Mirələm Quliyev hakim kimi nə etdiyini bilmir

Bu səbəbdən, kənd müəllimi müflis olub, “Kred Aqro” isə, öz kefindədir 

 WhatsApp Image 2017-09-16 at 00.57.10.jpeg

İndi banklar çoxlarının başına oyun açıb. Hüquq-mühafizə orqanlarımız bu problemi araşdırmaqdan, sanki ləzzət alır. Məhkəmələrimizin qapılarını açanlar isə, daha çox bank "gestapoçularıdır". Qalaq-qalaq haram qazanc iddiaları ilə hakimlərlə, hakim köməkçiləri... ilə pıçhapıçda, məhkəmə tələsinə düşənlərin əlləri isə, üzlərindədir;  Nə edəcəklərini bilmirlər. Faiz yükündən belləri əyili, başları aşağı qalıb...

Biz jurnalistlər  minlərlə belə problemli insanın dərdini  yazmaqdan bezmişik,  barmaqlarımız qabar bağlayıb. Lakin yuxarı orqanlardan reaksiya yoxdur, şikayətlərə biganə münasibət məhkəmələrlə əlbir olan bankları  yamanca harınlaşdırıb. Oxucularımızın da belə yazıları oxumağa nə həvəsləri qalıb, nə maraqları... 

Bütün bunlar illərdir hər günümüzün adi və acı mənzərəsinə çevrilib - artıq heç kimə maraqlı da deyil. Belə məhkəmə proseslərinə maraq yalnız onda olur ki, bu proseslər zamanı hakimlərimiz böyük rezonansa səbəb nəsə qəribə, gülüş doğuran, qeyri-adi,..  bir hərəkət etsin - Cəlılabad Məhkəməsinin hakimi Mirələm Quliyev kimi! Lakin Mirələm müəllimin, haqqında yazdığımız bu prosesdəki hərəkətləri nə qəribə olub, nə də gülüş doğuran...

HAKİM MÜƏLLİMİ  DiDƏRGiN SALIB

Doğrudan da, Mirələm Quliyevin, "Kred Aqro" ilə bərabər, bir kənd müəlliminin başına açdıqları nə qəribə, nə gülüşdoğurandır – sadəcə, təəssüfləndirici və məyusedicidir. Məhkəmə prosesindəki, çıxarılmış ədalətsiz qətnamədəki qanunsuzluqlar bir yana, hakimin ürək xəstəsi olan bu insana qarşı prosesdənkənar münasibətləri elə dəhşətli olub ki, gözlənilməzlikdən məhkəmə ərazisindəcə az qalıb ölümlə üzləşsin. Haqqını tələb edəndə, üstünə hücum çəkdirib, sutkalıq cəzaya məhkum edib. Bu ilin yanvar ayının 17-də isə...

Hakim müəllimi necə qorxudubsa, o, indiyədək doğma kəndindən didərgin düşüb, ailəsi, doğmaları üzunə həsrətdir - nədi ki, şikayətçi niyə ora-bura saysız-hesabsız şikayət məktubları, ərizələr yazıb, döymədiyi qapı qalmayıb. Bu, hakimi açmayıb və bərk qəzəbləndirib, ürək xəstəsini həbslə hədələyib. Üstünə, özünün dediyi kimi, "axran" töküb. Elə, yazıq o vaxtdan küçələrdə qalıb. Hakim hədəsinin üzücü və ağır qorxusundan doğma el-obasına üz tuta, apellyasiya şikayəti üçün həmin məhkəmə binasına, dərd-sərini demək üçün aidiyyatı orqanlara yaxınlaşa bilmir. Günü göy əskiyə bükülüb, xəstəlik də bir yandan halını pisləşdirib...

ETİRAZDAN BAŞLAYAN ƏDAVƏT

Bütün  bunları, əslində, hakimlə vətəndaş arasında ədavət kimi qiymətləndirmək olar. Çünki haqqında xəbəri olmadan  qətnamə çıxaran hakimin qanunsuz hərəkətlərinə kəskin etirazını bildirən bir müəllim, aylardır onunla çətin bir ədavətin məngənəsində əziyyət çəkir. Əslində, Cəlilabad rayon, Təzəkənd kənd sakini, məktəb müəllimi, YAP fəalı Əliqismət Möhübbət oğlu Cəfərov hakimlə  ədavətə  gedən çətin yola belə çıxıb. Belə ki...

... “İrəvanın səsi” qəzetinə də üz tutub, şikayət edən Əliqismət Cəfərov 7 may 2013-cü ildə, ehtiyacı olduğu üçün, Cəlilabad rayonunda yerləşən “Kred Aqro”dan 24 aylıq, illik 34% olmaqla, 3000 ABŞ dolları kredit götürüb: “Həmin vaxt 100 ABŞ dolları 78,30 manat idi. Başqa bir bankda da kreditim olduğundan və devalvasiyasi ilə əlaqədar olaraq, “Kred Aqro”-ya cəmi 358,52 ABŞ dolları qalan borcumu ödəyə bilmədim. Bundan istifadə edən bank olmayan kredit təşkilatının müdiri İntiqam Rüstəmov və sözügedən təşkilatın vəkili Yaşar Cəbrayılzadə mənim 358,52 ABŞ dolları əsas borcumun üzərinə 58,91 ABŞ doları faiz, 849,75 ABŞ doları isə, cərimə borcu olmaqla, cəmi 1267,18 ABŞ doları, ödənilmiş 30 manat dövlət rüsumu və 20 qəpik xidmət haqqının tutulması ilə bağlı qeyri-qanuni, yəni özlərinə sərf edən formada sənəd hazırlayaraq, Cəlilabad rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və qətnamənin özlərinin xeyrinə çıxarılmasını xahiş ediblər”.

Şikayətçi müəllim dediklərinə onu da əlavə edib ki, Cəlilabad rayonunda yerləşən “Kred Aqro” bankın müdiri və vəkili xəbər vermədən onu məhkəməyə veriblər: “Məhkəmənin keçirilməsi ilə bağlı mənə heç bir bildiriş verilməyib. Mən və zaminim Paşaxan Nuralıyevin iştirakı olmadan 2 fevral 2016-cı ildə Cəlilabad rayon Məhkəməsinin hakimi Mirələm Quliyevin sədrliyi ilə açıq məhkəmə  iclası keçirilib və qətnamə çıxarılıb. Qətnamənin mənə göndərilən surətini 8 dekabr, 2016-cı ildə rayon Məhkəməsinin arxivindən, dəftərxananın işçisindən almışam. Araşdırma apararkən məlum oldu ki, poçt vasitəsilə mənə göndərilmiş, içərisində bizim iştirakımız olmadan qəbul edilən qətnamə olan məktub poçtalyonun səhlənkarlığı ucbatından mənə çatmayıb. Buna görə də 8 dekabr, 2016-cı ilə qədər məhkəməyə etirazımı bildirməmişəm”.

Əliqismət Cəfərov qeyd edir ki, hakim Mirələm Quliyevin imzası ilə, 9 yanvar,  2017-ci il tarixdə ona məktub gəlib: “Həmin məktubda göstərilib ki,  mənə və zaminə qarşı 1267,18 ABŞ doları borc və 30 manat dövlət rüsumu tələbinə dair iş üzrə icra vərəqəsi icra olunmasından ötrü Cəlilabad rayon İcra Şöbəsinə göndərilib. Vərəqənin icra məqsədi ilə 1 aprel, 2016-cı ildən başlayaraq, hər ay aldığım əmək haqqımın 50 faizi tutularaq, “Kred Aqro” QSC-nin xeyrinə ödənilib. Hazırda 229,40 ABŞ dolları kredit və 30 manat dövlət rüsumu borcum qalıb. Hətta həmin məktubda Cəfərov Əliqismət Möhübbət oğlu  əvəzinə,  Cəfərova Möhübbət Əlqismət oğlu yazılıb”. 

Əliqismət Cəfərov iddia edir ki, hakim Mirələm Quliyev də savadsız yazılan məktubu oxumadan imza atıb: “Mən düşünürəm ki, hakim 358,52 ABŞ dolları borclu olduğum təşkilatın müdiri İntiqam Rüstəmov və vəkili Yaşar Cəbrayılzadənin ədalətsiz iddialarını araşdırmadan, heç bir məhkəmə iclası keçirmədən mənə 849,75 ABŞ dolları cərimə yazıb, öz aralarında qətnamə hazırlayaraq, imza atıb, təsdiq ediblər”.

Şikayətçinin sözlərinə görə, 11 yanvar 2017-ci il tarixdə gələn növbəti məktubda qeyd edilib ki, Cəlilabad rayon Məhkəməsinin 2 fevral, 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsinə dair, mənim apellyasiya şikayətim üzrə ötürülmüş müddətin bərpa edilməsinə dair mülki işə 17 yanvar, 2017-ci il tarixdə, saat 17:00-da baxılacaqdır: “Həmin vaxt məhkəmədə iştirak etdim. Təşkilatdan nümayəndə çağırılsa da, o, məhkəməyə gəlmədi. Məhkəmədə qətnamə qəbul olunarkən, hansı səbəbdən indiyədək iştirak etmədiyimi sübut etdim və qəbul olunan qətnamənin düzgün olmadığını vurğuladım. Mirələm Quliyev qeyd etdi ki, mən Şirvan Apellyasiya Məhkəməsinə 15 manat 40 qəpik dövlət rüsumu ödəmək əvəzinə, Şirvan rayon Məhkəməsinə ödəmişəm, ona görə də, müddət bərpa olunmayacaq. Mən hakimə bildirdim ki, Beynəlxalq Bankın işçisi texniki səhv edərək, pulumu Şirvan rayon Məhkəməsinə ödəyib. Gedib, rüsumun lazımı ünvana ödənilmədiyini bildirib, düzəliş verdirərəm, yaxud yenidən ödəyərəm. Hakim Mirələm Quliyev isə, rüsumu ödəsəm də, mənə ötürülmüş müddəti bərpa etməyəcəyini bildirdi. Mən də ona dedim ki, çıxardığı bu ədalətsiz qətnamə ilə bağlı, ondan, QSC-nin müdirindən və vəkilindən daha yuxarı instansiyalara rəsmi müraciət və şikayətlər edəcəm. Hakim mənə acıqlı dedi ki, əgər ondan  bir yerə məktub yazsam, məni müəllimlikdən siləcək”.

Yanvarın 18-də Cəlilabad rayonunda yerləşən Beynəlxalq Bankın müdiri Natiq Abbasovun yanına gedən Əliqismət Cəfərova bildirilib ki, texniki səhv ucbatından rüsum Şirvan rayon Məhkəməsinə ödənilib: “O da səhvi düzəldərək, qəbzi mənə təqdim etdi və arayış verdi ki, həqiqətən də, 30 dekabr, 2016-cı ildə Şirvan Apellyasiya Məhkəməsinə 15 manat 40 qəpik pul köçürtmüşəm. Bütün bunlara baxmayaraq, Cəlilabad rayon Məhkəməsinin hakimi Mirələm Quliyev mənim Kredit Təşkilatına 358,52 ABŞ dolları cəmi borcuma qarşı, 849,75 ABŞ dolları qanunsuz cərimə yazdı. Həmçinin mənim Şirvan Apellyasiya məhkəməsinə etdiyim şikayətə mane olmaq üçün, günahım olmadan buraxılan müddəti bərpa etmədi. İndi də məni təhqir edir və hədələyir. Bu hərəkətləri ilə,  Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarımı kobud şəkildə pozur. Mən artıq Cəlilabad rayon Məhkəməsinə gedib haqqımı tələb etməyə qorxuram. Eyni zamanda, deyim ki, 28 fevral, 2017-ci ildə mənə məhkəmədən məktub gəlib. Bu məktubun içərisində məhkəmənin keçiriləcəyi tarix 25 fevral, 2017-ci il olaraq qeyd edilmişdi. Mən də imza atıb, məktubu təhvil alarkən,  28 fevralda təhvil aldığımı qeyd etdim. Amma bu məhkəmə ilə heç maraqlanmadım, çünki qorxumdan ora gedib - gələ bilmirəm”.

Məsələ ilə əlaqədar olaraq,  “Kred Aqro” Bank olmayan Kredit Təşkilatı QSC ilə jurnalistlər də əlaqə saxlayıb. Təşkilatın Cəlilabad rayon fililalının rəhbəri İntiqam Rüstəmov da bildirib ki, Əliqismət Cəfərov 2013-cü ildə onlardan  35% olmaqla, 24 aylıq 3000 ABŞ dolları məbləğində kredit götürüb: “Lakin ödəməyə başladığı aydan etibarən, hər ay gecikmələri olub. Bununla bağlı biz xəbərdarlıq məktubları göndərib, müştəriyə məlumat vermişik. Ancaq, Əliqismət Cəfərov ödənişləri ödəmədiyi üçün, 20 noyabr, 2015-ci ildə Cəlilabad rayon Məhkəməsinə müraciət olunub. Müraciətdə onun bizim təşkilata 1267,18 ABŞ doları borcu olduğu qeyd edilib və 2 fevral 2016-cı ildə məhkəmə qətnamə qəbul edib. Əliqismət Cəfərovun iddia etdiyi 358,52 ABŞ dolları əsas borcunun üzərinə 58,91 ABŞ doları faiz, 849,75 ABŞ doları isə, əsas borcun üzərinə gələn cərimə deyil. Burada söhbət 358,52 dollardan getmir. Əliqismət Cəfərov əvvəlki aylarda da gecikmələr edib. Müqavilə əsasında da, hər gecikən günə 1% dəyərində cərimə tətbiq olunub. Həmin 849,75 dollar da gecikdirilmiş günlərə görə tətbiq olunan cərimədir. Əsas borcuna heç bir aidiyyatı yoxdur. Gecikdirmə başlayan gündən etibarən ona nəzarət edən işçi həm zaminlə, həm də müştərinin özü ilə əlaqə saxlayır, məktub göndərir, ev ünvanına gedib monitorinq aparılır və monitorinq aktı yazılır. Bu sənədlərin də hamısı var və məhkəməyə təqdim edilib”.

İntiqam Rüstəmov onu da qeyd edib ki, qətnamə üzrə məbləğ icra olunmadığına görə, Cəlilabad rayon Məhkəməsi tərəfindən bu qətnamə Cəlilabad rayon İcra Şöbəsinə göndərilib: “İcra Şöbəsi də borcun ödənilməsini əmək haqqından tutulması istiqamətinə yönəldib. Bununla da, əmək haqqından 4 may, 2016-cı ildə 200 manat (həmin günün kursu ilə 133,62 dollar), 31 mayda 200 manat (133,17), 21 iyunda 200 manat (127,45), 21 iyulda 330 manat (210,28), 30 sentyabrda 104 manat (64,15), 28 oktyabrda 132 manat (80,58), 4 noyabrda 44 manat (147,2), 29 noyabrda 244 manat (141,48), 27 dekabrda 244 manat (138,46), 6 fevral, 2017-ci ildə isə, 244 manat (127,68) məbləğində pul tutulub. Və məlum olub ki, əmək haqqından sonuncu dəfə artıq  məbləğ tutulub. Həmin məbləğ - 39,93 manat da, ərizəsinə əsasən, 9 fevral, 2017-ci il tarixdə Əliqismət Cəfərova qaytarılıb...” 

Redaksiya olaraq, biz də, şikayətçinin haqlı iradlarını müdafiə edirik. Qoy, ədalət zəfər çalsın və onun ağrılı şikayətlərinə yuxarı dövlət orqanları da bizim kimi reaksiya verib, ədalətli qərar qəbul etsinlər. 

Məhi ELSEVƏR, 
“İrəvanın səsi” qazetinin  xüsusi müxbiri

Əlaqəli xəbərlər