Əvvəllər adı paytaxt Bakının özünəməxsus ənənələri və uğurları ilə seçilən təhsil ocaqları sırasında qürurla çəkilən 16 saylı Texniki-Humanitar Liseydə son vaxtlar baş verənlər təəssüf doğurur. Rəhbər özbaşınalığı ucbatından bu təhsil ocağında yaranan arzuolunmaz mühit barədə ölkə mətbuatının yazılarında göstərilənlər, doğrudan da, yarandığı gündən onun qazandığı alqışalayiq uğurlara birbaşa kölgə salır. Az öncə araz.az saytının dərc etdiyi "İntriqaçı direktor nə istəyir, onu da edir -- 16 saylı Texniki-Humanitar Liseydəki rəhbər özbaşınalığı" sərlövhəli məqalə də, deyilənlərin daha bir təsdiqidir. Əməkdaşımız həmin yazısında ictimaiyyətin diqqətinə əsasən onu çatdırmaq istəyib ki, vaxtilə Lutvi-zadə kimi bir dahinin də oxuduğu bu təhsil ocağının indiki direktoru Aynurə Hacıyeva ilə, onun əlaltılarının birgə törətdikləri qanunsuz hərəkətlər, sözün həqiqi mənasında, məktəbin nüfuzlu adıyla heç cür uyğunlaşmır və əvvəllər qazanılmış uğurlara birbaşa xələl gətirir. Müəllif xüsusi olaraq qeyd edir ki, əsası 1924-cü ildə qoyulan, 1930-cu ildən məktəb kimi fəaliyyətə başlayan, 2000-ci ildə həmin 16 saylı tam orta məktəbin bazasında yaradılan və adı qabaqcıl təhsil ocaqları sırasında həmişə qürurla çəkilən bu liseydə hazırda təhsil alan uşaqların hüquqlarının kobudcasına pozulması utancvericidir. Belə olmasaydı, yəqin ki, burada baş verənlərə dözməyən valideynlər də, öz uşaqlarını bu liseydən çıxarmaz, nəticədə, şagirdlərin sayı siniflərdə hədsiz dərəcədə azalmazdı.