Qorbaçovun saxta pul kəsən sürücüsü - 12 il həbs, ömürlük zövq

874aa12203cde5617eb7ade4c3e398ad.jpgCinayətindən həzz alan “kriminal əfsanə”nin - Viktor Baranovun hekayəsi
Onun qeyri-adi istedadı heyrət doğurub. Bu istedadını cinayətə tərəf istiqamətləndirdiyindən yüksəkçinlilər hətta təəssüf hissi keçiriblər. O təkbaşına bütöv bir müəssisənin, peşəkar mütəxəssislərin, çapçıların, rəssamların, dizaynerlərin, mühəndislərin işini görüb. Məxfiliyi dövlət sirri səviyyəsində olan texnoloji prosesi son incəliklərinə qədər mənimsəməyi bacarıb. Bütün bunlar ona illər hesabına başa gəlsə də istədiyi nəticəni əldə edə bilib. Və beləliklə, Viktor Baranov yüksək “peşəkarllığı” nəticəsində dövriyyəyə külli miqdarda saxta pul buraxıb.

1970-ci illərdə baş vermiş bu olay SSRİ tarixində böyük maraq doğuran və yaddaqalan hadisələrdən biri sayılır.

1941-ci ildə Moskvada anadan olan Viktor Baranov atasının iş yerini dəyişməsi ilə əlaqədar 16 yaşında valideynləri ilə birgə Stavropola köçüb. Məktəb illərindən müxtəlif rəsmlər, qədim pul əskinasları kolleksiyası toplamağa həvəs göstərən Viktor rəssamlığa da meylli olub və rəsm dərnəklərinə yazılıb. Ancaq bütün bu həvəslərə baxmayaraq? o, ali təhsil almaq haqqında düşünməyib. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Xidmətdən sonra isə sürücülük kurslarını bitirərək Stavropol Diyar Partiya Komitəsində sürücü kimi işə başlayıb. O, həmin dövrdə Stavropolda birinci katib vəzifəsində işləyən Qorbaçovu da tez-tez “gəzdirməli” olub. Ümumiyyətlə, bu illər ərzində gənc Viktor ətrafında olan insanlarda ancaq xoş təəssürat yaradıb.

Viktor Baranov həmyaşıdları arasında və kollektivdə həm də təşəbbüsskarlığı, yeni ideyalar və təkliflər irəli sürən bir gənc kimi də fərqlənib.

Amma beynində illərboyu dolaşan bir ideya haqqında o heç kimə danışmayıb. Viktor Baranov saxta pul əskinasları düzəltmək fikrini heç kimlə bölüşməyib. Bu işin nə qədər mürəkkəb və həm də təhlükəli olduğunu bilsə də o, fikrindən vaz keçməyib.

 

İdeyasını reallaşdırmaq üçün cəmisi 10 illik orta təhsili olan Viktor 18 adda müxtəlif ixtisasları dərindən öyrənib. Bu işə 9 il vaxt sərf edən Baranov dəfələrlə Moskvaya gedib, elmi kitabxanalarda araşdırmalar aparıb, ayrı-ayrı mətbəələrin texnoloji prosesləri ilə yaxından tanış olub, kağız, rəng, çap işinin incəliklərini mənimsəyib.

Baranov yaxşı dərk edib ki, bütün pul əskinaslarında olduğu kimi, sovet rublunun da çox mürəkkəb mühafizə elementləri var. Və o bütün diqqətini hazırlayacağı saxta pulun üzərində bu mühafizə elementlərinin tətbiqinə yönəldib.

Nəhayət, bütün bilgiləri əldə etdikdən sonra Baranov özünün icad etdiyi çap dəzgahının düzəldilməsi üçün müxtəlif şəhərlərə üz tutub. Diqqəti yayındırmaq üçün dəzgahın ayrı-ayrı detallarını müxtəlif şəhərlərdə düzəltdirib.

İşə başlamaq üçün yer seçimini də Baranov ağılla düşünüb. Evlərinin arxasındakı baxımsız, uçuq-sökük saray onun “yeni pul sexi”nə çevrilib. Dəzgahın detalları hazır olduqdan sonra onu məhz bu sarayda quraşdırıb.

 

Birinci dəfə Baranov 70 ədəd 50-lik əskinas düzəldib. Bu pulları o Krasnodar şəhərində “əridib”. Gözü-könlü “tox olan” Baranov bir müddət işi dayandırıb. Heç bir təhlükənin yaranmadığını gördükdən sonra isə yenidən “yaradıcılıq fəaliyyəti”nə davam etməyə başlayıb. Bu dəfə isə o, düzəldilməsi 50-likdən daha çətin olan 25-liklər çap edib.

 

25-liklər də uğurla alınaraq dövriyyəyə buraxılıb. Ancaq bu dəfə hüquq-mühafizə orqanlarına saxta pulların dövriyyəyə buraxılması haqqında məlumat verilib. Beləliklə, axtarış-əməliyyat tədbirləri başlanıb.

Təbii ki, bu tədbirlərdə “Qoznak”-ın ( Dövlət Qiymətli Kağızların Hazırlanması Ekspedisiyası ) mütəxəssislərindən də istifadə olunub. Mütəxəssislər qeyd ediblər ki, bu cür əskinasların düzəlməsi üçün mütləq şəkildə peşəkarlardan ibarət bir qrupun işləməsi lazımdır. DTK isə pulların xaricdə hazırlanması versiyasını irəli sürüb. Bunlar düşünməkdə ikən, Baranov daha 420 ədəd 25-liyi “xırdalamağa” imkan tapıb.

Kifayət qədər zənginləşən Baranov öz ərizəsi ilə işindən azad olub. Bu ərəfədə o özünə “Niva” markalı maşın alıb, həyat yoldaşının üzərindəki zinət əşyaları da fərqli dərəcədə dəyişib. Sözsüz ki, bu da sovet rejimi dövründə diqqətdən yayınmayıb. Amma saxta pulla bağlı Baranov şübhə yeri də qoymayıb.

Axtarışların ciddiliyini hiss edən Baranov daha bir partiya pul hazırlayaraq müvəqqəti dayanmağa qərar verib. O, sonuncu hazırladığı 25-likləri xırdalamaq üçün Çerkassk şəhərinə yollanıb. Şəhər bazarını “əlverişli yer” sayan Baranov iki ədəd 25-lik əskinası xırdalayanda bazar satıcısında şübhə yaranıb və dərhal yerli milislərə bu haqda məlumat verib. Bazarı tərk etməyə imkan tapmamış Baranovu həbs ediblər. Sənədlərini təqdim etməyi tələb edəndə, kim olduğunu soruşanda Baranov qısa və konkret cavab verib: “Peşəkar saxta pul düzəldən Viktor Baranov”.

Məhkəmə prosesində Baranovun bu işi təkbaşına görməsində şübhələr iddia olunanda da o, hamını təəccübləndirməyi bacarıb: “Mən bütün şübhələri aradan qaldırmaq üçün öz talantımı nümayiş etdirə bilərəm...”

 

Beləliklə, Viktor Baranov öz əl işini əyani şəkildə məhkəmədə nümayiş etdirib. Bu iş təəccüblə yanaşı məhkəmədə təəssüf hissləri ilə də qarşılanıb. Hakim “siz məşhur bir ixtiraçı ola bilərdiniz” - deyə təəccüb və təəssüfüni gizlətməyib.

Məhkəmənin hökmü ilə Viktor Baranov 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Saxta pullar isə müsadirə edilərək SSRİ Daxili İşlər Nazirliyinin muzeyinə verilib.

Cəzasını şəkdikdən sonra Baranov saxta pul sevdasına bir daha düşməyib. Jurnalistlərin “yenidən saxta pul düzəltməyə həvəs göstərərsinizmi?” sualına Baranov belə cavab verib: “Mən dünyada ən mürəkkəb mühafizə elementləri olan sovet rublunu yaratdım. Pul qazanmağımdan daha çox, öz yaradıcılığımdan zövq aldım. Həmin zövq ömrümün sonuna qədər yetərlidir...”

İlham Cəmiloğlu, Musavat.com

Əlaqəli xəbərlər