Azərbaycan EA həqiqi üzvü, AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Əbdüləli oğlu Budaqova

AÇIQ MƏKTUB

Çox hörmətli Budaq müəllim!

Sizin dünya səviyyəli alim olmağınız danılmaz həqiqətdir. Təkcə elm qarşısında deyil, bütövlükdə millət, xalq qarşısında da Sizin xidmətləriniz olduqca böyükdür. Bəli, bu danılmaz həqiqət hamılıqla qəbul olunmuş, ağsaqqal alim tək Sizə xalq məhəbbəti, hörmət və rəğbət qazandırmışdır; Mən də bir elm adamı-filoloq,  xalqın bir övladı kimi Sizə dərin hörmət bəsləyənlərdənəm. Sizə ünvanladığım bu açıq məktubum da elmlə bağlıdır. Daha doğrusu, “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabınızdakı (Bakı-1998, “Oğuz evi” nəşriyyatı, həmmüəllif Q.Ə.Qeybullayevdir) bir neçə toponimin dəqiqləşdirilməsi ilə əlaqədardır.

İrad doğuran təhriflər belədir:

1. Kitabınızda Qaraqoyunlu toponimi və qaraqoyunlulular haqqında danışılarkən ayrı-ayrı ərazilər üzrə ona yaxın kənd adı sadalanıb, yetərincə təəssürat yaradılsa da doğulduğumuz Qərbi Azərbaycanda, eləcə də, vətəndaşı olduğumuz Azərbaycan Respublikasında qaraqoyunluluların kompakt yaşadığı yeganə ərazi olan Qaraqoyunlu dərəsinin adı göstərilməmiş, bütöv bir el unudularaq, haqqında bir söz belə deyilməmişdir.

Xatırladım ki, tədqiqat baxımından həmin ərazi üzrə “Qaraqoyunlu dialekti” mövzusunda əslən qaraqoyunlulu olan Şövkət Kərimov dissertasiya müdafiə edərək, elmlər namizədi adına layiq görülmüşdür.

Gölkənd, Cıvıxlı, Çaykənd, Əmirxeyir, Bəriabad, Qaraqaya, Yanıxpəyə, Salah, Göyərçinli, Polad  Ayrım, Ağkilsə, Haqqıxlı kimi kəndləri əhatə edən Qaraqoyunlu dərəsi 1918-20-ci illərədək rəsmi olaraq Azərbaycan ərazisi (Gəncə Quberniyası, Qazax qəzasının kəndləri) olmuşdur. Özü də coğrafi mövqeyinə görə məşhur Dilican dərəsinə bitişikdir. Ölməz şairimiz Səməd Vurğunun Dilicanda komsomol fəaliyyəti ilə bağlı günlərinin çoxu Qaraqoyunlu dərəsində keçmişdir;

S.Vurğun hələ gənc yaşlarından mənim doğma əmim, yazıçı Nəsib Əfəndiyevlə dostluq etmiş, dəfələrlə babam Vəli Əfəndinin qonağı olmuşdur (Bu barədə yazıçı N.Əfəndiyevin maraqlı xatirələri çoxdan oxuculara tanışdır).

Qaraqoyunlu dərəsi ziyalılar yurdu kimi də məşhurdur. Təbiətcə çox zəngin olan bu kiçik torpaq Bala Əfəndiyev (1937-ci ilin repressiya qurbanlarındandır) kimi görkəmli dövlət xadimi, tanınmış filosoflar Həmid Əfəndiyev, Asif Ata, Azərbaycan Elmlər Akademiyasında Sizinlə çiyin-çiyinə çalışmış tarix elmləri doktoru Həmid Əliyev kimi böyük alimlər, Rəşid Nəsiboğlu kimi bəstəkar, böyük və kiçikliyindən asılı olmayaraq, elmin bütün sahələri üzrə sayılan alimlər, minlərlə ali təhsilli mütəxəssislər yetirmişdir. Qaraqoyunlu dərəsində elə bir ailə tapılmazdı ki, orada böyüyən ən azı bir nəfər ali təhsilli olmasın.

Qaraqoyunlu dərəsi haqqında ən geniş müfəssəl məlumatlar mənim həmkəndlim və qohumum, qaraqayalı Elburus Hacılının “Qaraqoyunlular” (“Sumqayıt” nəşriyyatı-1999) kitabında verilmişdir.

2. Sizin lüğətdə Çaykənd kəndinin əhalisi mənşəcə kürdlərlə əlaqələndirilir. Bu, həqiqət deyil! Dəqiq bilirəm ki, həmin kənddə heç vaxt kürdlər yaşamamışdır; Qaraqoyunlu dərəsinə yalnız bir nəfər kürd qızı (adını çəkmirəm) gəlin gəlmiş, qohum-əqraba ilə qaynayıb qarışdığından onun kürd mənşəliliyi, demək olar ki, unudulmuşdur. Çox güman, gənc nəslin də bu haqda heç bir məlumatı yoxdur.

Mənim mənsub olduğum Əfəndilər nəsli də Qaraqoyunlu dərəsində böyüklüyü ilə seçilib. Qaraqoyunlu dərəsi kəndlərinin bir çoxunda kök salmış bu nəslin bir qolu da çaykəndlilərdir. Gölkənd kənd orta məktəbində  təhsil aldığım üç il həmyaşıdlarım olan çaykəndlilərlə birlikdə keçmişdir. Lakin mən onlardan hansısa birinin kürd mənşəliliyi haqqında heç vaxt eşitməmişəm. Buna yalnız Sizin lüğətdə rast gəlmişəm.

3. Başlıca iradım  isə, Qaraqoyunlu dərəsinin ən böyük kəndi sayılan Gölkənd kəndinin qul, qullar kəndi kimi yozumudur. Bütün dünya nəinki coğrafiyaşünasları, tarixçiləri, eləcə də dilçi alimləri, hətta digər ixtisas sahibləri də yaxşı bilirlər ki, toponimlər, adətən, yerin relyef quruluşuna, həmin ərazinin və ərazidə yaşayan əhalinin xarakterik xüsusiyyətlərinə uyğun, bəzən də həmin yerlərdə baş vermiş əlamətdar hadisələrlə bağlı yaranır. “Dədə Qorqud” da olduğu kimi, Qaraqoyunlu dərəsində də yer adları bu ənənəyə tam sadiq qaydada yaradılmışdır. Bir fikir verin, yer adları Qazanuçan, Tazıuçan, Yurd Tala, Daşlı Tala, Əfəndi talası, Dəyirmi Tala, Çiçəkli, Qanqallı, Şamlıq, Dərəyurd, Tək Palıd, Qılınc Qaya, o cümlədən, kənd adları Qaraqaya, Çaykənd, Gölkənd, Yanıxpəyə necə də uyğun seçilib.

Dəqiq ölçülüb-biçilmiş  bu adlara izah da tələb olunmur! Əslində Gölkəndin adı da ərazinin xarakterik xüsusiyyətlərinə uyğun seçilib; Kənd göllər əhatəsindəki mənzərəli bir ərazidə yerləşir. E.Hacılının “Qaraqoyunlu” kitabında da göstərilir ki, Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə də Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi.

Özüm də Gölkənd orta məktəbini bitirdiyimdən, üç il burada yaşadığımdan həmin kəndi yaxşı tanımışam. Bildirirəm ki, Gölkənddəki daha bir neçə xırda gölün adı E.Hacılının kitabına belə düşməmişdir. Kəndin Gölkənd adlandırılması üçün yuxarıda adını çəkdiyimiz göllər kifayət deyilmi?!

Di gəl ki, burada Azərbaycan dilinə məxsus toponimlərin dəfələrlə ruscaya, yenidən azərbaycancaya çevrilməsi, o vaxtlar müxtəlif mənbələrdə kəndin adının “Qelğkend”, “Qolğkend”, “Qölğkend”  kimi müxtəlif versiyalarda verilməsi öz işini görmüşdür. Baxın ki, Gölkənd adını qullar kəndi kimi verməyinizə heç bir elmi əsas olmayıb. Əslində, tanınmış bir akademik tərəfindən elmi əsasın danılaraq bu yöndə təhrif edilməsi, ada, toponimə yöndəmsiz bir yozumun verilməsi heç cür başa düşülən deyil. Belə bir yozum həmin kənddən olanların adına bir əskiklik gətirdiyindən, susmaq da olmur!

Axı, necə də susmaq olar?! Qul kimi yaşamaq heç vaxt qaraqoyunlulu xüsusiyyətinə xas olmayıb. Yalnız onu demək bəs etməzmi ki, XV əsrin əvvəllərində Teymurilərin əsarətinə qarşı ilk etiraz səsini qaldıranlar, silaha sarılaraq ölüm-dirim savaşına qalxanlar, yadelli işğalçılara divan tutaraq ölkədən qovanlar, milləti, xalqı bac-xərac verməkdən azad edənlər məhz qaraqoyunlulular olmuşdur. Bir daha açıq-aydın görürük ki, Qarayoyunlu dərəsi heç vaxt qullar diyarı olmayıb. Bu, mərdlər yurdunun adına qəsdən vurulmuş  bir qara ləkədir! Bu ləkə tezliklə silinməlidir!

Çox hörmətli Budaq müəllim!

Bununla mən heç də Sizin ağır zəhmət bahasına başa gəlmiş çox dəyərli əsərinizə azca da olsa kölgə salmaq fikrində deyiləm. Sadəcə olaraq, kitabınızda Qaraqoyunlu dərəsi və biz qaraqoyunlulularla bağlı yol verilmiş təhriflərə bir müəllif kimi Sizin öz tərəfinizdən düzəliş verilməsini bütün qaraqoyunlulular adından xahiş edirəm.

Dərin hörmətlə:
Sabir QARAQOYUNLU (Əfəndiyev)

Əlaqəli xəbərlər