Dövlət Gömrük Komitəsinin Akademiyasında “Sabir gecəsi” keçirilib

Copy of IMG_6763.JPG

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu”nun təşkilatçılığı ilə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirə həsr olunmuş “Sabir gecəsi” adlı tədbir keçirilib.
DGKA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Araz.az-a verilən məlumata görə, öncə M.Ə.Sabirin həyat və yaradıcılığına həsr olunmuş videoçarx təqdim olunub. Tələbələrin ifasında M.Ə.Sabirin Azərbaycan ədəbiyyatında mühüm yer tutan satirik şeir və qəzəlləri, yazdığı əsərlərdən parçalar, monoloq və dialoqlar, görkəmli qələm sahibinin əsərləri əsasında hazırlanmış səhnəciklər təqdim edilib.

Akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov maraqlı tədbirin təşkilinə görə tələbələrə təşəkkür edib. Akademiyanın rəisi bildirib ki, Azərbaycan ədəbiyyatında özünəməxsus fərqli bir yer tutan M.Ə.Sabirin yaradıcılığını öyrənmək çox vacibdir. M.Ə.Sabirin əsərlərinin xalqın cəhalətdən ayılması üçün böyük işlər gördüyünü deyən Qulu Novruzov gənclərin gələcək inkişafı üçün bu ədəbiyyatdan, bu nemətdən maksimum dərəcədə faydalanmalı olduqlarını vurğulayıb. O, tələbələrin oxuduqları ali təhsil müəssisələrində savad və bilik əldə etməklə yanaşı, həmçinin asudə vaxtlarının düzgün təşkil olunmasının vacibliyini deyib. Qulu Novruzov bildirib ki, təhsilin məqsədi Azərbaycan dövləti və Azərbaycan xalqı üçün ümumbəşəri dəyərlərə sahib olan yetkin şəxsiyyətlər hazırlamaqdır. Akademiyanın rəisi tələbələrə milli-mənəvi dəyərlərə bağlılığı, gələcək fəaliyyətlərində xalq, dövlət, torpaq üçün yetərincə faydalı olmağı tövsiyə edib.
Qeyd edək ki, son dövrlər DGKA-da tələbələrin ictimai-sosial-mədəni həyatının zənginləşdirilməsi, bilik və bacarıqlarının inkişafı üçün mühüm işlər həyata keçirilir, onların çoxsaylı layihələrinin reallaşdırılması, müxtəlif tədbirlərin təşkil edilməsi üçün şərait yaradılır və bütün bu layihələrdə tələbələrin fəal iştirakı təmin edilir.