Bələdiyyə sədri çay plantasiyasına qənim kəsilib

Rahim Xosrovov sahibkara məxsus torpaq sahəsini qanunsuz olaraq əlindən alıb yerində şadlıq evi tikmək istəyir

Ölkə başçısı, Cənab Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafını prioritet istiqamətlərdən biri elan edib. Sahibkarlığa Kömək Milli Fondunun yaradılması, aqrar sahədə çalışanlara güzəştli kreditlərin verilməsi və digər addımlar bu məqsədə xidmət edir.
Ölkə başçısı Milli Elmlər Akademiyasında çıxışı zamanı qeyd etdi ki, Akademiyada aqrar bölmənin yaradılmasına zərurət vardır. Ölkə başçısının əsas tələblərindən biri də idxalın azaldılması, ixracın artırılmasıdır. Çıxışlarının birində Cənab Prezident qeyd etdi ki, keçmiş sovet Respublikalarında ənənəvi kənd təsərrüfatı sahələri qorunub saxlanılsa da, çox təəssüflər olsun ki, 1990-1993-cü illərdə ölkəyə rəhbərlik etmiş naşı siyasətçilərin səriştəsizliyi ucbatından ölkəmizdə ənənəvi sahələr məhv edildi. Çox təəssüflər olsun ki, həmin siyasətin acı nəticələrini bu gün də hiss edirik. Çox təəssüflər olsun ki, həmin naşı siyasətçilərin ideyalarını həyata keçirən vəzifəli şəxslərə bu gün də rast gəlinir. Belə vəzifəli şəxslərdən biri də Lənkəran rayonu İstisu qəsəbə bələdiyyəsinin sədri Rahim Xosrovovdur.

 

Bu qənaətə Lənkəran rayonu İstisu qəsəbə sakini Quliyeva Xanzadə Xanlar qızının “Araz” qəzetinə etdiyi müraciətlərlə tanış olduqdan sonra gəlmişik. Belə ki, o, sovet təsərrüfat sistemi dağılan ərəfədə 1 hektar torpaq sahəsini icarəyə götürüb, oranı tikanlardan və alaq otlarından təmizləyərək, ərazini tam yararlı bir vəziyyətə gətirib, burada nümunəvi çay plantasiyası salıb.

Həmin sahədə hazırda 5 min ədəd yüksək məhsuldarlıqlı çay kolu vardır. Zəhmətkeş təsərrüfat rəhbəri ildə 4-5 dəfə buradan məhsul yığaraq çay fabriklərinə təhvil verir. Lakin Rahim Xosrovov onun bu faydalı işinə əngəllər törədir. Belə ki, bələdiyyə sədri 2008-ci ildən sonra Xanzadə Quliyeva ilə torpaq sahəsinə dair icarə müqaviləsini yenidən imzalamaqdan imtina edir. Hansı ki, bunun üçün heç bir qanuni əsas yoxdur. Çünki kiçik sahibkar torpaq sahəsini daim istifadə edib, vergiləri, icarə haqqını vaxtı vaxtında və artıqlaması ilə ödəyib. Üstəlik orada bir neçə iş yeri vardır, bir neçə ailə buradan dolanır, həmçinin çayçılıq sahəsi yaşadılır. Lakin bələdiyyə sədri onunla yenidən icra müqaviləsi imzalamır. Bununla bağlı X.Quliyeva redaksiyamıza yazdığı şikayətdə bildirir: “Bələdiyyə sədri deyir ki, mənə müqavilə əsasında verilmiş, hazırda 5000 ədəd çoxillik çay kolu yetişdirdiyim sahəni kəndin perspektiv inkişaf planına saldırmışam. Bələdiyyə sədri oranı şumlatdırıb, çay plantasiyasını məhv edib yerində şadlıq evi tikdirəcəyini deyir. Mən bununla əlaqədar müvafiq direktiv orqanlara müraciət etmişəm. Mənə aydın olmuşdur ki, bələdiyyə sədri mövcud məhsuldar çay sahəsini kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi istiqamətini bələdiyyə xəritəsində dəyişdirərək qəsəbənin perspektiv inkişaf planına saldırmışdır. O, başa düşmür ki, 1 hektar yeni çay plantasiyasına əkib-becərmək, indiki məhsuldar halına gətirmək üçün təqribi hesablamaya görə, minimum 30 min manat vəsait tələb edir.  Rahim Xosrovov bu hərəkətini elə bir zamanda etdirir ki, prezidentimiz İlham Əliyev yerli çayçılığın inkişafı üçün yeni proqramlar hazırlatdırır. Bu proqrama uyğun olaraq Lənkəranda 4-5 min hektar sahədə yeni çay kolları əkilməsi planlaşdırılır. O cümlədən İstisu qəsəbəsində çaya yararlı torpaq sahələrində 200 hektar yeni çay sahəsi salınması nəzərdə tutulmuşdur.

Eyni zamanda qeyd edim ki, Nazirlər Kabinetinin 10.03.2011-ci il tarixli 01/23 -08-174 saylı tapşırığına əsasən yerli icra hakimiyyəti və bələdiyyə orqanları nümayəndələrinin iştirakı ilə rayonlarda aparılmış monitorinq zamanı aşkar edilmişdir ki, yerlərdə əkinə yararlı, heyvandarlığın inkişafı üçün perspektiv torpaq sahələrinin təyinatı özbaşına dəyişdirilərək faktiki əkin altında olan torpaqlar yararsız vəziyyətə salınır, dövriyyədən çıxarılır”.

X.Quliyeva bildirir ki, onun haqlı şikayətlər yazmasından sonra Rahim Xosrovov 26 may 2011-ci il tarixdə İstisu icra nümayəndəsi, bələdiyyə sədri, rayon torpaq və xəritəçəkmə şöbəsinin işçisi Hənifə Babayev və rayon polis idarəsinin bir əməkdaşı onların evinə hücum edib: “Onlar birlikdə məni hədələdilər, ailə üzvlərimizlə birlikdə rayon polis idarəsinə gəlməyimizi və izahat verməyimizi tələb etdilər. Onlar qanunazidd olaraq öz həyətimdə mənə təzyiq, müqavimət göstəriblər.

Hörmətli redaksiya! Mənim başıma gətirilənləri qəzetiniz vasitəsi ilə müvafiq direktiv orqanlara çatdırmağınızı xahiş edirəm”.

Sual doğur, əgər həmin torpaq sahəsi doğrudan da perspektiv sahə olubsa, onda nə üçün 2008-ci ilədək sahibkarla müqavilə imzalanıb? Deməli, bu sahə saxta sənədlə perspektiv inkişaf ərazisinə daxil edilib. Əlbəttə ki, burada bələdiyyə sədrinin şəxsi maraqları var. Faktiki olaraq cənab Xosrovov bu əməli ilə ölkə başçısının sosial-iqtisadi kursunun ziddinə gedir, kənd təsərrüfatının inkişafına maneçilik törədir. O, bələdiyyə sədri kimi funksiyasının yalnız torpaq sahələrini qanunsuz olaraq satmaqda görür.

Onu da qeyd edək ki, yaranmış problemlə bağlı Quliyevlər ailəsi kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanova da müraciət ediblər. Aslanovun 20 may 2011-ci il tarixli müraciəti əsasında Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsi də məsələyə dair araşdırma aparıb. Araşdırmanın nəticəsi olaraq Aslan Aslanovun müraciətinə idarənin sədri A.Abıyevin imzası ilə verilən cavabda deyilir ki, R,Xosrovovun və adıçəkilən idarənin mütəxəssislərinin iştirakı ilə əraziyə baxılaraq lazımı araşdırma aparılıb: “...Ərizəçilər çay bitkisinin çoxillik olduğunu nəzərə alaraq icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş edirlər. R.Xosrovov isə həmin 1 hektar çay sahəsinin kəndin perspektiv inkişaf planına düşdüyünü bildirir və icarə müddətini artırmır. Çoxillik əkmə kimi çay bitkisinin sahəsi cavan, məhsuldar 5 min ədəd çay kollarından yuxarı olan yaşıl çay sahəsinin perspektiv inkişaf planına salınması əsassızdır, qanunsuzdur və bəhanədir. Bizə belə gəlir ki, bələdiyyə sədri qəsəbədə xüsusi narazılıq yaradır. Bölgədə çayçılığa münasibət kökündən dəyişib. Lakin bunu başa düşmək istəməyən Xosrovov yeni çay əkin sahələri yaratmaq əvəzinə mövcud çay sahələrini sıradan çıxarmağa çalışır...”

Rəyin sonunda qeyd edilir ki, həmin əkin sahəsi kəndin perspektiv inkişaf planına qanunsuz olaraq salındığından bu plandan çıxarılması və çay sahəsi kimi saxlanılması üçün müvafiq qurumların yaxından köməklik göstərməsi məqsədəuyğundur. İdarə rəhbəri Aslan Aslanovun nəzərinə çatdırır ki, yuxarıdakıları nəzərə alaraq çay sahəsinin icarə müddətinin uzadılması üçün onun da köməklik göstərməsi məsləhətdir.

Lakin bütün bunlara baxmayaraq, Rahim Xosrovov inadından dönmür. Bu üzdən X.Quliyevanın min bir zəhmətlə ərsəyə gətirdiyi çay sahəsi bu gün təhlükə qarşısındadır. Üstəlik bir ailə çörəksiz qala bilər.

Bununla belə, Quliyevlər ailəsi gələcəyə nikbin yanaşır. Onlar inanır ki, ölkə rəhbərliyi bu məsələyə biganə qalmayacaq və haqq-ədalət yerini tapacaq, Rahim Xosrovovun qanunsuz əməllərinin qarşısı alınacaq.

ayd-n-ataxanoglu

Aydın ATAXANOĞLU,

LƏNKƏRAN

Əlaqəli xəbərlər