Novruz gəlir, yaz gəlir...

Qiymətlər isə bahalaşır...

 Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar.

 Təbiətin, həyatın oyanması Novruzdan başlanır. İnsanlar hələ bayrama bir ay qalmışdan onu qeyd etməyə başlayırlar. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Yel (ilaxır) çərşənbələri qeyd olunur.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmaların bir çoxunda Novruz bayramı Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlanır. Bayramın yaşının 5000 il bundan əvvələ getdiyi ehtimal edilir. XI əsr mənbələrindən olan Nizamülmülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi klassik şərq o cümlədən, Azərbaycan poeziyasında geniş yayılmış “bahariyyə” adlı lirik şerlərdə də təsvir və tərənnüm edilir. İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə irəli sürümüşlər ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki o, iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildi. Əksər xalqlar o cümlədən azərbaycanlılar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Novruz -bahar bayramı- qədim xalq bayramı hesab olunur. Ona farsca- Nou ruz, özbəkcə Navruz, türkməncə Nouvruz, qazaxca Naurız, qırğızca Nooruz, türkcə Nevruz, Krım türkcəsi Navrez deyirlər.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq.

Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.

Sovet Azərbaycanının tarixində ən təntənəli bayram

Sovet hakimiyyəti illərində Azərbaycanda Novruz bayramına rəsmi qadağa qoyulmasına baxmayaraq, insanlar bunu xəlvəti qeyd edirdilər. İlk dəfə 1967-ci ilin baharında bu bayramın keçirilməsinə Mərkəzi Komitə icazə verdi.

Bu, Azərbaycan Kommunist Partiyasının ideoloji məsələlər üzrə katibi, yazıçı-dramaturq Şıxəli Qurbanovun təşəbbüsü ilə olmuşdu. O, Azərbaycanda milli bayramın - Novruzun dövlət səviyyəsində qeyd edilməsini Moskva ilə razılaşdıra bilmişdi. Rayon partiya təşkilatlarına göstəriş verilmişdi ki, bahar bayramı tədbirlərinə hazırlaşsınlar.

...Həmin il - 1967-ci ilin yazında meydanlara azərbaycanlılara tanış olmayan təzə bayram obrazı gəldi - adına “Bahar qız” dedilər.

Amma 67-ci ilin bayram əhvalı uzun sürmədi. Şıxəli Qurbanov müəmmalı şəkildə vəfat edəndən sonra imperiyanın bir parçası olan Azərbaycanda Novruz şamı öləziməyə başladı...

Onun həyat yoldaşı Xavər Qurbanova həmin günləri belə xatırlayır: “1967-ci ilin iyun ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov MK-nın birinci katibi seçilməli idi. Lakin mayın 24-də Şıxəli aradan götürüldü...”

Lakin, 1967-ci ilin Novruzu Sovet Azərbaycanının tarixində ən təntənəli bayram oldu. Azərbaycanda yaşayanlar bu bayramı bir də 22 il sonra ölkədə milli azadlıq hərəkatı başlayanda-1989-cu ildən sonra qeyd edə bildilər. Həmin il bayramın təntənəli qeyd olunması barədə rəsmi sərəncam verdi.

Novruz gəlir, qiymətlər qalxır

Novruz bayramının “ənənə”lərindən biri də qiymətlərin bahalaşmasıdır. Bayram öncəsi müxtəlif məhsullara tələbatın artmasından istifadə edən işbazlar qiymətləri süni şəkildə bahalaşdırırlar. Təəssüf ki, bu il də həmin hal müşahidə olunmaqdadır...

Hər bir halda, bayramınız mübarək, dəyərli oxucularımız!

Əlaqəli xəbərlər