Çağdaş mədəniyyət və teatr prosesi - “Tamaşaçısı olmayan teatr bir xalqın kültür düzəninin məhvidir”

1537962507-909.jpgCəmiyyətin inkişaf yollarından biri də zaman və onun ritminə köklənmiş özümlü mədəni prosesdir. Azərbaycanda təəssüflər olsun ki, bu prosesin mənəvi, sosial, ictimai və texnologiyalarının heç biri tətbiq olunmur. Bu gün müşahidə olunan budur ki, yeni nəsil ölkənin mədəni prosesində aktiv şəkildə iştirak etmək istəsə də, darğınlıq sindromu ilə üz-üzə qalıblar. Bunun səbəbi mədəniyyət nazirliyi, Dövlət İncəsənət və Mədəniyyət Universiteti, Milli Konservatoriya, Bakı Musiqi Akademiyası və Rəssamlıq Akademiyası birlikdə bu konsepsiyasını ortaya qoymayıblar. Bu günün və gələcəyin, yəni XXI yüzilin şərtləri içində Azərbaycanın özümlü mədəni prosesi hansı meyarla inkişaf etməlidir sualına cavablar yoxdur. Bütün zamanların ünlü bəstəçisi dahi Üzeyir Bəy Hacıbəyli XX yüzilin başlanğıcında Azərbaycanın mədəniyyət konseptini həmfikirləri ilə birlikdə ortaya qoya bildiyi üçün, ulusal (milli) mədəni proseslər gəlişə bildi. Bəs XXI yüzilin konsepti necə olmalıdır? Bu sual ironik şəkildə bəlirsizlik sindromunu yaşayır.

Etnokultur siyasəti dünyanın gəlişən düzənidir

Bu gün Avropa, Yaponiya, Kanada və ABŞ-da çağdaş mədəniyyət siyasəti etnokultur düzənində gəlişir. Hər bir toplum sadəcə dövlət olma düzəni ilə deyil, həm də onun coğrafi hüdudlarının çərçivəsini cızır. Artıq ulusal mifologemləri bu günün düzəni çərçivəsində mənəvi, ictimai, sosial və psixoloji yönlərinin estetik-bədii biçimlərini (forma) ortaya qoyurlar. XXI yüzilin kültür doktrinasının konseptini ortaya atmaqla, dövlətləşmənin üst düzənini biçimləndirirlər. Azərbaycanda isə, gözəlim mədəniyyət nazirliyində bütün bunların dəyərlərini bilən bir nəfər də olsa, mütəxəssis çalışmadığı üçün, hər şey keçmiş Sovetlər Birliyinin “nomenklatura” təfəkkür tərzindən irəli gedə bilmir. Eynokultur düzən dedikdə, “çal-oyna” anlamı yada düşməməli, ulusal dövlət olmanın dəyərləri və onun bədii-estetik biçimlərinin gəlişdirilməsi gündəmdə olmalıdır. Özəlliklə kültürün teatr bölümü bu yöndə öndə gedən proses sayılmalıdır. Min dəfələrlə təəssüflər olsun ki, “direktor teatrı” anlayışı ilə bürokratik düzən çözümünü bulmayacaq. Bunun üçün ilk öncə çağdaş rejissor sənətinin üstün dəyərlərini bilən mütəxəssislər və kulturoloqların birgə iş prinsipləri ortaya qoyulmalıdır. Yeni nəsil dramaturqlarla zamanın bədii-estetik dəyərlərini uzlaşdıra biləcək konseptlər işlənilməli və prosesin sürətlə gəlişməsinə dəstək olunmalıdır. Teatr prosesinin önə çıxarılmasında vacib işləri görə biləcək Teatr Xadimləri İttifaqı isə bütün hallarda susqunluq nümayiş etdirir. Çünki, bu qurumun rəhbəri Azərpaşa Nemətov və onun “təqaüdçülər komandası” “sovet düşüncə sistemi”ndən uzağa gedə bilmir. Peşəkar sənət mühitinin dinamizminin olmaması bu amillə bağlıdır.

Daxili teatral proseslər

Bunun üçün ilk öncə mədəniyyət nazirliyi rejissorların hüquqlarını və statusunu özünə qaytarmalıdır. 26 il mədəniyyət nazirinin teatr və kino sahəsi üzrə müavini olmuş, “əbədi nazir müavini” statusu ilə savadsızcasına bu iki sahəni çökdürən Ədalət Vəliyevin mirası olan “direktor teatrı” siyasətinə son qoyulmalıdır. Modern sənətin kütləvi xarakter daşıması üçün, bu prosesin eltiar səviyyədə gəlişməsinə dəstək verilməlidir. Teatrlar sadəcə eksperiment məkanı deyil, həm də böyük yaradıcılıq ocağı statusuna sahib çıxmalıdır. Mədəniyyət nazirliyi süni şəkildə direktorların yerini dəyişməklə, guya islahat aparırmış kimi cəmiyyəti aldatmamalıdır. Ən böyük islahat elə direktorların özündən başlanılmalıdır. Onlar rəhbəri olduqları teatrda hansı keyfiyyətlərinə görə bu vəzifəni daşıyırlar sualına aydınlıq gətirilməlidir. Faktiki olaraq, teatrlarda 20-25 yaşında olan gənclərə rast gəlinmir. Çünki, teatr prosesi yox kimidir. Yeni nəsil dramaturqlar isə ümumiyyətlə yetişmir. Çünki, “direktor teatrı” bu prosesə mane olur. Direktor inzibatçı deməkdir. Əgər “direktor teatrı” anlayışı mövcuddursa, o zaman teatrlar həbsxana və orada çalışanlar da məhbuslar deməkdir. Belə olduqda teatrlarda yaradıcılıqdan danışmağına dəyməz. Rejissor Teatrı dedikdə isə gerçək teatr mühitinin gəlişməsi konsepti özünün dinamikliyi ilə kültür düzənində proseslərin axarını isbat edir. Modern teatr klassik ənənələrin sintezini uyumlu bir biçimdə böyük sənət örnəyinə çevrilir.
“Meta-narrativa” düşüncəli (kiçik adamlar) “direktor teatrı” anlayışı heç bir zaman əsil sənət mühitini yarada bilməz. Dinamik teatr mühitinin perfomansının sınırları rejissor teatrı anlayışında sunulduğunda (təqdim) teatr özümlü sənətə çevrilir. Tamaşaçı əsil rejissor və teatr tamaşasının qarşısında özünü idenfikasiya edə bilir. Bu, həm də teatr prosesinin bir parçasına çevrilir.

 

Yaradıcılıq mühiti və teatrın tipi

Hər bir peşəkar rejissor həm də yaradıcılıq ustalığı deməkdir. Beləliklə də müəllif yaradıcılığı meydana gəlir. Aktyor sənəti isə yüksək səviyyədə inkişaf edir. Aktyor öz zamanının rolunu oynaya bilir. Dramaturqun nəyi və necə yazmasından asılı olmayaraq həmin əsərin rejissorun və aktyorun sayəsində zamanın ritminə və ruhuna çevirmək yaradıcılıq mühitinin gəlişməsi deməkdir. Teatr Xadimləri İttifaqı isə öz üzərinə düşən bu missiyanı son 18 ildə yerinə yetirməyib. Çünki, bu qurum indiki halı ilə “təqaüdçülər ittifaqı”na bənzəyir. Eksperimental, qeyri ənənəvi, avanqard, müəllif, psixoloji, modern, digər üslub və janrlarda teatrı mühitinin canlanmasına qarşı ən böyük əngəl də elə bu “təqaüdçülər ittifaqı”, mədəniyyət nazirliyidir. Nazirlik inzibati baxımdan teatr mühitini nizamlamırsa, “təqaüdçülər ittifaqı” da illərin yorğunluğu içində mürgü döyməklə zamanı yola verməklə məşğuldur. Ona görə də teatr prosesinin estetik yönləri yox kimidir. Tək bir estetika var, o da “direktor teatrı” adlı əndrabadi idarəetmə. Teatr mühitinin irəli getməsi üçün hər il ölkə teatrlarının festivalları keçirilməlidir. “Rejissor Teatrı” adlı anlayışın estetik düzəni bu festivalların sayəsində özünü təsdiq edir. Yeni rejissorlar, aktyorlar və dramaturqlar nəsli məhz bu festivalların sayəsində ortaya çıxır. Yeni üslub və janrların üzə çıxmasında, estetik-bədii tutumunun və yorumunun sənətə çevrilməsi festivalların sayəsində ictimailəşir. Təbiətin konflikti və XXI yüzilin yeni dramaturgiyası məhz bu amilə bağlıdır. Çünki, zamanın ritmi, estetik-bədii yorumu tipoloji sxemlərin sayəsində dramaturgiya gəlişə bilər. Modernizmin və absrudizmin yönləri ənənəvi teatr, sunstansional konfliktlər çağdaş insan dünyasının duyumuna təkan verməlidir. Sintez və mifoloji enerji mövcud steorotiplərə son qoyur. Beləliklə də cəmiyyəti sarmış mənfi enerjilərin yükü azalır. “Yırtıcı kapitalizm” və “aqrar feodalizm” düşüncəsi demokratik anlayışla əvəzlənir. Heç bir siyasi partiyanın, vətəndaş cəmiyyəti instititunun və insan haqları təşkilatlarının görə bilmədiyi işi “Rejissor Teatrı” mənfiliklərdən cəmiyyəti azad edə bilər. Aksikoloji dəyərlər və dünyanın gündəlik yaşam tərzində yer alan mənfilikləri universal səviyyədə sintetizm və mif anlayışını teatrın gücü ilə çözmək mümkündür. Kültürün paradiqması çağdaş gender statusunun bütün dəyərlərini özündə ehtiva etməklə zamanın ritmini dəyərləndirə bilir. Təbii olaraq burada dramaturgiyanın gücünü da hesablamaq gərəkdir. Teatr bununla da sosiumun estetik-bədii yönlərini irəli apara biləcək silaha çevrilir. İrrasional planda “direktor teatrı”nın zabitəli düşüncə tərzi sadəcə mətbəx təfəkkürü ilə tamamlanır. Ona görə də teatrlarımız ölgün durumdadırlar. Əgər bütün bunları mədəniyyət nazirliyi və Teatr Xadimləri İttifaqı görmürsə, ona dəyər vermirlərsə, deməli çox böyük problemlər var. Monoqram üslubu ilə müəllif-aktyor və personaj interaktiv yolla tamaşaçı ilə harmoniyanı yarada bilir. Beləliklə yaradıcılıq mühiti də doğal (təbii) yolla gəlişir. Sənət və ona verilən dəyər özünün elitar səviyyəsini qoruyub saxlayır.

Teatr demokratiyanın təməlidir

XXI yüzilin başlıca konsepti sözün hökmü deyil, zamanın ritmi demokratiyadır. Bunu dərk etmək üçün teatr və kültür düzənində baş verən sənət proseslərinə diqqət etmək gərəkdir. Belə ki, bütün iqtisadi yüksəlişlərin yolu peşəkar sənət aləmindən keçir. Bütün estetik-bədii yönlərin canlı laboratoriyası teatrdır. Əgər teatr yoxdursa, cəmiyyətin deqradasiyası mütləq hakimdir. Ona görə də Avropa ölkələri gəlişən düzənlə gələcəyə doğru böyük başarıları əldə etmək üçün teatr mühitinə üz tutublar. İqtisadiyyat və maliyyə sektoru anlayır ki, bazar münasibətlərinin və cəmiyyətin gəlişməsi kültür düzəni ilə sıx bağlıdır. Ona görə də kulturologiya elminə milyonlar xərcləməkdə uf demirlər. Differansial cəmiyyətlə dərinləşən münasibətlər bunun üzərində köklənir. İndiki iqtisadi uğurların açarı elmi-texniki gəlişmə ilə deyil, toplumla kültür bağlarının qurulmasından çox asılıdır. Qərbdə “Teatr Yarmakaları” siyasətinə dəstək verilir. Hətta teatr prosesinin üstün səviyyədə gəlişməsi üçün prodüsser mərkəzləri yaradılıb. Beləliklə “Rejissor Teatrı” və prodüsser mərkəzləri bir-birini tamamlayırlar. Bütün bunlardan mədəniyyət nazirliyinin, gözəlim “təqaüdçülər ittifaqı”nın, daha doğrusu Teatr Xadimləri İttifaqının bilgisi olmadığı üçün, əndrabadi “direktor teatrı” hökm sürür. Teatrın təşkilatlanması və iqtisadiyyatı üzərində qurulan strategiya dövlətin bel sütununa çevrilir. Çünki, istənilən teatrın daxili idarəetmə düzəni düzgün qurulub. Direktorun əsas görəvi menecerlikdir. Tamaşanı satmaq və anlaşma yolu ilə gəlir götürmək. Teatrın fuksionallığının hansı konseptlə irəli getməsinə isə sorumlu rejissordur.
Görkəmli belorus teatr tənqidçisi Petr Fomenko çox haqlı olaraq qeyd edir ki: “Teatr inzibatçıların nəzarətinə verilirsə, bu bütün faciələrin, sənətin ölüm anına imza atılıması deməkdir. Çünki, direktor inzibatçı kimi tamaşaçını teatrdan uzaqlaşdıran diktatordur”. Bu acı gerçəyə onu əlavə etmək olar ki: “Tamaşaçısı olmayan teatr bir xalqın kültür düzəninin məhvidir”.

Müdrik olmaq istəyirsənsə teatra get

Tatar atalar sözünə çox şeylər əlavə etmək olar. Teatr sadəcə tamaşa oynamaq deyil. Orada musiqi var, rəssam işi var. Ən nəhayət canlı aktyor var. Onları saya salmamaq, rejissoru adam yerinə qoymamaq ancaq “direktor teatrı” siyasətində rast gəlmək olar. Belə bir mənasız direktivə nə zaman son qoyulacağı isə mədəniyyət nazirliyinin teatr sənətini öyrənəcəyi günə bağlıdır. Bir gerçəyi anlamaq gərəkdir ki, teatrın gəlişməsi demokratiyanın cəmiyyətdə qələbə çalması deməkdir. Zamanın ritminin önə çıxmasıdır. Sənətin yaratdığı proses cəmiyyətin kültür düzənində intellektual səviyyəsinin artması və güclənməsidir. Yaradıcılıq mühiti olmayan yerdə diktator düzəni adına “direktor teatrı” anlayışı hökm edər.
“Antiteatr” siyasəti yürüdənlər səfehlik edərək bəhanə tapıblar: “Rejissor teatrı bu gün dünyanın hər yerində böhran içindədir. Rejissorların mənasız eksperimentləri teatrı öldürdü”. Bu sözlərdə müəyyən gerçəklik var. İstedadsız adamlar hər yerə dürtülürlər. Bu xəbis insanlar özləri kimi istənilən sahəni iflic edə bilirlər. Ancaq, bu o demək deyil ki, “Rejissor Teatrı” tamamilə hüquqsuz olsun. Mədəniyyət nazirliyi Ədalət Vəliyev adlı bir keçmiş bürokratın ideyasını düz 18 ildir ölkə teatrlarına tətbiq edib. Rejissorların bütün hüquqları əllərindən alınıb. Rejissorlar istedadsız və intellektual səviyyəsi aşağı olan direktorların məntiqsiz iradələrinə tabe etdiriliblər. Dünyanın heç bir ölkəsində rejissorlar bunca alçaldılmırlar. Necə ki, Azərbaycan mədəniyyət nazirliyində bunu tətbiq ediblər.

Ənvər BÖRÜSOY, sənətşünas