Ziya Məmmədov Göyçayı özəlləşdirib

ziya-memmedovgoycay
Nəqliyyat nazirinin qohum-əqrabası rayonun bütün səfalı yerlərini, biznes strukturlarını ələ keçirib

Nəqliyyat naziri Ziya Məmmədovun əməllərindən bütün ölkə sakinləri cana doyub. Onun və yaxınlarının yol çəkilişləri zamanı yol verdiyi maxinasiyalar, nəqliyyat strukturunda yol verdikləri ağlasızmaz korrupsiya haqda zaman-zaman yazmışıq. Bu günlərdə Göyçayda səfərdə olan əməkdaşımız bu rayonun sakinlərinin Ziya Məmmədovun yaxınlarının əlində təngə gəlmələrinin şahidi olub.

İlk öncə başlayaq torpaqları zəbt edən Məmmədovlar imperiyası dağlardakı çınqılı, daşları da əridib daşıyırlar. Bu da göyçaylıların böyük narazılığına səbəb olub. Artıq göyçaylıların bir vaxtlar fəxrlə danışdıqları əzəmətli dağlardan əsər-əlamət qalmayıb. Halbuki türk-erməni savaşında bu dağlar poliqon olub və minlərlə azərbaycan türkünün qanı bu dağları suvarıb. İndi isə Məmmədovlar dağları “yoxa çıxarırlar” qurtarıblar. Belə ki, nazirin “İpək yolu” layihəsində müəmmalı bir təşkilat iştirak edir. Yerli sakinlər deyirlər ki, dövlət büdcəsindən bu layihəyə ayrılan pullar həmin təşkilatın hesabına köçürülür. Başında Ziya Məmmədovun və onun qohumu olan rayonun icra başçısı Mənsur Məmmədovun dayandığı həmin şirkətin əsas vəzifəsi digər şirkətləri yol çəkilişində istifadə olunan daş-çınqılla təmin etməkdir.

Rəsmi sənədlərdə şirkətin digər regionlardan daş-çınqıl daşıması yazılsa da faktiki olaraq Göyçayın dağları Məmmədovların sonsuz iştahası qarşısında əriyərək “İpək yolu”nun altına döşənir. Qazanan Məmmədovlar, itirən isə göyçaylılar olur. Üstəlik, bu işdə “Yol Yapı” və “Azər İnşaat” adlı tikinti şirkətlərinin də əli var.

Rayon sakinləri deyir ki, nazir bu əməllərinə görə həbs olunmalıdır: “Onun bu dağıdıcı işlərinə dövlət səviyyəsində nəzarət olunmur. Xalqın, ölkənin təbiətinə də əl uzadırlar. Bütün rayonu işğal ediblər. Bircə dağlarımız qalmışdı, ora da əl qoydular. Ziya Məmmədov bu əməllərinə görə nə vaxtsa cavab verəcək. Çünki heç bir nazir bu səviyyədə qanunsuz əməllərə yol verməyib. Bu daş-çınqılı aparmaqla külli miqdarda pul qazanırlar. Həmin pulla da gah ayı yeyirlər, gah da villa tikirlər. Vay yetim-yesirin halına”.

Göyçayda olarkən yerli sakinlərin Məmmədovların Potu kəndindəki villalarından da qəzəblə danışdığını eşitdik. Onların sözlərinə görə, nazirin özü azmış kimi, oğlu da rayonda at oynadır. Potu kəndinin böyük bir hissəsi nazir oğlunun əsarəti altındadır. Kəndin hektarlarla ərazisini zəbt edən “bala oliqarx” burada iki villanı yanaşı tikdirib. Yerlilər deyir ki, nazir oğlu villasına ayda bir neçə dəfə baş çəkir. Ərazi isə polis tərəfindən ciddi şəkildə mühafizə olunur. Odur ki, bu müddətdə əraziyə giriş-çıxış kəndlilər üçün yasaq olunub. Deyilənə görə, Anar Məmmədov burada eyş-işrət məclisləri qurur, əylənir. Bu da rayon sakinlərinin qəzəbləndirib.

Ümumiyyətlə, rayondakı məmur özbaşınalıqları saymaqla bitmir. Məmmədovlar klanı rayondakı məktəblərin, internatların həyətlərini, parkları satıb, daş üstdə daş qoymayıb. Ən dəhşətlisi odur ki, yerli məmurların qarış-qarış satdıqları torpaqlarda villalar, malikanələr ucaldılır. Göyçayda olarkən öyrəndik ki, icra başçısı Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın himayəsində olan internat məktəbinin həyətinin bir hissəsini də satıb. İcra başçısı Mənsur Məmmədov internatın bir hissəsini Gənclər və İdman Nazirliyinin yerli şöbəsinin müdiri Elşən Şirinova və onun yaxın qohumlarına satıb. Başıbəlalı internat məktəbinin bir hissəsində isə hazırda Şamaxının deputatı olan Elxan Süleymanovun “Oskar” mağazalar şəbəkəsi fəaliyyətdədir. Bir hissəsi də hazırda Mingəçevirin icra başçısı olan Mübariz Ağayevin yaxın qohumlarına satılıb.

Hazırda Göyçayda belə bir xəbər dolaşır ki, rayonun icra başçısı Mənsur Məmmədov vəzifəsindən uzaqlaşdırılacaq. İddiaya görə, M.Məmmədovun yerinə K.Heydərovun adamı gətiriləcək.

Sakinlər onu da deyir ki, K.Heydərovun çoxdan Göyçaya “gözü düşüb”. O, Qəbələdə “Jalə” şirə zavodunu açandan sonra Göyçayda bütün nar bağlarına sahib çıxıb. Göyçayda heç bir zavod-fabrikin nar almaq ixtiyarı yoxdur. Ona görə də rayonda bütün zavod-fabriklər bağlanıb. Çünki nar məhsulları tonlarla Qəbələyə göndərilir. Hazırda Göyçay narı rayon əhalisinin maraq dairəsindən kənarda qalıb.

Sakinlər deyir ki, vəzifədən gedəcəyini bilən Mansur Məmmədov iş adamlarını, büdcə təşkilatında çalışanları təngə gətirib. İcra başçısı bütün iş adamlarından, büdcə təşkilatlarından, müəllimlərdən, bələdiyyə sədrlərindən pul yığdırır. Görünür, o vəzifədən gedəcəyini başa düşdüyü üçün son talan əməliyyatını həyata keçirmək istəyir.

Əlaqəli xəbərlər