Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümə yekun vurdu

MEDENIYYET

 

Ötən mövsümün son 4 ayı məlum səbəbdən bütün teatrlarda olduğu kimi Sumqayıt Dövlət Dram Teatrında da bir neçə tamaşanın premyerası və məşqlərin aparılması mümkün olmadı.Lakin mövsümün ilk ayları bir sıra uğurlu və yaddaqalan layihələrə imza atdıq.Mövsümün açılışı ötən il sentyabrın 21-də baş tutdu. Məlum olduğu kimi 2019-cu ildə cənab Prezident bir neçə görkəmli ədibin, o cümlədən Cəfər Cabbalının yubileyi ilə əlaqədar sərəncam imzalamışdı. Biz də yaradıcı kollektiv olaraq sərəncama əsasən böyük dramaturqun "Solğun çiçəklər" pyesini repertuara daxil etdik. Əsasən, televiziya və kino filmləri ilə tanınan rejissor Elşən Zeynallını dəvət etdik. Yeri gəlmişkən, artıq biz bu ənənəni formalaşdırmağa nail olmuşuq. Yaradıcılıq dəyişməyi, müxtəlif fikirliliyi, mübadiləni sevir. O səbəbdən ayrı-ayrı stilistikası olan rejissorların dəvəti nəticədə daha çox uğur qazanmağa rəvac verir. Elə Elşən Zeynallının rezonans doğuran tamaşasının timsalında bu fikrimizi sübut edə bilərik. Məlumdur, C.Cabbarlının "Solğun çiçəklər"inə müraciət etməyən teatr yoxdur. Amma tam səmimi söyləmək olar və yəqin ki, tamaşaya baxmış mütəxəssislər də təsdiq edə bilərlər ki, Sumqayıt teatrının 51-ci mövsümünün açılışında Mədəniyyət nazirliyi tərəfindən dövlət sifarişi  ilə hazırlanıb göstərilən "Solğun çiçəklər" hər kəsi heyrətləndirə bildi. Sonradan mediada gedən yazılar, analitik təhlillər, resenziyalar da bunu göstərdi.

Ümumiyyətlə, keçən ili, doğrudan da,möhtəşəm yubileylər ili saymaq olar. Sumqayıt Dövlət Dram Teatrı olaraq 50-ci mövsümün sonunda mütəfəkkir şair İmadəddin Nəsimi ilə bağlı qeyri-adı bir ədəbi kompozisiyanı təşkil etmişdik. Nəsimi rolunun ifaçısı, görkəmli aktyorumuz, xalq artisti Rasim Balayevin, dünya şöhrətli muğam ustası, xalq artisti Alim Qasımovun Sumqayıt Dövlət Dram Teatrının səhnəsində görünmələri kompozisiyaya sözün əsl mənasında ayrı bir rəng qatdı. O cümlədən, Sumqayıtın yubileyi ilə bağlı dramaturq Əli Əmirliyə verdiyimiz sifariş əsasında onun yazdığı "Sevgilim, Sumqayıt" monumental tamaşasını 51-ci mövsümün başlanğıcından tamaşaçılara təqdim etməyə başladıq. Obrazların çoxluğuna və kütləvi səhnələrə görə truppa bütünlüklə tamaşaya cəlb olunmuşdu. İlin sonuna yaxın yubileylə bağlı möhtəşəm ümumşəhər tədbiri keçirildi. Qürurla söyləyə bilərik ki, meydan tamaşasında da kollektivimiz öz yaradıcılıq imkanlarını nümayiş etdirdi. Şəhər icra hakimiyyəti ilə birlikdə reallaşan kütləvi tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru, əməkdar artist Namis Şirməmmədov idi. Aktyor heyətimizin əksəriyyəti bayram tamaşasında rol almışdılar. Yeri gəlmişkən, elə şəhərin yubileyi ilə bağlı mükafatlandırmada kollektivimizin də bir neçə üzvünün olması bizi sevindirdi.

Bu mövsüm Azərbaycanın maarifpərvər yazıçısı, publisisti və dramaturqu Cəlil Məmmədquluzadənin yubileyinə töhfə olaraq ədibin "Danabaş kəndinin əhvalatları" povesti əməkdar artisti Namis Şirməmmədov tərəfindən səhnələşdirildi. Rejissor eyni zamanda dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" komediyasına müraciət etdi.

Teatrımızın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov Ə.Haqverdiyevin yubileyi ilə bağlı "Xortdanın cəhənnəm məktubları" və tanınmış teatrşünas, professor Aydın Talıbzadənin koronovirusla baqlı "Tubinot" əsərlərinin eksplikasiyasını hazırladı. Uzun müddət idi ki, teatımız monotamaşaya müraciət etmirdi. Əslində bu janr maraqlı olmaqla bərabər, aktyorların potensial imkanlarının bütün rənglərinin üzə çıxmasına şərait yaradır.Bir saat ərzində təkbaşına, tərəf-müqabil olmadan, yalnız işıq və səs effektlərinin vasitəsi ilə, bədii dekarasiya ilə oyun qurmaq və tamaşaçının diqqətini çəkmək əsas şərtdir. Buna həm nəfəs, həm səs, həm enerji, fiziki dözüm, həm də plastika lazımdır. Gənc yazıçı Ülviyyə Heydərovanın "Uşaqlıq" monopyesini Xalq artisti Firudin Məhərrəmov gənc aktrisa İlahə Səfərova ilə hazırladı. Diplom tamaşasını bizim teatrda hazırlamış istedadlı gənc rejissor Ümid Abbas isə istedadlı aktyor Kamran Muradlıyla müəllifin digər əsərinin - "Pələng"in məşqinə başladı.Hər iki əsərdə psixoloji məqamlar var. Kənardan dəvət prinsipi ilə bu dəfə Gülnar Hacıyevanı uşaq tamaşasına quruluş vermək üçün dəvət etdik. Azərbaycan xalq nağılı "Göyçək Fatma" həmişə uşaqların marağın çəkib. Təəssüf ki, yalnız "Danabaş kəndinin əhvalatlarına" və "Uşaqlıq" monotamaşasına daxili baxış keçirə bildik.

Dünyanı cənginə almış koronavirus pandemiyası bizim də məşqlərimizin dayanmasına səbəb oldu. Təbii ki, respublikada bütün mədəni -kütləvi tədbirlərə qadağa qoyuldu. Biz də fəaliyyətimizi dayandırdıq. Ancaq müasir texnoloji imkanlar işimizi, missiyamızı online şəkildə davam etdirməyə imkan verdi. Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov əlaqəli heyətlə videokonfrans keçirtdi. Hər kəsə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə dürüst əməl etməyi, maarifləndirmə işində şəhərin müvafiq strukturlarına kömək göstərməyi və yaradıcılıq fəaliyyətinin evdən davam etdirilməsini bildirildi.

Məşqlərin online prosesinə start verildi. Virtual repertuar planını tərtib etdik və "evdə qal, sağlam qal tamaşa izlə" devizi ilə sosial şəbəkə üzərindən canlı tamaşalarımızı təqdim etdik. Həftənin 5 günü 7 tamaşa olmaqla axşam saat 18.00-da böyüklər, gündüz saat 12.00-da uşaqlar üçün online tamaşalar təqdim etdik. İzləyici sayımız, rəy və təkliflər yetərincə oldu. Virtual repertuarda tarixi təqvim günlərini, xüsusi bayramları da unutmadıq. Mövzuya uyğun gələn, hadisələrlə səsləşən tamaşalardan seçim etdik.

Sənət ocağımız karantin dönəmində retro tamaşaların da nümayişini təşkil etdi Çünki zamanında Sumqayıt Dövlət Dram Teatrının anşlaqla gedən çox tamaşalarına indiki nəsil baxa bilməyib. Biz bu tamaşaları virtual repertuar planına salmaqla həm köhnə tamaşalar, həm də veteran sənətkarlarla gənclik arasında bir mənəvi körpü yaradırıq. Bir sözlə ən çətin məqamda belə, biz teatr olaraq, öz missiyamızı layiqincə yerinə yetiririk, sadəcə format dəyişir. Əlbəttə, teatr canlı sənətdir. Aktyor tamaşaçının nəfəsini, baxışını, münasibətini üzərində hiss eləməlidir, tamaşaçı aktyorun ürəyinin döyüntüsünü eşitməlidir. Amma hələ ki, qlobal bəlaya bu cür qalib gəlmək olar, qanun və tövsiyyələrə əməl etmək vətəndaşlıq borcumuzdur.

Ötən mövsümdə ilk dəfə olaraq teatrımızın əməkdaşı Fuad Kazımov Haqverdiyevin "Kimdir müqəssir" əsərini online məşq vasitəsilə hazırlayıb. Monotamaşalar da hazırdır. İnşəallah, sentyabrda monotamaşaların, "Kimdir müqəssir" faciəsinin, "Tubinot" və "Danabaş kəndinin əhvalatları" tamaşalarının premyerası olacaq. "O olmasın, bu olsun" və "Xortdanın cəhənnəm məktubları" daha çox kütləvi səhnələrlə müşaiyət edildiyindən online məşqləri qeyri-mümkün oldu. Sentyabrdan bu tamaşaların və Gülnar Hacıyevanın yozumunda "Göyçək Fatma" uşaq tamaşasının məşqləri davam etdiriləcək. Habelə bir neçə xarici ədəbiyyata müraciət  edəcəyik.

Yəni biz hər zaman tamaşaçıları düşünürük, onların bütün təbəqələrinin zövq dairəsini, arzu və istəyini nəzərə alırıq.

 

araz.az xəbər portalı.