Masallı korrupsiya və məmur özbaşınalığı məngənəsində

masalli1

Masallı rayon sakinlərinin məmur özbaşınalığından, vəzifəli şəxslərin rüşvət tələbindən cana doyması haqda ötən saylarımızda yazmışdıq. Rayon sakinləri bu yazılarımı dərc olunandan sonra redaksiyamıza təşəkkürlərini bildirərək, Masallıya müxbir göndərməyimizi xahiş etmişdilər. Bu yaxınlarda Masallıya səfər edən əməkdaşımız orada gördüklərindən heyrətə gəlib.

 

Rayonda müxbirimizə danışan sakinlər deyiblər ki, Masallı əhalisinin, xüsusi ilə iş adamlarının, xırda-para biznesi olanların ən ciddi problemi bəzi polis əməkdaşlarının özbaşına hərəkətlərindəndir: “Bizə qan udduran Rayon Polis İdarəsinin müavini Əlifağa Kazımovdur. Əlifağa Kazımovun bir neçə “xüsusi təyinatlı” polisi var ki, onlar ictimai asayişin, qanunçuluğun keşiyində dayanmaq əvəzinə öz şəxsi mənafelərini güdür, “qaz vurub qazan doldururlar”. Müxtəlif iş adamlarına aylıq “haqq” qoyur, verməyənləri isə ən müxtəlif bəhanələrlə “ilişdirirlər””.

Rayonun digər yaralı yeri isə 10 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasındandır. Aylarıdır burada boş saxlanılan komissiyaya sədri postunu bu günlərdə Mirxalıq Məmmədov rəsmən tutub. Sakinlər deyir ki, M.Məmmədov bu vəzifəyə təyin olunmaq üçün tökdüyü pulları camaatın cibindən çıxarır: “M.Məmmədov bu iş üçün 150 min manat pul verib. Bu icra isə sakinlərə çox baha başa gəlir. Kimsə əlilliyə görə pensiyaya çıxmalıdırsa, yəni qanunla bu onun haqqıdırsa, bu kimsənin marağında deyil və onu vecinə alan yoxdur. Ta ki, gətirib tələb olunan “haqqı” verməyənə qədər. Hazırda Masallıda pensiyaya “çıxmaq” üçün komissiya 3000-3500 manat civarında pul tələb edir. İllik komissiyadan keçmək isə 250-300 manatdır. Bu işdə rayon Arxiv İdarəsinin müdiri Afaq Vəliyevanın da rolu böyükdür”.

Rayonda bu yaxınlarda Çernobıl əlilləri üçün tikilmiş binadan ev almaq haqqı olan vətəndaşlar isə hara şikayət edəcəyini bilmir. Məsələ ondadır ki, rayon Sosial Müdafiə Mərkəzinin rəhbərliyi bu binada mənzilləri sahiblərinə 10 min manat rüşvət verdikdən sonra təqdim edirlər.

Vergi və nəqliyyat müfəttişlərinin fəaliyyəti isə bütün ölkə boyunca olduğundan burada daha qəddardır. Sakinlər bu özbaşınalıqlara dair də dərdlərini deməyə yer də tapmırlar. Onlar şikayət etmək üçün rayon icra başçısı Qəzənfər Ağayevin qəbuluna gəldikdə, heç qapıya yaxın da buraxılmırlar.

Əcəba, görəsən prezidentin etimad göstərib yerdəki nümayəndəsi təyin etdiyi cənab Ağayev niyə narazı insanların problemlərini həll etmir? Bunu araşdırmaq üçün çox da vaxt sərf etməyə ehtiyac yox imiş. Rayon sakinləri ilə söhbətdən bəlli oldu ki, Qəzənfər Ağayevin başı burada klanlararası müharibəyə qarışıb. O bu müharibədə qalib çıxmaq istəyir. 2006-cı ilin 29 sentyabrına qədər Yardımlının icra başçısı olan, sonra Masallı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Qəzənfər Ağayev elə gəldiyi gündən burada nüfuzlu adamlarla, klanlarla mübarizəyə başlayıb. Habelə, onun başı rayonun inkişafı üçün ayrılan pulları xırd etməyə qarışıb. Bəllidir ki, bu yaxınlarda prezident İlham Əliyev Masallının inkişafı üçün 2 milyon manat ayırdı. Ortada pul məsələsi varkən icra başçısı necə sakinlərin dərdləri ilə məşğul olsun? Buna necə vaxt tapsın?

 

Sakinlər deyir ki, ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyevin və onun xanımı Zərifə Əliyevanən adını daşıyan parkların yenidən qurulması və təmiri adı altında bu rayonda Qəzənfər Ağayevin həyata keçirdiyi maxinasiyaları araşdırmaq onun məsuliyyətə cəlb olunmasına kifayət edir.

 

Masallının əsas problemlərindən biri də kənd yollarının bərbad vəziyyətdə olmasıdır. Sənəddə yollar asfalt göstərilib, amma faktiki olaraq azca yağış yağan kimi kəndə gediş-gəliş mümkün olmur. Sakinlər onu da qeyd edirlər ki, 2005-ci ildə kəndlərə asfalt yolun çəkilməsi ilə bağlı vəsait ayrılıbmış. Amma bir müddət keçdikdən sonra məlum oldu ki, pullar yoxa çıxıb.

 

Sakinlər  rayonun mərkəzinə yaxın ərazidə tikilmiş Olimpiya Kompleksinin idmançılardan və idmanla sağlamlıq üçün məşğul olanların üzünə bağlı olmasından da giley etdilər. Kompleks faktiki olaraq rayona qonaq gələn adamlar üçün hotel rolunu oynayır.

Qeyd edək ki, Masallı rayonu cənub bölgəsi ilə paytaxt və digər rayonlar arasında qapı rolunu oynayır. İrandan ölkəyə gətirilən narkotik maddələrdən tutmuş digər qaçaqmalçılığa qədər hər şey bu rayondan keçirilir. İcra başçısı Qəzənfər Ağayevin bu məsələlərə göz yumması isə onun müəmmalı işlərinin olması versiyasını bir az da qabardır, yeni şübhələrə yol açır. Cənubda baş verən narazılıqlara gəlincə isə demək olar ki, bölgədəki bütün narazılıqlar Masallı rayonundan başlayır. Bu da Qəzənfər Ağayevin yarıtmaz fəaliyyətini bir daha üzə çıxarır.

Əlaqəli xəbərlər