Sumqayıtın qanunsuz tikililəri

Qanunsuzluqları şəhər rəhbərləri ediblər

Rəsmi statiskaya görə ölkəmizdə 500 mindən artıq qanunsuz tikili var. Qeyri-rəsmi məlumata görə bu rəqəm bir milyonu haqlayıb. Bu sahədə qanunsuzluqlar vətəndaşlar tərəfindən törədilsə də əsl günahkarlar bu sahəyə cavabdeh müvafiq qrumların rəhbər işçiləridir. Araşdırmaçıların açıqlamalarına görə vətəndaşların məskunlaşması məqbul sayılmayan torpaq sahələrində qanunsuz mənzil və obyektlərin inşası onların gözləri qarşısında, böyük rüşvətlər hesabına başa gəlib.


Hökumət rəhbərləri isə, yalnız həmin torpaq sahələrinin qanunsuz zəbt edilməsini deməklə kifayətlənirlər. Bəs, məsələnin o biri tərəfi niyə açıqlanmır? Sakinlər bu qədər boş sahələri necə zəbt edib, orada tikinti apara biliblər?! Sualın cavabını respublikamızda böyükdən  - kiçiyə hər kəs bilsə də, hökumət əsl həqiqəti açıqlamır.

Qanunsuz tikililər paytaxt Bakının iki addımlığındakı, Sumqayıt şəhərində daha çoxdur. İlkin məlumatlara görə, burada on mindən çox qanunsuz tikili qeydə alınıb. Tikililər, əsasən, şəhər ərazisindən keçən yüksək gərginlikli elektrikli hava xətlərinin altında, iri qaz və su kəmərlərinin təhkim zolağında, dəmiryol xətlərinin kənarlarında, yaşayış və istismar üçün qadağan olan digər ərazilərdə inşa edilib. Yaşayış üçün təhlükəli olan bu ərazilər sakinlər tərəfindən özbaşına zəbt edilməyib. Bunu həmin ərazilərdə məskunlaşanlar deyirlər. Qanunsuz tikililərlə bağlı hökumətin araşdırmasından, həmin tikililərin sökülməsi ilə bağlı verilən bəyanatdan əməlli-başlı qəzəblənən sakinlər onu da bildirirlər ki, torpaqlarının sənədsiz olmasına baxmayaraq bu ərazilərdə icazəsiz bir dənə də olsun tikinti aparmayıblar. Bütün tikililər müvafiq dövlət orqanlarının, bələdiyyələrin razılığı ilə ucaldılıb: “Bu evləri gizli tikməmişik. Sumqayıtın icra orqanlarından gizli heç bir tikili apara da bilməzdik. Şəhərin ən gizli yerində belə məmurlardan xəbərsiz iş görmək mümkün deyil”.

Kimyaçılar qəsəbəsi adlanıdırılan ərazidə tikilən və hökümətin qanunsuz hesab etdiyi mənzil və obyektlərin əksəriyyəti yüksək gərginlikli elektrik hava xətlərinin altında yerləşir. Burada yaşamaq, doğrudan da, insan həyatı üçün olduqca təhlükəlidir. Bura ona görə təhlükəlidir ki, yüksək gərginlikli həmin elektrik hava xətləri daim aktivdir və tikilən evlərə bu xətlərdən birbaşa naqillər çəkilib. Həmin xətlərdən ərazidəki bir neçə iri zavoda və digər müəssisələrə elektrik xətləri ayrıldığından, qəsəbənin başı üzərində xətlər bir - birinə qarışmış hörümçək toruna bənzəyir. Çəkilişlər standartlara uyğun aparılmadığından bu ərazidə məskunlaşanlar hər an təhlükə ilə üz - üzə ola bilərlər. Bu ərazidə hər həftə elektrik xətlərində açılmalar olur, qırılmış xətlər günlərlə küçələrdə qalır. Kimyaçılar məsələ ilə bağlı dəfələrlə şəhər İcra Hakimiyyətinə, “Sumqayıtelektrikşəbəkə” ASC - yə və digər qurumlara müraciət etsələr də, sakinlərin hər an rastlaşa biləcəyi bu təhlükəni aradan qaldıran tapılmayıb. Rəhbərlər əraziyə dəfələrlə baxış keçirsələr də, burada hər hansı təhlükənin gözlənilmədiyini bildiriblər. “Rəhbərlər köhnəlmiş, nasaz elektrik xətlərinin dəyişdirilməsi üçün tədbir görmək əvəzinə, ortaya günahkar çıxarıblar. İcra Hakimiytindən bildirirblər ki, bu ərazi qanunsuz zəbt edildiyindən tikililərə elektrik xətlərinin çəkilməsi nəzərdə tutulmayıb. Ona görə də Kimyaçılar öz vəsaitləri hesabına elektrik xətlərini yeniləməlidirlər”, - deyə övladlarının hər an təhlükə ilə üzləşə biləcəyi qadın həyəcanla bildirir: “Şikayət edənləri də borclu çıxarırlar. Sumqayıtın inkişafına ayrılan beş milyon manatla hansı iş gördülər, kimin problemini həll etdilər?! Gərək bu sualın cavabını sabiq başçı Vaqif Əliyev və onun müavinlərindən alaydılar. Dövlət vəsaitini mənimsəyənlər cinayət məsuliyyətinə cəlb edilməliydilər. Həmin pulla yalnız Sumqayıtın girişində 5-6 yaşayış binasının damı dəyişdirirldi. Bu vicdansızlıq deyildimi?! Sumqayıt yenə də zir - zibil içərisindədir, toz-palçıqdan boğuluruq. Şəhərin giriş hissəsində də şəhər icra hakimiyyətinin binasının yerləşdiyi küçədən başqa, Sumqayıtda heç yer təmir edilmədi. Bir dənə də olsun küçə asfaltlanmadı. Həmin 5 milyondan mincə manat ayırıb bu qəsəbənin elektrik xətlərini belə yeniləmədilər. Hər kəs öz imkanı daxilində 5 - 10 metr naqil alıb, mənzilinə işıq çəkib. Amma işığı çəkən kimi, başımızın üstünü alıblar. Elektrik sayğacı gətirib qurraşdırıblar. Sumqayıt məmurları sanki pul yığmaq, rüşvət almaq üçün vəzifə kürsülərinə oturublar”.

Qanunsuz tikililərə gəlincə, sakinlər dönə - dönə deyirlər ki, onların hamısı Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərlərinin icazəsi ilə inşa edilib. Həmin tikililərin hər biri başlamamış şəhər İcra Hakimiyyətinin nümayəndələri əraziyə gəlib onlardan tikilən sahələrin hər birinə görə 3 min manat pul alıblar. Amma tikililərin qanuniləşdirilməsi üçün vədetdikləri sənədi heç kəsə verməyiblər.

İcra Hakimiyyətindəki mənbə isə bildirir ki, həmin ərazidə tikintiyə icazənin birbaşa Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavinləri veriblər. Vətəndaş tələb olunan pulu verəndən sonra müavinlər tikilən evi nəzarətdə saxlayır və tikintisi başa çatana qədər sahibinin narahat edilməsinə imkan verməyiblər. Bəli, müavinlərlə razılaşan hər kəs şəhərin istənilən ərazisində qanunsuz torpaq sahəsi zəbt edib, orada tikinti işləri apara biliblər. Di gəl ki, müavinlər həmin torpaq sahələrini sənədləşdirməkdə sakinlərə kömək etməyiblər. Qanunsuz torpaq sahələri zəbt etmək və tikinti aparmaq üçün yalnız İcra Hakimiyyəti ilə razılaşmaq yetib. İcra Hakimiyyətindən sonra əraziyə gələn sahə müvəkkiləri cüzi rüşvətlə yola salınıb.

Bəli, Sumqayıtda icazəsiz daşı-daş üstünə qoymağa icazə verilməyib. Bax beləcə, Sumqayıtda aparılan qanunsuz tikili, mənzil və obyektlər şəhər rəhbərlərinin razılıqları ilə ucaldılıb. Məmur icazəsi ilə ucaldılan, tikilən ev və obyektləri necə qanusuz adlandırmaq olar?!

Anar MUSTAFA

Əlaqəli xəbərlər