GÜNÜMÜZÜN BƏLASI: QADINA ŞİDDƏT

WhatsApp Image 2021 01 11 at 23.45.15 1

Təhsil Araşdırmalar Mərkəzi”nin bu dəfə əldə etdiyi operativ çəkiliş, qadına zorakılıq edən tipik kişi obrazı barədədir. Öncə videonu təqdim edirik:

https://www.youtube.com/watch?v=xcoc7xQyX1E

Cəmiyyətdə son zamanlar geniş yayılmış zorakılıq tendensiyasının əsas fazalarından biri, məhz, qadınlara qarşı zorakılıqdır. Bəzi kişilərdə: “Kişi qadından üstündür”, -- deyə, bir önyarğı mövcud olduğu üçün, onlar ən xırda bir anlaşılmazlıq zamanı zorakılığa və şiddətə əl atmağa meylli olurlar. Bəzən də, bunu, “yaxşı at özünə qamçı vurdurmaz” absurdizmi ilə “arqumentləşdirirlər”. 
 
Bəli, təəssüf ki, toplumumuzda “stress çıxarmağın”, uğursuzluğu “kompensasiya etməyin” ən “asan”“ən təhlükəsiz” iki üsulundan biri uşaqlara şiddətdirsə, digəri də qadınlara şiddətdir. Çöldə xırda bir məmura belə, öz etirazını bildirə bilməyən “kişi” evə gələndə isə, həqiqi mənada “başbəlasına” çevrilir.
Ümumiyyətlə, qadına şiddətin bir çox səbəbləri var. Ekspertlərin ortaq qənaətinə görə, əsas səbəblər sosial mühit, savadsızlıq, yanlış tərbiyə, psixoloji problemlər və pis xarakterdir.
 
Unutmamalıyıq ki, təhsili zəif olan mühit, mənəvi və elmi meyarları yetərsiz olduğu mühit deməkdir. Bu da, fərdlərin içindəki ülvi və ali dəyərlərin deyil, instinktiv-ibtidai xislətlərin ön plana çıxdığı bir şərait deməkdir. Bu cür şəraitdə qadına şiddət də, uşağa şiddət də, ümumiyyətlə, şiddət və onu məqbul görmə meyli də, mütləq, qabarıq olmalıdır.
 
Həmçinin, cəmiyyətdə qadın barədə aşağı və ucuz anlayışlar mövcuddur və qadın, sadəcə, “ailə qurmaq” üçün “material” hesab olunur, “yarımçıq insan” statustunda görülür. Bu cür anlayışla böyüyən bir kişi, əgər, həm də savadsız və ya psixoloji cəhətdən problemlidirsə, onun qadına qarşı nəinki hörmətsizlik, hətta fiziki zorakılıq etməsi adi, bəzən labüd haldır.
 
Psixoloji problemlər isə, mütləq həll olunması gərəkən məsələdir. Bunun üçün isə, psixoloqlara, psixoterapevtlərə, nevroloqlara müraciət etmək lazımdır. Onu da unutmamalıyıq ki, iş bəzən nəsihətdən, məsləhətdən də keçir, düzəlmək üçünsə, dərman içmək yeganə çarə olur.
 
Qadına qarşı şiddət ictimai bir bəla olduğu kimi, onu aradan qaldırmaq da, yalnız, ictimai mübarizə və kültəvi səylərlə mümkündür. Gəlin, birlikdə, pis mühiti, yanlış çevrəni dəyişək! Amma, dəyişikliyə, ən birinci özümüzdən başlayaq -- Pis xarakteri və pis psixologiyanı həmişəlik dəyişək!
 
Gələcəyə Ümidlə!
“Təhsil Araşdırmalar Mərkəzi”.

Əlaqəli xəbərlər