“Problemli kreditlərin 60 faizi korrupsiya ilə verilən kreditlərdir” – tanınmış ekspert

 kreditBu il yanvarın ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 273,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 137,3 mln. manat və ya 9,7% azdır. Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, illik müqayisədə isə problemli kreditlərin həcmi 311,9 mln. manat və ya 19,7% azalıb. 

Hesabata əsasən 1 yanvar 2020-ci il tarixinə problemli kreditlərin cəmi iqtisadiyyata kredit qoyuluşunda xüsusi çəkisi 8,3% təşkil edib.

Tanınmış iqtisadçı-ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a problemli kreditlərin həcminin azalmasının səbəblərini açıqlayıb: “20 faiz azalma əsasən prezidentin 2019-cu il 28 fevral tarixli, fiziki şəxslərin 10 min dollara qədər olan kreditlərinin faktiki olaraq məzənnə fərqini dövlətin verməsi haqda fərmanı ilə  əlaqədardır. Azalmanın xeyli hissəsi bu fərmanın hesabınadır. Yəni bizlərin hesabına, dövlət büdcəsindən banklara ödənməsinə görədir. Bu cəmiyyəti və dövləti qane edən azalma deyil. Bu azalmada bank sisteminin uğurundan danışmaq yersizdir. Dövlət başçısı da son müşavirədə şübhəli kreditlərə qarşı mübarizəyə çağırdı. Şübhəli kreditlər bank sahiblərinin faktiki özlərinə verdikləri  kreditlərdir. Və yaxud da korrupsiya, “şapka” ilə verilən kreditlərdir. Bu gün problemli kreditlərin mütləq əksəriyyəti, azı 60 faizi məhz belə kreditlərdir. Təbii ki, 100 faizlik problemli kreditin 20 faizi vətəndaşların kreditləri idisə, bunlar da dövlət hesabına azaldı, yerdə qalan 80 faizin 60 faizi özlərinə verdikləri kreditlərdir. Yerdə qalan 20 faizi isə həqiqi problemli kreditlərdir. İş adamları, hansısa vətəndaşlar 10 min dollardan çox kredit götürüb qaytara bilməyiblər”.

Əkrəm Həsənov deyir ki, əsas problemli kreditlərə qarşı bu gün addım atılmayıb: “Düzdür, Baş Prokurorluq bəzi banklar üzrə problemli kreditlərin qaytarılması üçün işlər görüb. Həbs olunanlar da var. Əsasən isə problemli kreditlərlə bağlı gərəkən işlər var. Hansılar ki, görülərsə, problemli kreditlərin əhəmiyyətli hissəsi aradan qalxar”.

Ekspertin sözlərinə görə, problemi kreditlərin aradan qaldırılması təkcə Mərkəzi Bankdan asılı deyil: “Düşünürəm ki, hüquq mühafizə orqanları bu işlə çox ciddi şəkildə məşğul olmalıdırlar. Prezident son müşavirədə şübhəli kreditlər haqda danışdı. O şübhəli kreditlərin azı 90 faizi Mərkəzi Bankın banklara nəzarət səlahiyyəti olduğu dövrü əhatə edir”.

Əkrəm Həsənov problemli kreditlərin yaranmasında nəzarət edən qurum kimi Mərkəzi Bankın məsuliyyət daşıdığını da vurğulayıb. Deyib ki, Mərkəzi Bank və hüquq mühafizə orqanlarının səyləriin birləşdirilməsi nəticəsində şübhəli problemli kreditlərin əhəmiyyətli dərəcədə azalmasına nail olmaq mümkündür. 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Əlaqəli xəbərlər