Tariximizə ən qanlı faciə kimi düşən Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya tam mahiyyəti ilə izah etmək gərəkdir

Mirkazim Seyidov

Mirkazım SEYİDOV: "Belə olsaydı, beynəlxalq ictimaiyyətin bu dəhşətli faciəyə ikili münasibəti çoxdan dəyişər, bu miqyasda bir cinayəti törədənlərin cəzalandırılmasına tez bir zamanda nail olardıq"

Xocalı soyqırımının növbəti ildönümüdür. Bu ağır tarixi xüsusi tədbirlərlə qeyd edən ölkə ictimaiyyəti və xaricdə yaşayan soydaşlarımız, ənənəvi olaraq, yenə də, bu dəhşətli cinayətin miqyasını dünya ictimaiyyətinə göstərmək istəyirlər. Faciənin beynəlxaıq miqyasda tanıdılması istiqamətində görülən işlər sırasında, ötən illər Rusiyanın ayrı-ayrı regionlarında keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyıb. 

Bu ölkədəki tanınmış diaspor fəalı, Federasiyasının bütün bölgələrindəki fəal diaspor qurumlarımızı öz ətrafında birləşdirən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, şair-publisist Mirkazım Seyidov araz.az xəbər portalına açıqlamasında bildirib ki, soyqırımında adları keçən hərbi canilərin adlarını bu dövlətin ictimai-siyasi qurumlarına, eləcə də bütün vətəndaşlarına çatdırmaq üçün, əllərindən gələni əsirgəmirlər: "Lakin errməni tərəfi də, öz növbəsində, yenə dinc dayanmır, kütləvi qətllərə görə məsuliyyəti Ermənistanın üzərindən atmaq və yüzlərlə Azərbaycan vətəndaşının öldürülməsində, elə, Azərbaycanın özünü ittiham etmək üçün "dəridən-qabıqdan çıxır". Onlar, hər il olduğu kimi, yenə, bu ideoloji qarşıdurmada saxta dəlilləri və faktları inandırıcı etməyə səy göstərirlər. Halbuki belə qanlı hadisələrin dəqiq sənədlərlə araşdırılması daha böyük dəyərə malikdir və sonda xüsusi əhəmiyyət daşıyır.
Bizim üçün ağır olsa da, açıq etiraf edib, təəssüflə deməliyik ki, Azərbaycanın bu işə məsul dövlət və ictimai qurumları əvvəllər bu istiqamətdə uğurlu işlər aparmaq sarıdan erməni tərəfdən zəif olublar. Yadınızdadırsa, Balkanlarda Srebrenitsa qətliamından sonra hərbi tribunal yaradıldı və bu soyqırımını törədənlər cəzalandırıldılar. Təəssüf ki, Azərbaycana, Xocalı qətliamına münasibətdə məsələnin hüquqi həllinin tərəfdarları azdır.
Bu barədə əsl həqiqətləri dünyaya vaxtında tam mahiyyətilə izah etsəydik, beynəlxalq ictimaiyyətin bu dəhşətli faciəyə ikili münasibəti çoxdan dəyişər, bu miqyasda bir cinayəti törədənlərin cəzalandırılmasına tez bir zamanda nail olardıq.
Bütün xalqımız bunu istəyir və dövlətimiz buna çalışır ki, Xocalı soyqırımını törədən qatillər hüquq qarşısında cavab verib, layiqli cəzalarını alsınlar. Son vaxtlar dövlət başçısı möhtərəm İlham Əliyev cənabları bir daha Xocalı faciəsi ilə bağlı ölkənin rəsmi və ictimai təşkilatlarına müraciət edərək, onları, bu faciə haqqında əsl həqiqətləri bütün dünyaya çatdırmaları üçün, əllərindən gələni etməyə çağırdı və qarşılarında vacib tapşırıqlar qoydu. Bu vacib çağırışdan sonra, Azərbaycan dövlətinin dünyada Xocalı faciəsi haqqında həqiqətin öyrənilməsi, onun xalqımıza qarşı soyqırım aktı kimi tanınması istiqamətində bütün zəruri addımlar atması, artıq öz əhəmiyyətini göstərməkdədir. Hazırda bu məsələ mühüm mərhələdədir və ölkəmiz növbəti mərhələdə daha böyük təsirə malik işləri görməyi planlaşdırır. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlamış “Xocalıya qarşı ədalət” beynəlxalq kampaniyasını xüsusi qeyd etmək lazımdır. Bu istiqamətdə təbliğat fəaliyyətini daha da fəallaşdıran bu nüfuzlu qurum, keçirdiyi çoxsaylı aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən rəsm və foto sərgiləri ilə, Azərbaycan dilindən başqa ingilis, rus, ərəb, türk... dillərində tərcümə edilərək, təqdimatları zamanı bir çox ölkələrdə maksimum nümayişləri təşkil olunan, dünyada artıq yüz milyonlarla insanın baxdığı sənədli filmlərlə çox şeyə nail olub. Əlbəttə, tariximizə ən qanlı faciə kimi düşən Xocalı soyqırımının bu yolla geniş auditoriyaya çatdırılması, dünyanın sülhsevər xalqlarının bu acımıza, faciəmizə şərik çıxmasına kömək edir. Belə tədbirlər bu qanlı faciənin unudulmaması və sonda bu soyqırımını törədənlərin cəzalandırılması üçün də vacibdir. Məhz bu səbəbdən, Ulu Öndər Heydər Əliyev də, belə tədbirlərin keçirilməsini, Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini Azərbaycan dövlətinin, onun diplomatiyasının əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi".
Mirkazım Seyidov araz.az-ın müxbirinə açıqlamasında onu da xüsusi vurğulayıb ki, dünyanın hansı ölkəsində yaşamasından və nə işlə məşğul olmasından asılı olmayaraq, hər bir həmvətənlimiz Xocalı soyqırımının heç vaxt unudulmaması və bu faciənin bir daha təkrarlanmaması üçün, bu istiqamətdə əlindən gələni etməklə daha fəal olmalıdır; Hamı çalışmalıdır ki, yaşadığı ölkə bu yöndə Azərbaycana dəstək verən ölkələrdən birinə çevrilsin: "Xocalı soyqırımı ilə bağlı, rəhbəri olduğum diaspor təşkilatlarının xətti ilə, hər il yaşayıb, fəaliyyət göstərdiyim Novosibirsk şəhərində tədbirlər təşkil olunur, yeni yetişən gənc nəslin məlumatlandırılması üçün, geniş auditoriyalarda, konfrans salonlarında mütəmadi olaraq tədbirlər həyata keçirilir. Təbii ki, çox vaxt erməni diasporunun təzyiqləri, təhdid və hədə-qorxuları ilə üz-üzə gəlmişik. Hətta, özüm belə, onların fiziki təzyiqlərindən qaça bilməmişəm. Sağlamlığıma ciddi şəkildə ziyan vurublar. Bütün bunlar bizim Vətən və millət sevgimizi, vətənpərvərlik hisslərimizi söndürə bilməyib. Daha da fəallaşıb, keçirdiyimiz tədbirlərin sayını artırmağa çalışmışıq. Belə tədbirlərdən birini də, dünən keçirdik. Rusiyanın ən böyük vilayətlərindən biri olan Novosibirskin və şəhər rəhbərliklərinin icazəsi ilə, daha izdihamlı bir tədbir keçirməyə nail olduq. Tədbirdə soydaşlarımızdan başqa, şəhər ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri də iştirak etdilər. Tədbirə həddindən artıq maraqğın olması bir daha sübut edir ki, artıq bu yöndə böyük əhəmiyyətə malik işlər görə bilmişik. Yerli ictimaiyyətin bu qanlı faciəyə səmimi münasibəti göstərir ki, artıq, onlar da, Azərbaycan xalqını ürəkdən hiss edir.
Bir daha qeyd etmək istərdim ki, bu soyqırımı barədə əsl həqiqətlərin dünyaya çatdırılması, bundan sonra da, Azərbaycan dövlətinin və xalqının qarşılarında duran əsas məsələlərdən biri olmalıdır. Xocalı soyqırımının hüquqi qiymətləndirilməsi baxımından da, Azərbaycanın məqsədi, ilk növbədə, bu qanlı hadisə barədə dünya ictimaiyyətini məlumatlandırmaqdan ibarət olmalı, eləcə də, əsas diqqəti görünməmiş belə bir qanlı faciəni törədən qatillərin cəzalandırılmasına yönəltməlidir. Bunu yaxşı bilirik ki, məsələnin hüquqi müstəvidə həlli ictimai rəydən, dünyanın, Avropanın müxtəlif institutlarında Xocalı soyqırımı haqqında obyektiv rəyin formalaşmasından keçir. Elə, bu istiqamətdə görüləcək gələcək işləri indiki templə davam etdirib, həm hüquqi, həm ictimai, həm də informasiya müstəvisində çox şeyə nail olmaqla, Xocalı faciəsini törədənləri tam cəzalandırmaq mümkündür. Artıq dünyada böyük əks-səda doğuran «Xocalıya ədalət!» kampaniyası ilə də, bunu etmək olar.
Bütövlükdə götürüldükdə, işlərin hazırkı gedişi açıq-aydın göstərir ki, Xocalı soyqırımının dünyada tanıdılması və onu törədən hərbi cinayətkarların cəzalandırılması dövlətimizin diqqət mərkəzindəki əsas məsələdir. Bütün bunlar bu ağır faciənin ağrısını yaşayan xalqımıza tam əminlik verir ki, sonda ədalət zəfər çalacaq!".

Rüfət RƏHMANOĞLU,
araz.az.

Əlaqəli xəbərlər