DƏYƏRLİ İNSAN HAQQ DÜNYASINDA! MƏMMƏD ƏLİZADƏNİN VAXTSIZ ÖLÜM XƏBƏRİ HAMINI SARSITDI

Memmed-Elızade.jpegHaqqında, bizim üçün, ən ağrılı olan xəbəri səhər tezdən eşitdik. Doğrudan da, dünya yaman dünyaymış: Dəyərli insanın ölüm xəbəri bütün dostları yaman sarsıtdı. Hamı məsləhət gördü ki, bu yaxınlarda araz.az-da dərc olunan onun öz yazısını tapaq. Tapdıq da. Sanki özünə həsr edibmiş bu yazısını. O yazıda nə yazıbsa, hamısı, elə bil, özünə aiddir. Azərbaycanının və xalqının müstəqilliyi, azadlığı naminə mübarizələrdə nələr gəlmədi başına?! Bu çətin yolda, hətta cəhənnəm kimi bəşəriyyətə məlum olan Lefertovo zindanının məşəqqətini də yaşadı.
İndi əlimizdən nə gəlir ki?!. Elə, o yazısını təkrar dərc edməklə, onun nə qədər dəyərli insan, ölkəmiz üçün nə qədər lazımlı ictimai-siyasi xadim olduğunu bir daha ictimaiyyətin diqqətinə çatdırırıq. Çünki o yazısında göstərilən bütün kriteriyalar onun dahi, vətənpərvər insanlıq xarakterinin göstəriciləridir. Bu baxımdan, yazısında qeyd etdiyi bütün əməl ölçüləri onun etdikləri ilə həmahənglik təşkil edir.
Redaksiyamızın kollektivinin isə, onun kədərli ailəsinə, onu sevən üzüntülü bütün yaxınlarına və bu ölüm acısını yaşayan hər kəsə başsağlığı verməkdən başqa əlindən bir şey gəlmədi.
Allahdan hamıya səbr diləyirik!
Qəbri nurla dolsun, bu dəyərli və gözəl insanın!

ŞƏHİDLİK ZİRVƏSİNİN FATEHLƏRİ

Bəşər tarixinin səhifələrini gözdən keçirsək, görərik ki, bütün ölkə vətəndaşları azadlıq, müstəqillik, tapdaqsız həyat uğrunda ciddi və uzun sürən mübarizə aparmışlar. Elə bir ölkə tapılmaz ki, onun sakini olduğu xalq azad nəfəs alaraq sərbəst yaşamaq üçün, hər hansı bir təsirə, təzyiqə, təqibə qarşı ardıcıl mübarizə, müharibə aparmış olmasın. Ona görə ki, təbiətin özü də sərbəst inkişaf etməyi hər şeydən üstün tutur. Belə olan halda şüurlu insan təbiəti dərindən dərk edərək, onun inkişafına uyğun olaraq həyat tərzi yaşamağa məcbur olmamalıdırmı? Belə də deyək ki, azad nəfəs alan təbiət insana ilkin olaraq bir gün də olsa heç bir kənar təbii hadisəyə məruz qalmadan yaşamağı öyrədir!

Milli bütövlüyün, milli müstəqilliyin təminatçısı olan ölkə vətəndaşları daxili siyasətin sirrini heç bir yad düşüncələrə açmadan azad yaşamaq üçün mübarizə aparmağı heç vaxt yaddan çıxarmamışdır. Milli tariximizi özündə əks etdirən abidələrimiz bu fikirlərimizi təsdiq edən vəsaitlərdəndir.
Turan adlı Ata Yurdumuzun sərkərdləri illər, əsrlər boyu bu coğrafi ərazinin yurddaşlarını heç vaxt, heç bir ölkənin əsarətində əzilərək ömür yaşamağa imkan verməmişlər. Bu əməlləri ilə türk milli qürurunun möhtəşəmliyini təstiq etmişlər. Bu barədə zaman-zaman deyilmişdir. Lakin yığcam şəkildə belə bir fikri oxucuların diqqətinə çatdırmaq vacibdir ki, bir günlük azad yaşamaq, rahat nəfəs almaq əlli illik əsarətdə inildəməkdən qat-qat üstündür. Elə buna görə də türk milli qürurunun, mənəvi, əxlaqı dəyərlərinin sərbəst, azad yaşadılması üçün ulu babalarımızın apardığı mübarizələr, hətta apardıqları müharibələr də mənalı və tarixin yaddaşında yaşamağa layiq səhifələrdir. Elə bu baxımdan Turanın beşiyi olan Azərbaycanda da yadellilərə qarşı əsrlər boyu milli azadlıq uğrunda mübarizələr səngimək bilməmişdir. Bu mübarizələrin uğursuz sonluqla nəticələnən XX əsrin əvvəllərində müstəqilliyə qovuşmuş Azərbaycan Cumhuriyyətini qeyd edilsə də, 1920-ci illərdə yenicə müstəqillik ömrü yaşamağa başlamış ölkəmiz tarixi düşmənlərimizin qisasçılıq təcavüzünün qurbanı olsalar da şərəfli mübarizə yolu keçmişlər…

XX əsrin ortalarında sovet bolşevizminin məmləkətimizin düşünən beyinli ziyalılarını müxtəlif bəhanələrlə məhv etməsi milli qürurumuzu təhqir kimi dəyərləndirilməkdədir. Bütün ölkəmizdə ya gizli şəraitdə, ya da açıq-aşkar mübarizələr həyata keçirilirdi. Dövlət təhlukəsizliyini qoruyan güclü qüvvələrin ən ağır nəticəli təqibinə baxmayaraq vərəqələr də çap edilib paylanırdı. 1980-cı illərdə son açıq mübarizə həddinə çatan milli azadlıq hərəkatı bütün bölgələrimizdə azadlıq meydanları formalaşdırmağa başladı.

Milli dözümümüzün, milli qürurumuzun əyilməzliyini dəqiqliklə bilən sovet rəhbərliyi ciddi narahatçılıqlar keçirməyə başladı. Kremldə Azərbaycana qarşı ciddi təxribatlar, təcavüzlər planları işləndi. Öz iyrənc planlarını həyata keçirmək üçün ilk əvvəl böyük şəxsiyyət, Türk Dünyasının təəsübkeş oğlu Heydər Əliyevi siyasi səhnədən silmək əsas amil kimi erməni və erməni təəsübkeşlərini ciddi düşündürürdü. Elə bu məqsədlə də əvvəlcə Heydər Əliyev siyasi səhnədən uzaqlaşdırıldı. Sonra isə, ölkələmizə ən mənfur niyyətli, təpədən dırnağa silahlanmış, xüsusi qoşun bölmələri yeridildi.

Atılan bu addım milli azadlıq mücadiləçilərinin iradəsini daha da gücləndirirdi. Heç nəyə, heç bir qorxuya əhəmiyyət verməyərək azadlıq hərəkatını təyin edən meydanlarda oturaq həyat tərzini seçməklə sovet imperiyasını əməlli başlı silkələməyi bacardı. Elə buna görə bəhanələrinə haqq qazandırmaq məqsədilə meydanlarda mübarizədən əl çəkməyən dinc əhalinin üstünə qoşun bölmələri yeritdilər. Mübarizə isə səngimək bilmirdi. Artıq xof içərisində sarsıntılar keçirən sovet rəhbərliyi məmləkətimizi mübarizədən yayındırmaq üçün əvvəlcədən hazırladıqları vətəndaş qarşıdurmasına və Qarabağ təcavüzünə əl atdı, amma uduzmuşdular. Ona görə ki, onların ölkəmizdə olan əlaltıları, sapı özümüzdən olan baltaları xalqımızın mübarizliyini, dönməzliyini, müstəqillik eşqi ilə yoğrulduğunu Kremlə olduğu kimi, səhvsiz, sərrastcasına çatdırmalı olmuşdular. Elə bu istəyi, arzunu, dönməzliyi, yenilməzliyi sındırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə lal, sükut içərisində uyuyan ölkəmizin ana şəhəri olan Bakıya hərbi texnikanın köməyinə əsaslanan silahlı ordu hissələri yeritdilər. Həmin dəhşətli, ayazlı yanvar gecəsini gözləri ilə görənlər şəhərin üstündə alov saçan güllələrin yağış kimi yağdığını, insanların vəhşicəsinə gülləbaran edilməsinin şahidi oldular. Sinəsini sovet imperiyasının alov dilli güllələrinə sipər edən Vətən mücadiləçiləri qanlarına qəltan olsalar da milli dözüm nümayiş etdirərək “Azadlıq!”- deyə hayqırırdılar. Bu hayqırtılar dənizimizdə həyəcan fiti ilə haray qoparan gəmilərin səsinə qarışdı, göylərə dirək, ürəklərə dərd oldu. Bakının küçələrində, meydanlarında qan gölləri yarandı. Azadlıq mücadiləçilərinin cəsədləri Bakımızın küçələrini, meydanlaını qucaqlayıb öpərək can verirdilər, amma nə azadlığı, nə də ki, uzun illər içində sızım-sızım sızladaraq yaşatdığı sevgini əllərindən və könüllərindən vermədilər.

1990-cı il Yanvar hadisəsindən dərhal sonra, (21 Yanvar 1990-cı il tarixində) qüdrətli düha sahibimiz Heydər Əliyev bütün sarsıntılara, təqib və təzyiqlərə məhəl qoymayaraq, özünü və ailəsini təhlükə qarşısında qoyaraq sovet qoşunlarının törətdiyi vəhşiliyə münasibət bildirmək məqsədilə Azərbaycan nümayəndəliyinə gəldi, döğma xalqına baş sağlığı verdi və ciddi şəkildə sovet rəhbərliyinin ünvanına tənqidi və təhqiramiz ifadələr işlətməklə xalqımızı çətin gündə tək qoymadı. Milli tariximizin səhifələrindən qavradığı Turan sərkərdələrinin əzəmətli nərələrini burada təkrar səsləndirdi. Bu nərə səsi bütün dünyanı lərzəyə gətirdi, bütün cahanda əks-səda verdi. Beləliklə Turanın beşiyi olan Azərbaycana vurulan yaraların sakit gecədə, əliyalın azadlıq mücadiləçilərinin dönməzliyi təsdiq olduğu da yəqin edildi. Ona görə ki, sovet imperiyasının bəd niyyətli siyasətini bütün incəlikləri ilə bilən Heydər Əliyev Azərbaycan adlı qüdrətli ölkənin “Azadlığı davam etdiririk!” şüarlı mübariz səsinə səs vermişdir. Bu səs “Milli azadlıq uğrunda dəmir dözümlə hərəkatı davam etdirməyə çağırış səsi idi. Milli azadlıq hərəkatı fədailəri milli azadlıq tarixinin səhifələrini qanları ilə yazırlar” düşüncəsinin reallaşdırılması zamanını yetişdirmişlər. Heydər Əliyev verdiyi bu siyasi qiymətlə, Elçibəy və digər liderlərlə birlikdə MİLLİ AZADLIQ MÜCADİLƏMİZİN ÖNÜNƏ ÇIXDI.

Azadlıq tariximizin səhifələrini qanları ilə yazan şəhidlərimiz “Şəhidlər xiyabanı”nda uyuyurlar. Buraya ziyarətə gələn hər kəs onların ruhu qarşısında baş əymədən keçmir. Belə ki, vətənin azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda şəhid olanların müqəddəs ruhu isə azadlıq mücahidlərininn sıralarını, tərkibini daha da dolğunlaşdırır, gücləndirir. Şəhidlik ömrü gələcək mübarizlər üçün dözüm, dəyanət örnəyi olmaqla yanaşı xalqın övladlarında, vətənin vətəndaşlarında işğalçı qüvvələrə qarşı ən dərin ikrah hissi də aşılayır.

Milli azadlıq hərəkatının qurbanı olmuş Şəhidlərimiz, həm də torpaqlarımızın düşmən tapdağından azad olması uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlmiş əsgərlərin uyuyan xiyabandan pərvazlanan, göyləri dolanan ruhlar torpaqların tam azad olması uğrunda mübarizədə ölkəmizdəki sabitliyi duyduqca şad-xürrəm olurlar. Biz də bu müqəddəs savaşda onların ruhları qarşısında baş əyərək ehtiram göstərməklə yad edirik. Azad, müstəqil Azərbaycanın bütün vətəndaşları adından göstərdikləri igidliklərə görə onlara borclu olduğumuzu bir daha dilə gətiririk.

Onlara — Vətənin azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə qovuşanlara eşq olsun! Sizlər şəhidlik zirvəsinə yüksəlməklə, xalqımızın müqəddəs tarixində qəhrəmanliq abidəsi yaratdınız.

ŞƏHİDLİK ZİRVƏSİNİN FATEHLƏRİ, MÜQƏDDƏSLİYİNİZ KUTLU OLSUN!

Əlaqəli xəbərlər