“O YAŞDA KİŞİ HÖNKÜR-HÖNKÜR AĞLADI” - FİRUDİN CƏLİLOV

2018-02-22-01-19-23fffa.jpg


 “Rəsulzadənin məzarından bir balaca torpaq götürdüm, qayıdanda Abbas müəllimə verdim ki, Novxanıda atasının qəbrinin üstünə səpsin”

“Yüz il əvvəl Azərbaycan xalqının demokratik dövlət qurmasının özü bir fenomendir”

"Təklifim odur ki, ilk növbədə möhtəşəm bir binada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı muzey yaradılsın. Məhz bu muzeyin qabağında Cümhuriyyət Parkı salınsın”
 
 Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan və 2018-ci ilin "Cümhuriyyət İli” elan edilməsindən sonra bu istiqamətdə müəyyən işlər görülüb. İlin sonuna qədər tədbirlər planına əsasən bir sıra tədbirlərin, elmi-konfransların keçirilməsi gözlənilir. Xüsusən, may ayından etibarən genişmiqyaslı işlərin görüləcəyinə ümid edilir.
Artıq "Cümhuriyyət İli”nin ikinci ayı başa çatmaq üzrədir. Bugünə qədər AMEA-nın müvafiq elmi institutları tərəfindən bəzi tədbirlər həyata keçirilsə də, ümumən görülən işlər ictimaiyyət nümayəndələri tərəfindən qənaətbəxş hesab edilmir. Əksəriyyət hesab edir ki, azalan vaxtı nəzərə alaraq daha aktiv və sürətli çalışmaq lazımdır. Mövcud durumu dəyərləndirmək və AXC-nin yüzilliyi ilə bağlı atılan addımlara münasibət öyrənmək üçün istiqlalçı-deputat, türkoloq-alim, professor Firudin Cəlilovla əlaqə saxladıq. "Şərq”in suallarını cavablandıran görkəmli alim dövlət başçısı tərəfindən verilən sərəncamları yüksək dəyərləndirsə də, müvafiq qurumlar tərəfindən görülən işlərin yetərli olmadığını düşünür. Bu istiqamətdə daha ciddi çalışmağın zəruri olduğunu vurğulayan professor yubileylə bağlı öz təklifini də səsləndirib...
 
 
- Ötən il Prezident tərəfindən Cümhuriyyətin yüzillik yubileyi ilə bağlı Sərəncam verildi və daha sonra 2018-ci il "Cümhuriyyət ili” elan olundu. Bu müddət ərzində AXC ilə bağlı görülən işləri qənaətbəxş hesab edirsizmi?
 
- Əvvəla onu deyim ki, dövlət başçısı tərəfindən Cümhuriyyətin yüzilliyi ilə bağlı Sərəncam verilməsi və 2018-ci ilin "Cümhuriyyət İli” elan olunması təqdirəlayiq olmaqla yanaşı, həm də gözlənilən idi. Çünki AXC dövrü Azərbaycan xalqının tarixində çox mühüm hadisədir. Min il keçsə də, Cümhuriyyət dövrünü tarixdən silmək mümkün deyil. 100 il əvvəl xalqımız əsarətdən xilas olaraq müstəqil və demokratik dövlət qurub. 2018-ci ilin "Cümhuriyyət İli” elan olunması həm də ona görə vacibdir ki, biz çox mürəkkəb bir geostrateji məkanda yaşayırıq. Bütün dünyaya çatdırmalıyıq ki, Şərqdə ilk demokratik Cümhuriyyəti quran məhz Azərbaycan xalqı olub. Bizim dövlətçilik ənənəmiz qədimdir. Çalışmalıyıq ki, Cümhuriyyət qurucularının demokratik şüurlu şəxslər olduğunu hamının diqqətinə çatdıraq. Vurğulayaq ki, Cümhuriyyət dövrünün seçilmiş şəxslərinin, ziyalıların hamısını məhz Azərbaycan xalqı yetişdirib. Onlar bizim xalqın içindən çıxıblar. Yüz il əvvəl Azərbaycan xalqının demokratik dövlət qurmasının özü bir fenomendir. Çünki həmin dövrdə hətta ən inkişaf etmiş Avropa dövlətlərindən belə qadınların səs vermək, seçilmək hüququ yox idi. Amma bizim babalarımızın qurduğu dövlətdə qadınlara səsvermə hüququ verilmişdi. Sadəcə iki ilə yaxın yaşamış bir Cümhuriyyətin qısa müddət ərzində gördüyü işlərlə tanış olanda adam dəhşətə gəlir. Düşünürsən ki, 23 ay ərzində bu qədər işi reallaşdırmaq necə mümkün olub? Ən əsası isə odur ki, onların gördükləri işlərin hamısı xalqın və dövlətin xeyrinə olub. İlk dəfə Azərbaycanda ali təhsil ocağı açılıb, yüzlərlə tələbə xaricdə təhsil almaq üçün Avropa ölkələrinə göndərilib. Dövlət atributlarımız hazırlanıb, bayrağımız, himnimiz qəbul olunub. Latın qrafikalı əlifbaya keçilib. Görülən işləri sadalamaqla qurtarmaq olmur. Bu mənada AXC-nin yüzillik yubileyinin keçirilməsi çox vacibdir. Təəssüflər olsun ki, hələlik görülən işlər çox azdır.
 
- Bəzi tarixçilər hesab edirlər ki, Cümhuriyyətin yüzilliyi ilə ancaq tarixçi-alimlər məşğul ola bilər. Onlara görə, siyasi təşkilatlar, ictimai qurumlar və ayrı-ayrı fərdlər prosesə müdaxilə etməsə daha yaxşı olar. Bu cür yanaşmaya münasibətiniz necədir?
 
- O cür fikir səsləndirənlər səhv düşünürlər. Necə yəni təkcə tarixçilər məşğul olsun?! AXC-nin yüzillik yubileyinə sadəcə tarixçilər hazırlaşmamalıdır. Cümhuriyyət dövrü bütün Azərbaycan xalqının və dövlətinin məsələsidir. Adından da göründüyü kimi ümummilli məsələdir. Cəmiyyətin bütün təbəqələri, imkanı olan hər qurum və şəxs yubileylə bağlı öz töhfəsini verməlidir. Mədəniyyət Nazirliyi, İdman Nazirliyi, o cümlədən Təhsil Nazirliyi və AMEA ilə bərabər siyasi partiyalar, QHT-lər, media qurumları da bu istiqamətdə birgə çalışmalıdır. İşlər dar çərçivədə deyil, geniş miqyasda görülməlidir.
 
- Yüzillik yubileyin təntənəli keçməsi və yaddaşlarda qalması üçün abidə, park, film kimi təkliflər gündəmə gətirilir. Sizin Cümhuriyyətlə bağlı təklifiniz varmı?
 
- Filmlər çəkilməlidir, amma film qalıcı deyil axı. Qalıcı və faydalı işlər görmək lazımdır. Təklifim odur ki, ilk növbədə möhtəşəm bir binada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı muzey yaradılsın. Məhz bu muzeyin qabağında Cümhuriyyət Parkı salınsın. Həmin parkda isə başda Məhəmməd Əmin Rəsulzadə olmaqla digər Cümhuriyyət qurucularının heykəlləri ucaldılsın. Bundan başqa yaradılmış muzeyin nəzdində AXC ilə bağlı elmi-tədqiqat şöbəsi təsis edilsin. Təkcə Azərbaycan daxilində deyil, region ölkələrində, Avropa dövlətlərində geniş təbliğat aparılsın. Səfirlərimiz, diplomatlarımız aktiv olsunlar. Əgər 2018-ci il ərzində bu işləri görmək mümkün olarsa, o zaman rahat nəfəs alarıq. Deyərik ki, Cümhuriyyətin varisi kimi onun ənənələrini davam etdirə bilirik.
 
- Xarici ölkələrdə əbədi uyuyan Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi də müzakirə edilir. Ancaq bununla bağlı da birmənalı fikir yoxdur. Dəstək verənlərlə yanaşı, başqa təkliflər irəli sürənlər də var. Siz bu barədə nə düşünürsüz?
 
- Sizə bir şey deyim, dünyadakı bir çox movzaleylərdə heç cəsəd də olmur. Yəni bir çox tanınmış şəxslər simvolik dəfn olunurlar. Mən ümumiyyətlə, Cümhuriyyət qurucularının xaricdəki qəbirlərinin yerinin dəyişdirilməsinin əleyhinəyəm. Onların ruhunu incitmək olmaz. Xarici ölkədə dəfn olunanların məzarlarının simvolik oxşarını Azərbaycanda yaratmaq mümkündür. Ancaq elə qəbirlər var ki, onların ölkəmizə köçürülməsinə həqiqətən ehtiyac yarana bilər. Məsələn, məzarın xaricdə itmək, yox olmaq təhlükəsi varsa, onu ölkəyə gətirmək zərurət halını alır. Hüseyn Cavidin məzarının ölkəmizə gətirilməsi də məhz o məqsədlə edildi. Son dövrlər eşidirik ki, dahi şairimiz Məhəmməd Fizulinin İraqdakı qəbri dağılmaq təhlükəsi ilə üz-üzə qalıb, məzar ətrafında tikinti gedir, buldozeri salıb oranı dağıdırlar. Bu cür əlahiddə durumlarda məzarın köçürülməsinə ehtiyac yaranır, amma səbəb olmadan qəbirlərin daşınması mənasızdır. Simvolik məzarlar kifayət edir. Burada məqsəd müəyyən ziyarətgahların olması və insanların gedib ora gül-çiçək qoymasıdır.
Sizə bir xatırlatma edim, Abbas Zamanov adlı müəllimim var idi. Çox milli adam idi. Türkiyə ilə Azərbaycan arasında ilk körpü yaradan şəxslərdən olub. Mən Türkiyəyə ilk dəfə gedəndə Abbas müəllim mənə bir ovuc torpaq verdi və dedi ki, bu torpağı M.Ə.Rəsulzadənin atasının (Axund Hacı Molla Ələkbər Rəsulzadə Novxanı kənd qəbiristanlığında dəfn olunub - red) məzarından götürüb. Xahiş etdi ki, məzardan götürdüyü həmin torpağı Ankarada Rəsulzadənin qəbrinə səpim. Mən onun xahişini yerinə yetirdim. Həm də M.Ə.Rəsulzadənin məzarından bir balaca torpaq götürdüm və ölkəyə qayıdanda Abbas müəllimə verdim. Dedim ki, siz də aparın bu torpağı öz əlinizlə Rəsulzadənin məzarına səpələyin. İnanın, o yaşda kişi hönkür-hönkür ağladı. Demək istəyirəm ki, müxtəlif yerlərdən torpaq gətirməklə də simvolik məzarlar yaratmaq mümkündür və elə ən məsləhətlisi də budur.
 
- Təkliflərdən biri də odur ki, Bakının işğaldan azad edildiyi 15 sentyabr tarixi bütün orta məktəblərdə Cümhuriyyət dərsi keçilsin, Qafqaz İslam Ordusu anılsın...
 
- Vallah, bu o qədər böyük və ayrıca bir mövzudur ki, 5-10 cümlə ilə təhlil etmək doğru olmaz. İnşallah, xüsusi bir intervyuda bu məsələni geniş müzakirə edərik. Sadəcə onu deyim ki, Bakının erməni işğalından azad olunması tariximizdə çox mühüm bir hadisədir. Ona görə də toplum olaraq bu haqda ciddi düşünməyimizə ehtiyac var.
 
- Türkiyə ilə Azərbaycanın ortaq iş görməsi də planlaşdırılır. Qardaş ölkə ilə bu istiqamətdə ciddi layihələr hazırlamaq mümkündürmü?
 
- Əlbəttə, mümkündür. İki ölkənin birgə işləməsinə böyük ehtiyac var. Bayaq adını çəkdiyim nazirliklər Türkiyənin müvafiq qurumları ilə ortaq işlər reallaşdıra bilər. Məsələn, idman nazirlikləri Cümhuriyyətin ildönümünə həsr olunmuş ortaq yarışlar keçirər. Təhsil nazirlikləri birgə tədris proqramı hazırlayarlar. Məncə, səfirlər bu istiqamətdə aktiv işləməlidir. Səfir təmsil etdiyi dövlətin elçisi sayılır. Bütün gün iş otağında qısılıb oturmaqla hansısa tədbir görmək mümkün deyil. Götürək, "Türksoy” təşkilatını. Bu qurum nə ilə məşğuldursa, bir Allah bilir. Halbuki bu istiqamətdə ən çox onlar çalışmalıdır. Təsəvvür edin, türk dövlətlərinin ortaq əlifbaya keçməsi məsələsi müzakirə olunur, amma "Türksoy” xorulduya-xorulduya yatır. Baş verənlərə heç bir münasibət bildirmir, elmi-konfranslar təşkil etmir. Onlara ayrılan pullar hara xərclənir axı? Dövlət onları yaradıb və büdcədən vəsait ayırıb ki, faydalı işlər görsünlər. Ancaq heç bir iş görmürlər”. Sherg.az

Erməniləri susduran Azərbaycanlı jurnalistin evi əlindən alınır - ÇAĞIRIŞ

fuad_6.jpg


 Moskvada yaşayan, Azərbaycanla yanaşı qardaş Türkiyənin maraqlarını Rusiya kanallarında müdafiə edən jurnalist Fuad Abbasov ermənilərin ciddi təzyiqlərinə məruz qalmaqdadır
Araz.az musavat.com-a istinadən xəbər verir ki, hazırda Fuad Abbasov yaşadığı mənzili itirmək təhlükəsi ilə üz-üzə qalıb. İşsiz qalan jurnalist götürdüyü ipoteka kreditini ödəyə bilmədiyi üçün Moskva məhkəməsi onun mənzilini boşaltması barədə qərar çıxarıb. Fuad Abbasovun anti-erməni çıxışlarının da əlehinə işlədiyi açıq-aşkar müşahidə edilir.
Hazırda Fuad Abbasova dəstək verən Rusiyanın tanınmış vəkili Elman Paşayev problemin aradan qaldırılması üçün məsələyə müdaxilə etməyə çalışır.
Qeyd edək ki, Fuad Abbasov ailəlidir və iki azyaşlı övladı var. 1997- ci ildən Türkiyənin İxlas Xəbər Agentliyinə çalışmış, Fuad Abbasov 2016-ci ildə Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" siyasi tok-şousunda ermənipərəst rusiyalı politoloqların və erməni ekspertlərin Qarabağla bağlı yalanlarına layiqli şəkildə cavab verib və bundan sonra işindən uzaqlaşdırılıb.
Xatırladaq ki, erməni yalanlarını sistemli şəkildə ifşa edən rusaiyalı tarixçı Oleq Kuznersovun da ermənilər tərəfindən qaldırılmış məhkəmə iddialarından qurtulmasında da vəkil Elman Paşayev böyük səy göstərmiş və problemi aradan qaldırmışdı.

KOLLEKTİV PATOLOGİYALI CƏMİYYƏTLƏR…

Huseynbala-277x300.jpg


 Bəndəniz elə də psixologiya bilicisi deyil. Ziqmund Freydin iki cildliyi, Karl Qustav Yunqun bir əsəri – oxuduğum əsasən bunlardır, təbii ki, sosial və siyasi psixologiyayla bağlı nisbətən kiçik həcmli daha bir neçə əsəri çıxmaq şərtilə.

Həmin əsərlərdə diqqətimizi çəkənsə kollektiv patologiyalar, böyük sosial qrupların, hətta cəmiyyətlərin davranışında müşahidə olunan bəzi psixi məqamlar olub.

Sözsüz, Freydin individlərə tətbiqən yazdıqlarının Yunq tərəfindən bütöv cəmiyyətlərə şamil edilməsi bəzən mübahisələrə də səbəb olur. Elə etnoloqlar və etnoqraflar var ki, onlar hətta “kollektiv arxetip”lər haqda eşitmək belə istəmirlər — xüsusən də etnizmi ötəri fenomen kimi qəbul edən “instrumentalist”lər arasında.

Bu mübahisələrə nöqtə qoymaq iqtidarında deyilik, gücümüz yalnız bu və digər cinahın tərəfini tutmağa çatır. Ona görə də etiraf edirik ki, K.Q.Yunqun sağlam və qeyri-sağlam cəmiyyətlər, “kollektiv arxetip”lər haqda yazdıqları bizə çox inandırıcı görünür, çünki böyrümüzdə ermənilər var və illərdir onların davranışını müşahidə edib bircə nəticəyə gəlmək olur: vallah, Yunq kişi düz yazıb.

Nədən birdən ermənilər, Freyd və Yunq kimi psixoloqlar yadımıza düşdü? “Söz sözü çəkər” deyiblər. Böyük fizik Lev Landau hələ sovetin vurhavurunda deyirdi ki, fənlər var, onlardan üçdən artıq qiymət almaq sadəcə, ayıbdır. Güman ki, L.Landaunun hansı fənləri nəzərdə tutduğunu təxmin etmək sizin üçün elə də çətin olmaz.

Bilirsiniz, siyasətdə və yaxud da ki, politologiyada da belədir – elə “etiraf”lar var ki, ən yaxşısı onları dilə gətirməməkdir, çünki on illərlə insanlara tamam başqa şeylər vəd edib axırda qayıtmaq ki, bütün bunlar cəfəngiyyatdır — məni bağışlayın, bunu yalnız ermənilər bacarar…

Təsadüfi deyil ki, elə bu günlərdə iki erməni politoloqu məhz belə “etiraf”da bulundular və boyunlarına aldılar ki, on illərlə Ermənistanda aparılan siyasətin nəticəsi ölkənin iqtisadi-siyasi baxımdan təcridi olub.

Onlardan biri, müxalif erməni Milli Konqresinin sədrinin müavini Aram Manukyan hətta bildirdi ki, elə təəssürat yaranır ki, ermənilər Qafqazda, ümumiyyətlə, yoxdur, Ermənistan Qafqazda yalnız de-yure mövcuddur!

Maraqlıdır ki, erməni siyasətçilərini və politoloqlarını buna yaxın vaxtlarda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Cənub-Şimal nəqliyyat dəhlizinin bir mərhələsinin bitməsinə həsr olunmuş tədbirin keçiriləcəyi haqdakı xəbərlər vadar etdi. Məsələ bundadır ki, onlar həmin dəhlizlə bağlı “möhtəşəm” planlar qurur, İranla Avrasiya İttifaqı ölkələrini Ermənistan vasitəsilə birləşdirmək haqda düşünürdülər. Digər tərəfdən, bu, regionda sonuncu böyük nəqliyyat layihəsidir və artıq hamı üçün aydındır ki, onlar bu layihədən də kənarda qaldılar.

Bu konteksdə İranın Ermənistandakı səfirinin ermənilərə məsləhətini qeyd etmək lap yerinə düşər. Səfir deyib ki, ölkəsi İranla Ermənistanı birləşdirəcək dəmiryolu xəttinin çəkilişinin əleyhinə deyil, amma bunun üçün tələb olunan xərclərin bir hissəsini İrəvan ödəməlidir! Bunu eşidən ermənilərin az qala ürəyi gedib, — axı onların belə imkanı yoxdur!..

Bəli, Şimal-Cənub dəhlizi Ermənistan üçün “soyuq vanna” oldu, hərçənd, buna qədər də regionda apardıqları siyasət haqqında azacıq da olsa, düşünə bilərdilər. Məsələ, bundadır ki, hər bir ölkə ilk növbədə öz yaxın coğrafi əhatəsində özü üçün əlverişli fon yaratmağa çalışır, çünki məhz qonşularla sülh hər dövlətin tərəqqisinin təminatıdır.
Azərbaycanda bununla bağlı hətta zərb-məsəl də var: yaxın qonşu uzaq qohumdan yaxşıdır…

Bəs bunlar nə edirlər? Azərbaycan və Türkiyə ilə düşməndirlər, Gürcüstanla münasibətləri soyuqdur, çünki bu ölkəyə də ərazi iddiaları var. Yalnız İranla münasibətləri var, amma onunla da illik ticarət dövriyyəsi heç 100 milyon dolları keçmir, hətta səhv etmiriksə, cəmi 60-65 milyon dollar təşkil edir. Belə şəraitdə hansısa dövlət, özü də gənc bir dövlət inkişaf edə bilərmi? Normal dövlət və normal siyasətçilər belə bir siyasət apararmı?..

Bunların məyusluğu hələ irəlidədir. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bundan sonra da Ermənistana qarşı təcridetmə siyasətinin aparılacağını deməsi bunları bərk qorxuya salıb. Neçə gündür yalnız bu haqda yazır və danışırlar ki, əcaba, bizim vəziyyətimiz necə olacaq?..

Amma onlara çıxış yolu da göstərilir: işğal olunmuş Azərbaycan ərazilərin azad edin, Azərbaycana qarşı ərazi iddialarınızdan birdəfəlik əl çəkin! Amma yox, bu, onların ürəyincə deyil, bunlar elə həqiqətən də özlərini Rusiyanın regiondakı forpostu sayır və Rusiyaya ümid edirlər.

Rusiya arsenalındakı köhnə silahlardan bunlara versə də, heç də çörək vermək fikrində deyil və belə imkanı da yoxdur, çünki daha realist rus iqtisadçıları öz ölkələrinin dərin iqtisadi böhran yaşadığını bildirir və bu böhrandan çıxmaqçün 15-20 il tələb olunduğunu deyir və hökumətlərini təcili ciddi iqtisadi islahatlar aparmağa çağırırlar.

Düzdür, rusların əksəriyyəti hələ bu haqda düşünmür, çünki onlara hələ Krım bəs edir – bəli, o Krım ki, artıq onun ilhaqı xüsusi geosiyasi üslub və ya davranış tərzi yaradıb. Əksər ermənilər də eyni cür düşünürlər– elə bil, Dağlıq Qarabağ onların bütün dərdlərinin çarəsi olacaq…

Halbuki reallıqda əhalinin 90 faizi yalnız Ermənistanı necə tərk etmək və firavan Qərb ölkələrindən birində məskunlaşmaq haqda düşünür, hətta fikirlərindən belə nə vaxtsa Qarabağa qayıtmaq keçmir. Amma bu, onlara E.Makronu Qarabağa dəvət etməyə mane olmur!

Elə ona görə də yazını psixologiyadan və psixoloqlardan, “kollektiv patologiya”lardan başladıq. Bir daha əmin olursan ki, Karl Qustav Yunq kişi düz deyibmiş – “kollektiv patologiya”lar da olur, xəstə cəmiyyətlər də. İnanmırsınızsa, ermənilərə baxın…

Məzahir Süleymanzadə: Onun ad günüdür...

_AZpressAZ_firuz_mustafa.jpg


 Doxsanıncı illərin əvvəllərində "Səhər" qəzetinə səliqə - sahmanla geyinmiş bir gənc gələrdi. Mənimlə, Hidayət Elvüsal ilə görüşər, atüstü - ayaqüstü söhbət edər, ayrılanda da ya bir kiçik məqalə, ya da "Buz üzərinə yazılmış bir neçə kəlam" verib gedərdi. Onun yazıları maraqla qarşılanar, "Səhər"ə nüfuz qazandırardı...

Söhbət yazıçı, dramaturq, şair, tərcüməçi, alim - filosof Firuz Mustafadan gedir. Bu gün onun ad günüdür, gərək ki, 64 yaşı tamam olur...
Firuz Mustafa ötən əsrin yetmişinci illərində Gədəbəydən Bakıya gələndə özü ilə bir udum dağ havası gətirmişdi. Əlli ildir elə həmin hava ilə nəfəs alır. Fəhlə işlədi, ali təhsil aldı, əyalət müəllimi oldu, namizədlik, doktorluq dissertasiyaları müdafiə elədi...O bir udumluq dağ havası Firuz Mustafanı elə coşdurdu ki, o, atlı oldu, mən piyada... Yazdıqlarını oxuyub qurtarmaq mümkün deyildi. O. gücə - gündüz yazırdı, mən gecə - gündüz oxuya bilmirdim...Üstəlik, əsərləri xarici dillərə tərcümə olunurdu, kitabları çıxırdı. Azərbaycanda elə bir dramaturq yoxdur ki, Firuz Mustafa qədər əsəri tamaşaya qoyulsun. Elə bir teatr yoxdur ki, onun yaradıcılığına müraciət etməsin...
Bu yaradıcılıq məsələlərini qoyaq bir kənara...Firuz Mustafa özü də Allahın yaratdığı bir əsərin personajıdır, baş qəhrəmanıdır. O. uzun illərdir ki, həyat adlı mürəkkəb teatrda ləyaqətli, sədaqətli, vətənpərvər, cəsarətli, sabit vətəndaşlıq mövqeyi olan ziyalı obrazını uğurla yaradır...Özü də təkbaşına, rejissorsuz...Əlli il əvvəl Gədəbəydən gətirdiyi bir udumluq hava isə hələ də tükənməyib...Deməli, biz hələ Firuz Mustafanın xoş sorağını çox eşidəcəyik...


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist 

"Araz.az" -ın kollektivi Məzahir Süleymanzadəni təbrik edir, uzun ömür, can sağlığı arzulayır!

Abid Tahirli: "Əlinə qələm aldığı, sözə könül verdiyi gündən Məzahir Süleymanzadə imzası həmişə seçilib"

_AZpressAZ_mezahir_suleymanzade_7.jpg


 Ötən əsrin 70-80-ci illərində bizim jurnalistika fakültəsində təhsil alan bütün tələbələrin hamısı sanki eyni kursda oxuyurdu. Bir də görürdün ki, I kursa yenicə qəbul olunmuş İlqar Həsənov 2-ci, 3-cü, 4-cü, hətta 5-ci kursun tələbələri ilə elə danışıb-gülür, elə mübahisə edir ki, elə bil yüz ilin tanışlarıdır. Müxtəlif kurslarda oxuyan tələbələr arasındakı fərq, xüsusi ilə tənəffüslər zamanı hiss olunmurdu. Auditoriyalardan geniş və işıqlı dəhlizə atılan tələbələr bir andaca öz düşüncə və maraq dairələrinə uyğun qruplar formalaşdırır və müzakirələrə, mübahisələrə, diskussiyalara başlayırdılar. Ağız deyəni qulaq eşitmirdi. Mövzudan korluq çəkmirdik: kimi həvəslə, ehtirasla bəlkə də, dərsdə son nöqtəsini qoyduğu şeirini oxuyur, kimi qəzetdə yenicə dərc olunmuş məqaləsindən danışır, kimi son günlərdə ədəbi mühitdə əks-səda doğuran hekayə, povest, yaxud roman haqqında fikirlərini bölüşür, kimi çayxanada, kinoda, yaxud baş çəkdiyi redaksiyada vaqe olan maraqlı əhvalatı nəql edir, kimi də məhəbbət, yaxud ona bənzər macəralarından söz açırdı. Düşünürəm ki, jurnalistika fakültəsinin tələbələri arasındakı isti ünsiyyətin, mehriban münasibətin formalaşması bir tərəfdən onların öz təbiətindən, xarakterindən, yaradıcılığa meyl-məhəbbətindən qaynaqlanırdısa, digər tərəfdən də fakültədəki mövcud mühit bu əlaqələrə zəmin yaradırdı.
Dəhlizin divar qəzeti vurulan qisminin daimi sakinləri də vardı. Onlardan biri, bəlkə də birincisi, səhv etmirəmsə, bizdən bir kurs yuxarı oxuyan «Gənc jurnalist» adlı divar qəzetinin redaktoru Məzahir Süleymanzadə səliqəli geyimi, sakit, təmkinli davranışı, səbirli, məntiqli nitqi ilə diqqəti çəkirdi. M.Süleymanzadə nəinki fakültənin, bütün Universitetin ictimai həyatında fəallıq göstərir, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkilində yaxından iştirak edirdi. Bir sözlə, Məzahir Süleymanzadə hələ tələbə ikən istedadı və zəhməti sayəsində özünü həm fəal ictimaiyyətçi, təşkilatçı kimi tanıtmış, həm də imzasını təsdiq etmişdir.
Universiteti bitirdikdən sonra da o, tez-tez diqqət mərkəzinə düşürdü: müxtəlif janr və mövzularda qələmə aldığı dərin məzmunlu, maraqlı, cəsarətli yazılarla, prinsipial, qətiyyətli mövqeyi ilə seçilən M.Süleymanzadədə bu keyfiyyətlərin əlamətləri özünü erkən yaşlarından göstərməyə başlamışdı. Şamaxıda – S. M. Qənizadə adına 1 nömrəli orta məktəbdə oxuyanda gündəlik (!!) divar qəzetinə redaktorluq edir, radio qovşağı üçün verilişlər hazırlayır, rayon və respublika qəzetlərinə məqalələr yazır, rəssamlıqda, şairlikdə özünü sınayır, idmanla məşğul olurdu. Hələ şagird ikən respublikanın «Kommunist», «Sovet kəndi», «Azərbaycan gəncləri» kimi nüfuzlu mətbu orqanlarında yazıları dərc olunan M.Süleymanzadə haqqında onu tanıyanların təsəvvüründə yenilikçi, istedadlı, məhsuldar, parlaq jurnalist-naşir-redaktor obrazı yaranırdı. Öz üzərində yorulmadan, həvəslə, tükənməz enerji və fədakarlıqla çalışan yeniyetmə bu obrazın ştrixlərini formalaşdırırdı… Onun tərcümeyi-halını qəzetdən, yazı-pozudan, qələmdən ayrı nəinki yazmaq, heç təsəvvür etmək belə çətindir. Orta məktəbdə, hərbi xidmətdə, ali məktəbdə, ona qədər və ondan sonrakı əmək fəaliyyətində Məzahir Süleymanzadə qələminə vəfalı, imzasına sədaqətli olmuşdur. İstedadlı jurnalistin məhsuldar və coşqun fəaliyyəti ölkəmizin tanınmış ziyalıları, şair, yazıçıları, eləcə də həmkarları tərəfindən yüksək dəyərləndirilmişdir. Yazıçı, filologiya elmləri doktoru, professor, ictimai xadim Əzizə Cəfərzadə onu «istedadlı, bacarıqlı, başqa tələbələrdən fərqlənən» kimi xarakterizə etmişdir. Xalq şairi Bəxtiyar Vahabzadə Məzahir Süleymanzadənin naşiri və redaktoru olduğu qəzet barədə bunları söyləmişdi: «Mən «Səhər» qəzetinin ölüsüyəm. Bu balaca qəzet mənim həyatıma elə daxil olub ki, onsuz darıxıram. Mənim hər səhərim sözün həqiqi mənasında «Səhər»lə açılır. O, mənim başdan-ayağadək oxuduğum yeganə qəzetdir». Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, görkəmli şair Fikrət Sadıq M.Süleymanzadənin imzasını o, hələ şagirdkən tanıdığını qeyd edir və onu «yaradıcı, duyğulu adam» adlandırır. Xalq şairi Nəbi Xəzri M.Süleymanzadəyə ünvanladığı məktubda onda «poetik duyğuların və yeni fikir söyləmək bacarığının» olduğunu xüsusi vurğulayır. Tanınmış yazıçı-publisist, Məzahir Süleymanzadənin tələbə yoldaşı, müasir jurnalistikamızın istedadlı və cəfakeş xanımlarından biri Flora Xəlilzadə isə Əməkdar mədəniyyət işçisi, Fəxri bədən tərbiyəsi və idman xadimi olan həmkarını «sözlə tikilən sənət mülkünün ən halal sahiblərindən biri» adlandırır və dərhal da epitetini şərh edir: «Çünki əlinə qələm aldığı və sözə könül verdiyi gündən həmişə seçilib. İllər saçlarına bəyazlıq, ömrünə yaş gətirsə də, həmişə qələminə etibarlı çıxıb. Çalışıb ki, sözünün ağası olsun. Bu səbəbdən də dilimizin şirinliyindən, zənginliyindən, zərrə-zərrə toplayaraq kəlmə-kəlmə hördüyü söz mülkü bu məhəbbətin və qayğının müqabilində onu peşman etməyib. Şöhrətə, şana çatdırıb, ünvanına təbriklər, minnətdarlıqlar, təltiflər, mükafatlar, fəxri adlar… gətirib. Adı çəkiləndə fərəhlənmişik, uğuruna sevinmişik, hər dəfə ürəyimizdən xəbər verən yazılarını oxuyanda «Əhsən, Məzahir» söyləmişik».
Məzahir Süleymanzadənin mətbuat tarixində iz qoymuş əməllərinin hər biri bir kitablıqdır. Yenidənqurma və aşkarlıq dövründə – XX əsrin 80-ci illərinin ikinci yarısında mərkəzi – Moskva mətbuatında, xüsusi ilə «Literaturnaya qazeta»da dərc olunan kəskin süjetli, problematik məqalələrin bənzəri respublikada Məzahir Süleymanzadənin qələmindən çıxırdı. 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya təcavüzü zamanı törədilən cinayətin, vəhşiliyin isti-isti və bütün təfərrüatı ilə tarixə həkk olunması M.Süleymanzadənin payına düşdü. Sovet hərbi senzurasının mövcud olduğu dönəmdə bu addımın atılması, rejimin və ideologiyanın açıq-aydın ifşa olunması Azərbaycan mətbuat tarixində yeni mərhələnin başlandığından xəbər verirdi. Bir-iki cümlə ilə qeyd olunan bu əməllərin arxasında istedadlı, qətiyyətli, prinsipial, sarsılmaz, səmimi, əqidə və məsləyinə sədaqətli jurnalistin gecə-gündüz bilmədən, «yoruldum, usandım» demədən, problemlərin çoxluğundan, ağırlığından sınmadan, şikayətlənmədən işləməsi, fədakar, ağrılı-acılı axtarışları, çətin, gərgin, lakin şərəfli əməyi durur. Bütün bunlar mətbuatda «Məzahir Süleymanzadə» imzasını izləyənlərə yaxşı məlumdur. Bu gün də Məzahir Süleymanzadənin ömür və yaradıcılıq yolunun böyük hissəsi ilə tanışlıq mümkündür. «İzim qalmasa da, sözüm qalacaq», «Ocaq başında», «Jurnalist ömrünün naxışları», "Cıdır düzündə toy", "Çiçək ətirli Məryəm", "Bir qucaq çiçək", "Ruhun şad olsun, Ustad!", "Güllələnmiş qəzet", "Qara Yanvar dialoqu" (Ş. Yaqubovla birgə) və başqa kitabları M.Süleymanzadənin ömür yoluna işıq salır, onun yaradıcılığı haqqında geniş təəssürat yaradır…
Mübaliğəsiz deyirəm ki, bir sıra ərəb və fars kəlmələri mətbuatımızın sayəsində dilimizdə əbədiyaşarlıq statusu qazanmışdır. Əgər XX əsrin əvvəllərində eyni adlı qəzetlər olmasaydı, heç şübhəsiz ki, kəşkül (qab, çanta), irşad (doğru yol göstərmə), dəbistan (ibtidai məktəb), füyuzat (fayda, xeyir-cəmdə), məzhər (təzahüretmə, yetişmə), zənbur (arı), iqbal (bəxt, tale, irəli çıxma), bəsirət (gözüaçıqlılıq, diqqətlilik), ittihad (birləşmə, birlik) və sair kimi sözlər klassik ədəbiyyatımızda olan yüzlərlə digər sözlər kimi çoxdan arxaikləşmişdir.
Yeri gəlmişkən, «Məzahir» sözü də ərəb kəlməsi olan «məzhər»in cəmidir – yəni hansısa keyfiyyətlərin yetişdiyi, aşkar olduğu, üzə çıxdığı, təzahür etdiyi yerlər. Dediklərimin mistik təfəkkürün məhsulu kimi qəbul olunması tərəfdarı deyiləm. Lakin düşünürəm ki, qələmin, fırçanın, gücün təzahür etdiyi Məzahirə bu adı qoyanlar qətiyyən yanılmamışlar...
Abid Tahirli, tədqiqatçı - jurnalist, filologiya elmləri doktoru. 

azpress.az

10 -dən səhifə 25

Əlaqəli xəbərlər