YENƏ YADA DÜŞÜRÜK

İrəvan Mühacir Hökuməti Qərbi Azərbaycan adıyla oynayanlarla barışmayacaq

Sabir TARVERDİYEV, Azərbaycan Milli Dövlətçilik Partiyasının başqanı,
İrəvan Mühacir Hökumətinin prezidenti

Müasir dövrün tələbləri ilə tərs münasib olan, daha çox seçkidən-seçkiyə və dar məqamlarda aktual problem kimi ortaya atılan regionalizm məfhumu Azərbaycanda ən çox hallandırılan mövzu kimi cəmiyyətin diqqət mərkəzində  olur. Bu mövzu bu gündə gündəmdədir. Regionçuluq məsələsi yaxınlaşmaqda olan parlament seçkiləri öncəsi daha da qabardılıb.

Bütün  seçkilərdə əsas elektorat hesab edilən qərbi  azərbaycanlılardan yenə də vasitə kimi istifadəyə cəhd olunur. Siyasi elita liderləri  səsvermə hüququna malik insanlar arasında çoxluq təşkil etməklə bərabər, fəal və aktiv olmaları ilə diqqəti daha çox cəlb edən bu region nümayəndələrindən yararlanmaq məqsədilə sanki yarışa girərək, onların “nazlarını çəkməyə başlayıblar”...

...Dədə-baba torpaqlarında olmazın mənəvi-psixoloji sarsıntılar keçirmiş, partokratiya, daşnak məngənəsində sıxıla-boğula mətinləşmiş, mətinləşə-mətinləşə siyasiləşmiş bu region mənsubiyyətli  insanların üstün cəhətləri çoxdur. Onların dar məqamlarda yada düşmələrinin başlıca  səbəbi də budur.

Siyasi alverə qurşananlar yaxşı bilirlər ki, əslən Ermənistandan olan azərbaycanlıları siyasi-kütləvi aksiya və tədbirlərə, təbliğat kampaniyalarına cəlb etmək həmişə  asan, hər cür çətinliyi dəf, seçkinin taleyini həll etmək mümkün olub. Böyük gücə malik bu insanlar təşkilatlanmış bölgə nümayəndələri  kimi də xarakterizə edilirlər.

Sayları 4 milyon civarında  hesablanmış qərbi azərbaycanlılar  istənilən situasiyalarda birləşə, aktivlik göstərə, fəal ola,  hay-küyə tez reaksiya verə bilirlər. Deyilənləri onların toy, yas mərasimlərində iştirak edənlər yaxşı bilirlər. Üstəlik, bu bölgənin kifayət qədər aktiv ziyalı potensialı da var. Belələrinə arxalanıb iş görməyin həmişə müsbət nəticələri olub.

Ağrılı hal olsa da,  qeyd olunması vacibdir ki, bütün hakimiyyətlər dövründə  qərbi azərbaycanlıların üstün cəhətlərindən faydalananlar sonda onlara arxa çevirib, hətta onları qınaq obyekti kimi qələmə veriblər.

Qərbi azərbaycanlılara “ilan donu geyindirənlərin”, məqsədləri naminə hər cür iyrəncliyə əl atan çirkin niyyətlilərin təqsirləri ucbatndan doğma od-ocaqlarından didərgin düşən insanların əzab-əziyyət yükləri çəkilməz ağırlıq həddinə çatıb, hətta onlar digər regionlardan olanlarla üz-üzə də qoyulub.

Çirkin əməl sahiblərinin çirkinlikləri, olduqca ziyanlı və sərsəm təbliğatları həmişə qərbi azərbaycanlılara ağrılı zərbə vurub.

Ədürrəhman Vəzirovun və  Ayaz Mütəllibovun asıb-kəsən vaxtlarında  qərbi azərbaycanlıların fəlakətləri başlandı. Onda çayxana-meyxanalarda yox , yüksək kluarlarda belə qərbi azərbaycanlılar haqqında  xoşagəlməz söhbətlər aparılırdı. Bu, o vaxtkı təbliğat texnologiyasının ən inkişaf etmiş iyrənc  variantıydı.  Bölücülük adlı murdar siyasət hər küncdə, hər bucaqda qara izlərini qoyurdu.  Bizimlə bir soydan olanların yaşamaq hüquqları belə kobud şəkildə pozulurdu. Onda qərbi azərbaycanlıları yada salan, dərdlərinə əlac edən, ah-vaylarını eşidib dadlarına çatan  tapılmırdı. Yaxşı ki, bu çirkinliklərin qarşısı vaxtında alındı. Heydər Əliyevin hakimiyyətə gəlişi və onun iradəsi ilə gələcəyimiz üçün təhlükəli olan bu sindromu dəyişmək mümkün oldu. İlham Əliyev iqtidarı dövründə bu sindrom sındırılaraq tamamilə məhv edildi. Siyasi münasibətlərdə yaranan gərginliklər zamanı bir çox siyasətçilərin öz ətraflarında doğulduğu bölgənin sosial bazasını cəmləməsi halına son qoyuldu. Təhlükəli və fəsadlı regionçuluq kartından faydalanmaq istəyənlərin dövrü beləcə sonuclandı.

İndi dövr, dövran dəyişib. Qərbi azərbaycanlılar haqqında yeniləşən söz-söhbətlər cəmiyyət tərəfindən  boş və mənasız dedi-qodu kimi qəbul edilir. Çünki qərbi azərbaycanlılar artıq hansısa regionun adıyla çıxış etmir, özlərini kiminsə elektoratı kimi göstərmirlər. Öz problemlərinin bütöv Azərbaycan problemləri çərçivəsində çözülməsinin tərəfdarıdırlar. Regionlarını ən ülvi hiss və duyğularla sevsələr də, bu sevgini Azərbaycan bayrağından uca tutmurlar. Dedi-qodulara rəğmən deyə bilərəm ki, həm hakim dairələrin, həm də siyasi  qurumların başqa regionlardan olanlarla müqayisədə qərbi azərbaycanlılara münasibətlərində fərqli heç nə görünmür. Qərbi azərbaycanlıların dolanışıqları da başqa regionlardan olanlarınkı kimidir. Problem içində yaşamaq əmsalları bütün bölgələrdəki vətəndaşlarımızın durumu ilə düz mütənasibdir. Xanimanları eyni əllə viran qoyulub. Onların ziyalıları, alimləri də bazarda piştaxta arxasındadırlar. Cavanları bir qarın çörək dalınca dünyanın dörd bir bucağına səpələniblər. Heç bir qərbi azərbaycanlı fərqli xüsusi statuslara da malik deyillər.

Vətən müharibəsində ər, nişanlı, oğul itirmiş qız-gəlinlərinin, ana-bacılarının göz yaşları hələ də qurumayıb.

Təəssüf ki, günü bu gün də Azərbaycanda qərbi azərbaycanlılardan ibarət region hakimiyyətinin mövcudluğunu aləmə car çəkənlər tapılır. Əslində isə, bu, sərsəm xəyal sahiblərinin uydurmalarıdır. Axı, Azərbaycanda qərbi azərbaycanlılardan ibarət region hakimiyyəti heç vaxt olmayıb, indi də yoxdur. Ola da bilməz. Düzdür, Qərbi Azərbaycan əsilli nazir və məmurlar tanıyırıq. Onlar da elə azğınlaşıb, harınlaşıblar ki, yaxınlarından savayı heç kəsi görmək istəmirlər. Belələri region, el-oba hissini çoxdan unudublar. Müqəddəs olan hər şey onlara yaddır. Müxtəlif region nümayəndələrinə, müxtəlif sosial təbəqələrə münasibətdə necədirlərsə, qərbi azərbaycanlıları da o gözdə görürlər. Əlahiddə bir fərq yoxdur.

Son dövrlər qərbi azərbaycanlıların adı ilə bağlı yaradılan saysız-hesabsız qurumların “rəhbərləri” yenə də onları “dilə-dişə salmağa” cəhd göstərir, utanıb-qızarmadan, həyasızcasına regionlaşmadan danışır, haray-həşir salırlar. Ən dəhşətlisi odur ki, siyasi yönümünü belə gizli saxlamağı bacarmayan bu qurumların “rəhbərləri” seçkilər ərəfəsində meydanda görünürlər. Bu vaxtadək harada olduqlarını bilən də yoxdur. Dəhşət bir də ondadır ki, bu təşkilatların rəhbərləri kimi danışanları birimiz də tanımırıq. El-oba içində nüfuz sahibi də deyillər. Həmyerlilərinin xeyrinə barmaq qatlanası bircə xoş iş də görməyiblər. Güzəştləri  ləğv ediləndə də, ermənilərdən fərqli olaraq, onlara beynəlxalq qaçqın statusu verilməyəndə də “qınlarına çəkilmişdilər.” Hazırkı fəaliyyətləri də nəzərə çarpacaq dərəcədə xeyirli deyil. Region mənsubiyyətinə uyğun adlarla yaratdıqları və fəaliyyət akordları kiməsə yaranmaq üstündə köklənmiş təşkilatlarıyla “qara qüvvələrin caynağında”, hansısa “iyrənc missiyanı” həyata keçirmək marağındadırlar. Separatçılıqdan, riyakarlıqdan, ikiüzlülükdən hələ bezməyiblər. Belələri hələ də anlamayıblar ki, Böyük QüvvƏyƏ çevrilmiş demokratik düşüncəli bu insanların hissləri ilə oynamaq, onları çirkin məqsədlər naminə alətə çevirmək heç kəsə baş ucalığı gətirməyib.

Belələri artıq bilməlidirlər ki, ən yaxşınının şansını qiymətləndirməyi bacaran, Vətənimizin bütövləşməsi və böyüməsi üçün istənilən mücadiləyə hazır olan, öz sevdiklərinə və tanıdıqlarına güvənən belə saf vətəndaşlarımızı, qəlbləri mili iqtidarı müdafiə etmək təşnəsi ilə alovlanan belə soydaşlarımızı ölkədə gedən demokratikləşmə proseslərindən kənarda saxlamaq mümkünsüzdür.

Bu, qulaqlarda indidən sırğaya çevrilməlidir!

Azərbaycan Milli Dövlətçilik
Partiyası və İrəvan Mühacir Hökuməti Aparatı mətbuat xidmətləri

Əlaqəli xəbərlər