Notariuslar dəllalların vassalına çevrilib



Bir çox mülk məsələlərinin fırıldaq yolu ilə ələ keçirilməsində Notariat Kontorlarının rəhbərləri də aktiv iştirak edirlər

Son illər Azərbaycan məhkəmələrində daha çox baxılan məhkəmə işləri arasında mənzil-mülk məsələlərinin qanunsuz ələ keçirilməsi və bu məsələdə dəllallarla Notariat Kontorlarının əlbir

fəaliyyətləri haqda dövrü mətbuatda çox məlumatlar dərc olunsa da, nə yazıq ki, Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanlarının rəhbərləri tədbirlərini sərtləşdirmirlər. O üzdən də mənzil qalmaqallarının sayı durmadan artır. Bu yazımızda notarusların fırıldaqçılığından daha çox, onların hansı səbəbdən məhkəmələrə cəlb edilməsindən söz açacağıq. Məsələnin kökündə duran səbəbləri isə şübhəsiz ki, məhkəmələrlə Ədliyyə Nazirliyinin müvafiq qurumu araşdırmalıdır. Nə isə.

 

Qəzetimizə daxil olan məlumata görə, hal-hazırda yerli iqtisad məhkəmələrində və Bakı Apellyasiya Məhkəməsində notarusların məhkəməyə cəlb edilməsi ilə bağlı yüzlərlə materiallar var. Bizi məlumatlandıran bilgili şəxs hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan üç ayrı-ayrı Notariat Kontorları ilə bağlı informasiya verib: “Bunlardan biri Baı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə 32 və 38 saylı Dövlət Notariat Kontorlarının “fəaliyyəti”indən bəhs edir. Beləliklə, Gürcüstan əsilli Teymuraz Cavaxadze Semyanoviç ona məxsus mənzili qanunsuz ələ keçirmələri ilə bağlı bir qrup vətəndaşı məhkəməyə verib. Həmin iddia ərizəsində mənzilinin qanunsuz alqı-satqısını həyata keçirən 32 və 38 saylı notariuslar da diqqətindən kənarda qalmayıb. O, Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər 32 və 38 saylı Dövlət Notariat Kontoru ilə bərabər, Məmmədov Elman Nəriman oğlu, Nəsirov Elçin Əvəz oğlu və Bəydəmirova Rəna Nazim qızına qarşı da ittiham irəli sürüb və məhkəmədən allqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqələrinin ləğv edilməsini əlaqədar qurumların üzərinə qoyulmasını xahiş edib. Lakin Nərimanov Rayon Məhkəməsi iddiaçının ərizəsini “bəlli səbəblər”dən tam qəbul etməyib. Bunun üçün də iddiaçı məsələni Bakı Apellyasiya Məhkəməsinə daşıyıb və qeyd etdiyim kimi, hazırda iş hakim Mədinə Bağırovanın sədrliyi ilə incələnir. Məncə, işin xırdalıqlarına varmadan söhbətin nədən getdiyi haqda təsəvvürünüz yarandı”.

Notariuslarla bağlı digər məhkəmə işi də Bakı Apellyasiya Məhkəməsində 13 saylı Dövlət Notariat Kontoru haqdadır. Müsahibimiz deyir ki, Fərhad İlqar oğlu Qədirov adlı Nəsimi rayon sakini mənzili ilə bağlı alqı-satqı müqaviləsini rəsmiləşdirən 13 saylı Kontorla yanaşı,  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini də prosesə cəlbedib: “Bu məhkəmə davası Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehti Əsədovun sədrliyi ilə araşdırılır. Səhv etmirəmsə, dekabrın 3-də işlə bağlı proses davam edib. Lakin hələki dəqiq məlumatım yoxdur. Onun üçün də təfərrüatlı danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, Fərhad Qədirov belə hesab edir ki, yaxın qohumu onun mənzilini ələ keçirib və bu barədə notarisun rəsmiləşdirdiyi bağışlanma qərarı ləğv edilməlidir”.

Məlumatlara əlavə şərh vermədən hər üç Notariat Kontorları ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz alınmadı. Bakı Apellyasiya Məhkəməsindən isə belə bir məhkəmə işlərinin icraatda olduğu təsdiqlənsə də, proseslər bitmədiyindən geniş informasiya verilməsindən yayınıldı.

Əli HÜSEYN

Əlaqəli xəbərlər