DİKTATORUN MİLYARDLARI...

qaddafi

... DÜNYA BANKLARI ONUN MİLYARDLARI YATAN  PUL HESABLARINI DONDURUB

Liviyada 42 ildir ölkəni idarə edən və neft hesabına on milyardlarla dollarlıq sərvət yığan Müəmmar Qəzzafinin hakimiyyətdən uzaqlaşdırılması üçün başlayan dinc etirazlar vətəndaş müharibəsinə çevrilib.

Müharibənin getdiyi bir vaxtda Qəzzafinin pulları da müzakirə mövzusudur. Sən demə, digər diktatorlar kimi onun da milyonları varmış. Dünyanın düz vaxtında diktator ayrı-ayrı Avropa ölkələrinin və ABŞ-ın banklarına milyardlarını etibar edib. Amma onun xalqa silah yönəltməsindən sonra Avropa hökumətləri bir-bir bu hesablardakı pulları dondurmağa başladılar. Son  məlumatları araşdıranda bəlli olur ki, Qəzzafi pulunu daha çox Böyük Britaniyaya və ABŞ-a etibar edib. Üstəgəl, Qəzzafi İspaniyada böyük torpaq sahələri alıbmış. Özü də ölkənin ən bahalı regionlarından birində. Təxminən 7 min hektar ərazi ilə bağlı böyük planları da varmış. Burda qolf meydançaları, 2000 ev tikilməsi planlaşdırılırmış.

Xarici mətbuat yazır ki, Qəzzafinin Britaniyada nə az, nə çox düz 32,5 milyard dollar pulu var. Amma hökumətin rəsmən dondurduğu məbləğ 1 milyard dollardır. Qəzzafi ABŞ-da da böyük miqdarda pul saxlayırmış. Vaşinqton bəyan edib ki, Qəzzafi və ailəsinin bu ölkədə 30 milyard dollar pulu dondurulub. Avstriya banklarındasa Qəzzafinin 1,7 milyard, Kanadada bir qədər çox - 2,4 milyard dollar pulu dondurulub. Beləliklə, Qazzafinin özünün və ailəsinin təxminən 66,6 milyard dollar pulu dondurulduğu deyilir. Amma bu hələ gün işığına çıxan, bəlli olanlardır. Onun ərəb ölkələrində və ya dünyanın başqa yerlərində nələri gizlətdiyi, nə qədər sərvətə sahib olduğu indilik məlum deyil. Ancaq indiki məbləğ də yetərincə suallar doğurur.

Əlaqəli xəbərlər