Liderlərdən xəbər yoxdur

Etibar Məmmədovla Lalə Şövkətin  seçkiyə qatılmayacaqlarını bəyan etmələrinə baxmayaraq, bəziləri hələ də buna inanmaq istəmir
Noyabrın 7-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürənlər arasında yenə də partiya liderləri, funksinerləri, ali məktəb rektorları, iri kapital sahibi olan biznesmenlər, tanınmış jurnalistlər aktiv iştiraka start veriblər.

Qəzetimizin əldə etdiyi məlumata görə, namizədliyini irəli sürən partiya sədrləri arasında Milli Dövlətçilik Partiyasının başqanı, İrəvan Mühacir Hökumətinin Prezidenti Sabir Tarverdiyev artıq 42 saylı Sumqayt seçki dairəsi üzrə seçki qərargahını yaradıb. Yaxın bir neçə gün ərzində imza toplama mərhələsini yekunlaşdıracaq. Seçki qərargahından qəzetimizə bildiriblər ki, bu dəfəki seçkidə partiya başqanlarının qələbə qazanacağına şübhə etmirlər.
Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Əzizoğlundan aldığımız informasiyaya görə də, artıq Sabir Tarverdiyev imza vərəqələrini götürüb və imzatoplama kampaniyası yekunlaşmaq ərəfəsindədir.
Uzun illərdir parlamentə düşmək uğrunda fəaliyyət göstərən və xalq arasında “Vicdan Sabir” kimi tanınan iş adamı Heydər Əliyevə sonsuz məhəbbəti və sədaqəti ilə tanınıb. Sabir Tarverdiyev Heydər Əliyev dünyasını dəyişəndə ona yas və xatirəsinə hörmətlə saqqal saxlamağı ilə yaddaşlarda qalıb.
“Vicdan Sabir” bu dəfə parlamentə seçiləcəyinə zərrə qədər də şübhə etmir: “Mən ömrümü bu dövlətin qurulmasına həsr etmişəm. Qərbi Azərbaycan Mühacirət hökumətinin rəhbəriyəm. Onların problemlərinin həm ölkə daxilində, həm də ölkə xaricində həll olunması üçün mənim kimi insanlara ehtiyac var. İnanıram ki, bu il parlamentdə təmsil olunmaqla xalqın etimadını doğruldacağam.”
Hüseyn Əzizoğlu da Sabir Tarverdiyevin dediklərini təsdiqlədi: “Sumqayıtda Sabir Tarverdiyevin nüfuzu böyükdür. O, bu şəhər üçün çox iş görüb. Sabir müəllimin seçki qərargahında da tanınmış ziyalılar və aktiv vətəndaşlar təmsil olunur. Ona görə də bu il Sabir Tarverdiyevin parlamentdə sumqayıtlıları təmsil edəcəyinə inanırıq və bu yolda dönmədən çalışırıq.”
Qeyd edək ki, bu dairədən KXCP sədri Mirmahmud Mirəlioğu da namizədliiyni irəli sürüb.  Sabir Tarıverdiyvin seçki qərargahından onu da bildiriboər ki, onlar nəinki Mirmahmud bəyin, hətta hakim partiyanın namizədini də rəqib saymırlar: “Adları çəkilənlərin heç birinin Sumqayıtda Sabir müəllim qədər nüfuzları və hörmətləri yoxdur. Sabir  müəllim 20 ildən çoxdur ki, Sumqayıtlıların bütün xeyir işlərində aktiv iştirak edib, öz xeyriyyəçi missiyasını çox uğurla həyata keçirib. Təsadüfi deyil ki, bu şəhədə hamı ona daha çox “dayı” deyə, müraciət edirlər. Bundan əlavə, o, şəhərdə xeyli iş yerlərinin yaradılmasına nail olmaqla bərağər, sahibi olduğu Sumqayıt Maşın bazarında xeyli seçicisinə şərait yaradıb. Bütün bunlarla yanaşı, biz kampaniyaya start verilən kimi, çox böyük təbliğata başlayacağıq. Ev-ev gəzib, bütün seçicilərlə fərdi söhbətlər aparıb, onların düzgün seçim etməsinə çalışacağıq”. 
Müsavatın başqanı İsa Qəmbər namizədliyini 15 saylı Yasamal I seçki dairəsindən irəli sürüb. Partiyadan aldığımız məlumata görə,  İ.Qəmbər DSK-ya müraciət edərək, imza vərəqələrini dünən götürüb: “Artıq İsa bəyin seçki qərargahı imza toplama mərhələsini dəbaşa çatdırmaq üzrədirlər. Yəqin ki, yaxın bir-iki günə sənədlər DSK-ya təqdim olunacaq”.
“AXCP-Müsavat” seçki blokunun digər vahid namizədi olan AXCP sədri Əli Kərimli 31 saylı Suraxanı II SD-dən deputatlığa iddiaçıdır. O da sənədlərini DSK-ya təqdim edib və imza vərəqələrini götürüb. AXCP-dən aldığımız məlumata görə, artıq partiya liderinin imzaları toplanılıb və hə an DSK-ya təqdim oluna bilər.
Ümid Partiyasının sədri İqbal Ağazadə 35 saylı Xətai III SD-dən namizədliyini irəli sürüb. Onun namizədliyi “Qarabağ” seçki bloku tərəfindən dəstəklənir. Artıq İ.Ağazadə nəinki imzalarını toplayıb, hətta namizədliyi qeydə də alınıb.
ADP sədri Sərdar Cəlaloğlu 21 saylı Nəsimi I SD-dən deputat olmaq istəyir. Onun da namizədliyini “Qarabağ” seçki bloku irəli sürüb. Ancaq ADP sədrinin hazırkı durumu ilə bağlı məlumat əldə edə bilmədik.
VHP sədri Sabir Rüstəmxanlı 72 saylı Yardımlı-Masallı SD-dən yenidən deputat seçilmək istəyir. Onun namizədliyi “Demokrat” seçki bloku tərəfindən irəli sürülüb. Əldə etdiyimiz xəbərə görə, artıq partiya sədri imza vərəqələrini götürüb, imzalarını da toplayıb.
AMİP sədri Yusif Bağırzadə namizədliyini 39 saylı Kəpəz (Gəncə) SD-dən verib. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı 60 saylı Salyan seçki dairəsindən namizəddir. Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı 66 saylı Biləsuvar SD-dən yenidən deputat olmaq istəyir.
Xalq Partiyasının sədri Qiyas Sadıxovun namizədliyi 63 saylı Sabirabad SD-dən KXCP tərəfindən irəli sürülüb. Azadlıq Partiyasının sədri Əhməd Oruc 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizəddir. Onun namizədliyini DUİ və Müsavat dəstəkləyir. Adları çəkilən partiya sədrlərinin hər birinin imza vərəqələrini aldığı və imza toplama mərhələsini başa vurmaq ürə olduqları haqda xəbərlər var.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar SD-dən iddiaçıdır. Onun namizədliyi “Qarabağ” bloku tərəfindən müdafiə olunur. Əldə etdiyimiz məlumata görə, “Aydınlar”ın lideri imza vərəqələrini artıq DSK-ya təqdim edib.
ALP sədri Əvəz Temirxanın namizədliyi “İnsan naminə” bloku tərəfindən 23 saylı Nəsimi-Səbayel SD-dən irəli sürülüb. Əvəz Temirxandan aldığımız məlumata görə, imza vərəqələri DSK-dan götürülüb və artıq imzalar da toplanmaq üzrədir: “Mən digər namizədlərdən fərqli olaraq özüm şəxsən imza toplama mərhələsində iştirak edir və Seçicilərimlə birbaşa təmasda oluram. İnanıram ki, hakimiyyətin bütün cəhdlərinə rəğmən, qələbə qazanacağam”.
BQP sədri Fazil Mustafanın namizədliyi isə “İslahat” bloku tərəfindən 26 saylı Sabunçu I SD-dən irəli sürülüb. BAXCP sədri Qüdrət Həsənquliyev 7 saylı Ordubad-Culfa SD-dən deputat olmaq istəyir. Onun namizədliyi “İslahat” bloku tərəfindən irəli sürülüb. Ədalət Partiyasının sədri İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Ağstafa SD-dən yenidən deputat olmaq istəyir. Onun da namizədliyi “İslahat” bloku tərəfindən irəli sürülüb. ASDP həmsədrAraz Əlizadə namizədliyini 17 saylı Yasamal SD-dən verib. DİP sədri Asim Mollazadə 22 saylı SD-dən deputat olmaq istəyir. Onun namizədliyini “Demokrat” bloku müdafiə edir. VİP sədri Əli Əliyevin namizədliyi 17 saylı Yasamal SD-dən “İnsan naminə” bloku tərəfindən irəli sürülüb. CXP sədri Bədrəddin Quliyev də deputatlığa namizədliyini irəli sürüb. Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan 31 saylı Suraxanı SD-dən namizəddir. Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu 37 saylı Nizami I (Gəncə) SD-dən namizədliyini irəli sürüb və imzatoplama kampaniyasını başa vurub.
Son olaraq onu da xatırladaq ki, ümumilikdə 25 partiya lideri namizədliklərini irəli sürsələr də, hələ də AMİP lideri Etibar Məmmədovla ALP lideri Lalə Şövkətdən xəbər yoxdur. Partiya liderlərinin seçkiyə qatılmayacaqlarını bəyan etmələrinə baxmayaraq, bəziləri hələ də buna inanmaq istəmir.
Əli HÜSEYN,
Hamlet SADIQOV

 

Əlaqəli xəbərlər