Seçki bitdi, müxalifət isə hələ də yorğan davası edir



Müxaliflərin MSK-nın qərarlarının ləğvi ilə bağlı məhkəmələrə müraciətinə “yox” deyilib

Noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticələri Mərkəzi Seçki Komissiyasından sonra Konstitusiya Məhkəməsində də təsdiqlənsə də, müxalif namizədlər hələ də gerçəklə barışmaq istəmirlər. Bunu onların Bakı Apellyasasyia Məhkəməsinə kütləvi müraciətləri də təsdiqləyir. Maraqlı burasıdır ki, onlar seçkinin nəticələrinin tamamilə ləğvini tələb edərək, yeni parlament seçkisinin keçirilməsini tələb edirlər.

 

Qəzetimizə daxil olan məlumata görə, son bir həftə ərzində başda Müsavat başqanı İsa Qəmbər olmaqla, “AXCP-Müsavat” blokuna daxil olan namizədlər, həmçinin ADP-lilərin Mərkəzi Seçki Komissiyasının nəticələri təsdiqləməsi ilə bağlı qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciətləri araşdırılıb: “Diqqətinizə çatdırım ki, müxaliflər içində təkcə İsa Qəmbərin apellyasiya şikayəti  müəmmalı formada uzadılsa da, digərləri ilə bağlı operativ qərar çıxarılıb. Təbii ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Mərkəzi Seçki Komissiyasının qərarlarını təsdiqləyib. Yəni İsa Qəmbər də daxil olmaqla, bütün şikayətçi müxalif keçmiş namizədlərin təkrar seçki keçirmək tələbləri rədd olunub. Bir neçə gün əvvəl isə sözügedən məhkəmənin hakimi Mədinə Bağırova Ümid Partiyasının funksioneri, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Nəsimi Məmmədlinin “Mərkəzi Seçki Komissiyasının 19 noyabr 2010-cu il tarixli 65/627 saylı qərarının ləğv edilməsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə seçkinin nəticələrini ləğv edib təkrar seçkilərin keçirilməsi vəzifəsinin MSK üzərinə qoyulması, qanunsuz hərəkət və hərəkətsizlik edən şəxslərin cəzalandırılması” tələbinə dair şikayət ərizəsini təmin etməyib. KXCP sədri Mirmahmud Mirəlioğlunun da 42 saylı Sumqayıt seçki dairəsi ilə bağlı oxşar iddiası rədd olunub. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov ALP sədri Əvəz Temirxanın “07 noyabr 2010-cu il səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolundan və azad seçki hüququnun pozuntularının araşdırılması və nəticələrin ləğvi” xahişini də əsassız sayıb. Ayrı-ayrı tanınmış müxalifətçilərin Bakı Apellyasiya Məhkəməsində bu cür şikayətlərini sıralamaq istəmirəm. Amma deyə bilərəm ki, demək olar ki, bütün müxalif namizədlər MSK-nın qərarından şikayət versələr də, heç biri qəbul olunmayıb. Proseslərin gedişi göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarlarından Ali Məhkəməyə şikayətlər də effekt verməyəcək”.

Müsahibimizin ehtimal edir ki, müxalifətçilərin məhkəmələr müraciət etməsinin əsas səbəbi başqadır: “Şübhə yox ki, məhkəmələrə müraciət edən müxalifətçilər iddialarının qəbul edilməyəcəyini bilirdilər. Ancaq bu o demək deyil ki, onlar məhkəmə qərarları ilə kifayətlənib, geri çəkiləcəklər. Şübhə etmirəm ki, məqsəd seçkidə yaşananları Avropa İnsan Haqları Məhkəməsinə daşımaqdır. Necə ki, AXCP sədri Əli Kərimli artıq belə bir müraciəti edib”.

Sonda məlumatlı şəxs 2005 seçkiləri ilə bağlı Avropa Məhkəməsinin qərarlarını da xatırladıb: “Yadınızdadırsa, ötən 2005 seçkilərində Avropa İnsan Haqları Üzrə Məhkəməsinin müxalifətin “Azadlıq” bloku tərəfindən namizədliyi Sumqayıtdan irəli sürülmüş müğənni Flora Kərimovanın şikayəti üzrə 59 avro, Bərdədən namizəd olmuş AXCP funksioneri Nemət Əliyevin şikayəti üzrə isə səhv etmirəmsə, 30 min avro Azərbaycan dövlətinə qarşı təzminat qərarı çıxarmasını unutmamısınız. Belə bir neçə qətnamədə var. Düşünürəm ki, budəfəki seçkilərlə bağlı da oxşar qətnamələr ola bilər”.

Anar MUSTAFA

Əlaqəli xəbərlər