1517062128_araz.jpg

Araz.az xəbər verir ki, Araz Babək oğlu Yusifov prezident İlham Əliyevə müraciət edib. Səbəb isə polislər tərəfindən döyülməsidir.
Yasamal rayonu Salatın Əsgərova küçəsi dalan 6, ev 6. üvanında yaşayan Araz Yusifov iddia edir ki, törətmədiyi cinayəti boynuna almadığı üçün polislər onu amansızlıqla döyüblər.
"Hörmətli, cənab Prezident! Mənim narazılığım törətdiyim döymə əməlinə görə mənə açıq-aşkar əsassız olaraq quldurluq maddəsi ilə ittihamın verilməsi, istintaq zamanı hüquqlarımın kobud formada pozulması, 29-cu polis bölməsində və Yasamal Rayon Polis İdarəsində polis əməkdaşlarının zorakılığına məruz qalmağım və bununla bağlı obyektiv araşdırma aparılmamasındadır”.
Belə bir vəziyyətin yaranması isə təsadüfi olmayıb. Hər şey Araz Yusifovun tanışı ilə qisas almaq fikrinə düşməsindən sonra başlayıb.
Əsgərlikdən qalan kin
"Belə ki, mən tanışım Səfər-zadə Qulu Əli oğlu ilə birlikdə Ağayev Rəvan Xanlar oğlunu döymüşük, həmin vaxt mən Rəvan Ağayevin sifətinə bir dəfə yumruqla vurmuşam. Onu döyməyimizin səbəbi isə mən 2002-2003-cü illərdə Cəlilabad rayonunda həqiqi hərbi xidmətdə olduğum zaman həmin vaxtlar qeyd etdiyim hərbi hissədə komandir müavini vəzifəsində işləyən Rəvan Ağayevin dəfələrlə məni təhqir edib məni döyməsi olub. Rəvan Ağayevin onun tabeçiliyimdə olmağımdan sui-istifadə edərək mənə qarşı təhqir edici zorakılıqlar etməsi hərbi xidmətdə olduğum müddətdə məni fiziki və mənəvi iztirablara məruz qoyub. Onun məni döyərkən alnıma yetirdiyi xəsarətin izi bu gün də qalmaqdadır.
Araz Yusifov
Mən hərbi xidmətimi 2003-cü ildə başa vurduqdan sonra uzun illər Rəvan Ağayevlə rastlaşmamışdım. Mən onu hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərində "20 Yanvar” metro stansiyasının yaxınlığında saat 08 radələrində gördüm. Bundan sonra mən bir neçə dəfə onun eyni vaxtda həmin ərazidən keçdiyini görüb başa düşdüm ki, o, həmin vaxtlarda oradan işə gedir. Mən Rəvan Ağayevi görəndən sonra onun mənə qarşı etdiyi təhqiredici və zorakılıq hərəkətləri yadıma düşdüyündən onu döydürüb ondan qisas almaq qərarına gəldim.
Bu məqsədimi mən tanışım Mikayıl Qafarova deyib, ondan mənə kömək etməsini xahiş etdim. O da tanışı Qulu Səfər-zadəni mənimlə tanış etdi və bildirdi ki, Rəvanı döyməklə Qulu sənə kömək edəcəkdir. Bundan sonra mən Qulu ilə birlikdə gəlib "20 Yanvar” metro stansiyası yaxınlığında gediş-gəlişin az olduğu küçədə Rəvan Ağayevlə rastlaşıb onu döydük və mən həmin vaxt ondan qisasımı almaq üçün yumruqla bir dəfə onun sifət nahiyəsinə vurdum”.
A.Yusifov deyir ki, buna baxmayaraq polis idarəsində ona qarşı qondarma ittiham sürüblər. "Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin icraatında CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə istintaq olunmuş 1700 90333 nömrəli cinayət işi üzrə mənə verilən ittihama görə guya mən tamah niyyəti ilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, yəni tanışlarım Səfərzadə Qulu Əli oğlu və Qafarov Mikayıl Hüseyn oğlu ilə birlikdə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə 25 iyun 2017-ci il tarixdə saat 08 radələrində Səfər-zadə Qulu Əli ilə birlikdə Ağayev Rəvan Xanlar oğlunu təqib edərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən Azərbaycan Respublikası Uşaq Ankoloji Xəstəxanasının qarşısında yaxınlaşaraq üzərimdə olan dəmir parçası və bıçaqdan silah qismində istifadə etməklə R.X.Ağayevi basqına məruz qoyaraq, dəmir parçası ilə sifət və baş nahiyəsinə, sonra bıçaq ilə arxa yan nahiyəsindən bir dəfə vurub ona məxsus 400 manat dəyərində "Samsung Galaxy S5 Mini” markalı, üzərində 20 manat dəyərində "070 256 11 41” "Fəukaht” nömrəsini və cibində olan 50 manat pulunu yerdə götürüb ələ keçirərək, sonuncuya maddi ziyan vurmaqla quldurluq etmişəm. Nəzərinizə çatdırım ki, mənə elan olunan ittiham başdan-ayağa cəfəngiyyat olmaqla, əsassız və qanunsuzdur”.
Şikayətçi vurğulayır ki, Rəvan Ağayevi döyərkən heç vaxt onun əmlakını, o cümlədən telefonunu və pulunu ələ keçirmək niyyəti olmayıb: "Mənim niyyətim yalnızhərbi xidmətdə olduğum dövrdə onun mənə yetirdiyi fiziki və mənəvi iztirabların, qismən də olsa, əvəzini çıxmaq olub. Hadisə zamanı Rəvan Ağayevin ittihamda qeyd edilən telefon və pulundan mənim xəbərim olmayıb və həmin əşyaları mən görməmişəm, görsəm də belə, mən heç zaman onun puluna və telefonuna əl uzatmazdım, çünki bu hərəkətləri hər şeydən əvvəl mən özümə təhqir hesab edirəm. Təbii ki, öz şəxsiyyətimə vurulan fiziki və mənəvi zərəri bağışlamadığım halda, öz şəxsiyyətimi alçaldıb əvəz çıxmaq əvəzinə 50 manatına və köhnə telefonuna tamah salmağım heç zaman ağlımdan belə keçməyib”.
A.Yusifovun sözlərinə görə, işi aparan müstəntiq Qasım Abbasov cinayət işinin qurtarması barədə ona heç bir məlumat vermədən və məni cinayət işinin materialları ilə tanış etmədən ittiham aktını prokurora təsdiqlədib işi məhkəməyə göndərib:
"Belə ki, 15 yanvar 2018-ci il tarixdə saat 17 radələrində ittihamın qanunsuzluğu ilə bağlı Bakı şəhəri, Yasamal Rayon Prokurorluğunda qəbulda olmaq istəyərkən dəftərxanadan mənə bildirdilər ki, Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində barəmdə Azərbaycan Respublikası CM-nin 181.2.1. və 181.2.5-ci maddələri ilə istintaq olunan 170090333 nömrəli cinayət işi yekunlaşdırılmış tərtiib olunmuş ittiham aktı prokuror tərəfindən təsdiqlənib. Halbuki, mən dəfələrlə müstəntiq Qasım Abbasovla əlaqə saxlayıb işimin nə yerdə qalmasını, mənə verilən əsassız ittihamın aqibətinin necə olmasını soruşsam da, o, məni aldadaraq, hələ istintaqın davam etdiyini, məruzədən sonra əsassız quldurluq maddəsi ilə verdiyi ittihamı sağlamlığa yüngül zərər vurma maddəsinə dəyişəcəyini, ona görə də Bakı Şəhər Prokurorluğuna gedib vəsatət verməyimin lazım olduğunu bildirib. Mən verilmiş itihamın əsassızlığı ilə bağlı Bakı Şəhər Prokurorluğuna getdikdə oradan məni Yasamal Rayon Prokurorluğuna göndərdilər, Yasamal Rayon Prokurorluğunda olanda isə artıq istintaqın tamamlanıb ittiham aktının təsdiq edildiyini bildirdilər”.
Tanışı ilə görüşə gedir, onu mülki geyimli polislər qarşılayırlar
A. Yusifov deyir ki, hadisədən 5 gün sonra – 30-06.2017-ci il tarixdə saat 13 radələrində Səfər-zadə Qulu Əli oğlu telefonuna zəng edib görüşmək üçün "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığına çağırır: Mən "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığına çatan kimi mülki geyimli şəxslər mənə hücum edib məni tutub mülki maşına basaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə apardılar. Həmin şəxslər özlərini təqdim etmədiklərindən mən onların polis əməkdaşları olduğunu bilmədiyimdən telefonumla Daxiili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmək istədim, lakin həmin şəxslər mənim telefonumu əlimdən alıb şüşəsini sındıraraq mənə qarşı zorakılıq etməyə başladılar.
"Dalaşdığımı dedikdə onlar məni döyməyə başladılar”
Polis bölməsinə çatdıqdan sonra isə onlar məndən quldurluq cinayətinin etirafı ilə bağlı yazılan izahatı imzalamağımı tələb etdilər. Mən onlara quldurluq deyil, dalaşdığımı dedikdə onlar təpik və yumruqla vuraraq məni döyməyə başladılar. Həmin gecə məni qanunsuz olaraq polis bölməsində saxladılar, sabahı gün isə onların döyməsi nəticəsində aldığım xəsarətləri gizlətmək üçün guya yıxılıb xəsarət almağımla bağlı tərtib etdikləri sənədləri və izahatı imzalamağımı tələb etdilər, yenə də mən həmin sənədləri imzalamaqdan imtina etdim.
Bundan sonra onlar məni Yasamal Rayon Polis İdarəsinə aparıb müvəqqəti saxlama yerinə təhvil verdilər. Eynilə 17 dekabr 2017-ci il tarixdə polis idarəsində müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən döyüldüm. Döyülməyimin səbəbi isə soyuq havada MSY-nin həyətinə çıxmaqdan imtina etməyim oldu. Müvəqqəti saxlama yerindən istintaq təcridxanasına təhvil verilən zaman polis əmədaşları tərəfindən döyülərkən aldığım xəsarətlər açıq-aşkar görünürdü. Ona görə də istintaq təcridxanasında mənim aldığım xəsarətlər sənədləşdirildi. Polis əməkdaşları tərəfindən döyülməyimlə bağlı dəfələrlə rəsmi şikayətlər versəm də, Yasamal Rayon Prokurorluğunda araşdırma aparan müstəntiqlər mənim xəsarətlərimi yıxılma kimi qiymətləndirərək toplanan material üzrə cinayət işinin başlanmasını rədd etdilər. Pozulmuş hüquqlarımın bərpa edilməsi ilə bağlı dəfələrlə etdiyim müraciətlərin heç bir nəticəsi olmayıb. Ona görə də Sizdən mənim pozulmuş hüquqlarımın bərpa olunması üçün qanuni tədbirlər görülməsinə göstəriş verməyinizi xahiş edirəm”. Pressclub.az