Paytaxtda muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsinə həsr edilmiş konfrans keçiriləcək

WhatsApp Image 2021 10 12 at 17.55.21

Oktyabr ayının 13-dən 15-dək Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə, “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: Liderlik və sosial məsuliyyət zərurəti” mövzusunda konfrans keçirəcək. Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunacaq.
Bu barədə, Milli Xalça Muzeyindən araz.az-a daxil olan məlumata görə, hibrid formatda (canlı və onlayn iştirak) keçirilən konfransın açılışı oktyabrın 13-də olacaq. Azərbaycan Milli Xalça Muzeyində keçiriləcək konfransda əyani olaraq dünyanın bir sıra ölkələrindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri də iştirak edəcəklər. WhatsApp Image 2021 10 12 at 17.56.08Bununla yanaşı, konfransa onlayn olaraq 100-ə yaxın xarici və yerli muzey mütəxəssisi qatılacaq. Məlumatda bildirilir ki,
üç gün davam edəcək konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə 23 məruzəçi çıxış edəcək. Sonda onu da qeyd edək ki, böyük maraq doğuran bu konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqramın keçirilməsi də nəzərdə tutulub. Qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, hətta “İçərişəhər” Muzey Mərkəzini, Heydər Əliyev Mərkəzini, Azərbaycan Milli İncəsənət Muzeyini və Milli Azərbaycan Tarixi Muzeyini də ziyarət edəcəklər.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər