Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər Moldovada səfərdə olub -- FOTOLAR

MOLD

Azərbaycan Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda deyilir ki, qurumun İdarə Heyətinin üzvü Aqil Ələsgər Moldovada səfərdə olub.

O, səfər zamanı Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla, Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlaxla, Moldova parlamentinin deputatı, Moldova -- Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Vitali Jako ilə və digər deputatlarla, eləcə də ölkənin Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste ilə, Türkiyənin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Uygar Mustafa Sertel ilə, Moldova Azərbaycanlılar Konqressinin sədri Elçin Bayramovla, həmçinin, Moldova Dövlət Universiteti və Moldova Texniki Universitetinin rektorları ilə görüşüb.

MOLD 2

Məlumata görə, MŞ İdarə Heyətinin üzvü bu görüşlərdə Qarabağda yaşananlar və azərbaycanlı fəalların Laçın -- Xankəndi yolunda keçirdikləri aksiya barədə ətraflı məlumat verib, aksiya ətrafında Ermənistanın və onun xaricdəki havadarlarının geniş anti-Azərbaycan təbliğatı apardıqlarını, mövcud xüsusda dünyanın bəzi media vasitələrini alətə çevirdiklərini vurğulayıb.

MOLD3 D

Aqil Ələsgər Mətbuat Şurasının beynəlxalq media orqanlarındakı bu sayaq neqativ təmayüllərə qarşı həyata keçirdiyi tədbirlərdən də söz açıb. O, Şuranın son günlərdə verdiyi bəyanatları xatırladıb. İdarə Heyətinin üzvü ayrı-ayrı şəxslərlə təmas zamanı isə, Avropadakı ermənipərəst mövqedən çıxış edən müxtəlif media orqanlarının bütövlükdə jurnalistika prinsipləri baxımından yolverilməz davrandıqlarını, bunun etik standartlara riayət sahəsində xoşagəlməz presedent yaratdığını diqqətə çatdırıb.

MOL 5 CD

Məlumatın sonunda qeyd olunanlara görə, A. Ələsgər “Karabakh is Azerbaijan” – Azərbaycan -- Moldova Gənclər Forumu çərçivəsində Moldovada olub. Səfərin təşkilatçısı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, maliyyə dəstəkçisi isə, Azərbaycan Gənclər Fondudur.

MOLDOV 6 A

 Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.