Şeyxin qudası niyə həbs edildi?

sheyx

Allahşükür Paşazadə: “Heç vaxt qudalarımın işinə qarışmıram”

İspaniya polisi Misirin eks-prezidenti Hüsnü Mübarəkin ən yaxın adamlarından misirli iş adamı Hüseyn Salamı və onun oğlu Xalid Salamla birlikdə türkiyəli iş adamı Əli Evseni də həbs edib. Onların hamısı “çirkli pul yuma”, rüşvət və sui-istifadə ittihamları ilə həbs edilib.

 

Türkiyə mediasının yaydığı xəbərə görə, Salamın 33 milyon avroluq hesabı dondurulub. Dondurulan pulları Salam ailəsinin hesablarına türkiyəli iş adamı Əli Evsen göndərib.

Materialda adı keçən Əli Evsenin Azərbaycandakı iş fəaliyyəti, burada avtomobil nəqliyyatı, otel və ticarət sahələrilə məşğul olduğu barədə də qeydlər var. Bildirilir ki, 1962-ci ildə Adanada doğulan, ancaq illərdir Azərbaycanda fəaliyyət göstərən Əli Evsenin “Eagle Aviation Europe” adlı bir havaçılıq şirkəti də var. Azərbaycana hüquq təhsili üçün gedən Evsen 1990-cı ildə “Evsən Groupu” qurub. Qrup şirkətləri arasında avtomobil şirkəti “Azsamand Service”, ticarət mərkəzi “Elitaya Complex”, soyuducundan paltaryuyan maşınına qədər istehsal edən “Azerbaijan Electronics” fabriki də var. Əli Evsenin bir də xalça atelyesi olduğu, onun şirkətlərində 3 minə yaxın adamın çalışdığı bildirilir.

Qeyd edək ki, Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Şeyxin oğlu Məhəmməd Əli Evsenin qızı ilə ailə qurub.

Bu məsələyə dair açıqlama verən Hacı Allahşükür Paşazadə bildirib ki, belə məsələlərdə heç vaxt qudalarının işinə müdaxilə etmir: “Mən öz ailəmə cavabdehəm. Ailə deyəndə ora təbii ki, mənim gəlinim və digər övladlarım da daxildir. Amma kimsə, tutaq ki, lap elə mənim qudalarımdan haradasa bir iş görürsə, onun məsuliyyətini də özləri daşıyır. Onlar hər hansı bir günah işinə görə də qanun qarşısında özləri cavab verməlidir.

 

Mənim qudam olmur, kim olur olsun. Qanun qarşısında hər kəs cavabdehdir. Yəni bunların fəaliyyətini mənim adımla bağlamaq etik cəhətdən düzgün deyil axı. Mən qudalıqdan imtina etmirəm ki... Sadəcə mənim belə şeylərə ehtiyacım yoxdur. Mən bu xalqın şeyxiyəm, ölkəmin prezidenti var. İmkan daxilində bütün şəraitlər yaradılıb ki, heç kimə əyilməyim. İstəyir mənim qudam olsun, istər başqası”...

Aydın ATAXANOĞLU

Əlaqəli xəbərlər