Sumqayıt görkəmini dəyişir

eldar_eziziv

İcra başçısı Eldar Əzizov şəhərdə canlanma yaratmaq üçün qohumbaz məmurları vəzifədən

azad etməlidir

Sumqayıt şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizov bu vəzifəyə təyin olunandan az sonra şəhərin abadlaşdırılması, problemlərin həllinə qərar verdi. E.Əzizov mövcud problemlərin həlli istiqamətində əlindən gələni edəcəyini vəd edib.

Hələlik müşahidə olunan odur ki, icra başçısı Sumqayıtdakı dövlət qurumlarının fəaliyyətində bu vaxta qədər olan durğunluğun aradan qaldırılması yönündə çalışır.

O, Sumqayıta icra başçısı təyin olunduqdan sonra bir çox qurumların fəaliyyətində doğrudan da canlanma hiss olunur. Şəhərdə ən böyük canlanma abadlıq işlərinə start verilməsi ilə bağlıdır. Sumqayıtda yaşıllıqların qorunması məqsədi ilə ağaclara qulluq edilir, şəhərin küçələri abadlaşdırılır, küçə ticarəti yığışdırılır.

Ən ciddi iş isə Sumqayıtın dənizkənarı parkının yenidən qurulmasına qərar verilməsidir. Bundan başqa, E.Əzizov Sumqayıtın girişindəki sovetlər dönəmindən miras qalan simvolun sökülməsi və orada Sumqayıtın durumunu əks etdirən yeni simvol qoyulması tapşrığını verib.

Habelə, Sumqayıtda “JEK”lər aktiv fəaliyyətə keçib, binaların təmiri, bərpası yönündə işlər aparılır. Həmçinin, Eldar Əzizovun problemləri şəxsən öyrənməsindən sonra səhiyyə ocaqlarında, müxtəlif dövlət qurumlarında rüşvətin yığışdırılması müşahidə olunur.

Artıq sumqayıtlılarda inam yaranıb ki, qısa müddətdə Eldar Əzizov şəhərin görkəmini əməlli-başlı dəyişəcək və problemlərin həllinə nail olacaq.

Şəhər sakinləri həmçinin, icra başçısından şəhərin kənarlarına da diqqət yetirməyi, ara küçələrin abadlaşdırılması üçün göstəriş verməyi xahiş edirlər.

Lakin həm sumqayıtlıları, həm də Sumqayıtı sevənləri bir sual düşündürür; Sumqayıtda kök salmış, qohumbaz, Eldar Əzizovun inkişaf proqramından xoşlanmayan məmurlar bu işlərin həyata keçirilməsinə imkan verəcəkmi? Söhbət ondan gedir ki, illərdir Sumqayıtda yüksək postları tutan, oliqarxlaşan, rüşvət və korrupsiyanı həyat prinsipinə çevirən məmurlar Eldar Əzizova işləməyə imkan verəcəkmi? Heç şübhəsiz ki, onlar özlərinin maraqlarının təmin olunması üçün Eldar Əzizovun inkişaf proqramının həyata keçirilməsinə müxtəlif əngəllər törətməyə çalışacaqlar. Çünki onların hərəsi bir klanın, qruplaşmanın yaxın adamıdır. Eldar Əzizovun effektiv işləməsi üçün ilk öncə bu neqativ obrazlı məmurlarla əlvidalaşmalıdır.

Qeyd edək ki, hər zaman Sumqayıtın durumunu diqqətdə saxlamış Milli Dövlətçilik Partiyası da bununla bağlı öz təkliflərini verib. Başda MDP başqanı, İrəvan Mühacir Hökumətinin rəhbəri Sabir Tarverdiyev olmaqla, partiya rəhbərliyi bəyan edib ki, Eldar Əzizovun qısa bir müddətdə Sumqayıtı abad şəhərə çevirəcəyinə inanırlar. Eyni zamanda onlar hesab edirlər ki, Eldar Əzizov ciddi kadr islahatlarına başlamalıdır. Belə ki, Sumqayıt şəhərinin inkişafına zaman-zaman zərbə vuran, heç bir vəzifə öhdəliyinə əməl etməyən rəhbər şəxslər vəzifədən azad edilməli, onların yerinə icra başçısının özünün inandığı, korrupsiya və rüşvətxorluğa bulaşmamış adamlar təyin olunmalıdır. MDP hesab edir ki, Eldar Əzizov illərdir Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Akif Zeynalovu, müavini Akif Quliyevi, İctimai təşkilatlar və Siyasi partiyalarla iş üzrə şöbənin müdiri Seyfəddin Rəhimovu və Sumqayıtın bir neçə dövlət qurumlarının hərəkətsiz məmurlarını vəzifədən azad etməlidir.

Onların yerinə Sumqayıtı sevən, çalışqan gənc kadrlar gətirilərsə, onlar Eldar Əzizovun planlarının daha qısa müddətdə gerçəkləşməsini həyata keçirəcəklər. İndiki komanda ilə isə bunu etmək çətinliklər törədəcək.

Anar MUSTAFA

Əlaqəli xəbərlər