Başçının xanım müavini mağaza sahibini incidir

İcra Hakimiyyəti verdiyi qərarın mahiyyətini anlamır

Hakim də həmin qərarı nəzərə almayıb

Abşeron rayon İcra Hakimiyyəti başçısının xanım müavininin "qılıncının sağının da, solunun da kəsməsinə" heç kəs şübhə etməsin. Çünki, belə olmasaydı, İradə Gülməmmədova özünün biznes marağına görə, bir sahibkarın başına oyun açıb, onun Fatmayı kəndindəki əsas yolun qırağında min bir əziyyətlə tikib başa gətirdiyi mağazasını, heç bir qanuni əsas olmadan, bağlatdıra bilməzdi; Özü də, dəfələrlə qanunsuz əməllər törətməyə təhrik etdiyi rayon polis şöbəsinin, ticarət xidməti departamentinin, fövqəladə hallar idarəsinin, eləcə də Abşeron rayon Məhkəməsinin hakimi İlham Kərimlinin, Ədliyyə Nazirliyi Abşeron İcra Şöbəsinin icra məmuru C.İ. Həsənovun qəbul etdikləri ağlasığmaz qərar və qərardadları müqabilində...

"İradə xanım mənim tikdirdiyim obyekti çoxdan "gözaltı etmişdi". Dəfələrlə üstümə adamını göndərmişdi. Elə hey deyirdi ki, burada nə açsam da olar, bircə ərzaq mağazası yox. Çünki üzbəüzdə onun özünün də ikimərtəbəli gözoxşayan nəhəng bir mağazası var. Yəqin istəmirdi ki, biznes rəqibi olaq. Həmin mağazanı ayı 4000 manata icarəyə verib. Mağazasının iki addımlığındakı "Qəbələ" kafesini – ailəvi istirahət mərkəzini isə, 1 milyon 600 min manata satışa çıxarıb. Gözü doymur ki, doymur. Mən yazıq nə edəcəyimi bilmirəm. Beş-altı ay əvvəl bankdan 50 min manat kredit götürüb, mağazamın içini avadanlıqla və ərzaqla doldurmuşam. Mağazanı açan gündən başımın üstünü aldırıb. Polis gedir, icraçılar gəlir, icraçılar gedir, departament işçiləri gəlir. Sanki onun qoçu dəstələridir. Hərəsi də qapıya bir möhür vurur. Mağazadakı 40 min manatlıq ərzaq artıq xarab olur. Nə edəcəyimi bilmirəm, şikayətlərimə cavab verən, dərdimi eşidən də tapılmır..."
Mağaza sahibi Aldırım Nurəli oğlu Əliyev dediklərindən doluxsunan kimi olur və masanın üstünə tikilinin sənədlərini tökür: "Buyurun, baxın! Daşınmaz əmlakın 17 aprel 2012-ci il tarixli, AN-I 0293965 saylı alqı-satqı müqaviləsi ilə 0.5 ha torpaq sahəsi mülkiyyətimdədir. Abşeron rayon İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun 22.07.2013-cü il tarixli, 2663 saylı qərarına əsasən, həmin torpaq sahəsində, birinci mərtəbəsi ticarət obyekti olmaqla, zirzəmili, iki mərtəbəli fərdi yaşayış evi tikməyimə icazə verilib. Tikilini rayon İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış plan və eskiz layihəsində göstərilən şərtlər daxilində inşa etdirmişəm. Heç nə qüvvədə olan tikinti norma və qaydalarından kənara çıxarılmayıb. Sanitar, yanğın təhlükəsizliyi normalarına, yanaşı yaşama prinsiplərinə daim riayət etmişik. Bir sözlə, tikiliyə heç bir dəyişiklik edilməyib, heç nə qəbul edilmiş şərtlər çərçivəsindən kənara çıxmayıb. Onu da deyim ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, 0471569 nömrəli çıxarışına əsasən, tikilinin mənim mülkiyyətimə verilməsi rəsmiləşdirilmişdir.
Bütün bunlara baxmayaraq, başçı müavini başımıza oyun açmaqda davam edir. Mənə heç bir xəbərdarlıq olmadan, bildiriş göndərilmədən, Abşeron rayon İcra Hakimiyyətinin iddiası ilə, rayon Məhkəməsi cavabdeh kimi haqqımda 08 may 2015-ci il tarixli qərardad qəbul edib. Güya, mən, mülkiyyətimdə olan yaşayış evindən qeyri-yaşayış obyekti kimi istifadə etmişəm və bu mənə qadağan edilir.
Məhkəmə qərardadı rayon İcra şöbəsində icra məmuru tərəfindən mənə təqdim olunub. Özü də, hədə-qorxu ilə. İcra məmuru da göstərilən tələbi dərhal yerinə yetirməyimi qəti şəkildə tələb edir. Əks təqdirdə, məni qanunvericilikdə nəzərdə tutulan ən ağır məsuliyyətə cəlb edəcəyini qorxub-çəkinmədən, hamının yanında dəfələrlə açıq-aşkar bəyan edib.
Axı, vicdan, insaf da yaxşı şeydir. Necə ola bilər ki, hakim haqqımda qərar çıxarsın, mənim bundan xəbərim olmasın?! Yəqin, hakim İradə xanımın göstərişi və təkidli tələbi ilə başdansovdu, tələsik qərardad çıxarıb. Yoxsa, başçı Zakir Fərəcovun şəxsən imzaladığı qərarda göstərilənlərin mahiyyətini və mənasını başa düşərdi. Axı, başçı mənə ikimərtəbəli, zirzəmili ev tikməyə icazə verəndə, həm də göstərib ki, birinci mərtəbəni ticarət obyekti kimi istifadə edə bilərəm..."
Redaksiyamıza etdiyi çoxsaylı şikayətlərindən sonra ünvanına üz tutduğumuz mağaza sahibi Aldırım Əliyev onu da bildirdi ki, o, mübarizədən qorxan insan deyil: "Mən heç kəsdən qorxub, çəkinmirəm. Mənə pislik edənlə axıradək vuruşacam. İradə xanım mənimlə açıq-aşkar düşmənçilik edirsə, mən də bunu bacarıram. Ölkə başçısı möhtərəm İlham Əliyev cənablarına şikayətlərimi hazırlamışam. Ona inanıram və qəti əminəm ki, haqqın, ədalətin qələbə çalmasında o, məndən köməyini əsirgəməyəcək. Onu da deyim ki, İradə xanımın başçı müavini postunda törətdiyi qanunsuzluqlar barədə, məcbur olub, kifayət qədər fakt toplamışam. Müavin olduğu vaxtlarda adı dəfələrlə neqativ məsələlərdə, xoşagəlməz olaylarda hallanıb. Abşeronda torpaq biznesinin əsas fiqurlarından biridir. Bu sahədə də onun adı yaxşı nədəsə hallanmayıb. Bu faktları da ölkə başçısına, əlaqədar orqanlara göndərəcəm. Şəhərin elə yeri yoxdur ki, orada onun qiyməti milyonlarla ölçülən obyekti olmasın. Elə, bizim mağazanın iki addımlığındakı "Qəbələ"ni 1 milyon 600 min manata satışa çıxarıb. Axı, başçı müavini hara, biznes hara?! Məncə, qanunlarımız bunu qadağan edir.
Əgər, mənim kimi qorxan deyilsinizsə, onun obyektlərinin bir neçəsinin şəklini verim, qəzetinizdə dərc edin.!"
...Bizsə, qəzetçi olduğumuz üçün həmin şəkilləri dərc etmək qərarına gəldik. Başqa məqsədimiz yoxdur. Qoy, son nəticə ictimai qınaq çərçivəsində həllini tapsın. "Kimin düz, kimin əyri" olduğunu isə, əlaqədar orqanlar müəyyənləşdirməlidir. Qanunsuzluq və münaqişə isə, qanun çərçivsində həllini tapsa daha yaxşı olardı...

Malik, Mirzə, Nurlan, İsmayıl,
xüsusi olaraq www.araz.az saytı üçün.

Əlaqəli xəbərlər