MİLLİ İRSİN YAŞADILMASINDA AZƏRBAYCAN XALÇA MUZEYİNİN UĞURLARI

xalca-muzeyi.jpegKoronavirus pandemiyası ilə əlaqədar iş ahənginin dəyişməsinə baxmayaraq, Azərbaycan Milli Xalca Muzeyi 2020-ci ilin birinci yarısını da uğurla başa vurub. Bu müddət ərzində, hətta muzey beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini yüksək səviyyədə davam etdirib. Bu barədə AMXM-dən araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi dünya şöhrətli muzey təşkilatları ilə əməkdaşlıq haqqında sənədlər imzalayıb: "Onların sırasında Mərakeş Milli Muzeylər Fondu, Dövlət Ermitajını qeyd etmək olar. Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı birgə layihəsinə start verildi.
Fəaliyyəti, unikal kolleksiyası ilə seçilən Azərbaycan Milli Xalça Muzeyi üçün bu dövr maraqlı sərgilərlə də yadda qaldı. Rusiyanın Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva şəhəri) və Mərcani Fondu ilə birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisində hər üç təşkilatın kolleksiyasından Sovet dövrünü əks etdirən əsərlər nümayiş olundu.

Növbəti uğurlu beynəlxalq layihə İstanbulda “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatıdır. Təqdim olunan xalçalar uzun illərlə fondda saxlanılmış və ilk dəfə olaraq bu sərgidə işıq üzü görmüşdür. Qeyd edək ki, bütün layihələr “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və Azərbaycan ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi çərçivəsində reallaşdırılır.
Koronavirusla əlaqədar muzeylərdə bütün kütləvi tədbirlərin dayandırıldığı dövrdə isə, Azərbaycan Milli Xalça Muzeyi “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirdi. İlk onlayn sərgini dünyanın müxtəlif ölkələrindən 5 min nəfərə qədər insan muzeyin Facebook səhifəsindən izlədi.
Karantinlə əlaqədar olaraq, insanların asudə vaxtlarını maraqlı və səmərəli keçirmək məqsədi ilə, Azərbaycan Milli Xalça Muzeyi öz onlayn fəaliyyətini daha da gücləndirdi və inkişaf etdirdi. Belə ki, bu müddət ərzində muzeyin sosial şəbəkələrdəki səhifələrində ekspozisiya, sərgi, bərpa, nəşriyyat, xalçaçılıq və s. kimi fəaliyyət istiqamətlərinə dair paylaşımlar edildi. Muzeyin eksponatları haqqında məlumatlar, bir-birindən maraqlı viktorinalar hazırlanıb, izləyicilərə təqdim edildi. Muzeydə qorunan ən qiymətli milli irsi nümunələr haqqında həm muzeyin işçiləri, həm də dəvət olunmuş ekspertlər tərəfindən virtual mühazirələr keçirildi, qısa video-çarxlar hazırlanaraq paylaşıldı".
Muzeyin rəsmi məlumatında o da qeyd olunur ki, böyük bir komanda tərəfindən elmi faktlara əsaslanaraq, hazırlanan bütün məlumatlar səhifə izləyicilərinə Azərbaycan, rus və ingilis dillərində təqdim olunub. Bunun müsbət nəticəsidir ki, hazırda AMXM-nin sosial şəbəkələrdəki səhifələrinin izəyicilərinin ümumi sayı artıq 40 min nəfərdən çoxdur. Bu göstəriciyə görə, Azərbaycan Milli Xalça Muzeyi respublikadakı muzeylər arasında liderdir: "Onu da qeyd edək ki, yerli muzeylər arasında Azərbaycan Milli Xalça Muzeyi sosial şəbəkələrdəki səhifələrində öz nəşrlərini paylaşan ilk mədəniyyət ocağı oldu. Hazırda sərgi kataloqlarından fundamental nəşrlərə qədər muzeyin hər bir çap məhsulu bütün dünyadan olan oxucular üçün əlçatandır.
Muzeyin onlayn fəaliyyətində önəmli məqamlardan biri də “Sənətə həsr olunmuş ömür” rubrikası altında görkəmli xalça mütəxəssislərinə, həmçinin son illər Milli Xalça Muzeyinin kolleksiyasını nadir eksponatlarla zənginləşməsinndə rolu olan Alberto Boralevi, Stefano İonesku, Mirko Kattai, Andrea Koen, Andrea Paççiani kimi italyan kolleksiyaçılara, xeyriyyəçilərə dair bir sıra paylaşımların edilməsi oldu.
Ötən altı ay Azərbaycan Milli Xalça Muzeyi üçün maraqlı onlayn layihələrlə də yadda qaldı. Bu dövrdə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan xalça həvəskarları tərəfindən də böyük maraqla qarşılanan “Xalça hekayələri” adlı beynəlxalq layihəyə start verildi.
Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq, 18 May – Beynəlxalq Muzeylər Günü münasibəti ilə maraqlı layihə gerçəkləşdirdi. Belə ki, tanınmış televiziya aparıcıları muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış etdilər. Qeyd edək ki, bu ekskursiya Azərbaycan muzey tarixində ilk dəfə surdo-tərcümə ilə müşayiət olundu.
Xalça muzeyi karantin rejimi elan edildikdən sonra, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Evim – yeni iş yerim” layihəsinə də qoşuldu. Muzeyin əməkdaşlarının onlayn rejimdə fəaliyyətini, bu istiqamətdə əldə edilən uğurları əks etdirən video-rolik hazırlandı.
Bu müddət ərzində Azərbaycan Milli Xalça Muzeyi və onun fəaliyyəti, həmçinin xalçaçılıq sənəti ilə bağlı əksər yerli kütləvi informasiya vasitələrində, eyni zamanda dünyada məşhur olan “Halı” jurnalında, ABŞ-ın nüfuzlu nəşri “Forbes”, Yunanıstanın elculture.gr saytında, İtaliyanın məşhur “La Stampa” qəzetində və s. məlumatlar verildi, məqalələr dərc edildi.
Azərbaycan Milli Xalça Muzeyi əvvəlki illərdə olduğu kimi, bu ilin altı ayı ərzində də uşaqları unutmadı. Muzeyin Uşaq şöbəsi tərəfindən sosial izolyasiya dövründə uşaqlar üçün onlayn şəkildə kölgə teatrı, kukla tamaşaları təqdim edildi, ustad dərslər keçildi, maraqlı layihələr reallaşdırıldı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli muzey və sərgi zallarının fəaliyyətinin bərpa edilməsi haqqında qərarından sonra, Azərbaycan Milli Xalça Muzeyi ICOM Azərbaycan Milli Komitəsi tərəfindən qabaqcıl dünya muzeylərinin praktikasına əsaslanaraq, hazırlanan “Karantin dövründən sonra muzeydə sanitar-gigiyenik qaydaların həyata keçirilməsi haqqında tövsiyələr”ə riayət etməklə fəaliyyətə başladı. 25-28 may tarixlərində təşkil olunan “Açıq qapı” günlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə yüksək səviyyədə riayət etməklə, Azərbaycan Milli Xalça Muzeyini iki min nəfərə qədər insan ziyarət etdi. Muzeyin bu ilin karantin dövrünə qədərki ilk 3 ayı ərzində isə, 12 min nəfərə qədər ziyarətçisi oldu.
Hazırda muzeylərin fəaliyyəti koronavirus təhlükəsi ilə əlaqədar yenidən müvəqqəti olaraq dayandırılsa da, Azərbaycan Milli Xalça Muzeyi öz işini onlayn formatda davam etdirir.
Xalça muzeyinin onlayn fəaliyyətini sosial şəbəkələrdən izləyə bilərsiniz:
https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi
https://www.instagram.com/carpetmuseumbaku/".

WhatsApp Image 2020-07-22 at 13.38.51.jpeg

WhatsApp Image 2020-07-22 at 13.38.59.jpeg

WhatsApp Image 2020-07-22 at 13.39.08.jpeg

araz.az xəbər portalının informasiya və xəbərlər şöbəsi.