General vəzifəsindən getməyə can atır?

ramiz_zeynalov

Ramiz Zeynalovun vəzifəli əməkdaşlarının qanunsuzluqlarına
göz yumması belə xarakterizəolunur

Azərbaycan Ombudsmanının Milli Məclisə təqdim etdiyi hesabatında ötən il vətəndaşlardan daxil olan şikayətlər içərisində Dövlət Yol Polisi (DYP) əməkdaşlarının davranışı və peşəkarlığı ilə bağlı halların çox olması və üstəlik, daxili işlər naziri Ramil Usubovun yol polis əməkdaşları haqda sərt tədbirlərə əl atması sözügedən qurumda gərginliyə yol açsa da, hələki ciddi dəyişikliklər baş verməyib.

Bu barədə bizi məlumatlandıran yol polislərindən birinin sözlərinə görə, Azərbaycan Ombudsmanının 2010-cu ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında qeyd olunub ki, DYP əməkdaşlarının sürücülərlə kobud rəftarı, müəyyən olunmuş cərimədən artıq əsassız pul tələb etməsi və digər qanunazidd hərəkətləri vətəndaşların haqlı narazılığına və yuxarı dövlət orqanlarına çoxsaylı şikayətlərə səbəb olub: “Sənəddə həmçinin o da qeyd edilir ki, istər xüsusi, istərsə də xidməti avtonəqliyyat vasitələrində səyyar radarlardan istifadə adi hal alıb və DYP xidməti avtomobilləri olduğu halda, belə radarların xüsusi avtomobillərdə quraşdırılması anlaşılmazdır. Digər tərəfdən, xəbərdaredici nişanla təmin edilməyən səyyar radarlardan istifadə edilməsi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən və profilaktik tədbirlərdən daha çox qaydaları pozmuş sürücülərin incidilməsinə və cəzalandırılmasına, habelə rüşvət mənbəyi kimi istifadə edilməsinə xidmət edir. Təhlillər göstərir ki, respublikada, xüsusilə də Bakı şəhəri ərazisində avtomobil yollarında qəzalar əsasən təhlükəsizliyi təmin edən texniki baxış proqramının olmaması, avtomobillərin sıxlığı, yüksək sürət və ötmə qaydalarının pozulması, sərxoş idarəetmə, bəzi yol ayrıclarında işıqforun olmaması, bir sıra DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozmuş sürücülərə qarşı qanuni tədbirlərin görülməsi əvəzinə onlardan pul alaraq gördüyünə göz yumması səbəbindən baş verir. Bir sözlə, Ombudsman hesabatında küçələrdə avtomobil tıxaclarının yaranmasında DYP əməkdaşlarını günahlandırıb. Məsələnin ən diqqətçəkən tərəfi isə odur ki, bu hesabat nöqtə-vergülünə dəymədən Milli Məclisdə qəbul olunsa da, yol polisi sistemində o qədər də ciddi dəyişiklik olmayıb. Yəni yenə köhnə hamam, köşnə tasdır”.

Müsahibimiz deyir ki, əsas problemlər yenə də sürücülük vəsiqəsinin və nömrələrin verilməsi prosesindədir: “Düzdür, cənab prezidentin yol polisləri haqda verdiyi sərəncamlarla daxili işlər naziri Ramil Usubovun sərt qərarları müəyyən müsbət irəliləyişlərə yol açıb. Cənab Prezident İlham Əliyev fevralın 14-də yol polisi əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onların qulluq vəzifələrinin icrasına nəzarəti artırmaqla bağlı sərəncam verib. Sərəncamda qeyd edilir ki, bundan sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizi yol polisi əməkdaşlarına veriləcək. Ramil Usubov isə kobud qanunsuzluqlara yol verən və barəsində nazirliyə çoxsaylı şikayətlər olunan 10-15 yol polisini qovmaqla missiyasını bitirmiş saydı. Doğrudur, etiraf etmək gərəkdir ki, yol polisləri indi əvvəlkitək sürücüləri yerli-yersiz saxlayıb, onlardan cəsarətli şəkildə pul tələb edə bilmirlər. Ancaq bu o demək deyil ki, bu sahədə də problemlər tam həll olunub. Bununla yanaşı, sürücülük vəsiqəsinin verilməsi, həmçinin nömrələrin alınmasında ənənəvi vəziyyət hökm sürür. Belə ki, sürücülük vəsiqələrinin alınmasında BDYP-nin Reginal şöbələrindən tutmuş, mərkəzi aparata qədər hələ də qanunsuzluq zərrə qədər dəyişiklik etmədən davam etdirir. İnanmayanlar İmtahan və Qeydiyyat Şöbəsinə yaxınlaşıb, 10-15 dəqiqəlik müşahidələr aparmaqla hər şeyə şahidlik edə bilərlər. Bundan əlavə, saxta sənədlərlə başqalarının maşınlarının satılmasına şərait yaradan vəzifəli yol polisləri də var. Elə 10-15 gün əvvəl Nərimanov rayon Polis İdarəsinin əməkdaşları Qobustan qəsəbəsinin sakini Rafiq Abışovu həbs ediblər. Məlum olub ki, o, Bakıxanov sakini Balakərim Qasımovun adına və “Beynəlxalq Bank”da girovda olan “Toyota Prado” markalı avtomaşının texniki pasportunu saxtalaşdırıb və onu Bakı şəhər sakini Nadir Mövsümova 20 min manata satıb. Anlamaq olmur, o, texniki pasportu yol polislərinin xəbəri olmada necə saxtalaşdıra bilərdi? Nədən bu məqamları prokurorluq araşdırmır? Yeri gəlmişkən, qeyd edim ki, təxminən 10 il əvvəl hazırda BDYP-də şöbə rəisi oln Müşviq Rəhimovun belə bir saxtakarlıq faktının üsütün bir jurnalist açmışdı. Həmin vaxtı M.Əmirov əl-ayağa düşərək, o faktın ört-basdır edilməsinə nail oldu. İndisə Qobustan qəsəbə sakininin izi ilə belə qanunsuzluqları araşdırmaq lazımdır”.

Müsahibimiz deyir ki, bütün bu kimi neqativ hallar uzun illər yol polisinə rəhbərlik edən və bu sahədə general rütbəsini alan Ramiz Zeynalov üçün xoş aqibət gətirə bilməz: “Düşünürəm ki, artıq prezident və nazir yol polislərinin sosial müdafiəsi istiqamətində bütün zəruri addımları atıb. Lakin Ramiz Zeynalov bü qədər dəstəyin qarşılığında rəhbərlik etdiyi sahədə qabaritləşmiş qanunsuzluqların qarşısını ala bilməməklə yerində olmadığını təsdiqləyib. O səbəbdən də mənim kimi çoxları onun gedişini labüt sayır. Hesab edirəm ki, yaxın iki-üç ay ərzində Ramiz Zeynalov elə illərdir eyni binada oturduqları və rüşvətə gözü doymayanları cəzalandırıb, işində dönüş yarada bilməyəcəksə, onun haqqında sərt tədbirlərə əl atıla bilər”.

Maraqlı məqamlardan biri də odur ki, müsahibimiz Ramiz Zeynalovun öüzünün də yol polisindən getməyə meylli olduğunu iddia edir: “Sözün açığı, Ramiz Zeynalovun qeyri-müəyyən hərəkət və davranışları məndə belə qənaət yradır ki, o, özü də vəzifədən getməyə can atır. Əks halda o, rəhbər kimi tabeliyində olan Etibar müəllimin, Müşviq Rəhimov və digərlərinin öhdəsindən asanlıqla gələ bilərdi. Gəlmirsə, demək ki, özü də barəsində tədbir görülməsinə maraqlıdır. Çox güman ki, o, sadəcə işdən azad olunacağını və yaxud da başqa bir işə keçiriləcəyini hədəfləyib. Onun üçün də rahat hərəkət edir.  Zatən onun pulu işə getməsinə də ehtiyac yoxdur. Çünki o, artıq milyonlarını çoxdan toplayıb”.

Əli HÜSEYN

Əlaqəli xəbərlər