmır. O, keçdiyi dərsin fərqini belə izah edir: “Biz təkcə informasiya ötürmürük, həm də mövzuya yaradıcı yanaşma istəyirik. Buna görə də dərsi daha yaxşı qavramaları üçün şagirdlərə mövzu ilə bağlı kiçik esse yazmağı tapşırıram. Yazı yazdıqca şagirdlərin fikrini çatdırmaq, mühakimə etmək və səlis nitqlə danışmaq bacarığı da artır”.

Həbib müəllim kimi, Elnur müəllim də dərsdə diskussiya yaradır: “Şagird gözləmir ki, əlini qaldırıb löhvə qabağına gəlsin və dərsi danışsın. Biz dərs müddətində hamımız mövzunu müzakirə edirik. Hamımız sual da veririk, cavab da alırıq”.

Narıngül Məhəmməd qızı Balakən rayonunun Qazbölük kənd tam orta məktəbinin müəllimidir. Kənd ucqarda yerləşsə də, buradakı şəraitdən razı olan gənc müəllimin sözlərinə görə, 2011-ci ildə tikilən məktəb binası burada müasir dərs standartlarını tətbiq etməyə imkan verir. Tədris etdiyi “Texnologiya” fənni barədə danışan müasir müəllim dərsdə uşaqların əl qabiliyyətlərini, bacarıqlarını üzə çıxarmağa çalışır: “Dərs zamanı həm nəzəri məlumatı mənimsəyir, həm də praktiki olaraq, qrup işləri görürük. Ev tapşırığı olaraq, hər hansı məmulatın hazırlanmasını onlardan istəyirəm. Keçdiyim mövzuya uyğun olaraq, evə praktiki iş verirəm. Bu, əsasən, hər hansı fiqurun düzəldilməsi, hansısa əl işinin hazırlanması olur. Bəzən özüm nümunə üçün düzəltdiyim əl işlərini dərsə gətirirəm”.

Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəllimi Gülnar Əhmədova işlədiyi müddətdə artıq fənnini sevdirib: “Sentyabrda ilk dəfə məktəbə gələndə, şagirdlərin kimya ilə maraqlanmadığını gördüm. Artıq o günlər geridə qalıb. İndi kimyaya maraq göstərir, dərslərə müntəzəm cavab verirlər. Təsəvvür edin, əvvəllər II və III ixtisas qruplarına hazırlaşmaq istəyənlər sonradan kimya fənninin olduğu I-IV qruplara maraq göstərdilər. Hətta kimya müəllimi olmaq istəyənlər də var. Burada laboratoriya otağı olmasa da, əvvəldən qalan bəzi maddə və sınaq şüşələrini sinifdəki dolaba qoymuşuq. Buranı bir növ, kimya kabinetinə oxşatmışıq. Mövzumuza uyğun bəzi sadə reaksiyalar apara bilirik. Şagirdlər təcrübə apardığımız dərsə daha çox maraq göstərirlər”.

Onlar uzağı yaxın etmək istəyirlər

Rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə işə başlayan müəllimlər dərsini deyib evinə getmək, iş yerini dəyişib ailəsinə qayıtmaq niyyətində deyillər. Mübariz ruhlu gənc müəllimlər uzağı yaxın etməkdə qərarlıdırlar. Məsələn, Həbib Əlizadə özü kimi müəllimləri başına yığıb ucqarlarda müəyyən işlər görmək niyyətindədir: “Tək işlədiyim yerdə yox, digər məktəblərdə də. Ümid edirəm, yaxın günlərdə 3 ucqar məktəbdə uşaqları sevindirəcəyik. Eyni zamanda, uşaqlara kitab paylamanı sosial layihəyə çevirməyə çalışırıq. Gənc və işini sevən müəllimlərlə birgə də müəyyən yeni layihələr ola bilər. Bunun üçün də həm maliyyə, həm də müəllimlərin istəyi önəmlidir. Yaxın gələcəkdə olmasa belə, növbəti illərdə bunu etməyə çalışacağıq”.

Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin gənc müəllimi Ehtiram Safquliyev ucqar kəndlərə müəllim kimi getmək istəyənlərə deyir: “Möhkəm və səbirli olsunlar. Şəraitə uyğunlaşdıqdan sonra işlər yoluna düşəcək. Əsas olan yalnız işini sevmək, öz yoluna inamla davam etməkdir. Bunu edə bildikdən sonra hər şey asandır. İnanın ki, ucqarlarda gənclərə çox böyük ehtiyac var. Onlar bu təhsil ocaqlarında yeni nəfəsdir. Orada yaşayanların da təhsil almaq hüququ var. Biz də bu işdə onlara yardım etməliyik. Çünki bu, bizim ən müqəddəs borcumuzdur”.

28 -dən səhifə 30

Əlaqəli xəbərlər